Cümhuriyyət və ədəbiyyat – Nemət Nacıəli

11 Baxış

10382138_763369810380018_670014954000464105_o (1)

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından Nemət Nacıəlinin “Cümhuriyyət və ədəbiyyat” yazısını təqdim edir. 

 

Bu ay, ulduz boyaların qurultayı, nə demək;

Bizcə böylə söyləmək: 

Bu göy boya moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan inamı,

Ürəklərə dolmalı. Şu al boya azadlığın təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı. Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu

C.Cabbarlı

 

Bu il Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycanda və ondan kənardakı azərbaycanlıların yaşadığı yerlərdə böyük təntənə ilə qeyd olunacaq. Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərində yazdığı kimi:

“Azərbaycan belə məsud bir həyata başlayınca, şöhrəti bütün üfüqləri tutdu.”

Sözlərini əzbər bildiyimiz himnimiz də o dövdə yaranmışdı – bütün böyük işlər əsas ideya üzərində qurulduğu kimi. Himn, bayraq, gerb və s. cümhuriyyətin yaranmasından sonra ərsəyə gəldi. Cümhuriyyət yeni nəfəs, güc, ilham mənbəyi idi.

1917-ci il dekabrın 17-də “Açıq söz” qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi “Zəruri məsələlər” adlı yazıda Azərbaycan xalqını milli birliyə, vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü xüsusi vurğulayırdı.

Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı “Milli marş” həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. “Milli marş” 1920-ci il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdi. 

 

“Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur”

Məmməd Əmin Rəsulzadə

 

Məmməd Əmin Rəsulzadə bilirdi ki, ədəbiyyat, söz sənəti, şeiriyyatla xalqı daha tez və daha dərindən maarifləndirmək olar. “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.

Cümhuriyyət çiçəkləndiyi illərdə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyət yaradır. Cəmiyyətin üzvləri – Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalılar olur. Yusif Vəzir Çəmənzəminli “Milli-mədəni işlərimiz” silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edərək yazır: “Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünki bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır”.

O dövrdə Azəbaycan ədəbiyyatı bir vulkan kimi püskürməklə düşmənlərimizi narahat edirdi.1921-ci ilin 5 oktyabrında Bakıda çıxan “Kommunist” qəzetində Maarif naziri Yazıçılar qurultayındakı çıxışında deyirdi:

“Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin “Müsavat” dövründən xəbəri yoxsa da, yenə də Cavadın (Əhməd Cavad) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və “Bağımsız Azərbaycan” şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar; indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər”.

Yenidən çiçəklənən Azərbaycan ədəbiyyatı cəmi 19 il yaşadı. 37-ci ilin repressiya, ayaqlarını (Ə.Cavad) kəsdilər, qulaqlarını isə kar etdilər (digər bütün yazıçı, şair və tərcüməçilər).

 

Ye, iç nə qədər istər isən qanımı, zalım,

Bir gün görərəm qanını səhbalar içində…

M.Hadi

 

Cümhuriyyət dövründə  tariximizin ən şərəfli səhifələri yazılıb. Cəmi 23 ay olsa belə, bir xalq olaraq necə azad yaşamağı öyrənmişik. Azadlığın dadı hər bir nemətdən şirindir.

M.Ə.Rəsulzadə uzaqgörən şəxsiyyət idi. O zamanlar Səməd Vurğun Məmməd Əmin Rəsulzadə haqqında poema yazmışdı. Əlirza Turan xatirələrində qeyd edir ki, “Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün S.Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu “Çağdaş Azərbaycan ədəbiyyatında” millətçi bir şair kimi təqdim etmisiniz. Onda Əmin bəy dedi ki, “Mən yanılmamışam. Əgər, o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o, mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq.”

M.Ə.Rəsulzadənin Azərbaycan xalq cümhuriyyətinin Qızıl Ordu tərəfindən işğala uğramasının 32-ci ildönümü münasibətilə 1952-ci ildə yayınlanan xitabından:

“Səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə, bugünkü qanlı aprel istilası matəmini yaşayanlara deyirik ki, bolşeviklər Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklərinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət, bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya – ağ, zülmə – ədalət, yoxsulluğa – varlıq, əsirliyə – azadlıq, istilaya – istiqlal dedikləri aşikar olar! Onlar bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nəhayi qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!”