Cümhuriyyətin Hərbi naziri: Səməd bəy Mehmandarov

29 Baxış

 bey

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından AXC-nin qurucularından olan Səməd bəy Mehmandarov haqqında olan yazını təqdim edir. 

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Bakıda gimnaziya təhsili alır, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alır və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilir.

1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində İxetuan üsyanının yatırılmasında Səməd bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak edir. Xeylunqazyan əyalətinin mərkəzi, üsyançı şəhər Sisikarının mühasirəsi zamanı o vaxt mühasirəyə rəhbərlik edən general Rennekampf Mehmandarovun batareyalarına şəhərin cənub darvazalarından çıxmağa cəhd edən üsyançıları məhv etmək əmri verir. Silahsız üsyançıların darvazalardan çıxdıqlarını görən Mehmandarov çinlilərə atəş açmaqdan imtina edir. Onların başları üzərindən cəmi bir neçə atəş açır ki, bununla da onları şəhər divarları arxasında gizlənməyə məcbur edir. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni, habelə, üstündə “Qəhrəmancasına fərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc alır.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilir. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, əsasən Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz təsdiqini tapır və 1918-ci il dekabrın 25-də o, Hərbi nazir təyin edilir, qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olur.

Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirdi və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Mehmandarov dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycan müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə Hərbi nazir olduğu bütün müddət ərzində dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirildi. Bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökümətdə Hərbi nazir portfeli yalnız ona tapşırıldı.

Sovet hakimiyyəti qurulduqdan sonra Mehmandarov vəzifəsindən istefa verir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə.Şıxlinski ilə birlikdə həbs edirlər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevikterrorundan xilas olur və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlir, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləyir. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycandahərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edir. 1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunur və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilir. Mehmandarov rus, türkfarsdillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olur.

12 fevral 1931-ci ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn edilib.