Dəmir darvazanın o üzündə tək qalan qadın

159 Baxış

kenan25 Senet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən III hekayəni təqdim edir:

 

“Özgə qapılarında” silsiləsindən I yazı

 “Özgə qapılarında” silsiləsindən II yazı

 

 

Müharibənin qızğın vaxtı iki dəfə məni yoldan tutub avtobusa basmışdılar və hərbi komissarlığa aparmışdılar. Onda hələ yenicə pasport almışdım, bığ yerim təzəcə tərləyirdi, cəbhəyə yaşım düşmürdü. Yaxşı ki, çağırış məntəqəsində girəvə tapıb evə zəng edə bilmişdim, atam gəlib məni ordan çıxarmışdı. Evdə məni nə qədər danlasalar da ki, kənddən kənara çıxma, xeyri olmurdu, hər gün qəzet alırdım və şəhərdəki mitinqlərin vaxtını qəzetlərdən öyrənib xəbər-ətərsiz şəhərə gedən avtobusa minirdim və o vaxt Azadlıq meydanı adlanan yerə gedirdim. Bilirdim ki, evdə desəm ki, şəhərə, mitinqə gedirəm, məni buraxmayacaqdılar. Bir gün yenə şəhərə gedən avtobusa minmişdim, aeroport yolunda avtobusu saxlatdırdılar və salona iki nəfər mülki geyimli şəxs daxil oldu. Qadınlardan və yaşlı kişilərdən başqa bütün cavan oğlanları avtobusdan düşürtdülər.

 

Yadımdadır, yaşca məndən xeyli böyük, bədəncə də iri cüssəli bir oğlanı sürüyə-sürüyə sarı rəngli “PAZ” avtobusuna basdılar. Kəsilməyə aparılan qoyun kimi dirəşmişdi, amma mülki geyimli hərbçilərin əlindən çıxa bilmədi. Gözləri geniş açılmış, ağappaq ağarmış halda tir-tir əsirdi. Onu Mərdəkan dairəsindən götürdülər, Buzovnaya gedən avtobusu gözləyirmiş. Özünün dediyinə görə Binədə olurdular, bizim kəndə dayısına baş çəkməyə gedirmiş. Dayısının kim olduğunu soruşdum, məlum oldu ki, dayısı bizim qonşuluğumuzda yaşayır, əkin-biçinlə məşğul olan zəhmətkeş kişidir. Bir müddətdən sonra həmin oğlanı unutdum.

 

Günlərin bir günü həmin oğlanın dayısıyla rastlaşdım, üzünü tük basmışdı, sual dolu nəzərlərimi görüb “bacım oğlunu Ağdərədə vurdular, qırxı hələ çıxmayıb” dedi. Həmin anlarda necə sarsıldığımı sözlə ifadə etməkdə acizəm. Oğlanın adı yadıma düşdü, Ramin idi adı. Avtobusda onun möhkəm qorxu hissi keçirdiyinə ürəyimdə gülmüşdüm. Deyirlər qorxaqları ölüm tez tapır, bəlkə də bu fikrin heç Raminə aidiyyəti yoxdur. Müharibə qorxu hissini çox yaxşı müalicə edir, mərmilərin səsi tədricən bu hissi keyləşdirir. Çağırış məntəqəsində günəşsiz səmanın altında qaldığımız o qeyri-müəyyən vaxtın vahiməsi bəlkə də onun canından elə cəbhə bölgəsinə ayaq basdığı ilk andanca çıxmışdı. Bəlkə də belə deyildi. Hər halda Ramin şəhid olmuşdu. Onda mənim müharibə haqqında heç bir təsəvvürüm yox idi, müharibəni ancaq filmlərdə görmüşdüm. Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanının on doqquz yaşlı qəhrəmanı Paul Boymer kimi hələ həyatın astanasındaydım. Paul öz istəyilə əsgər olur, odun-alovun içinə düşəndə anlayır ki, burda insanı hisslərdən məhrum etmək üçün hər şeyi edirlər. Remark yazır ki, yer dünyada əsgərdən başqa heç kim üçün bu qədər əhəmiyyətli ola bilməz. Güclü atəş zamanı ölüm qorxusundan qorunmaq üçün üzünü, bədənini yerə sıxıb uzandığı an torpaq onun yeganə dostu, qardaşı və anası olur. O, özünün qorxu və qışqırıqlarını yerin sükutunda boğur.

