Dəmiryolu hekayətçiləri – Oğuz Atay

11 Baxış

Oğuz-Atay

Biz ölkənin böyük şəhərlərindən uzaqda, dağ başındakı bir qəsəbənin dəmiryolu stansiyasında işləyən üç hekayətçi idik. Stansiya binasına bitişik, yan-yana üç otağımız vardı. Mən, gənc yəhudi, bir də gənc qadın. Səyyar hekayə satıcısı idik. İşlərimiz yaxşı getmirdi, çünki qatar stansiyamıza tez-tez gəlmirdi. Günortadan sonra gələn poçt qatarlarında isə daha çox alma, ayran və kolbasa-çörək satılırdı. Bu saatlarda biz hekayətçilər yatmış olurduq. Çünki gecə üçün güc toplamalı, istirahət etməliydik. Bütün ümidimiz gecə yarısından sonra burdan keçən yeganə qatara bağlı idi. Bu vaxtlar digər səyyar satıcılar yuxudan oyanıb gələ bilmirdilər. Bizim də yuxudan oyana bilməyib gecə qatarını ötürdüyümüz vaxtlar olurdu. Stansiya məmuru ilə aramız yaxşıydı, amma stansiyanın yeganə işçisi olmasına baxmayaraq, nədənsə çox vaxt bizi oyatmağı unudardı.

Onu da qınamaq olmazdı, əslində. Teleqraflara baxmaq, biletləri kəsmək, biletləri satmaq, qatar işarələrini yerbəyer etmək, qapıları açmaq, bağlamaq… Bütün işlərə təkcə o adam nəzarət edirdi. Aramız yaxşı olsun deyə tez-tez ona hekayələr hədiyyə edirdik. Yenə də bəzən bizi oyatmağı yadından çıxarırdı. Çox vaxt özümüz oyanmaq məcburiyyətində olurduq. Gün boyu hekayə yazdığımız üçün gecə oyanmaq çox da asan olmurdu. Günortadan sonra yatırdıq, amma adətən axşamçağı ilham gəlirdi və gecənin gec saatlarınadək yaxamızı buraxmırdı. Stansiya məmuru “yaxamızı buraxmırdı” sözümüzə görə lağa qoyurdu bizi. Biz də belə anlarda onun təkbaşına çalışdığını, bütün işlərin öhdəsindən təkbaşına gələ bilməyəciyini unudaraq onu sərt şəkildə tənqid edirdik. Qatar gələndə stansiya binasına bitişik olan otağımıza qədər zəhmət çəkib gələ bilməzdimi? Bir tərəfdən də eyni yerdə çalışan işçilər sayılırdıq. Hələ bəzi gecələr stansiya məmurunun otağındakı yeganə daktiloda əllə yazdığımız hekayələrin üzünü  köçürərdik. Yazıçılığa ilk mən başladığım üçün dostlarım daktiloda ilk növbəni həmişə mənə verərdilər. Ancaq mən həmişə növbəmi gənc yəhudiyə ötürürdüm. Bu zəif və xəstə gənc yəhudini çox sevirdim.

Bəli, bir tərəfdən baxanda dəmiryolu idarəsinin işçiləri sayılırdıq. Otaqlarımız da stansiya binası üçün ayrılmış sahədə idi. Hamısı bir-birinə bənzəyirdi. Eyni memarlıq üslubunda tikilmişdi. Stansiya məmuru bizə  gülə-gülə “məmur hekayətçilər” deyirdi. Sonra o bitib-tükənməz müzakirə başlayırdı. Yox, bizi məmur mövqeyində düşünmək düzgün deyildi. Biz hər hekayə üçün ayrı pul alırdıq. Özü də bu pul qatar sərnişinləri tərəfindən ödəndiyi üçün rəsmi ödəniş sayılmırdı. Stansiya məmuru “Siz bazar hekayətçilərisiniz” deyirdi bizə. Mən əslində nə məmur, nə də ticarətçi kateqoriyasına aid edilmək istəmirdim. Biz sənətkar idik. Fərqli bir mövqedə olmalı idik. Lakin ayran, alma və kolbasa-çörək satanların oyaq olduğu gecələrdə, bir-birimizi itələyərək sərnişinlərə mallarımızı bəyəndirməyə çalışarkən fərqli mövqedə olduğumuzu demək olmazdı. Biz də o  biri satıcılar kimi mallarımızı satmaq üçün qışqırırdıq. Gənc yəhudinin səsi çox çıxmırdı. Gənc qadın isə yemək satıcıları ilə perrona enən sərnişinlər arasında sıxışıb qalırdı. Onsuz da satmağa çox malımız yox idi. Stansiya məmurunun köhnə daktilosunda hər hekayədən ancaq bir-iki dənə köçürə bilirdik. Son surətlər də olduqca bulanıq görünürdü. Onlara müştəri tapa bilmirdik. Hekayələr bir-iki dəfə satılmayanda köhnəlir, müştəri tapmaq çətinləşirdi. Çünki gündəmdəki mövzulara uyğun hekayələr yazırdıq. Bir-iki günlük köhnəlmiş hekayələri satmağa çalışanda  sərnişinlər üzlərini turşudub “Bunları çoxdan bilirik. Yeni şeylər yoxdurmu?” deyib köhnə hekayələrimizi üzümüzə çırpırdılar. Belə olanda da, alma və ayran satanlar növbəmizi əlimizdən alırdı.

