SENET.AZ

Dədə Qorqud dindarlığı Oxu işığında – Nəriman Qasımoğlu

7 Baxış

namiq

Birinci yazı

“Qulluq eylə Tanrıya dini yalnız Ona xas tutaraqdan… Bilin, xalis din Tanrınındır….” (39, 2-3) – deyilir Quran-Oxuda. “Xalis din”, yəni zamanların təsirlərindən, əlavələrindən yan ötən, zamanlardan ucada qərar tutan din!

Zamanüstü keyfiyyətə malik din qeyri-adi, yaxud əlçatmaz da deyil. Elə təbiət qanunları dediklərimiz, görüb-duyduqlarımız bütövlükdə bu dinin içində. Oxuda təlqin edilənlərdən biri də budur ki, ilahi iradə ilə həyata keçirilən kainat idarəçiliyi maddi (torpaq, su, döl və s.) və mənəvi (ruh, can) materialdan yapıb-yaratdılan insana aid əxlaq dəyərlərinin də bir təbiət hadisəsi, yaxud xalis din bəlirtisi olaraq dəyişməzliyini təmin edir.

Oxuda təktanrılığa xas dəyərlər sistemi eyni zamanda fitrət, yəni yaradılış dini kimi anladılır. Mahiyyət budur ki, Tanrı insanı yaradanda onun təbiətində məhz gözəlliklərə, yaxşılıqlara canatım xislətini kodlaşdırmışdır. Və təbiətin ali  varlığı insan məhz belə bir dinə, fitrətində əzəli özülü olan, fəqət, zamanın, mühitin təsirilə uzaqlaşdığı dinə dəvətlidir: “Tut üzünü dinə sarı təktanrıçı bir kimsətək. Tanrıcıl bir fitrətə ki, insanları bu fitrətdə yaratmış. Başqalaşma ola bilməz Tanrı yaratmasında. Doğru olan din budur. Amma bilməz insanların əksəri” (30, 30).

İslam sözü fitrət dini olaraq təktanrılığın sadəcə olaraq ərəbcə ifadə olunan adıdır. Məhəmməd Seçilmiş ötürücülüyülə göndərilən ayələrdə təlqin olunur ki, Nuhun da, İbrahimin də, Musanın da, İsanın da və adları xatırlanmayan neçə-neçə haqq elçisinin də öz soydaşlarını dəvət etdiyi din təkcə Tanrıya təslim olma məzmununda, yəni İslamdır. Təslimolmaya çağırışlar praktik anlamda insanın özünə, fitrətinə qayıdışı təmin etməkdən ibarətdir. Bu qayıdışa sövq edən təktanrılıq impulsları ilk növbədə insan cəmiyyətlərini məhv olmaqdan saxlayan əzəli və əbədi əxlaq qanunlarını hər zaman gündəmdə saxlayır.

Bəllidir ki, ərəblər əksəriyyətcə bütpərəst olmuş, sonra isə İslama tapınmışlar. Yeri gəlmişkən qeyd edim ki, təktanrılığa üz tutmaqla haqq dininin tələblərinə uyğun olaraq ərəblər bütlərə sitayiş dövrünün, cahiliyyə çağının tərbiyəsizliklərini, vəhşi adətlərini (doğulan körpə qızların diri-diri torpağa basdırılması və s.) də tərgitmiş oldular. Ancaq “Allahdan başqa ilah yox!” bəyanı o zamankı ərəb etnosundan ötrü göydəndüşmə, fövqəladə bir yenilik də deyildi. Onların arasında bütləri inkar edib təkallahlığa etiqadlı olan, İbrahim peyğəmbərin görüşlərini yaşadan elitar bir zümrə də vardı. Elmi ədəbiyyatda adları “həniflər” olaraq xatırlanır. Məhəmməd Seçilmişin də rəğbətlə andığı həniflər mahiyyət etibarilə İslamda, Rəbbimizin fitrət dini mənasında anlatdığı İslamda idilər,  nümunəvi əxlaq sahibləri sayılırdılar. Və ərəblərin kütləvi şəkildə İslamı qəbulunu məncə, belə də dəyərləndirmək mümkündür ki, bu, insanlıq naminə müəyyənləşən əxlaqi başlanğıca, fitrət dəyərlərinə qayıdış mahiyyətli bir tarixi hadisə idi.

