“Çoxalır şəhərdə yiyəsiz itlər” – Ramiz Qusarçaylı

34 Baxış

1262675ec432549ed2f52b5fd3767663

Yiyəsiz itlər
Mənşəyi bilinmir, sortu bilinmir,
Məskəni bilinmir, yurdu bilinmir,
Çaqqalı bilinmir, qurdu bilinmir
Çoxalır şəhərdə yiyəsiz itlər.

Atasın qovursan balası gəlir,
Anasın qovursan xalası gəlir,
Dalınca yüz adda tulası gəlir
Çoxalır şəhərdə yiyəsiz itlər.

Peysəri sallanıb şişəni də var,
Qarnını qaşıyıb eşəni də var,
Erməni belindən düşəni də var
Çoxalır şəhərdə yiyəsiz itlər.

Vurursan, yollara leşi tökülür,
Qovursan, üstünə beşi tökülür,
Erkəyin dalınca dişi tökülür
Çoxalır şəhərdə yiyəsiz itlər.

Gecələr küçədən keçmək də olmur,
Dostlarla yüz qram içmək də olmur,
Bu yaşda bir yerə köçmək də olmur
Çoxalır şəhərdə yiyəsiz itlər.

Bir sümük xətrinə yüz oyun qurur,
Gah quyruq bulayır, gah boyun burur,
Adamın üzünə it kimi durur
Çoxalır şəhərdə yiyəsiz itlər…

 

Azalır qapıda it saxlayanlar

Küçüklər yuvaya yovuşmur daha,
İtlər yuvasını boş saxlayırlar.
Yalaq itdən baha, yal itdən baha,
Adamlar birtəhər baş saxlayırlar,
Azalır qapıda it saxlayanlar.

İtlər ağıllanıb,
nə söy, nə qına,
Nə qapı qoruyur, nə dam saxlayır.
Adamlar üz tutur it qapısına,
İtlər qapısında adam saxlayır,
Azalır qapıda it saxlayanlar.

Kürsü ayağında,
zəncir döşündə,
Köpüklü sözlərdən it iyi gəlir.
Adamlar məhv olur yal döyüşündə,
İtlərin ağzından ət iyi gəlir,
Azalır qapıda it saxlayanlar.

Dəri adamların, diş köpəyindi,
Kimə öz leşindən ruzi qalacaq.
Adam boğuşdurur tazılar indi,
Tazılar özündən razı qalacaq?!
Azalır qapıda it saxlayanlar,

Minib bir-birini sürür adamlar,
Adamlıq hər itə, tulaya qalıb?!
Ağaca, ulduza hürür adamlar,
Adamlar ulaya-ulaya qalıb,
Azalır qapıda it saxlayanlar.

Harınlar həvəslə sümük sanadır,
Meydan adamına, küçə itinə.
Dünya özü boyda sallaqxanadır
Neçə adamına, neçə itinə,
Azalır qapıda it saxlayanlar.

Gör kimin kefinə quraşdırıblar,
Yarı adamları,
yarı itləri.
Vətən, nə canına daraşdırıblar,
Bu qara itləri, sarı itləri
Azalır qapıda it saxlayanlar.

Qapıb bir-birini tutur adamlar,
Bu xəstə adamlar, qotur adamlar,
Artır imanına it bağlayanlar,
Azalır qapıda it saxlayanlar.

 

 

Qapıya bağlanan adam

Qapıya bağlanan adam,
Sümüyün, yalın necədi?!
Qapının ağzı pis deyil,
Qapının dalı necədi?!

Səsin bir az boğuq çıxır,
Dərd eləmə, qocalmısan.
O qapıdan bu qapıya
Hürə-hürə “ucalmısan”.

Kim nə çəkir, nə vecinə,
Gələni hür, gedəni hür.
Kasıblara zəncir gəmir,
Pullulara mədəni hür …

Bu şəhərdə nə görmədim,
Yabı yoldan abırlıdır.
İt gününə düşənlərin
Qabı yaldan abırlıdır.

Qapıya bağlanan adam,
O sən, o da yal, gedirəm.
Hürə-hürə qarşıladın,
Hürə-hürə qal, gedirəm …

KÖŞƏ YAZARLARI
TOP 10