 

O əhvalatdan sonra iki sinif yoldaşım və sinif yoldaşımın qardaşı müharibədə şəhid oldular. Məni evin yeganə övladı olduğum üçün müharibəyə yollamadılar. Qalıb iyirmi yeddi yaşımın tamamında hərbi xidmətə yollandım. Məni Naxçıvana yolladılar, onda artıq atam çoxdan dünyasını dəyişmişdi və anam da artıq qocalmışdı. Biçarə qadın üç ay məndən xəbərsiz qalıb. Bir il altı ay yaşlı qadın dörd divar arasında tək-tənha qaldı. Bu da mənim üçün bir əzab idi, özü də çox dəhşətli bir əzab. Anamın intizarını çəkirdim, bölükdə hamıdan yaşca böyük olduğumdan mənə “qoca” deyirdilər. Özümdən neçə yaş kiçik uşaqların gözünün qabağında ağlamaq mənimçün ölümdən betər olardı. Xəlvətə çəkilib anamın intizarını yanaqlarıma sıxıb qurudurdum. Onun tək, köməksiz, kimsəsiz qaldığı üçün də özümü bağışlaya bilmirdim. O zaman da da, ondan sonrakı dövrdə də  zamanında cəbhəyə getmədiyim üçün dərin peşmançılıq hissi keçirmişəm və şəhid dostlarımın ruhu qarşısında özümü günahkar hiss etmişəm. Onda heç olmasa, atam sağ idi, anam tək qalmayacaqdı. Başıma nə iş gələcəkdi, sağ qalacaqdım, ya şəhid olacaqdım, onu bilə bilməzdim. Atam mənə dedi ki, özün bil, getmək istəyirsənsə, get, amma anan dözməyəcək, ürəyi partlayacaq. Bizim ailəni tanıyanlar bilir ki, o qadın mənə nə qədər bağlı idi. Valideynlərim gec ailə qurublar və uzun müddət övladları olmayıb. Altı ildən sonra məni tapıblar. Sağ qaldığım üçün hələ də içimdə bir günah hissi qalıb və bu hiss həmişə mənə əzab verir.

 

Mən əsgər getməmişdən üç-dörd ay əvvəl kababçı Məmmədəlinin Buzovnadakı mülkünə yığışmışdıq. Kababçı Məmmədəlini Bakının köhnə kişiləri yaxşı tanıyır. Onun məşhur kababxanası İçərişəhərdə, indiki “Meredian” otelinin yerində idi. Əksər ziyalılar, ədəbiyyat adamları, musiqiçilər yeyib-içmək üçün onun kababxanasına gələrmişlər. Deyilənə görə, kababçı Məmmədəli çox vaxt burda yeyib-içən şair-yazıçılardan pul almırmış. Sovet höküməti dağılandan sonra şairlər bir az da kasıblaşdılar, onda artıq nə kababçı Məmmədəli vardı, nə də onun kababxanası. Vahid bağına yığışan şairlər o kababxananın xiffətini çəkirdilər. O kababxana mənim yadıma gəlmir deyə onların bu xiffətini anlaya bilmirdim. Amma o şairlər məni həmişə kədərləndirirdi, onların çarəsiz, küskün halı büsbütün əhvalımı korlayırdı. Vahid Poeziya evi çoxdan bağlanıb, mən o bağı xatırlayanda həmişə ürəyim sıxılır. O bağla bağlı yaddaşımda bircə dənə də olsun, ürəkaçan bir detal, hadisə yoxdur. Hər gün o bağa üz tutduğum vaxtlar həyatımın ən miskin dövrü idi. Özümü o həndəvərdə dolaşan sümsük it kimi hiss edirdim. Həyatımda nəyinsə yaxşılığa doğru dəyişəcəyinə zərrə qədər ümidim qalmamışdı. Buzovnadan hər gün uzaq yolu qət edib bu bağa gəlməyimin məqsədini anlaya bilmirdim. Burda yazar dostlarla yığışıb çay içirdik, dərdləşirdik, bu da içimə çökmüş ağırlığı canımdan çıxara bilmirdi. Bir dəfə yazmışdım ki, Vahid bağı tükənmiş ümidlərin sahilidir.Çayxananın kötük oturacaqları vardı, havalar soyusa da qocalar bu kötük oturacaqlarda oturub nərd atırdılar.

