Çox istəyirəm ki, komik rolda oynayım

21 Baxış

 

vidadihesenov5


Senet.az Əməkdar artist Vidadi Həsənovla müsahibəni təqdim edir.

 

– Gəncədən Bakıya-teatra gəlişiniz necə oldu?

– Gəncədə doğuldum, məktəbə getdim. Məktəbi bitirdim, Sovet dövründə hərbi xidmətdə oldum. Sonra teatrda işləməyə başladım. Bundan sonra İncəsənət İnstitutunun teatr və kino aktyorluğu fakultəsinə daxil oldum. İnstitutu bitiəndən sonra qaldım Bakıda.

Orta məktəbdə mən başqa bir sənəti seçmək, hüquqşünas olmaq istəyirdim. İki il sənəd verdim. Amma müəyyən səbəblərə görə alınmadı. Hərbi xidmətə getdim. Qayıdanda artıq atam rəhmətə getmişdi və işləməliydim. Müxtəlif peşələrdə özümü sınadım. Ancaq heç biri ürəyimə yatmırdı. Bir gün teatrın binasını gördüm. Bizim çox sevdiyimiz bir ədəbiyyat müəllimimiz var idi – Oqtay müəllim .Onun dərsləri demək olarki, teatrallaşmış şəkildə keçirilirdi. Yadıma düşdü ki, orta məktəbdə teatrla az da olsa məşğul olmuşam. Getdim, girdim içəri və baş rejissor Yusif Bağırovla görüşdüm. 10 gün sonra məni işə çağırdılar. Beləliklə də bu sənətə başlamış oldum.

– Siz daha çox ciddi, dramatik rollarda oynayırsınız. Düzü heç tamaşaçılar belə sizi komik rolda görə, təsəvvür edə bilmirlər. Bəs siz özünüzü necə komediyada görürsünüzmü?

– “Tədris” teatrında işləyəndə komik rollarda da oynamışam. İndi sir-sifətimin bu cür olması təbiətdən gəlir. Amma, əlbəttə ki, hər hansı komediyada rol almağı çox istəyərəm.  Komik rolda oynamaq o demək deyil ki, insan həyatda da gülməli və yaxud gülünc olmalıdır. Sizin-bizim tanıdığımız əksər komik aktyorlar şəxsi həyatda yetərincə ciddi adamlardı. Bəlkə də Çarli Çaplindən ciddi adam yoxdur.  Bu o demək deyil ki, əgər sənin təbiətin ağırdısa, sən komik rollar oynamamalısan. Bu bizim işimizdir. Çəkməçi olsaydım mən xarici ayaqqabı da tikərdim, yerli ayaqqabı da. Çünki işin çəkməçilikdirsə, hər cür ayyaqqabı tikməyi bacarmalısan. Yaxşı bənna villa da tikir, toyuq hini də. Bizim işimiz də belədir. Onu da bacarmalıyıq, bunu da. Ancaq elə bir təklif yoxdur. Olsa mən də sevinərdim.

– “Çölçü” filminin ssenarisi sizə aiddir. İndi necə ssenarilər yazırsınızmı?

– Yazıram. Əlimdə olan, üzərində işlədiyim ssenarilər də var. Bəzi ssenarilərimi isə artıq hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Amma bunun özü də bir işdir. Ola da bilər, olmaya da. Bu sahədə mütəmadi olaraq çalışıram.

– “YUĞ” teatrında hazırda “Naməlum Axundzadə” tamaşası gedir. Sizin bu tamaşada rolunuz nədir?

– Molla İbrahim-Xəlil Kimyagər rolunu ifa edirəm. Ümumiyyətlə “Naməlum Axundzadə” tamaşası ilə bizim teatr Axundzadə yaradıcılığına fərqli yanaşmanı təqdim edir. Teatrın baş rejissoru Gümrah Ömər bu tamaşaya çox maraqlı bir yozum tapıb. Tamaşada demək olarki, teatrın əksər aktyorları iştirak edirlər. Axundzadənin çox geniş bir yaradıcılığı olub. O, həm dramaturji, həm də fəlsəfi əsərlər yazıb. Onun yaradıcılığına birtərəfli baxmaq olmaz. Ona görə tamaşanın adı “Naməlum Axundzadə”dir.

vidadihesenov (1)

– “Sübhün səfiri” filminə baxmısınızmı? Orada da mövzu Axundzadədir. Bu film barəsində fikirlərinizi bilmək istərdim.

