Coşua Bellin metroda gizli çıxışı

8 Baxış

hg

Soyuq yanvar səhəri bir nəfər Vaşinqtonda metro stansiyasının qarşısında skripkada musiqi ifa edirdi. O, təxminən 45 dəqiqə ərzində Baxın altı pyesini ifa elədi. Səhər pik saatı olduğundan bu müddət ərzində stansiyadan təxminən 1100 nəfər keçdi, onların çoxu işə tələsirdi.

Üç dəqiqə keçəndən sonra orta yaşlı bir kişi musiqiçiyə fikir verdi. O addımlarını yavaşlatdı, bir neçə saniyəliyə dayandı, sonra yenə yoluna davam etdi.

Bir neçə dəqiqə sonra skripkaçı ilk dollarını qazandı: bir qadın onun qarşısındakı qaba pulu atıb, tələsik uzaqlaşdı.

Daha bir neçə dəqiqə sonra kimsə onu dinləmək üçün yanına yaxınlaşdı, lakin saata baxıb, qaçaraq getdi. Görünür, o, işə gecikirdi.

Hamıdan çox ona diqqət yetirən üç yaşlı oğlan idi. Lakin onu da anası tez çəkib apardı. Bir neçə uşaq da onun kimi etdilər. Ancaq heç birinin valideyni uşaqların dayanıb musiqini dinləməyinə imkan vermədi.

Skripkaçı öz işinə davam edərkən 45 dəqiqə ərzində cəmi 6 nəfər bir anlığa ayaq saxladı. 20 nəfərə yaxın adam ona pul verdi. Skripkaçı 32 dollar pul yığa bildi, qalan adamlar onun yanından ötüb keçirdilər. Skripkaçı öz çıxışını bitirəndə heç kəs ona məhəl qoymadı. Heç kəs onu alqışlamadı və təşəkkür edən də olmadı.

Heç kəs bilmədi ki, bu skripkaçı dünyanın ən istedadlı musiqiçilərindən biri Coşua Belldir və bir az əvvəl o, 3,5 milyon dollar dəyəri olan skripkasında indiyə qədər yazılmış ən mürəkkəb bəstələri ifa edirdi.

Coşua Bellin metro stansiyasındakı ifasından iki gün əvvəl onun Boston teatrında keçiriləcək konsertinə bütün biletlər satılıb qurtarmışdı və bir biletin qiyməti orta hesabla 100 dollar idi.

“Washington Post” qəzetinin “Coşua Bellin metroda gizli çıxışı” layihəsi insanların zövqləri və dəyərləri ilə bağlı sosial eksperimentin bir hissəsi idi. Eksperimentin məqsədi isə belə idi: Adi şəraitdə, münasib olmayan zamanda biz gözəlliyi hiss edə bilirikmi? Biz buna necə reaksiya veririk və həmin gözəlliyi anlamaq üçün nə edirik? Gözləmədiyimiz anda qarşılaşdığımız istedada dəyər veririkmi?

Bu təcrübədən əldə olunan nəticələrdən biri belədir:

Əgər biz dünyanın ən istedadlı musiqiçilərindən birinin ifa etdiyi ən gözəl əsərlərdən birini dinləmək üçün bir dəqiqəmizi ayıra bilmiriksə, o zaman həyatda nə qədər vacib şeylərin yanından hiss etmədən ötüb keçirik?

 

Bölmə : İncəsənət, Musiqi