İslamın son 1400 illik tarixində burası da görüləndi ki, təktanrılığın müsəlman toplumlarında rəsmiləşməsi bəzi dövrlərdə nəhəng İslam mədəniyyəti nümunəsini ərsəyə gətirmişsə belə, bu haqq dini dəyərlərinin kütləviləşməsində tarixi dinamika pozulmuşdur. Kütləviləşən isə daha çox bu din adına zamanların bütpərəstlik əlavələri olmuşdur. Bütün təktanrılıq dinlərinə üz verən bütpərəstlik bəlaları tarixi İslam anlamında qavranılan dindən də zatən yan keçməmişdir.

Oxuda insanların əksəriyyətinin bütçülüyə varmadan Tanrıya inanmadıqları vurğulanır (12, 106). Yəni əksər adamların inancında bütpərəstliyin qarışığı var. Aktuallığını qiyamətəcən saxlayacaq bir təlqindir. Bu günün müsəlmanlarına da birbaşa aidiyyəti var. Şirkə – bütçülüyə bulaşmamış təktanrılığa iman gətirənlər azlıqdadırlar. Bu da var ki, bəşəriyyətin zaman-zaman inkişafını məhz fitrət dinində qalan belə bir azlıq müəyyənləşdirir. Və tarixin tərəqqiyə doğru axarı təktanrılıq əxlaqı ilə bütpərəstlik əxlaqı arasında əbədi ziddiyyətlərin hər çağın öz inkişaf səviyyəsinə görə çözülməsilə mümkünləşir.

Dinlər tarixini incələdiyimizdə maraqlı bir məqamı anmamaq olmur. Bəllidir ki, əcdadlarımız tarixi İslam öncəsində də təktanrılığın daşıyıcılarından olmuşlar. Ərəblərdə “həniflər” azsaylı bir zümrədən və mütləq çoxluq bütpərəstlərdən ibarət idisə, oğuzlar da daxil türklərin böyük əksəriyyəti təktanrılıqda, bu fitrət dinində idilər. Bəşəriyyətin xalqlar çoxluğunda əski türklərin tanrıçılığını Yusif surəsində səslənən, yuxarıda istinad edərək məzmunundan qismən söz saldığım bu ayələrin işığında da dəyərləndirmək mümkündür: “Nə qədər istəsən də inanan deyil insanların əksəri.  Sən onlardan buna görə bir ödünc istəmirsən. Bu, sadəcə aləmlərçün bir anım. Göylərlə yerdə neçə-neçə ayə var ki, bunlardan üz çevirib ötərlər yanlarından. Əksəri də inanmazlar Tanrıya bütçülüyə varmadan” (12:103-106).

Söhbət əski türk dini olan “Göy Tanrı” inanışından gedir ki, iman əsasları başlıca olaraq təslimolma-islami məzmun daşımış. Təktanrılığın bu arxaik şəkli əcdadlarımızın mənəviyyatında, düşüncə və davranış tərzində reallaşaraq tarixə türk əxlaqı deyilən bir fenomen bəxş etmişdir. Və türklərin tarixən İslama, fitrət dininin bu ən mükəmməl variantına rahatlıqla daxil olmasının psixoloji özülündə Tək Tanrı inanışından gəlmə təsəvvürlər və əxlaqi dəyərlərin durduğu da bir elmi-dini gerçəklikdir.

İman saf olmalı ki, Tanrı qəbul eləyə. Və elə ki, Ondan deyil də pir, ocaq və  s. deyilən bir məkandan yardım dilədin, elə ki, hansısa əcdadın din görüşlərinə son həqiqətlərin ifadəsi kimi tapındın, məsələ gedib çıxacaq klassiklərimizin zaman-zaman tənqid hədəfində tutduğu mövhumatçılığa – sərhədsiz ulu Yaradanı məkanların, zamanların qəliblərində aramağı  özləri üçün bir din borc bilənlərin dininə, əxlaqına.