 

O yaşlı şairləri Məmmədəlinin kababxanası ilə nə qədər xatirələr bağlayırdı, sanki zaman o xatirələri də kababxanayla birlikdə buldozerin ağzına verib yer üzündən silmişdi. Bir də indi Məmmədəli kimi adam hardaydı ki, onun səxavətindən faydalanaydılar? Kababçı Məmmədəli həmişə kasıba, yetim-yesirə əl tuturmuş. Hətta bir dəfə Mir Cəfər Bağırov deyibmiş ki, kababçı olmaq istəyən kabab bişirməyi Məmmədəlidən öyrənməlidir.

 

Biz kababçı Məmmədəlinin kənddəki mülkünə köçəndə o kababxana da, kababçı da çox-çox uzaqlarda qalmışdı. Məmmədəlinin övladları şəhərdə yaşayırdı, bu mülk baxımsız qalmışdı. Onun qızı (adı səhv etmirəmsə, Səmayə idi) anama dedi ki, köçün, orda yaşayın, pulunuz da lazım deyil. Həyəti səliqə-sahmana salarsınız, vəssalam. O bəstəboy, arğaz, başıləçəkli qadını mən cəmisi bir dəfə, bizi həyət-bacayla, evlə tanış edəndə gördüm və yaddaşımda da elə o görkəmdə, o qiyafədə qaldı. Hə, bir də əlində müşəmbə çantası da vardı, qara rəngli çanta idi. Bu görünüşlə o, kənd müəlliməsini xatırladırdı. Hər halda, ziyalı bir qadın olmalıydı.

 

O qadın olmasaydı, vəziyyətimiz daha da acınacaqlı ola bilərdi. Çünki hardasa kirayə qalmaq imkanımız belə yox idi. İşlədiyim qəzetdən ayrılmışdım, imzam indiki kimi tanınmırdı, hansı qəzet redaksiyasına gedirdimsə, deyirdilər hələlik bizimlə əməkdaşlıq et, sonrasına baxarıq. Bir-iki qəzetə araşdırma yazıları yazdım, qonorar o qədər az idi ki, iki-üç dəfə şəhərə gedib-gəlməyimə güclə çatırdı. Bir dəfə rəhmətlik Rəhimağa İmaməliyev məni hansısa xəbər agentliyinə yolladı, dedi ki, onlar müxbir axtarırlar. Xəbər Agentliyi Azad qadın heykəlinin yaxınlığında yerləşirdi, yazılarımı qoltuğuma vurub agentliyin ofisinə getdim. Rəhimağa müəllim demişdi gedəndə yazılarından da apar, baxsınlar. Agentliyin direktoru məni qəbul elədi, yazılarıma heç gözucu da baxmadı. Sual verdi ki, ərəbcə bilirsənmi? Dedim mən ərəbşünas deyiləm, jurnalistəm, müxbir kimi işləyə bilərəm. Dedi ki, təəssüf, müxbir yerimiz yoxdu, ərəbcə bilsəydin, tərcüməçilik edərdin. Həmin adamın adını burda yazmıram, indi qalın romanlar yazır, amma ədəbi mühitdə o adda yazıçını heç kim tanımır. Bəlkə də mən yanılıram, onun o vaxt məndə yaratdığı xoş olmayan təəssürat  obyektiv düşünməyimə mane olur. Çünki o zaman məni işə götürməyən adamlara qarşı məndə aqressiya yaranırdı, düşdüyüm vəziyyəti bu adamlara izah edə bilmirdim və bu çarəsizlik mənə əzab verirdi. Mən üç il parlament müxbiri olmuşdum, saysız-hesabsız reportajlar yazmışdım, iyirmi yaşında Jurnalistlər Birliyinin üzvü olmuşdum. Yeganə bacardığım iş yazmaq idi və mən iş tapa bilmirdim.

