Cümhuriyyət qurucularından Nağı bəy Şeyxzamanlı 

31 Baxış

18836042_1141099035996490_4090706102322889953_n

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından AXC-nin qurucularından olan Nağı bəy Şeyxzamanlı haqqında olan yazını təqdim edir. 

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları çapdan çıxır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat edib.