Çuğulluq anlayışına Azər Qismət baxışı – Ceylan Mumoğlu

15 Baxış

04 mail

Senet.az oxucularına “Ustad” jurnalının 28-ci sayından Ceylan Mumoğlunun “Çuğulluq anlayışına Azər Qismət baxışı” yazısını təqdim edir.

İki il əvvəl tarix professoru Yuval Noy Hararinin “Sapiens: Bəşəriyyətin qısa tarixi” əsərini oxuyanda “Qeybət nəzəriyyəsi” anlayışına rast gəlib təəccüblənmişdim. Müəllifə görə, “Dedi-qodu nəzəriyyəsi zarafat kimi səslənə bilər, lakin bir çox tədqiqatlar onu dəstəkləyir. Bu gün belə insanlararası ünsiyyətin böyük hissəsi, istər e-poçt, istər telefon danışığı və ya qəzet xəbərləri olsun, dedi-qodudan ibarətdir. Bu vəziyyət bizə o qədər təbii gəlir ki, sanki dilimiz xüsusilə bu məqsəd üçün təkmilləşib. Yoxsa siz tarix professorlarının naharda Birinci Dünya Müharibəsinin səbəblərini və ya nüvə fiziklərinin elmi konfranslardakı qəhvə fasiləsində atomları müzakirə etdiyini düşünürsünüz?”[1] Demək, hələ uzaq keçmişdə homo sapiensin dövründə xəbərçilik, dedi-qodu heç də faydasız əməl sayılmayıb, əksinə, onun sayəsində mədəniyyətin irəliləməsi hesab olunub. Məsələn, əvvəllər ov zamanı doymayan qəzəbli ibtidai insanlar öz ovlarını paylaşmamaq üçün başqalarını öldürürdülərsə, sonralar qəbilə, tayfa daxilində ölüm doğru qarşılanmayıb, pislənib. Bu da xəbərçilik, etiraz və qeybət sayəsində mümkün olub. Amma məsələyə başqa cür yanaşanlar da var. Çuğulluq, satqınlıq hər zaman ləkə hesab edilib, nifrətlə qarşılanıb. Bu yaxınlarda oxuduğum Azər Qismətin “Çuğullar” romanında xatırladılan Kariotlu İudadan başlamış dostu Sezara bıçaq zərbəsi vuran Bruta qədər, bu cür xainlər bütün bəşəriyyət üçün lənətlə anılan adlar siyahısındadır.

Cəmiyyətdə “sinfi sayıqlıq” – çuğulluq (donosbazlıq), ikili mənəviyyat, intriqa sistemi mövzusunun bədii təzahürü ədəbiyyatımızda bu günə qədər geniş, əhatəli şəkildə işlənməyib. Bu səbəbdən “Çuğullar” romanı müəllifin ana dilində ilk romanı olmaqla yanaşı, həm də mövzunun işlənməsinin genişliyi baxımından ədəbiyyatımızda ilkdir, demək mümkündür.

“Çuğullar” adından da göründüyü kimi, çuğulluqdan bəhs edən romandır. Gündəlik həyatımızın qaçılmaz gerçəyi, müxtəlif talelərin çuğulluqdan yan keçə bilmədiyi və həyatlarımızda əks olunması romandakı çuğulların həyat tərzi ilə də səsləşir, müasir dövrün aktuallığından zahir olur.

“Çuğullar” romanını oxuduqca fikrim tez-tez “Bogema dəsti” hekayəmə qaçırdı. Hekayədə işə yeni girmiş gənc Dilavər müəlliməni direktor Nizam müəllim “əhliləşdirməyə”, çöl atı mövqeyindən ev atı, yaxud “peşəkar” atlar mövqeyinə keçirmək cəhdləri ilə çapalayırdısa, “Çuğullar”da bu işi toksikologiya laboratoriyasının müdiri yeni işçiyə – əsərin baş qəhrəmanına qarşı edir. Hekayədə direktor gənc müəlliməni sındırmaq və yeni qaydalara tabe etmək üçün artıq ustalaşmış Dahiyə müəlliməyə tapşırırsa, romanda bu işi müdir Senyoraya tapşırır və s. Hekayə ilə roman arasında bu qədər uyğunluq və bənzərlik təsadüfi deyil. Hər iki əsərdə mövzunun əhatə dairəsi fərqli olsa da, eyni cəmiyyətdə yaşanmış hadisələrin çağdaş dövrün aktuallığını əks etdirən problematikaya toxunulub.

