Cuhud Yaqub

43 Baxış

Dilqəm ƏhmədSenet.az “Ustad” jurnalının ikinci sayında dərc edilən hekayəni təqdim edir.

Dilqəm Əhməd

Cuhud Yaqub

(hekayə)

Stefan Sveyqə ithaf olunur

 

Dünən olduğu kimi, bu gün də müştəri gəlmədi. Srağagün də gəlməmişdi. Sabaha da ehtimal yox idi. Amma o, hər gün bu mağazanı açırdı. Adına şayiə də çıxarmışdılar. Sən demə, cuhud Yaqubun əsl məqsədi heç də mal satmaq deyilmiş, nəsə fırıldaq işlərlə məşğul imiş. Arada dəli olduğunu da deyirdilər. Guya mağazadakı qədimi əşyalarla tez-tez söhbətləşirmiş. Gözü ilə görənlər, qulağı ilə eşidənlər varmış. Hətta bəzən əşyaları qucaqladığı da iddia olunurdu.

Çox qoca idi cuhud Yaqub. Mən onu ilk dəfə tanıyanda elə bilmişdim ki, Yaqub dayıya hansısa xəstəliyə görə “cuhud” deyirlər. Sonra özü mənə danışmışdı ki, atası Bakını işğal etməyə gələn Qırmızı Ordunun tərkibində vuruşan əsgərlərdənmiş. Qatarın Bakıya çatmasına az qalmış vaqonda biri ilə tutaşmış, ayağından bıçaq zərbəsi almışdı.

Şəhərin işğal edilməsinin təntənəsini yaşamasa da, qarətdə iştirak eləməsə də, bura Yaqub dayının atasına yeni vətən olmuşdu. Adətləri idi, harada var ola bilirdilərsə, ora vətən idi.

Cuhud Yaqubun atası Əyyubun Bakıda bir yəhudi qadın tapıb evlənməsi, iki uşağa sahib olması uzun müddət çəkmədi. Yeni hökumət keçmiş bəylərə məxsus evlərdən birində ona otaq ayırdı. Daha nə istəyə bilərdi ki?! Bəy evində yaşayır, ayağındakı yaraya görə xidmətə yararlı sayılmır, aylıq təqaüdünü alırdı. Yeganə işi Bakının küçələrinə düşüb keçmiş bəylərin, ağaların evindən qalan əşyaları, sənədləri, kitabları toplamaq idi. Şəhərdə aclıq olduğuna görə, belə şeyləri ucuz ala bilir, evində kiçik muzey yaradırdı.

Bakıda Əyyubun ayağının dəymədiyi yer qalmamışdı. Axsaq ayaqla dan yeri sökülmədən yola düzələr, evə ancaq gün batandan sonra qayıdardı. Çiyninə asdığı torbada hər gün nəsə olardı. Bəzən daşımağa da əziyyət çəkərdi. Adətən küçədə aşıq-aşıq oynayan uşaqlar onu görəndə köməyə gələr, doğma şəhərlərinin sərvətini  onun evinə daşıyırdılar. Əyyub kişi isə hər dəfə onların üzünə gülümsəyər, – “Yuxarıdakı köməyiniz olsun”, – deyərdi.

Əyyubun Qırmızı Orduya qoşulması taleyin ona bəxş etdiyi sürgünün axırıncı dayanacağı idi. Qərar vermişdi. Bundan belə hansı ordu olur-olsun, ona qoşulacaq, Yəhva nə tale yazmışsa, onu yaşayacaqdı. Eşitmişdi ki, alman kəşfiyyatına işləyən, əslən yəhudi olan bir nəfər var. Rusiya onun uğrunda ölüm yolçuluğuna çıxıb. O da beləcə adını yazdırıb, özünü zamanın axarına buraxmışdı.

Əyyubun Saradan iki övladı oldu. Birinin adını Yaqub, digərini Yusif qoydular. Əyyub ölənə yaxın həm özü, həm də arvadı yerli xalqın dilini öyrənmişdi. Uşaqları isə artıq məhəllədəki uşaqlardan seçilmirdi.

