Cümhuriyyətin qurucularından Əlimərdan bəy Topçubaşov kimdir?

51 Baxış

Parlamentin sedri Elimerdan bey Topcubasov

Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlib. İlk təhsilini I Tiflis gimnaziyasında alır və 1884-cü ildə oranı uğurla bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçir və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. O da provaslavlığı qəbul etməkdən imtina edir, beləliklə, universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.

Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışır, Tiflis geodeziya məktəbində hüquqdan dərs deyir.

O, 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi “Sülh konfransı”nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə Portfelsiz nazir, oktyabrında isə Xarici İşlər naziri vəzifəsinə təyin edilib. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışıb. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərib.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir.

Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.

Mənbə: “Ustad” jurnalının 19-cu sayı.