Ulu abidəmiz “Kitabi-Dədə Qorqud”da Dəli Domrulun Tanrıya bir yalvarışı var.  Zatən bir dua gərəyi olaraq Rəbbimizə həmd oxumaqla başlayır. Deyir: “Ucalardan  ucasan! Kimsə bilməz necəsən, görklü Tanrı. Neçə cahillər Səni göydə arar,  yerdə istər, Sən xud möminlər könlündəsən…” Dəli Domrul Tanrıya məkan isnad  eləyənlərə cahillər deyir. Dədə Qorqud yazısındakı bu neqativ dəyərləndirməni üçüncü  minilliyə qədəm qoyan mövhumatçı camaatın ünvanına birinci minillikdən   səslənən bir qınaq kimi də qəbul edə bilərik.

Əslində zamansız-məkansız Ali Varlığın zaman-məkan kontekstində qavramaq zəifliyini insana  xas təbii bir zəiflik kimi də qəbul etmək olar. Ancaq bu da var ki, bu zəiflik insanı daim geriyə çəkir, cəhalətə aparır. Beləcə,  iman duyğusuna bir maddiyyat ünsürü qatılmış olur ki, bu da İlahiyə şərik  qoşma, bütpərəstlik anlamında aşkarlanır. Təbii ki, hansısa təzahürdə bütçülük qatqısı  olan din ilahi buyruqlar və hikmətlər toplusu vəhylərdə, bu elmi-informativ  qaynaqlı yazılardakı (Oxuda ayələr sözüylə bildirilən vəhylərin bir  adı da elmdir – 13, 37) dinamik ilahi məntiqdən kənar olub “bilməzlik-görməzlik-duymazlıq” istehsallı dəyərlərin sistemi kimi aşkarlanır.

Kənar qatqılarla saflığını itirmiş belə bir “din”in məişətdə, əxlaqda, ictimai  münasibətlərdə təcəllisi gerilik, fanatizm, nadanlıq, tərbiyəsizlik,  terrorçuluq və s.-dir. Təktanrılıq insan düşüncəsinə özünün saf variantında hakim kəsildiyində isə  uca əxlaq dəyərlərinin də təminatçısına çevrilmiş olur. Və yaxud belə də söyləyə  bilərik ki, əxlaq fəzilətləri bu haqq inanışını hər zamanın ucalığında saxlayan  səbəblərdən biridir, çünki bu üzdən də söhbət saldığımız fəzilətlər Tanrıya şəriksiz iman fəaliyyətinin məzmununu  müəyyənləşdirən önəmli məsələlərin önündə gedir. Bunun tarixi-əyani ifadəsini peyğəmbərlərin nümunəsində görmək olur. Məsələn, oxumağı-yazmağı bilməyən Məhəmmədin ilahi  seçimə layiq görülməsinin məntiqində məhz uca əxlaq başlanğıcının dayandığı fakt  belə bir nümunəverici məzmun daşıyır.

Oxu ayələrində vurğulanan vacib xüsuslardan biri iman-saleh əməl  bərabərliyidir. İman saleh əməl və ya əksinə, saleh əməl iman bəlirtisi olaraq  nəzərimizə çatdırılır. Bunlar bir-birindən ayrılmaz, biri digərinin mahiyyətini şərtləndirən məsələlərdir. Misal üçün deyək, iman bütpərəstlik təzahürlərindən nə qədər xalidirsə, əxlaq fəzilətləri də bir o qədər ucalıqdadır. Əxlaqda nöqsan varsa, deməli, iman duyğusu da riyakarlıq və məzmun baxımından küfr-bütpərəstlik qatqısından arınmış deyil: “Görmüsənmi dini danan kimsəni? Yetimi qovan odur, yoxsulu yedirtməyə meyli olmayan odur. Vay halına o namaz qılanların ki, bilməzlər nədir bu namazları, riyakarlıq eləyərlər, yaxşılığa, yardıma əngəl olarlar” (107, 1-7). Əməlisalehlərinsə özgə bir dəyəri var İlahi nəzərində: “Yaranmışın ən yaxşısı iman gətirən, saleh işlər görən kəslər” (98, 7).

Bəllidir ki, təktanrılıq – uca əxlaq vəhdətinin ən mükəmməl nümunələrini  bəşəriyyətə peyğəmbərlər bəxş etmişlər. Bu vəhdətin ayrı-ayrı milli etnoslar  səviyyəsində tarixən kütləviləşmiş bulunan nümunələri də var ki, zaman  davamiyyəti baxımından, elə bilirəm, türklər üçün də üstün aidiyyəti olan bir  məsələdir.