“Çuğullar” romanı bədbin atmosfer, neqativ hadisələr, kəskin, açıq ixtilaflara qədər aparan münasibətlərin bolluğu ilə diqqət çəksə də, müəllif baş verən hadisələri və baş qəhrəmanın həmin hadisələrə münasibətini özünəməxsus ironiya dili ilə çatdırıb. Bu da əsərə xüsusi emosional rəng qatıb.

“Ah, ana, sabahdan kameraların çəkdiyini izləyib müdirə hesabat verəcəyəm. Mən çuğula çevrilirəm. Əlvida, əyalət təfəkkürü. Əlvida, pak arzular və ömrümün sonuna qədər bir kimsənin evini yıxmayacağıma dair həyat şüarım. Cırdım o şüarı. Sabah yeni həyata başlayıram. Məni irəli aparacaq, karyeramı yüksəldəcək həyata.”[2]

Əsərdə qəhrəmanın indiki zaman içində yaşadığı mənəvi dəyərlərlə gerçək tələblər arasında gedib-gəlməsi, sıxıntıları ilə paralel olaraq müəllifin qədim dövrdən çağdaş dövrümüzə qədər müxtəlif çuğulluq nümunələrindən məlumatlar təqdim etməsi maraq doğurur. Başqa ölkələrdə baş verən çuğulluqla baş qəhrəmanın yaşadığı ölkədə olan çuğulluq qarşılaşdırılır, bəzən müqayisəli şəkildə çatdırılır və sanki göstərilir ki, dünyanın heç bir yerində çuğulluqdan qaçış yoxdur, heç kimsə həyatında xəyanət, satqınlıqla qarşılaşmayacağından əmin olmasın.

Əsərin baş qəhrəmanı evin tək oğlanıdır. Anası Krıma istirahətə gedib, bir aydan sonra qayıdacaq. Bu müddət ərzində oğlan yeni işə düzəlir və bütün çətinliklər də həmin andan başlayır. Əsər boyunca qəhrəman başına gələn acı hadisələrin nəticələrini xəyalən anası ilə bölüşür.

“Ah, ana, hardasan? Çox istəyirəm bütün bunları sənə danışım. Deyim ki, biri vardı, biri yox, bir yumrusifət müdir vardı. Sən də pürrəngi çayı qarşıma qoyub, əlini çənənə söykəyib deyəsən ki, “səbrli ol”. Krıma dincəlməyə gedən və bir aydan sonra qayıdacaq anam baş verənləri bilməlidir.”[3]

Qəhrəman yumrusifət müdiri, həm də Tibet kahini adlandırır. Ağ rəngli kreslosuna yayxanıb bütün əməkdaşların işlərinə “nəzarət” edən, yeni gələn əməkdaşısa peşəkar çuğullar sırasına daxil etmək üçün minbir fənddən istifadə edən müdir illərin çuğulluq təcrübəsinə yiyələnib. İndi həmin təcrübəni yeni əməkdaşa ötürməyə çalışır. Ona çuğulluq dərsi keçmək üçün, hətta kabinetindən əlavə ikinci, istirahət otağında gizlənib digər əməkdaşların bir-bir necə çuğulluq etmələrini nümayiş etdirir, bir növ “nümunə” göstərir. Hər əməkdaşın fərqli çuğulluq xüsusiyyətlərini açıqlayır, başa salır. Burda qəhrəmanın daxili təlatümlərini, psixoloji təzyiqdən aldığı zərbələrin nəticəsini yenə anasına xəyalən müraciətində görürük.

