Çıxırlar qarşıma birə adamlar, dolublar başıma bu bit adamlar

120 Baxış

behruzmemmedovBəhruz Məmmədov:

 

Xəzan yarpağı

 

Ayağım altında xəzan yarpağı,

Bütün vücudumu titrədir bu gün.

Xəzan altındakı qara torpağı,

Ələyir üstümə, ələyir hər gün.

Niyə yaxınlaşır bu torpaq mənə,

Son bahar ömrünü mənə görk edir.

Min yarpaq bir gündə budaqdan yenə,

Bir yarpaq qayıtmır, biryolluq gedir.

Mənim də bu ömrüm bir yarpaq ömrü,

Körpə bir tumurcuq, sonunda xəzan.

Yaşayıb budaqda, torpaqda çürü,

Onunla bir yazıb bəxtimi yazan.

Günəşin rəngini əyninə geyib,

Kəfən tikdiribsən yarpaq, özünə.

Bu külək deyəsən sözünü deyib

O insan deyil ki, mərddir sözünə.

Qopardı budaqdan, ayırdı səni,

Alıb ağuşuna apardı külək.

Elə sənin kimi bir gün də məni,

Bu fani dünyadan alacaq fələk.

Demək görüş yeri torpaqdır bizə,

Bu görüş əbədi vüsal olacaq.

Onda başımızı qoyarıq dizə,

Onda dizimiz də torpaq olacaq.

Onda yastığımız, yorğanımız da,

Onda ümidimiz, gümanımız da,

Lap elə yaxşımız, yamanımız da,

Yamandan yorulmuş torpaq olacaq.

 

 ***

 

Qoy çəksinlər dərdini

 

Barmağınla toxunduğun

pəncərə şüşəsi soyuq.

Çölündə damcılar qovuşur

süzülür qıvrıq-qıvrıq.

İçini sökür xatirələr

Boğazında daş qalır

Könlündən keçir nələr,

Nəfəsin də daralır.

Pəncərəndən aralı

ağacın yarpaqları arasında

islanmış o balaca quş kimi

tənhasan.

Birazdan qaranlıq çökəcək,

Şam yandırmağa

həvəs yox

Gecənin vahiməsi

Sakitliyindən daha çox.

Bəlkə yağışın altına çıxıb

islanasan.

Çatladır qara buludları

neçə yerindən şimşək.

Paltarını soyunmuş

ağaclar da çiməcək.

Qoşul bu rəqsə

oyna dərdlərin ilə.

Su səpilsin qəlbinə

Birazca da sərinlən.

Desinlər dəli olub

Qoy çəksinlər dərdini.

Barmağını elə vur,

Qır o şüşəbəndini.

 

 

 ***

 

Yadıma bilirsən nə düşüb bu gün?

Meyvə toplayırdıq məktəb bağından.

Oxşadıb almanı çöhrənə o gün,

Dişlədim qörmızı, al yanağından…

…Sənin də xoşuna gəlmişdi, amma,

Guya ki, hirslənib vururdun məni.

Bilirsən, o vaxtdan nə qədər alma,

Yadıma salıbdır neçə yol səni.

 

 ***

 

Dünyanın çölünə sülənmək üçün.

Başımı götürüb gedim yenə də?

Qaşıya bilmirəm beynimin için,

Utanıb demirəm indi sənə də.

 

 

Çıxırlar qarşıma birə adamlar,

Dolublar başıma bu bit adamlar.

Evlərin içində kirbit adamlar,

Utanıb demirəm indi sənə də.

 

Qanadım var idi uça bilirdim,

Könlümə düşəndə qaça bilirdim,

Bir vaxt ürəyimi aça bilirdim,

Utanıb demirəm indi sənə də.

 

Çoxdan unutmuşdum bacara bilsəm,

Daha heç yazmazdım, kaş silə bilsəm,

Sən özün necəsən? – bir bilə bilsəm,

Utanıb demirəm indi sənə də.

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10