İlk növbədə nəzərə almamız lazımdır ki, əcdadlarımız əksəriyyətcə təktanrılıqdan  kənar olmamışlar. Və ənənəvi türk mentaliteti və əxlaqı tarixi-elmi bir həqiqət  olaraq türklərin arxaik təktanrılıqdan (“Göy Tanrı inanışı, tanrıçılıq)  mükəmməl təktanrılığa – İslama keçidi prosesində gəlişmişdir.

Şəksiz ki, türk fəzilətlərinin bədiiyyatda bizdən ötrü əvəzsiz və ulu əksi  “Kitabi-Dədə Qorqud” boylarındadır. Bu fəzilətlər üçün təktanrılığı başlıq da seçə  bilərik.

Gözəldir ki, Qorqud qəhrəmanlarının tapındığı din falçı, pir, molla, imam dini  deyil, sözün birbaşa mənasında xalis haqq dinidir, Tanrı dinidir. Xalis  təktanrılıq ruhu oğuzların düşüncə və davranış tərzində aşkarlanan bütün  məqamların əlahiddə bir enerji qaynağıdır.

Boyların müqəddiməsindəki Dədə Qorqud deyimləri oğuzların əxlaq manifestinin  bəyanı olaraq Ulu Yaradanın adıyla başlayır: “Allah-Allah deməyincə işlər  önməz”. Bəsmələnin (“bismi-lləhi-r-rahməni-r-rahim” – “Rəhman Rəhim Allahın  adıyla’) çox sadə bir təyinatda açıqlamasıdır. Bu mənada oğuz təfəkkürü hər işin Tanrı  adıyla və bununla da Onun rizasını qazanmaq naminə görülməli olduğu qənaətindədir. “Allah-Allah deməyincə”, bismillahsız nəcib işlərin baş tutmayacağına inam ilk məqamda Tanrıyla təmasa varmağın vacibliyini anlamaqdan doğur.

Oğuz türkünün Tanrıyla təması mistik aləmə qapılanların, məbədlərdə gün keçirənlərin, guşənişinlərin ibadətinə əks məzmundadır. Bu məzmun sırf həyati müstəvidə və təktanrılığın insan üçün nəzərdə tutulan təyinatına tamamilə uyğun gəlir ki, Tanrıdan qəbul görür. Bamsı Beyrək boyunda olduğu kimi: “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu”.

Qorqudçuların tapındığı din saf təktanrılıq başlanğıcından güc aldığına görədir ki, aktiv variantda bir imanla gerçəkləşir. Qayəsi mövhumatçılığa xas ağır mənəvi-psixoloji bir yük olmaqdan deyil də həyatı hər cür əzablardan qurtarmaqdan, gözəlləşdirməkdən ibarətdir və bu anlamda ibrətlidir.

Başqa sözlə, Dədə Qorqudun bəyanladığı əxlaq manifesti bir din manifestidir ki, var. “Təkəbbürlük eyləyəni Tanrı sevməz” (bu ifadə Oxuda da gedir: 16, 23), “könlün uca tutan ərdə dövlət (ağıl) olmaz”, “ər malına qıymadıqca adı çıxmaz”, “çalıb kəsər üz qılıcı müxənnətlər çalmasa yey”, “qonağı gəlməyən qara evlər yıxılsa yey”, “yalan söz bu dünyada olunca olmasa yey” və s. və i. qənaətlərə də hakim kəsilən təktanrılıq dəyərləridir. Və necə ki, “Allah-Allah deməyincə işlər önməz” bismillahın bir açıqlaması, bunlara da eləcə xalis din açıqlamaları söyləməmiz mümkündür.

Həyatları üçün təhlükəli bir durumla üzləşdiklərində dastan qəhrəmanlarının dilindən qopan ifadədir: “Tanrının birliyinə yox güman”. Kəlmeyi-şəhadəti xatırladır. Müsəlman olan bəndənin ənənəvi bir din borcudur ki, Tanrının birliyinə dair öz şəhadətini dilə gətirə. Türkcəmizdə belədir: “Mən şəhadət verirəm, Tanrıdan başqa ilah yox. Və mən şəhadət verirəm, Məhəmməd Allahın elçisidir”.

