Çörəyim həm də qəbir daşı düzəltməkdən çıxır

136 Baxış

resam

 

Hüseyn Haqverdi tanınmış heykəltəraş və rəssamdır. Hər iki sahədə ardıcıl yaradıcılıqla məşğuldur. Əsərləri heykəltəraşlığın və rəssamlığın ənənəvi janrlarında deyil və çağdaş olduğu qədər də anlaşılması çətindir. Senet.az S.Soltanlının  Hüseyn Haqverdi ilə müsahibəsini təqdim edir:

– Hüseyn müəllim, siz rəssam ailəsində doğulmusunuz. Atanız Həsən Haqverdiyevi necə xatırlayırsınız?

– Atamın həyatı çox çətin keçib. O, 1915-ci ildə Güney Azərbaycanda anadan olub. Sonra İrəvana köçüblər. 1918-ci il olayları başlayanda ailəliklə öncə Gəncəyə, oradan da Bakıya gəliblər. 1937-ci ilə qədər atamgil İran vətəndaşı olublar. Həmin illərdə buradakı iranlıları məcburi öz ölkələrinə göndərirdilər. O zaman atam inqilabçı Xanlar Səfərəliyevlə bağlı “Xanların dəfni” əsərini çəkmiş, bununla diqqətə gəlmişdi. Ona SSRİ vətəndaşlığını təklif edirlər, razılaşır.
Atam II Dünya müharibəsinin iştirakçısı olub. 1942-ci ildə Sevastopol döyüşlərində almanlara əsir düşüb. Onu öncə Polşaya, sonra Almaniyaya göndəriblər. Müharibədən sonra vətənə qayıtsa da, sürgün olunub. 1953-cü ildə, Stalinin ölümündən sonra atama bəraət verib sürgündən azad etmişdilər. Ancaq Bakıda yaşamağa qoymamış, Ucara göndərmişdilər. O zaman belə adamlar mərkəzdən uzaqda yaşamalı idilər. Atam rayon qəzetində rəssam işləyirdi. Atamla anam 1954-cü ildə tanış olmuşdular. Anam Kazan Universitetinin tələbəsi kimi Bakıya gəlib və atamla tanış olublar. Mən və bacım Səidə Ucarda doğulmuşuq.
Ucardan 1958-ci ildə qayıtdıq. Həmin il atama indiki İnşaatçılar prospektindəki rəssamlar evində ikiotaqlı mənzil verdilər. Biz onda Ucarda yaşayırdıq. Atam istəyibmiş ki, maşınla gəlib bizi rayondan yeni mənzilə gətirsin. Anam da 2-3 gün gözləyir, görür ki, atam gəlmir. Ona görə məni və Səidə bacımı qucağına alıb Bakıya gəlir. Qarlı bir gün olur, anam da Bakını tanımır, küçədə qalır. Bir nəfər ona yaxınlaşır, dərdini soruşur. Bu, mərhum rəssam Faiq Əhmədov imiş. Anam ona rəssam Həsən Haqverdiyevin həyat yoldaşı olduğunu deyir. Beləcə o, anamı və bizi yeni evimizə gətirir. Demə, atam bizi gətirməyə gələndə yolda qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.
Atam Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyirdi. 1978-ci ildə ürək xəstəliyindən öldü. Görünür, həyatı boyu çəkdiyi dərdlər onu bu xəstəliyə salıbmış. Mən onda tələbə idim, 22 yaşım vardı.

resm

 

 

– Atanız sizin rəssam olmağınızı istəyirdimi?
– O, mənimlə mərhum qardaşım Ucalın rəssam olmağımızı çox istəyirdi. Üç yaşından atamın emalatxanasına gedirdim. Rəssamlar evinin beşinci qatında atamla yanaşı, Qafar Seyfullayev, Nadir Axundov, Ağa Mehdiyev, Əyyub Hüseynov və başqalarının emalatxanaları vardı.
1958-ci ildə Rəssamlar evinin bir hissəsi tikilmişdi, 1962-ci ildə o biri hissəsi də tikildi və bizə yeni binadan üçotaqlı ev verdilər. Biz ikinci qatda yaşayırdıq. Səttar Bəhlulzadənin emalatxanası beşinci qatda idi. O, hər gün emalatxanaya gedəndə öncə gəlib bizim evdə çay içər, sonra yuxarı qalxardı. Səttarın dişləri tökülmüşdü. Anam onun üçün yumşaq, sulu nəsə bişirirdi. Çox maraqlı, unudulmaz günlər idi.

resmal

 

 


– Yəqin ki, uşaqlıq dostlarınız da rəssamların övladları olub. Onlardan sizin kimi atalarının yolunu davam etdirənlər oldumu?