Başqa çətinliklərimiz də vardı. Qatar həmişə yaşadığımız yerin qabağında dayanmırdı. Stansiya məmuru çox vaxt birinci perrona yük vaqonlarını yaxınlaşdırırdı. Buna görə də sərnişin qatarı ikinci, hətta üçüncü perrona (bunlara perron demək olarsa) yaxınlaşmaq məcburiyyətində qalırdı. Yemək satıcıları bu vəziyyətə daha əvvəldən öyrəndikləri üçün qatarı həmin yerdə gözləyirdilər. Biz həmişə son dəqiqədə oyandığımıza görə çox vaxt yarıyuxulu halda yük vaqonlarıyla toqquşurduq. Sonra vaqonların ətrafından dolanmalı, gecənin qaranlığında diqqətlə relslərin arasından keçməli olurduq. Qatarın dayandığı yer də yaxşı işıqlandırılmırdı. Əslində, işıq bizim üçün xüsusilə önəmliydi. Balaca həsir zənbillərin içində dəstə-dəstə qoyulmuş hekayələrimiz dərhal satılmırdı. Hər sərnişin dəstələri açır, heç olmasa səhifələrə göz gəzdirirdi. Qaranlıq işimizi çox çətinləşdirdi. Sətirləri yaxşı görə bilmədikləri üçün başdansovdu baxıb, geri qaytarırdılar.

İşlərimiz yaxşı getmirdi. Müharibə illəriydi. Çörək belə baha idi. Tez-tez işıqlar söndürülür, stansiyanın solğun işıqları əsərlərimizi qaranlığa qərq edirdi. Belə gecələrdə işləmək də mənasız olurdu. Qara pərdələrlə bərk-bərk bağladığımız pəncərəli otağın, mavi kağızlarla sarıdığmız zəif işıqlı lampasında satılıb-satılmayacağından əmin olmadığımız kiçik hekayələrimizi yazmağa çalışırdıq. Yaxşı ki, çarpayılı vaqon sərnişinləri vardı. Onlar hekayələrimizi eninə-uzununa ölçmədən satın alır, üstəlik ikiqat pul vermək üçün bir-biriləri ilə yarışırdılar.  Onlar yeməklərini vaqonda yedikləri üçün bizim axmaq ayran, alma və kolbasa-çörək satıcılarını önəmsəmirdilər. Ölkədə yeni hekayələrin satıldığı yeganə stansiya bizimki olduğu üçün şöhrətimizdən xəbərdar idilər. Onlara həmişə ilk surətləri ayırardıq. Çox vasvasıydılar. Bizim xüsusi müştəriliərimiz onlardı, amma onların da rahat yataqlarından qalxmaları çox da asan deyildi. Yenə də bir çarəsini tapmışdıq. Çarpayılı vaqon məmurlarına bir az pul verib sərnişinləri bizim stansiyada oyatmaqlarını xahiş etmişdik (özü də hər gələndə pulsuz bir hekayə alırdılar). Oxuduqlarını zənn etmirəm. Yəqin ki, ikinci əl satırdılar. Çarpayılı vaqon sərnişinləri olmasaydı, vəziyyətimiz lap çətinləşərdi. Onlardan bəzilərilə ünsiyyət qururduq. Çətin vəziyyətdə olduğumuzu bildikləri üçün onları yola salmağa gələn dostlarının gətirdiyi tort, peçenye kimi şeylərdən bizə də verirdilər. Adətən gecələr işlədiyimiz üçün çox acırdıq. Qatar gedəndən sonra yorğun-arğın stansiya binasına qayıdar, gözləmə otağında çarpayılı vaqon sərnişinlərinin verdiyi şirniyyatları yeyərdik. Bəzən digər satıcılar da bizimlə birlikdə gəlirdilər. Ayran satan sata bilmədiyi ayranına qonaq edirdi bizi. Onsuz da ayran səhərə qalsa turşuyacaqdı. Bizə yazıqları gəlirdi, deyəsən. Alma satan da hərdənbir bizim üçün alma soyardı. Amma biz onlara sata bilmədiyimiz hekayələrdən vermirdik. Çünki heç biri oxuma-yazma bilmirdi. Təkcə kolbasa-çörək satana verirdik bəzən, o da bulanıq çıxan surətlər olması şərti ilə. Kağızlar incə olduğu üçün siqaret sarıyırdı onlara.