“Dədə Qorqud”un təktanrılıq bəyanında Məhəmmədin elçilik missiyası anılmır. Əski oğuz təfəkkürü Tanrı birliyinin peyğəmbər təsdiqinə xüsusi bir ehtiyac duymur. Ancaq yenə də oğuzların din şüuru Məhəmməd Seçilmişdən öncəki zamanlardan bəri arxaik variantında olsa belə, haqq dininin içindədir. Peyğəmbərin anıldığı anlar isə əsasən savaşa hazırlıq məqamlarına təsadüf edir. Qorqudçular “ağ alınların yerə qoyub iki rükət namaz qılır”, “adı görklü Məhəmmədə salavat gətirirlər”, yaxud boyların birindəki başqa ifadə ilə, “adı görklü Məhəmmədi yada gətirirlər”.

Yeri gəlmişkən, din ayinlərinə aludəçilik göstərməyən qəhrəmanların namaz qılması məhz bu məqamlarda gerçəkləşir. Və şəksiz ki, namazla bərabər Məhəmməd Seçilmişin anılması İslam fütuhatı tarixinin xatiratı ilə bağlı bir məsələdir. Özgə bir nümunəyə Qazan xanın əsirliyi epizodunda rast gəlinir. Oğuzların qürurunu sındırmaqdan ötrü məcbur etmək istəyirlər kafirləri öysün. Oğuz lideri düşməni pərtliyə salan “öyümündə” bu ifadəni də işlədir: “Məhəmməd dini eşqinə qılıc urdum”. Əslində sırf təktanrılıq məntiqi baxımından “Məhəmməd dini eşqinə” yox, “Tanrı dini eşqinə” deməliydi. Qazan xanın bu “elmi-teoloji yanlışlığa” yol verməsi anlaşılandır. Çünki tarixi din savaşlarının getdiyi zamanlarda İslam daha çox Məhəmməd peyğəmbərin adıyla assosiasiya olunurdu. Və bu mübarək adın dastanda daha çox düşmənlə üz-üzə məqamlarda anılması tamamilə təbiidir. Məhəmməd seçilmiş bir də boylara sonluq vuran Qorqud dualarında xatırlanır. Bu, suçların bağışlanmasında peyğəmbərin Tanrı yanında iltimasçı olacağına dair ənənəvi İslami bir inanışla bağlıdır.

Qorqudçuların təktanrılıq şəhadəti müsəlmanlığın formal izharı və təsdiqi funksiyasıyla yanaşı, həm də bir dua mahiyyətindədir. Və adi gündəlik dualardan xeyli fərqlidir.  Bir qayda olaraq olum-ölüm anlarında dilə gətirilir. Məsələn, əsir düşmüş Uruz atası Qazan xanın düşmən düşərgəsinə ayaq basdığını biləntək deyir: “Aman, mərə kafir, aman! Tanrının birliyinə yoxdur güman!”. Kafirlər aman verirlər, Uruz düşmənlə savaşdan öncə atasıyla görüş imkanı qazanır. Bu epizodda incəlik ondan ibarətdir ki, kafirlərin aman verməsi əslində həmin o dua mahiyyətli ifadəyə görə məhz Tanrı iradəsilə baş tutur. Aman istəyini dildə kafirə ünvanlayırsa da, Uruz bəyin yeganə güvənc yeri Tanrıdır. Və Onun birliyinə şəhadət gətirməklə bu duası müstəcəb olur, önündə bir qurtuluş yolu açılır.