– Hər bir sənət əsəri yaradıcı insanın fərdi yanaşmasıdır. Əlbəttə bu yanaşma sənin xoşuna gələ də bilər, gəlməyə də. Əgər bu gün tamaşaya baxsanız bəyənməyə də bilərsiniz. Amma düşünürəm ki, bu sənət əsərlərinin hər biri mütləq olmalıdır. Bizim teatrın tamaşası, Axundzadə barəsində çəkilən film, onun haqqında yazılan kitablar, elmi əsərlər, sənədli filmlər, bütün bunlar böyük bir mütəfəkirin, yazıçının yaradıcılığını tam əhatə edə bilməyəcək. Axundzadə olmasın, Məhəmməd Füzuli olsun. Bir neçə monoqrafiya, hansısa bir film, esse yazılırsa deməli biz Füzulini başa düşdük, dərk etdik? Bu yerdə adamın yadına Sokratın sözü düşür. O, deyirdi ki, “cahil vaxtlarımda zənn edirdim ki, çox şey bilirəm. Elə ki, öyrənməyə başladım, gördüm ki, heç nə bilmirəm”. Biz də bu cür dramaturqumuzun, ədibimizin yaradıcılığına müxtəlif mövqelərdən, düşüncə tərzindən yanaşdıqca həmin insanın yaradıcılığına daha geniş müstəvidə baxır, özümüz üçün aydınlaşdırmağa çalışırıq. Məncə Axundzadə də, o cür yazıçılarımızdandır ki, bir tamaşa ilə, beş film ilə onun yaradıcılığını tamam-kamal şəkildə ortaya qoymaq çətindir.

– Bu filmə bir tamaşaçı kimi fikrinizi bilmək istərdim.

– Səmimi deyim ki, bu filmə əvvəldən-axıra kimi baxa bilməmişəm. Evə gec gedirəm, gedəndə görürəm ki, film başlayıb. Ya da əvvəlindən baxmışam, sonra işim çıxıb, getməli olmuşam. Əfsuslar olsun ki, bu filmə axıra kimi baxa bilməmişəm. Ona görə nəsə desəm düzgün olmaz.

– Sizin oynamaq istəmədiyiniz, təklif gələrsə imtina edəcəyiniz bir obraz varmı?

– Bəli var. Teatrda və yaxud kinoda mənə hər hansı bir erməni rolunu təklif etsəydilər mən oynamazdım. Çox böyük məbləğ də versələr, bundan imtina edərdim.

– Axı bu rolları yaradan çox gözəl aktyorlarımız olub. Siz niyə erməni rolunu ifa etməkdən imtina edərdiniz?

– Mən bu rolları oynayan aktyorlarımıza böyük hörmətlə yanaşıram. Bu onların şəxsi işləridir. Aktyordular və istəyirlərsə oynayırlar. Necə mən deyirəm ki, komik rol da olsa oynayaram, eləcə də onlar istədikləri obrazı canlandıra bilərlər. Ancaq bircə bunu oynamaq istəmərəm. Bu daxili bir etirazdır. Qəti şəkildə oynamazdım.

– Ümumiyyətlə aktyorun roldan imtina etməsi nə dərəcədə doğrudur? Bunu yalnız sizə görə demirəm. Bəzi aktyorlar var ki, onlar əclaf adamı, bəziləri isə hər hansı bir homoseksualı oynamaqdan imtina edirlər.

– Bu bizim işimizdir. İşimizin yanında həm də bizim insanlığımız dayanır. Tutaq ki, kimsə bozbaş xoşlamır. Ona nə illah etsələr də, bu yeməyi yeməz. Həbsxanada ac qalsa, yaxud da əsirlikdə qalsa belə bozbaş yeməz. Əgər əqidəsində, düşüncəsində qətidirsə, bundan imtina edər. O ki qaldı, aktyorun özünün də bir zövqü, düşüncəsi var. Mən başqa teatrlardan danışmıram. Başqa teatrlarda bu məsələlər necə həll olunur deyə bilmərəm. Mən “YUĞ” teatrından danışıram. “YUĞ”da səhnəyə gələn əsərlərin hamısı kollektiv tərəfindən bəyənilir, sevilir ondan sonra səhnələşdirilir. Yəni sən qabaqcadan nə işlə məşğul olacağını bilirsən. Bu əsərlərin bədii keyfiyyəti və ona yanaşma tərzi səni qane edir. Bu teatrda kiminsə roldan imtina etməsi anlayışı yoxdur. Kimə hansı rolu verirlərsə, böyük yaxud da kiçik fərq etmədən oynanılır. Çox xoşdur ki, burada heç bir vaxt elə bir əsər qoyulmur ki, orada erməni obrazı olsun. Bundan da imtina etmək məcburiyyətində qalım. Amma bu başqa teatrlarda necə olur deyə bilmərəm.