 Bəzən əhvalım yaxşı olanda, daha doğrusu, yaxşı satış edəndə yemək satıcılarına hekayələrimi oxuyurdum. (Gənc qadın buna etiraz edirdi). Kolbasa-çörək satan ilə alma satan elə ilk sətirlərdə yuxulayırdılar. Amma yenə də hekayənin sonunadək gözləmə otağında qalırdılar. (Hekayənin sonuna az qalmış oyanırdılar). Ayran satan məni diqqətlə dinləyirdi. Onun bu marağı xoşuma gəlirdi. Hekayə qəhrəmanlarının danışıqlarını bacardığım qədər canlandırmağa çalışırdım. Ən sonda kolbasa-çörək satan başını bulayıb “Ağır günlər keçiririk” deyib, içini çəkərdi. Alma satan da “Həyat belədir, insan yaşadıqca nələr görür” deyərdi. Satıcıların əzab-əziyyətli həyatlarını anladan hekayələr də yazmışdım. Bunları dinləyərkən ayran satan da yuxulayırdı.

Stansiya məmuru yazdıqlarımıza diqqət göstərmirdi. Ancaq hər hekayənin bir surətini mütləq alır, səliqə ilə qovluğa yerləşdirib dolabda saxlayırdı. İdarəçiliyin  qanunları belə tələb edirmiş. Dəmiryolu idarəsinin torpaqları daxilində yazıldıqları üçün 248-ci maddənin tələbiymiş. Qanun maddələrindən söz açılanda özümdən asılı olmadan əsəbləşirdim. Vəziyyətimizi düzəldə biləcək, bizə də stansiya daxilində şərəfli bir yer verəcək qanunlar yoxdurmu? Bizi kolbasa-çörək qanunları ilə bir tutan zehniyyətin əleyhinə idim. Yenə də uzun müzakirə başlayırdı. Stansiya məmuru dolabdan qara cildli kitablar çıxardıb yemək satıcıları üçün Sağlamlığı Qoruma Qanununun tətbiq edildiyini irəli sürərdi. Məncə, vəziyyət getdikcə pisləşirdi. Gənc yəhudi günü-gündən zəifləyirdi. Hansısa gizli xəstəliyi vardı. Onu müalicə etdirməyə pulumuz yox idi. Dəmiryolu xəstəxanası da bizi qəbul etmirdi. Stansiya məmuruna hirslənirdim. 248-ci maddəyə görə hər hekayəni az qala zorla əlimizdən almağı bilirdi ancaq. Deyirdilər ki, bizim stansiyadan keçməyən kəsə bir dəmiryolu xətti çəkiləcək. Artıq burdan sadəcə poçt qatarları keçəcəkdi.