Amma seçənlər də olurdu. Əyyubun uşaqları məhəllə uşaqlarına qoşulandan “cuhud Əyyub”un uşaqları adını qazanmışdılar. Yusif 5 yaşında olanda məhəllədəki quyuya düşərək öldü. Əyyub övladının ölümünə tab gətirə bilmədi. Gözlərinin işığı azalmağa başladı.

Yaqub cüssəli uşaq idi. Əyyubun ən böyük arzusu onu tarixçi görməkdi. Tez-tez oğluna deyərdi: “Bir var yaşanan tarix, bir var yazılan tarix, bir də var yığılan tarix. Biz artıq yaşanan tarixi geridə qoyduq. İndi qardaşlarımız səhrada tarix yazmağa başlayıblar. Heyf, cavan olsaydım, o tarixin müəlliflərindən biri olmaq istərdim. Amma mən yığılan tarixi yazdım. Sən də mənim kimi ol. Qiymətli bildiyin nə varsa, yığ. Heç nəyi lazımsız bilmə. Çünki Yuxarıdakı lazımsız heç bir şey yaratmayıb. Bizim iki min illik sürgünümüz də boşuna deyildi. Bundan belə ayağını basdığın hər yer, qiymətli olan hər şey bizim üçündür”.

Yaqub dayı indi o illəri dumanlı xatırlayır. Atası 1950-ci illərin ortalarında işğal adıyla gəlib vətən bildiyi torpaqda gözlərini yummuşdu. Oğluna son vəsiyyətini eləmədi. Çünki onlar heç nəyi sona saxlamazdılar…

Yaqub dayı universitetdə müəllim oldu. Qədim Şərq, Mesopotamiya tarixindən dərs dedi. Ən sevilən müəllimlərdən idi. Şumer, Akkad yazılarını orijinaldan oxuya bilirdi. Tez-tez Moskvaya gedib elmi konfranslara qatılırdı. Onunla elmi mübahisəyə girəcək şəxs, demək olar ki, yox idi. Həm zəhmliydi, həm də başqalarının bilmədiyi çox mənbəyə vaqifdi.

Hansı ölkəyə getsəydi, Yaqubun iki iri çantası olardı. Qayıdanda bunları taksiyə yükləyib atasından qalan evinə gətirərdi. Tək yaşayardı. Atasından bir il sonra anası da ölmüşdü. Özü isə ailə qurmamışdı. Buna nə vaxtı, nə də həvəsi vardı. Bütün günü qədim kitabələrin mətnini çözməyə çalışar, evinin zirzəmisindəki qədim əşyaların tozunu alar, hamısına tək-tək toxunar, hiss etməyə çalışardı. Keçmişlə təmas onu cavanlaşdırırdı. Arada atasının yazmaq istədiyi, amma qismət olmadığı tarixi yazanlara qoşulmaq keçirdi ağlından. Onlarla açıq, gizli əlaqələri vardı. Bir yolunu tapıb sıralarına qoşula da bilərdi. Amma, – “səhrada sonsuz qum dənəsimi, yoxsa qırmızı bataqlıqda gül olmaqmı daha yaxşıdır” – deyə düşünərdi. Vicdanı ilə tez-tez mühakiməyə girərdi. Hər şeyi buna borclu idi. Onu görmədiyi səhra ilə adını qoya bilmədiyi, amma çox-çox qədimlərdən gələn bir telin bağladığına inanardı.

Yaqubun nüfuzu artdıqca, zirzəmisindəki əşyaların, kağızların da miqdarı çoxalırdı. Özünə başqa bir ev aldı. Bir gecənin içindəcə qonşuların xəbəri olmadan yeni evinə daşındı. Təzə qonşularla təmas qurmadı. Sirli qalmağı sevirdi. Şübhəli baxışlardan zövq alırdı. Amma bu zövq ona baha başa gəldi. Az keçmədi ki, “KQB agenti” adını qazandı. Bir ara bundan bərk sıxıldı da. İnsanların gecə-gündüz onun haqqında pıçıltı ilə danışdığını bilirdi. Sonra bunu da zövqə çevirməyə başladı. Bir halda ki, danışırlar, qoy elə də zənn eləsinlər. Ziyanı yoxdur, dərinə getsə, xeyri var.