– Mikayıl Əbdürrəhmanov, Akif Kazımov, Altay Sadıqzadə, Müslüm Eldarov, Aydın Rzaquliyev, Elnur Babayev rəssam övladları və mənim dostlarım idilər. Dostlarımın bəziləri atalarının yollarını davam etdirdilər, bəziləri də başqa sənət seçdilər.

res4

 

 
– Haçandan müstəqil yaradıcılığa başladınız?
– Dörd il Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum, sonra təhsilimi Sankt-Peterburqda Muxina adına Ali Rəssamlıq Sənaye Akademiyasında davam etdirdim. Orada beş il oxudum. Təhsil illərindən sonra müstəqil yaradıcılığa başladım. İstəyirdim ki, nə qədər imkan var, sosializm realizmindən uzaq olum. Doğrusu, avanqard janra marağım həmişə çox yüksək olub. Avropa və rus avanqardını sevirdim və öyrənirdim. Elə indi də öyrənirəm. Mən yaxşı realist məktəb keçmişəm. Bu janrda da əsərlər yaratmışam. Gərək olanda indi də realist üslubda işləyirəm. İki il öncə bəstəkar Qara Qarayevin Moskvada yaşadığı ev üçün xatirə lövhəsini düzəltdim. O, realist janrdadır.
Baxmayaraq ki, ixtisasım heykəltəraşlıqdır, rəssamlığı heykəltəraşlıqdan ayırmıram, hər ikisi mənə doğmadır. Mənim heykəltəraşlıq üzrə müəllimim Məmməd Salahov olub, o, çox yaxşı pedaqoq idi. Məşhur futbol hakimi Tofiq Bəhramovun heykəlini o düzəldib.

huseyn_1__large

 

 
– Tələbə vaxtı hansı heykəltəraşların emalatxanasına gedirdiniz?
– Mən tələbə olanda şəhərin mərkəzindəki indiki alman kirxası heykəltəraşların emalatxanaları kimi fəaliyyət göstərirdi. Onu təxminən 10 yerə bölüb emalatxanalar düzəltmişdilər. 1980-ci illərə qədər belə idi. Heykəltəraşlar Pinxos Sabsay, Elcan Şamilov, Əfrasiyab Mirzəyev, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov və başqaları orada işləyirdilər.
Sankt-Peterburqdan qayıtdıqdan sonra aspiranturaya girdim, Ö.Eldarovun sinfində oxudum. Bizim sahədə aspiranturada yazı-pozu olmur, ancaq heykəl düzəldirik. Mən də aspirant olaraq hesabat işi kimi M.Ə.Sabir və S.Bəhlulzadənin heykəllərini yaratdım. Bunlar realist əsərlər idi. Aspiranturanın bir üstünlüyü ondaydı ki, mənə təqaüd və çalışmaq üçün yer verirdilər.

huseyn

 

 
– İndi heykəlləri avanqard, abstrakt janrda işləyirsiniz və həm də daş mişarı ilə…
– Hər bir əsərdə hansısa axtarışlarım olur. Eskiz də eləyirəm, sonra ondan uzaqlaşıram. Daşa yaxınlaşanda o, mənə hər şey deyir. Heykəltəraş materialla danışmalıdır. Təbiətdə abstrakt şeylər çoxdur. Yaradıcı adamda fantaziya çox güclü olmalıdır. Rəssam, yaxud heykəltəraş abstrakt əsər yaradanda kimsə onu bəyənmir, ancaq təbiətdəki abstraktlığa kimsə bir söz demir. Əgər tamaşaçı əsər qarşısında düşünə bilirsə, bu, çox gözəldir. Səttarı da zamanında hamı qəbul etmirdi. Məgər Pikassonu hamı başa düşür? Elə cərəyan var ki, mən də onu qəbul etmirəm, ancaq demirəm ki, bu, gərək deyil. Hər kəs dünyaya fərqli baxır, sənət fərqliliyi təmsil edir. Bizdə hazırlıqlı tamaşaçı azdır. Onlar məndən əsərlərimin izahını soruşurlar. Sənət sona kimi izah olunmur, nəsə sirli bir şey qalır. Musiqini necə izah eləmək olar? Mənim yaradıcılığımda postmodernizm daha çoxdur. Biz təbiətin bir hissəsiyik, orada hər şey fərqlidir. Sovet dönəmində bizdə də fərqliliyi qoruyan rəssamlar olub. Cavad Mircavadov, Səttar Bəhlulzadə, Rasim Babayev, Sənan Qurbanov, Kamal Əhmədov və başqalarının hamıdan fərqli yolları vardı.

hu

 

 
– Realist janrda yaratmayan bir heykəltəraş və rəssam kimi sizin üçün dolanışıq necədir?
– Doğrusu, mənim kimi sənətkar üçün dolanmaq çətindir. Bu yolu özüm seçmişəm, geri qayıda bilmərəm. Bu sayaq əsərlərdən çörək çıxarmaq asan deyil. Hərdən sifarişlərim olmasa, yaşaya bilmərəm. Çörəyim həm də qəbir daşı düzəltməkdən çıxır. Bakıdakı katolik kilsədə müqəddəs Məryəmin 5 metr hündürlüyündə heykəlini düzəltmişəm. İki il bundan qabaq “Əcəmi” metrosunun yanındakı parkda 5 dekorativ heykəl yaratmışam. Amma elə də çox sifarişlər almıram. Mənim işlərimi muzeylər almalıdırlar. Vaqif Mustafazadə, Səttar Bəhlulzadə ilə bağlı layihələr işləmək istərdim.

1254

 

 
– Mənə elə gəlir ki, siz heykəldə deyə bilmədiklərinizi rəsmdə deyirsiniz… 
– Düzdür. Düşüncələrimi hər iki sahədə deməyə çalışıram. Düşüncədə sərbəstlik olmalıdır. Sənətkar olaraq təbiəti dərindən bilməli və onu insanlara düzgün çatdırmağı bacarmalıyıq. Mən daha çox şüuraltıda, təbiətdə olanları, ancaq görünməyənləri üzə çıxarıram. Təbiət mənim üçün yeni sirlər, imkanlar açır. Bəzən yuxuda da əsərlər görürəm, ancaq ayılanda unuduram.

_mr_7059__small

 

 

“Mədəniyyət” qəzeti

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10