“Ah, ana, hardasan? O, məni çuğullar sırasına qoşulub beynimi satmağa məcbur edir. Anacan, o, bunları istəmək­lə bir idarə daxilində uçurumun daha da dərinləşməsini ar­zulayır. Bilmirəm, nə edim?”[4]

Ümumiyyətlə, baş qəhrəman obrazı ziddiyyətləri ilə qəribə görünür. O, yeni iş yerində ədalətsiz tələblərə qarşı dayanıqlıdır, möhkəmdir, eyni zamanda uşaq kimi safdır, köməksizdir. Bunu tez-tez anasına xəyalən şikayət etdiyi, bəzən də kömək istədiyi müraciətində görürük. Bəzən cəsarətli olur, digər əməkdaşlara qarşı onların özləri kimi davranır, avtomat telefondan Adilənin nömrəsini yığıb ağzına dəsmal qoyaraq onunla vicdanlı olması haqda qalın səslə danışır, Senyoranın çantasına onun mənəviyyatını silkələyəcək məktub atır, müdir müavininə yeni nömrədən anonim mesaj yollayır. Bəzən də müqavimət gücü zəifləyir, sürücü Vəli tərəfindən aldadılmış Pəzəvəngin fiziki şiddətinə məruz qalır və onu təqib edən, şeytançılıq edən çuğulların işbirliyinə qarşı çıxa bilmir.

Bununla yanaşı, baş qəhrəman həm də mərhəmətlidir. O, iş yoldaşlarının şəxsi həyatlarındakı uğursuzluqlara; müdir müavininin sonsuzluğuna, Adilənin qarımış qız olmasına, Senyoranın əri Cemlə bacı-qardaş kimi yaşamasına, elə öz düşdüyü vəziyyətə də üzülür. Ümumiyyətlə, oxucu çuğulların içində qövr edən kədəri, əzabları, çıxılmazlığı, tərəddüdləri baş qəhrəmanın hislərindən, onlara olan münasibətindən anlayır.

Romanda maraq doğuran məsələlərdən biri də çuğulların hədəfə qarşı hücum planları və bu planları həyata keçirən vasitələrin işıqlandırılmasıdır. Roman boyu sətirlər arasında rastlaşdığımız həmin planlar bir qədər şişirdilmiş də görünə bilər, amma düşünürəm ki, müəllif bu istiqamətdə özünəməxsus ironik dili ilə məqsədinə nail olub. Bir zamanlar gənc əməkdaşlara “çuğul yetişdirmə sənəti”nin sirlərini öyrədən müdirin özünə qarşı eyni planların tətbiq edilməsi “çuğulluq sənəti”nin hansı səviyyəyə qalxdığının göstəricisidir.

“Müdirin pozğunluğunu sübut edən əlamətlərə uyğun vasitələr düşünüldü: işdən sonra kabinetində qadınlarla intim görüşləri, əməkdaşlarla söyüş dilində danışması, gigiye­nik qaydalara əməl etməyərək əlini burnuna salması, dişi­nin dibində qalan xiyar turşusunun qalığını divara yaxması, əgər az olsa, spirtli içkilər qəbul etməsi, dəfələrlə şöbələrin döşəmələrinə qusması, lap şişirtmə olsun deyə, əməkdaşla­rın üstünə qusması, yanpörtü yeriyib işçilərin sinir sistemi­ni qıcıqlandırması, kasıb qonşularının cibinə pul basıb guya alaqapıda yatması, səhvən başqasının qapısını döyüb cama­atın arvadına söz atmasına dair yazacaqları məktublar da nazirliyə göndəriləcəkdi.”[5]

“Çuğullar” həyata, həqiqətlərə, insan xislətinə, insan psixologiyasına fərqli tərəfdən yanaşan, ciddi mesajlar ötürən romandır. Əsərin dili, təhkiyəsi və təsviri qənaətbəxşdir. “Çuğullar” oxucuya öyrədir ki, sən də həyata fərqli bax və anla ki, həyat heç də hər zaman firavan deyil, həyatın əyri-üyrü dolanbacları çoxdur və biz firavanlığı çox zaman ancaq şeirlərdə görürük və onu qazanmaq o qədər də asan məsələ deyil. Məsələn,

 

İlahi düzəltsə hər diləkləri,

Din itməz, arada iman pozulmaz.

Həmahəng döyünsə dost ürəkləri,

Çuğulun sözüylə peyman pozulmaz.

Sərraf Şiruyə

 

[1]“Sapiens: Bəşəriyyətin qısa tarixi”, s. 36

[2]“Çuğullar”, s. 113

[3]“Çuğullar”, s. 31

[4]Çuğullar”, s. 44

[5]Çuğullar”, s. 240.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10