Yaqub 60-cı illərdə özünə maraqlı bir məşğuliyyət tapdı. Tarixçi olsa da, ədəbiyyatı çox sevirdi. Ədəbiyyat aləmindəki gənclərin çoxu ilə tanış idi. Onlar da Yaquba qibtə ilə baxırdılar. Bu gənclər üçün o, indiyə qədər gördükləri ən nəhəng adam idi. Onlarla söhbət etmək Yaquba xoş gəlirdi, aralarından bəzilərinin tezliklə tanınacağına əmin idi. Bunun üçün kömək belə edə bilərdi. Özü tarixçi olduğu üçün hekayə, roman yazmasının doğru qarşılanmayacağını düşünürdü. Üstəlik, akademik çevrələrdə bundan ona qarşı istifadə edə bilərdilər. Ona görə də ədəbi istedadını bu gənclərin inkişafına sərf elədi. Onların yazdığı hekayələri, romanları cilaladı, mükəmməl redaktə etdi. Əvvəlcə müştərisi az olsa da, çox keçmədi ki, müraciət edənlər çoxaldı. Təbii ki, yuxarı dairələrdə tezliklə bundan xəbər tutdular. Amma reaksiyaları qəribə oldu: ona bu işi davam etdirmək göstərişi verildi, üstəlik, artıq rahat ola bilərdi. Ünvanı açıq göstərmədən Ezop dili ilə tənqid də edə bilərdi “roman”larında.

Yaqub bu işdən böyük həzz alırdı. Bir vaxtlar atası Əyyub demişdi ki, vaxtilə Bakıda yaşayan Lev Nissimbaum adlı bir yəhudi indi keçmiş Rusiya ərazisindən Avropaya köçmüş nə qədər mühacir varsa, hamısının yazdığı romanları öz bitib-tükənməz fantaziyası ilə zənginləşdirib, müxtəlif əfsanələr əlavə edib, avropalı oxucuları valeh etmək üçün hər cür yalanlar uydurub. Hətta o mühacirlər arasında Azərbaycanın keçmiş səfiri də olub. Onun qürbətdə Bakı haqqında yazdığı roman indi ən çox oxunanlar sırasındadır. Əyyub onu da demişdi ki, əsərin əsl müəllifi hazırda Bakıda yaşayır. Amma kim olduğunu deməmişdi. Yaqub o zamanlar yeniyetmə idi. Ağzından qaçıra bilərdi.

Bu dönəmlərdə onun həmyaşıdları arasında bir neçə dissident də ortaya çıxdı. Onlar qırmızı hökuməti tanımır, qadağalara qarşı başqa bir qırmızı bayraq – azadlıq bayrağı ucaldırdılar. Tanıdığı, amma “axmaq” adlandırdığı İlya adlı bir cuhud vardı. Qırmızılara qarşı amansızlığı ilə seçilirdi. Amma günlərin birində, – “Məni Bakıda dəfn edərsiniz”, – deyib özünü pəncərədən atdı.

70-80-ci illər Yaqub dayı üçün rahat keçdi.

Bir sabah oyandı ki, vaxtilə atasının da sıralarında Bakıya gəldiyi qoşun indi silah-sursatını buraxıb geri dönür. Onu da gördü ki, ətrafında olan, dostluq etdiyi şəxslər də bir-bir yoxa çıxırlar. Erməni alim dostu Avanesyan, cuhud rəssam Samuel, rus rəqs müəllimi Yelena artıq şəhərdə deyildilər.