 

Ana-bala köməkləşib həyətin ot-alafını təmizlədik, su nasosunu təmir etdirdim, torpağı bellədim və tərəvəz əkdim. İkimərtəbəli mülkün aşağı mərtəbəsi zirzəmi kimi idi, orda yaşamaq mümkün deyildi, biz yuxarı mərtəbədə, yaşamaq üçün yeganə yararlı olan darısqal bir otaqda qalırdıq, otağın qapısı rəzə ilə bağlanırdı. Uzunsov pəncərənin qalın taxtadan olan qoşa layı adamda vahimə oyadırdı. Otağın hündürlüyü iki metrdən də çox olardı, tavana əlini toxundurmaq ya lampanı dəyişmək üçün gərək divara uzun nərdivan söykəyəydin. Bu, məndə təəccüb doğururdu, düşünürdüm ki, görəsən niyə otaqları bu ölçüdə tikiblər? İçəridən qonşu otağa adlamaq üçün qapı vardı, bu qapının qabağı yekə, qədimi şkafla örtülmüşdü, şkafı yerindən tərpətmək mümkün deyildi. Gecələr bəzən o biri otaqdan yuxumu qaçıran anlaşılmaz səslər gəlirdi. Anamı yuxudan oyadırdım, ona o biri otaqdan səs gəldiyini deyirdim. Anam yastıqdan başını qaldırıb bir müddət ətrafı dinşəyirdi, yəqin siçovullardır, deyirdi və tez də yuxuya gedirdi. Mənsə səhərə qədər çimir ala bilmirdim. Mən ilk hekayələrimi o otaqda yazdım. Həyət  kifayət qədər böyük idi, dəmir darvaza döyüləndə səsi gəlib evə çatmırdı. Sonuncu dəfə it ilində rənglənmiş darvazanın rəngi solmuşdu, bala qapı  ağırlıqdan cırıltı ilə açılırdı. Bizə həmişə təzə sağılmış süd gətirən qonşu kişinin adını unutmuşam, heç vaxt da gətirdiyi südün pulunu almırdı. Tez-tez keçmiş əhvalatları, kənd adamlarını xatırlayıram, adlarını unutduğum adamlar haqqında anamdan soruşmaq istəyirəm. Məsələn, filankəsin atasının adı nə idi, həmişə bizə gəlib-gedən çarşablı arvadın adı necə idi və xeyli bu kimi suallar həmişə cavabsız qalır. Kəndin adamlarını, onların ata-babalarını o, məndən daha yaxşı tanıyırdı. Heyif, bu imkanı əbədilik itirmişəm. Hərdən ona uzun-uzadı məktublar yazmaq istəyirəm, yaza bilmirəm. Bu yaxınlarda xəstəxanada yatanda dünyasını dəyişəndən bəri ilk dəfə ona məktub yazdım. Evdə nə qədər cəhd etsəm də yaza bilmirəm.

 

Mən anamı həmin kimsəsiz, qaranlıq düşəndə böyük həyəti adamda vahimə doğuran evdə tək-tənha qoyub əsgərliyə yollandım. Anam qocalmışdı, bu boyda həyət-bacada o, tək başına necə dolanacaqdı? Ona həyan olacaq bir kimsə yox idi. Yaxşı ki, evdə telefon vardı, bacısıyla, qardaşı qızıyla, qardaşının gəlinləriylə, həyəti bizə etibar etmiş qadınla danışırdı. Anam hələ təqaüdünü almamışdı deyə mənə cibxərcliyi verə bilmədi. Əsgərliyə getməzdən iki-üç gün əvvəl xalam mənə iki “şirvan” vermişdi ki, bunu cibxərcliyi edərsən. Çağırış məntəqəsinə aparılana qədər o pula toxunmadım. Hərbi komissarlıqda bizi “LAZ” avtobusuna mindirdilər, anamın gözünün yaşı sel kimi axırdı. O, yerdə, mən avtobusun içində baxışırdıq. Mənim gözümdən bri damla da yaş çıxmadı. Özümü tox tutmağa çalışırdım. Mənə elə gəlirdi anamı sonuncu dəfə görürəm. Rəngi bozarmış köhnə plaşını geyinmişdi, beynimdə ancaq bir fikir vardı: anam yaman qocalıb, üzünün qırışları çoxalıb, əməli-başlı sınıxıb… İlahi, nə fərəhsiz günlər idi!

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10