Cümhuriyyət hökuməti Həsən bəy Zərdabinin oğlunu xaricə oxumağa niyə göndərməyib?

21 Baxış

113939

Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikzadə Zərdabi Azərbaycan Demokratik Cümhuriyyətinin Maarif nazirinə 16 avqust 1919-cu il tarixində məktub yazaraq İstanbulda konsulluqda çalışan oğlu Səffət bəyin oxumaq üçün xaricə göndərilməsini xahiş edir. Həqiqətən də arxiv sənədlərinin araşdrılmasından bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvəllərindək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil almışdır. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıdır…

Bakıya qayıdan Səffət bəy yaxın qohumu, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh Konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilmişdir. 1919-cu il martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səffət bəy Parisə yola düşməmiş, İnstanbulda konsulluqda çalışmışdır. Bütün bunları nəzərə alaraq, Səffət bəy 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamentinin qərarı ilə Avropa ölkələrinə göndərilən 100 nəfərin siyahısına salınmamışdır. Senet.az zərdabişünas Eldəniz Həsənovun araşdırmalarından əldə etdiyi həmin ərizə-məktubu təqdim edir:

“Azərbaycan Cümhuriyyətinin Maarif naziri əlahəzrət cənablarına

Həsən bəy Məlikzadə – Zərdabinin dul övrətindən

Ərizə

Mənim oğlum Səffət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmiş və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstantinopolda (İstanbul-red.) Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbbidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə ki, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.

Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı-yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən rəy almışdır.

Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi, ali təhsil aldıqdan sonra bütün ömrü boyu  Azərbaycana ləyaqətlə xidmət edəcəkdir. Sizdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılması barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səffət bəy atası H.B.Zərbadinin adına təqaüdlə təhsil aldığından müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər.

Hənifə xanım Məlikzadə Zərdabi

16 avqust 1919-cu il, Bakı şəhəri”.

Təqdim etdi: Rəşad Sahil

Mənbə:enter.news.az

KÖŞƏ YAZARLARI
TOP 10