Bir sabah da oyandı ki, illərdir onun kimi gizli şəkildə qədim əşyalar, sənədlər, kitablar toplayan şəxslər qarışıqlıqdan istifadə edib bütün varidatları ilə birlikdə hava limanına axışırlar.

Bütün dostlarını itirmişdi Yaqub. Gedən hər insan ondan bir parça qoparıb aparırdı.

Amma o, getmədi.

İndi endirilməsində atasının da iştirakçısı olduğu bayrağın altında yaşayacaqdı.

Onun üçün elə bir fərqi yox idi. Ayağını basdığı hər yer vətən idi.

Artıq universitetdə də işləmirdi. Təqaüdə göndərilmişdi. Yanına aradabir tələbələr, müəllimlər gəlirdi. Onun zəngin biliyindən faydalanırdılar. Yaqubun yazıçı etdiyi şəxslər isə bu illərdə nəsə heç gözə dəymədilər… İndi onların nə Yaquba, nə də əsər yazmağa ehtiyacları vardı. Yazılan yazılmış, məşhurluq əldə edilmişdi. İndi artıq qazanılanları xərcləmək zamanı idi.

Yaqub çox fikirləşdi. Bu vaxta qədər xeyli pul yığmışdı. Qocalığını rahat yaşamaq, sevdiyi işlə məşğul olmaq istəyirdi.

Vaxtilə atasının qarış-qarış gəzdiyi İçərişəhərdə bir mağaza kirayələdi. Bir bölməsinə öz arxivini yerləşdirdi. Arxivindəki bəzi əşyaları satacaq, bəzilərini isə gözü qapanana qədər yanından ayırmayacaqdı.

***

Cuhud Yaqub

Mən Yaqub dayını tanıyanda artıq gözünün biri görmürdü. Mağazasının daimi müştərisi idim. Pulum olduqca köhnə kitab, qəzet – kağızdan olan hər nə varsa, alırdım. Onunla söhbət həyatıma rəng qatırdı. Canlı tarix idi Yaqub dayı. Haqqında deyilənləri vecinə almaması ən sevdiyim xasiyyəti idi. Bəzən mənə elə gəlirdi ki, Yaqub dayı qürub çağı ilə eyni yaşdadır. O ölsə, sanki Yer öz oxu ətrafında bir daha fırlanmayacaq, İsrafil himə bəndmiş kimi himnini çalacaq… Məni uzun müddətdən bəri tanısa da, hələ də əsas əşyalarının olduğu otağa dəvət etməmişdi. Orada nələrin olduğunu bilmək üçün, bəlkə də, həyatımı qurban verərdim.

Bir gün cəsarətimi toplayıb qarşısına keçdim:

– Yaqub dayı, deyəsən, içəridə Süleyman peyğəmbərin öz dəstxətti ilə yazdığı əlyazmanı saxlayırsınız.

Güldü. Oturmağa yer göstərdi, özü isə termosdan iki stəkan çay süzdü. Mehribanlıqla üzümə baxıb dedi:

– Sən də dəli olduğumu düşünürsən?

– Allah eləməsin, mənimki sadəcə maraqdır.

– Əşyalarla danışdığımı da deyirlər, eləmi?

– Deyirlər. Onsuz da hamı sənin haqqında nəsə deyir. Buna alışmaq lazımdır.

– Amma düz deyirlər. Əşyalarla danışıram…

Üzü qəribə rəng aldı. Bir an elə bildim ki, indicə öləcək. Ağır-ağır ayağa qalxıb çöl qapısını örtməyə getdi. Sonra yenə Atlant kimi dünyanı çiyninə alıb qarşımda əyləşdi:

