“Dəli şeytan” azadlığın özüdür…

11 Baxış

adliq_halin_acinacaqli_hali

Son zamanlar yadıma düşən bir ifadə diqqətimi yaman çəkir – “Dəli şeytan”…   Nədənsə hər dəfə ürəyimizin dərinliyində, özümüzün özümüzə etiraf edə bilmədiyimiz hissləri, duyğuları, adətən, “dəli şeytan”ın üstünə yıxırıq. Halbuki dəli şeytanın dedikləri, istədikləri bəzən ədalət naminə yerinə yetirilməsi vacib bir işdir. Məsələn, Seyid Əzim Şirvaninin məşhur təmsilində çobanın çomağı mollanın başına vurmasını tələb edən şeytan da, qoyunların mollaya verilməsini istəyən dəli şeytan da eyni idi. Sadəcə birinci dəli şeytan rüşvətə, çirkaba, hiyləyə bulaşmamış, ikinci isə zəmanə ilə ayaqlaşmış obrazdır. Hamımız qəbul edirik ki, birinci halda “dəlişeytan” ədalət carçısı kimi çıxış edir çobanın ikinci mənində, amma ikincini biz istəyimizə uyğunlaşdıraraq yönləndiririk – saf, pak, çılğın, natural “dəli şeytan”ı əməllərimizin qurbanına çeviririk.

İnsan çox yaradıcı varlıqdır. Tövratda da deyildiyi kimi insan şeytanın bilgisi sayəsində Yaradanının sirrlərinə agah oldu, onu tanıdı. Biz yaranan gündən “bizi kim və niyə yaratdı?” suallarının məngənəsində sıxılırıq. Zaman-zaman insanların Tanrı yaratmaq bacarığı inkişaf edərək günümüzə gəlib çatdı ki, indi tək Tanrı modelini daha uyğun görən milyonlarla insan var. Amma tək Tanrı ekolunu yaradan zəki insan onu da başa düşürdü ki, dünyada ikilikdən qaçmaq mümkün deyil. Bütün olanları bir olan Tanrının üzərinə yıxmaq ədalət simvolu olan Tanrını ləkələyər. Ona görə də ikinci bir şər qüvvə lazım idi ki, bunun da adını “şeytan”, “iblis” qoydular. Və Tanrıya qarşı qoyulmuş şeytan modeli birmənalı olaraq şəri təmsil edir dini təsəvvürə görə. Dahilər zaman-zaman bədii əsərlər yaradaraq “iblis” və “insan” obrazının heç  də bir-birindən fərqlənmədiyini desələr də, insanlar inanmaq istədiyi gerçəyə inanıb, digər məsələlərə zehin qapısı açmadılar.

Bütün insanların qəlbinin dərinliyində dinlərə və onun təqdim etdiyi ədalətli Allaha qarşı kiçik də olsa bir şübhə var. Sadəcə başqa tutarlı bilgi olmadığı üçün içindəki bu hissi gizlədir, “Allah bilən məsləhətdir” – deyib təsəlli verir özünə. Bu fikri qəbul etməyən xeyli insan var və hamısına da sayğı ilə yanaşıram. Amma nə qədər mömin olursan ol, doğuşdan fiziki və əqli qüsurla dünyaya gələn övladın olduqda, gənc və nakam övladının, qardaşının, bacının vaxtsız vəfatında  üzünü Allah tutub, “axı niyə?” – deyə bir sual keçirirsən. Məhz bu dediyin o ilahi ədalətin pozulmasıdır. Amma hərəmiz bu faciələri bir cür qəbul edir və təsəlli tapırıq, kimimiz bunu Tanrının imtahanı, kimimiz də heç nəyə gücümüzün çatmadığını başa düşüb taleyimizlə barışırıq. Əslində isə hər iki tərəfin də düşüncəsinin qaynağı eynidir, sadəcə adlarını fərqli qoyuruq. Axı Tanrı mələk deyil… Əgər Tanrı mələk olsaydı, hər şey gözəl olardı… Demək ki, Tanrı xeyir və şər mələklərinə nəzarət edir və onların ədalətli olmasına yön verir. Məhz belə olduğu üçün qaçan da, qovan da, döyən də, döyülən də Tanrını səsləyir. Əslində, bu insanın çarəsizliyinin isbatıdır.

Bunun üzərində çox durmaq istəmirəm, mənə maraqlı olan şeytanın “dəli şeytan”a çevrilməsi məsələsidir. Düşünürəm ki, xalq “dəli şeytan” obrazını yaratmaqla bir növ, dinin təqdim etdiyi şeytanı sətiraltı mənada tanıdığını ifadə etmək istəmişdir. Onun ədalətli olduğunu da vurğulamaq gərəyini duymuşdur. Gəlin yadımıza salaq görək harda bu “dəli şeytan”ı yada salırıq:

  1. Biri səni hər dəfəsində təhqir edir, incidir, haqqını tapdalayır və sən də səbir nümayiş etdirirsən, amma bir gün boğaza yığılırsan və deyirsən: “Dəli şeytan” deyir…
  2. Sevirsən, amma cəsarətin çatmır, ürəyin əsir, qız da naz etməkdən ruhunu qabar etmişdir və sən artıq boğaza yığılıb deyirsən: “Dəli şeytan” deyir ki…
  3. Bir çay kənarındasan, üzüb və ya üzə bilməyəcəyindən şübhələnirsən, amma bu zaman: “Dəli şeytan” gəlib deyir ki…
  4. Ətrafın, mühitin, dövrün ədalətsizliklə doludur və bu zaman: “Dəli şeytan” deyir ki…

Bir sözlə, bu siyahını özünüz də istənilən qədər artıra bilərsiniz. Bu məqamda biz “Dəli” sözünü türk təfəkküründəki “igid” mənası ilə eyniləşdirsək, xalqımız dinin şeytan modelinə qarşı bir də “Dəli şeytan” – “İgid Şeytan” modeli icad etmişdir. Yalançı təvazökarlıqdansa, içinin səsinə qulaq asmışdır ki, ona da “sənin hər şeyi ölçüb biçən, ağıllı davranmağa məcbur edilən, səmimi olmayan, hiyləgər olan şeytanına qarşı, mənim içdən, səmimi, olduğu kimi olan, təbii Dəli şeytanım var” deyə hayqırmışdır…

Siz siz olun “dəli şeytan”ınızdan uzaq düşməyin. Çünki o haqqın səsidir, o maskasız və dürüstdür, o acı həqiqəti hayqıran məninizdir. Onsuz yaşamaqla azadam demək mümkün deyil…

KÖŞƏ YAZARLARI
TOP 10