Çox məyus olmuşdum. Üstəlik də aşiq idim. Əlbəttə ki, üçüncü otaqda yaşayan gənc qadına vurulmuşdum. Bir gecə bizi tanımayan bir çarpayılı vaqon sərnişini onu itələyərək çölə atmışdı. Səyyar satıcıların çarpayılı vaqona girməyi qadağan idi. Gənc qadın toz-torpağa bulanmış, zənbilindəki hekayələr ətrafa dağılmışdı. Onu təsəlli etməyə çalışdım. Saçlarını oxşayaraq, “Ağlama” dedim.  Perronda ikimizdən başqa heç kəs yox idi. Digər satıcılar mallarını tez satıb getmişdilər. Axır vaxtlar onlarla yola getmirdik. Çarpayılı vaqonlarda Sağlamlığı Qoruma Qanununa cavab verən ağzıbağlı şüşələrdə limonad, şəffaf kağızlara bükülmüş kolbasa-çörək filan satmaq istəyirdilər. Çarpayılı vaqon məmurunu da yola gətirmişdilər. Ya rəbb, niyə hər gün yeni-yeni  dərdlər yaranırdı? Doymaq bilməyən çarpayılı vaqon sərnişinləri yemək verilən vaqonlarda o qədər yemək yeyəndən sonra (kim bilir nələr yeyirdilər) gecə yarısı yenə acırdılar. Allahdan keçici bir qanun maddəsi tapmışdıq. Bu maddəyə görə çarpayılı vaqonlara yaxınlaşmağa cəsarət etmirdilər. Amma bu qanun da bir aydan sonra qüvvədən düşürdü. İkimiz – gənc qadın və mən gecənin soyuğunda bir-birimizə sarılmışdıq. Bizi bu qəsəbəyə hansı yel sovurub gətirmişdi? Çox gərgin və ağır şəraitdə işləyirdik. Yemək satıcılarıyla, qatar məmurlarıyla, aclıq və səfalətlə mübarizə aparmaqdan sənətimizlə layiqincə məşğul ola bilmirdik. Hər şeydən əvvəl normal bir kitabımız və kitab almaq üçün böyük şəhərə getməyə qatar pulumuz da yox idi. Bu halda bizdən nə gözləmək olardı? Düşündükcə vəziyyətimizin qeyri-adiliyini və ümidsizliyini daha yaxşı dərk edirdim. Dəmiryolu idarəsi stansiya binasında otaq verməklə guya yaxşılıq etmişdi bizə. Gündüzlər fit çalaraq keçən qatarların səs-küyündən yata bilmirdik. Yazdıqlarımızın da qədri bilinmirdi. Ötən gecələrdən birində gənc və səliqəli geyinmiş bir çarpayılı vaqon sərnişini ona satdığımız hekayələri tənqidçiyə göstərmişdi. Məşhur yazıçı hekayələrimizin şablon və dəbdən düşmüş olduğunu söyləmişdi.

Yağış çiskinləyir, səbətdəki hekayələrin üstdəki səhifələri islanırdı. Payız fəsli idi. Nazik və hər tərəfi sökülmüş köynəyimin içində titrəyirdim. Bu şəraitdə daha yaxşı nə yaza bilərdim? Birdən gənc sərnişinə qəzəblənərək sərt şəkildə “İstəyirsiniz geri qaytarın hekayaləri, pulunuzu da geri verək!“ demişdim. Əslində, yalan deyirdim. Cibimdə bir qəpiyim də yox idi.

Bunları düşünərək fikrə getmişdim. Ətraf aləmin fərqində deyildim. Qatar uzaqlaşmışdı. Birdən qollarım arasında gənc qadını gördüm. Qucağıma sığınıb, başını sinəmə söykəmişdi. Onu öpdüm. Hekayə zənbillərimizi qoluma taxıb, uzaqdan işıqları görünən stansiyaya doğru addımladım. O gecə gənc qadınla ümidsizlik və yalnızlığın bəxş etdiyi qarışıq hislər burulğanında sevişdik. İndi bu sətirləri yazarkən digər satıcıların, qaşqabaqlı stansiya məmurunun və relslərin arasında, otağımda yazdığım günlük hekayələrin süni sentimentallığına qapılmış olmaqdan qorxuram. Bəli, gənc qadını sevirdim. Onun otağına tez-tez gedirdim və gənc yəhudinin otağının yanından keçmək məcburiyyətində qalırdım. Bu vəziyyət məni sıxırdı. Gənc yəhudinin də xəstəliyi ağırlaşmışdı. Artıq əvvəlki kimi hər gecə hekayə satmağa çıxa bilmirdi. Hekayələrinin sayı getdikcə azalırdı. Son günlərdə onun hekayələrini də mən yazmağa başlamışdım. O qədər halsız idi ki, bu yardıma belə etiraz etmirdi. Stansiya məmuru bunları az hesab edir və xatırlamadığım bir idarə qanununa əsasən otaqların kirayəsini qarşılamaq üçün daha çox hekayə yazmalı olduğumuzu düşünürdü. Yazdığımız mövzulara, hətta yazı üslubumuza da qarışmağa başlamışdı.