– Mənim atam, – bir müddət öskürəklə əlləşib öhdəsindən gəldikdən sonra sözünə davam elədi, – bir neçə dəfə bağışlanmaz günah eləyib. 20-ci illər idi. Həmişəki kimi torbası çiynində İçərişəhərin küçələri ilə gəzərkən bir evdən ağlama səsi eşidib. Qapı açıq imiş. Evə yaxınlaşıb. Bir ana ilə iki uşağı yerdə oturublarmış. Uşağın birinin dörd, o birinin beş yaşı olarmış. Elə hey dayanmadan yemək istəyirmişlər. O vaxt şəhərdə aclıq idi. Qırmızılar nə var idisə, yığıb-yığışdırıb Moskvaya daşımışdılar. Ana nə edəcəyini bilmirmiş. Qoynuna bir şey sıxıbmış, tez-tez ona baxıb-baxıb ağlayırmış. Atam qapını döyüb, içəri girmək üçün icazə istəyib. Qadın yaylığı ilə gözünün yaşını silib, “buyurun”, – deyib. Evin vaxtilə yaxşı günlərinin olduğu baxan kimi hiss edilirmiş. Atam uşaqların niyə ağladığını soruşub, qadın “iki gündür acdırlar”, – deyib. Sonra ovucunu açıb əlindəki üzüyü göstərib: “Ərimi güllələməyə apardıqları günün axşamı mənə vermişdi. Hiss edirdi ki, onu da aparacaqlar. Onsuz da nə pulu var idisə, vermişdi, bir də anasından yadigar qalan bu üzüyü verdi ki, çətin vəziyyətə düşsəm, satım. Amma heç istəmirəm. Ərimdən qalan tək qiymətli əşyadır. Düzdür, balalarım daha qiymətlidirlər. Amma satmağa da qorxuram, birdən əlimdən alarlar. Naçar qalmışam”.

Atam öz işini bilən adam idi. Görən kimi üzüyün çox qiymətli olduğunu anlayıbmış. Qadına on qat ucuz qiymət təklif eləyib. Bu pulla uşaqların qarnı bir neçə ay doya biləcəkdi. Qadının başqa əlacı olmadığından üzüyü atama satıb. Atam üzüyü gətirib anamın barmağına taxdı. Həmin günün axşamı 5 yaşlı qardaşım quyuya düşüb öldü. Əslində, mən belə şeylərə inanmıram. Elə indinin özündə də bunu təsadüf hesab edirəm. Amma atamın pulu vardı. Qadına heç nəsiz kömək edə bilərdi. Eləməmişdi.

O gündən sonra anam üzüyü çıxarıb atama verdi. “Apar sahibinə qaytar”, – dedi. Atam “qaytararam” desə də, qaytarmadı. Arxivinə qoydu.

Atamın evimizdə yaratdığı xəzinəyə mən ilk dəfə 15 yaşım olanda baxa bildim. Nələr yox idi… Həmin üzük kimi neçə-neçə üzüklər, boyunbağılar, qədim, statuetlər. Hətta xalçalar… Hamısını atam beləcə qəpik-quruş verərək ac-yalavac hala düşən insanlardan almışdı.

Atam öləndən sonra onun arxivini bir yerə yığaraq qapısını kilidlədim. Özüm də bu işə maraqlı idim, amma heç vaxt vicdansızlığa yol vermədim. Nə aldımsa, haqqını artıqlaması ilə ödəyib aldım. Heç vaxt nifrin, qarğış yiyəsi olmadım. Çünki ideallarım vardı. Qırmızılar da daxil, bu ideallara heç kim mane ola bilməzdi. Ona görə də onlarla yola getməyi öyrəndim.

