“Dədə Qorqud” elmi-ədəbi jurnalının növbəti nömrəsi çapdan çıxıb

9 Baxış

a

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi jurnalının dördüncü nömrəsi çapdan çıxıb.

İnstitutdan Senet.az-a bildirilib ki, elmi müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb.

Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya üzrə fəlsəfə doktoru Asif Hacıyevin (Şirvanelli) “Türkman kitabı: oxunuş və şərhlər” məqaləsi və onun transkripsiyası ilə Türkman kitabının mətni geniş şərhlərlə dərc edilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında professor Füzuli Bayatın “Gizli bilgilərin qaynağı: səmavi miflər”, filologiya üzrə fəlsəfə doktorlarından Səfa Qarayevin “Novruzda yaradıcı cinsi davranışların simvolikası: Xızırın gecələr bərəkət paylaması və papaqatmanın psixoanalitik semantikası”, Hikmət Quliyevin “Molla Nəsrəddin obrazının psixogenezisi: gülüş işlənilmiş günahın cəzası kimi”, Tahir Orucovun “Sovet rejiminin xalq bayramlarına, Novruz mərasimlərinə, dinə, din xadimlərinə, məscidlərə və dini məktəblərə qarşı mübarizəsi” məqalələri verilib. Oxucular bu rubrikada, həmçinin filoloq alimlərimiz Nailə Mirzəyevanın “Tərcümədə nağıl təhkiyəsinin başlıca prinsip və şərtləri (“Taxta qılınc” nağılı əsasında)”, Atif İslamzadənin “Mərasim folkloruna aid olan ağılarda islam inancları”, Aydın Mustafayevin “Ağac pirlərinin şəfaverici xüsusiyyətləri”, habelə doktorantların məqalələri ilə tanış ola bilər.

Jurnalın “Azsaylı xalqların folkloru” rubrikasında filologiya üzrə fəlsəfə doktorlarından İlkin Rüstəmzadənin “Azərbaycan domları: inancları, adət-ənənələri”, Ləman Vaqifqızının “Dambur ifaçılığı (avarlardan toplanan etnoqrafik-folklor materialları əsasında)” məqalələri dərc olunub.

“Cəlil Məmmədquluzadə – 150” rubrikasında professor Allahverdi Məmmədlinin “Jurnalistika janrlarında “Molla Nəsrəddin” gülüşü”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Molla Nəsrəddin” karikaturalarında folklor elementləri” məqalələri yer alıb.

Nəşrin “Qardaş türk folklorundan örnəklər” rubrikasında “Edigey” dastanı – tatar variantının (“N.İsanbetin qüsurlu nəşri”) mətni, “Folklor həyatından” rubrikasında isə “Xalq aliminin bir ömürlük Dədə Qorqud sevgisi” məqalələri verilib.