Bəs təktanrılıq şəhadətinin kafirə müraciət fonunda səslənməsinin anlamı nədir? Elə bilirəm bunu oğuz türkünün ölüm təhlükəsi altında belə dinindən dönməyəcəyini ifadə edən bir din jesti kimi də qavramaq olar. Olduqca normal və psixoloji baxımdan yetərincə bəraətli görünə bilərdi ki, kafirdən aman istədiyi məqamda bu igid oğlan öz düşməninin din görüşlərinə meydan oxumayaydı. Və təkcə psixoloji baxımdan deyil, elə təktanrılıq inanışının öz məntiqindəncə çıxış edərək belə bir hərəkətin normal olduğunu qeyd etmək də mümkündür. Xüsusən o mənada ki, haqq dininin ən böyük və başlıca şərti imanın ürəkdə və əməldə, bütpərəstliklə mücadilə durumunda isə həm fiziki, həm də intellektual qələbənin təminatında gerçəkləşməsidir. Təktanrılığın ali informativ qaynağı Oxuda hətta o da var ki, iman yiyəsi düşmən caynağında ikən Tanrını inkar etsə bunun bir saqıncası olmaz. “Məcburiyyət qarşısında qalaraq diliylə küfr desə də, ürəyi imanda rahatlıq tapan kimsələr” (16, 106) Rəbbimizin nəzərində küfrə yuvarlanmış, dinindən dönmüşlər deyil.

Ancaq əski oğuz türkünün din şüurunda ali məqsədlər uğrunda olursa belə, din adına manevr etmək özəlliyi yoxdur. İman kamilliyinin müəyyən ölçüdə bir nümunəsidir. Ona görə müəyyən ölçüdə ki, burada iman kamilliyi üçün müqəddəs Oxu məntiqinin nəzərdə tutduğu ağıl-duyğu tarazlığından danışmaq olmur. Və əski oğuz türkünə xas parlaq iman nümunəsini təfəkkürün yetərincə qatılmadığı duyğusal aləmin bəlirtisi kimi anlamaq lazım gəlir.

Təktanrılığın, tarixi İslam kontekstində şifahi bəyanı nümunəsinə (kəlmeyi-şəhadət) gəlincə, bunu İslamın gəlişi və yayılışı çağlarında din mövqeyinin (çağdaş düşüncə stereotiplərilə yanaşmalı olsaq, bəlkə də daha çox ictimai-siyasi mövqeyin!) toplum qarşısında ortaya qoyulması, müəyyənləşdirilib bəyan edilməsinə yönəlik bir vətəndaşlıq aksiyası kimi də dəyərləndirmək olar. Kəlmeyi-şəhadət müsəlmanlığın ilkin formal izharı mahiyyətində olaraq bütpərəst toplumlarda İslamın tədricən rəsmiləşdirilməsinə yardım edirdi.

Kəlmeyi-şəhadətə önəm gətirən başqa bir cəhət də xalis din dəyərlərinin təbliğində birbaşa ictimaiyyətə, xalqa ünvanlanan aşkar müraciətlərə üstünlüyün verilməsində idi. Və İslam dini tarixən ona tərəfdar olmuşdur ki, bütpərəstliklə ziddiyyətləri ümumən aşkarlıq müstəvisində çözülə. Çünki  istənilən məsələdə aşkarlığa meyillənmə təktanrılıq əxlaqına xas bir özəllikdir. Əhatə etdiyi coğrafiyada rəsmi və qəti qələbəsindən sonra islam dini islam bürüncəkli bütpərəstliklə (bəzi ilahiyyatçılar buna gizli bütpərəstlik deyir) də mücadilə aparmış. Bu mərhələdə ənənəvi kəlmeyi-şəhadətin daşıdığı enerji artıq bir qədər azalmış kimi görünür. Və müsəlmanlığın bu formal şifahi bəyanından islamın içinə fəsad salmaq istəyən, yaxud əski din vərdişləri üzündən cahillik gətirən gizli bütpərəstlik təmsilçiləri də faydalanmağa çalışır. Birincilər Oxuda din riyakarları-münafiqlər kimi tanımlanır. Haqlarında ayrıca bir surə var: “Münafiqlər”. Tanrının birliyinə, Məhəmmədin elçiliyinə dair gətirdikləri şəhadətləri saxtadır: “Riyacıllar sənə gəlib deyirlər: “Biz tanıqlıq eyləyirik, sən əlbəttə, elçisisən Tanrının”. Və Tanrı da bilir ki, elçisisən əlbəttə Onun. Tanrı Özü tanıqdır ki, riyacıllar, heç şübhəsiz, yalançıdırlar.  Andlarını özlərinə sipər etdilər, kənar saldılar Tanrı yolundan. Nə pis iş tuturdu gerçəkdən onlar” (63, 1-3).

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10