– “YUĞ”da olmağınızın əsl səbəbi nədir? Bu teatrı digərlərindən fərqləndirən xüsusiyyət hansıdır?

– Mən institutu bitirəndən sonra “Tədris” teatrında işləməyə başladım. O zaman da bu teatrın banisi, bizim ustadımız Vaqif İbrahimoğlu yeni teatr açmaq niyyətində idi. Bir neçə nəfəri öz ətrafına topladı. Biz də o vaxtlar işləmək arzusunda olan cavanlar idik. Bir yerdə işləməklə qane olmurduq, daha çox çalışmaq istəyirdik.  Sonradan bu teatr dövlət teatrı oldu və biz də “YUĞ”da çalışmağa başladıq. O biri tərəfdən də, əlbəttəki, bizim ustadımızın şəxsiyyəti, onun istedadı, insani keyfiyyətləri də böyük rol oynadı.

– Siz necə düşünürsünüz aktyor milli yoxsa beynəlmiləl olmalıdır? Hansı ideyalara qulluq etməlidir?

– Yaxşı və pis ədəbiyyat anlayışları var.  Yaxşı ədəbiyyatın milliyyəti yoxdur. Pis ədəbiyyatın var. Məhəmməd Füzuli üçün, Nizami Gəncəvi üçün, Şekspir üçün, Dostoyevski üçün heç bir sərhəd yoxdur. Çünki bu insanın mənəvi dünyası ilə bağlıdır. Əlbəttə, buradan Almaniyaya getmək üçün durub sərhəd keçməlisən. Ancaq mənəvi dünyada bu yoxdur. Balıq bir dənizdən, başqa dənizə keçəndə viza almır. Çünki bu onların sahəsidir. Biz nə qədər çalışsaq da böyük ədəbiyyatı hansısa çərcivələrə salaq, bu alınmayacaq. Çünki o bu bölgülərdən çox yuxarıdadır.”Leyla və Məcnun”la “Romeo Culyetta”nın nə fərqi var? Hər ikisini sevə-sevə oxuyuruq. Böyük anlamda bu əsərlər mənim, sənindir. Deməli, hansı millilikdən danışmaq olar? Duyğuların milliyyəti olmur. Afrikalı kişi də övladı xəstələnəndə bizim kimi kədərlənir. Yapon da övladından xoş xəbər eşidəndə bizim kimi sevinir. Duyğular üçün milli parametrlər yoxdur. Ədəbiyyat baş üçün yox, qəlb üçündür.

– Kitab oxumaqla aranız necədir? Kimləri oxuyursunuz?

– Mütaliə etməyi həmişə sevmişəm, elə indi də sevirəm. Mənim çantamda həmişə kitab olur. Ən çox oxuduğum yer isə kəndə getdiyim avtobus və metrodur. Son vaxtlar oxuduğum Paulo Koelyodur. Onun yaradıcılığını çox sevirəm. Bir də Kamal Abdullanın yaradıcılığını bəyənirəm. Poeziyada isə Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri,Vaqif Səmədoğlunu, Pasternakı tez-tez oxuyuram.

– Musiqiyə də həvəsiniz var. Sosial şəbəkələrdə sizin gitarada ifanız böyük marağa səbəb olmuşdu.

– Orta məktəbdə oxuyanda tar sinfini bitirmişəm. Beş il bu sahə üzrə təhsil almışam. O da bir həvəs idi. İndiyəcən də mənim əlimdən tutur. Hər bir sənətçinin ritm duyumu olmalıdır. Tardan sonra gitara çalmağı öyrəndim. Hərçəndki, yaxşı ifa etmədiyimi düşünmürəm. Sadəcə olaraq xoşuma gələn şeirləri gitarada mızıldanıram. Əlbəttəki, bunlar heç də mahnı, bəstə deyil. Bu bart musiqisidir, həvəskar ifadır. Bu mahnılar da belə yaranıb. Adətən Ramiz Rövşənin şeirlərini oxuyuram.

– Şeirlər kitabınız da işıq üzü gördü. Təbrik edirik.

– Bu yaxınlarda “XAN” nəşriyyatında “Qum dənələri” adlı şeirlər kitabım işıq üzü görüb. Bu sayca ikinci kitabımdır. Bundan əvvəl 2008-ci ildə “Şair olmaq istəmirəm” adlı şeirlər kitabım nəşr olunub. “Qum dənələri” kitabımda son illər yazdığım, 80-nə yaxın yeni şeirlərim yer alıb.

 

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10