İndi yüzü haqlamışam. Evimdə zəngin canlı tarix yatır. İndiyə qədər bir neçə dəfə atamdan qalanlara baxmışam. Keçən dəfə baxanda həmin üzüyü gördüm. Elə bil, ürəyimə ox sancıldı. Nargin adasında güllələnib dənizə atılan, balıqlara yem olan əsl sahibini düşündüm. Geridə qalan iki uşağını xatırladım. Görəsən, nə etdilər? Atamın verdiyi qəpik-quruşdan sonra çörək tapdılarmı, yoxsa aclıqdan ölüb getdilərmi?! Çətindir. Arada o üzüyü götürüb ovcumda sıxanda gözlərimin önünə atamın haqqında danışdığı həmin o qadın gəlib durur. Özümdən asılı olmadan üzükdən məni bağışlamasını istəyirəm. Həmin vaxt özümdə olmuram. Hündürdən danışıram. Qonşularım bir neçə dəfə bunu görüblər. Siz müsəlmanların bir inancı var. Atanın günahını oğul çəkə bilər. İndiyə qədər çəkmədim, düşündüm ki, daha məndən keçdi. Sən demə, hər şeyin bir vədəsi varmış. İndi tək-tənha, kimsəsiz ölüb gedəcəyəm. O adamı güllələyəndə heç olmasa, arxasından yas tutacaq ailəsi vardı, mənimsə heç kimim olmadı. İndi günümü atamdan qalma, hərəsi bir insan faciəsini göstərən bu əşyalarla danışmaqla keçirirəm.

Yaqub dayı danışdıqca üzü torpaq rənginə düşürdü. Sonra keçib içəridən kiçik bir statuet gətirdi.

– Bu, Bakı zənginlərindən birinə aid idi. Evin kiçik qızı həmişə bu heykəlciklə oynayarmış. Bahalı olsa da, atası fikir verməzmiş. Bir sabah qırmızılar evi basıb kişini evin ortasındaca öldürüblər. Qadınları sürüyüb küçəyə atıblar, evdə nə varsa, yağmalayıblar. Həmin vaxt uşaq əlində heykəl, çarpayının altına giribmiş. Hamı gedəndən sonra çıxıb yenə də həyətdə oynayırmış. Atam uşağın əlindəki heykəli görəndən sonra həyətə girib. Çantasından alma çıxarıb uşağa uzadıb. Uşaq da sevincək heykəli ona verib. Bax, belə, buradakı hər əşyanın bir taleyi var. Atam hər aldığı şeyin macərasını bizə danışardı… Anam narazılıq edər, bir gün başımıza bir iş gələcəyini deyərdi. Atam isə, – “onsuz da, bunlar nə varsa, hər şeyi talayırlar, onlara qismət olmaqdansa, bizə qismət olması daha yaxşıdır”, – cavabını verərdi.

– Bəs, indi nə edəcəksiniz? Bu əşyaları sata bilərsiniz. Yaxşı da pul çıxar, bunları müştərilərə göstərsəniz, alıcısı çox olar.

– Yox, mən onları sahiblərinə qaytaracam.

– Necə?

– Biləcəksən. Yenə çay süzümmü? Kəkotulu çay cana xeyirdir.

Həmin gün ikimiz də yüngülləşdik. Yaqub dayı illərdir özündə saxladığı sirri açmış, mən isə öz-özünə danışan, dəli adlandırılan Yaqub dayının sirrini çözmüşdüm.

Gecə gözümə yuxu getmədi. Həyətdə oynayan məsum qızcığaz gözümün önünə gəldi. Haradansa qəfil bir əjdaha peyda oldu, qızın əlindən heykəlciyi qapıb getdi. Sonra o əjdaha başqa bir evə gedərək qorxudan analarının arxasında gizlənən uşaqlara fikir vermədən ananın əllərini üzük qarışıq qopardı.

Səhər qan-tər içində oyandım. Sabah xəbərlərinə baxmaq üçün internetə girdim. Bir məlumat diqqətimi çəkdi: “Qoca kişi özünü dənizə ataraq intihar edib. Şahidlərin sözlərinə görə, intihar edərkən, çiynində içi dolu iki böyük kisə olub”.

Bir az sonra İnternetdə intihar edən kişinin şəkli də yayıldı. Yanılmamışdım, Yaqub dayı idi. Günortaya yaxın qocanın meyitinin kisələrlə bir yerdə dənizdən çıxarıldığı deyildi. Televiziya kanallarının hamısı hadisə yerində idi. Polis kisələri boşaldarkən kamera bir nöqtədə donub qalmışdı. Zümrüd qaşlı üzük par-par parıldayırdı…