Mən o ərəfələrdə sevgi hekayələri yazmağı qərara almışdım. Stansiya məmuru dedi-qodulara səbəb olacağını bəhanə edərək buna əngəl olmaq istədi. Onun bütün istəklərinə boyun əyirdik. Əgər burdan qovulsaq, içində yazı yaza biləcəyimiz, otaqlı başqa bir stansiyanı haradan tapa bilərdik? Sevgilim stansiya məmurunun yeməyini bişirib, söküklərini tikirdi ki, problem yaranmasın. Stansiya məmuru bizə yuxarıdan aşağı baxırdı. Yanılmıramsa, o həmişə belə idi. Bizi xor görürdü. İndi də dəmiryolu stansiyasının sayəsində çörək yediyimizi irəli sürərək bizi bu mövzuda hekayə yazmağa məcbur edirdi. Özünü örnək göstərirdi. Stansiya məmuru dəmiryolundan  başqa bir işlə məşğul olurdumu? Dəmiryolu haqqında mövzular tapmağın necə çətin olduğunu ona anlatmağa çalışsam da, bacarmadım. Əslində, bizim bu işə qol qoymayacağımızı yaxşı bilirdi. Güc-bəla ilə birtəhər həyatımızı irəli aparmağa çalışırdıq. Yeni bir qayğı yaratmaq üçün əleyhimizə hesabat yazacağını söyləyərək bizi şantaj edirdi. Digər satıcılarla da aramız dəymişdi. Ölkənin kimsəsiz bir küncündə, bir neçə adamdan ibarət bu balaca məkanda hüzur içində yaşaya bilmirdik. Ruhumun yorulduğunu hiss edirdim. Hər gecə yuxudan yarımçıq oyanmaq, qatar fitləri, anlayışsız və cahil, başqa sözlə, yekəxana və rahat müştərilərə yeni hekayələr tapmaq məcburiyyəti, günü-gündən xəstəliyi ağırlaşan gənc yəhudi və getdikcə daha deyingən olan stansiya məmuru… Sevgilim də bezmişdi. Çox yorğun idi. Onun da hekayələrinə kömək etməli olurdum.

Düşüncələrimin qaranlığa qərq olduğunu hiss edirdim. Stansiya xaricindəki dünya ilə əlaqələrim getdikcə zəifləyirdi. Günlərin necə keçdiyinin fərqində deyildim artıq. Hekayələrim üçün gündəlik hadisələr tapmaqda, insanları və macəraları bir-biri ilə əlaqələndirməkdə əvvəlki bacarığım qalmamışdı. Önəmli hadisələri belə öyrənə bilmirdim çox vaxt. Müharibə bitmişdi. Qatarlar cəbhədən axın-axın qayıdan əsgərlərlə doluydu. Bir müddət onlardan aldığım qısa məlumatlar sayəsində müharibə hekayələri yazdım. Amma bir çox şeyi xatırlaya bilmirdim. Müharibə bizim ölkədə olmuşdu? Yoxsa, uzaq çöllərdə savaşmışdılar? Torpaqlarımız genişlənmişdi, yoxsa kiçilmişdi? Gənc yəhudi yorğun təbəssümü ilə cavab verirdi mənə:

– Bizim stansiya həmişə eyni yerdə qaldığı üçün bu dediklərinin bir önəmi varmı?

Top səsləri eşitmədiyimizə görə müharibə heç vaxt bizim stansiyaya yaxınlaşmamışdı.

Sonra hekayələrimə qaşqabaqla göz gəzdirən çarpayılı vaqon sərnişinlərinin üzündən anladım ki, müharibə çoxdan bitib. Bir gün sərnişinlərdən biri şəhər adlarında böyük səhvlər etdiyimi söylədi. İdarəçilərin adlarını da qarışdırır və unudurdum. İllərdir insan adlarını yüksək səslə söyləmirdim. Stansiya topluluğunda uzun müddətdi ki, bir-birimizi adla çağırmırdıq. Belə bir ehtiyac hiss etməmişdik. Stansiyanın adı da sadəcə yan divara yazıldığı üçün silinib getmiş, unudulmuşdu. Lazım olanda sözləri axtara biləcəyimiz bir lüğətimiz də yox idi. Hər gün yazmaq məcburiyyətində olduğum hekayələrin xaricində qalan kəlmələri xatırladığmdan əmin deyildim. Yemək satıcıları ilə danışmırdıq. Artıq stansiya məmuru da acığını hərəkətlərində açıqca göstərirdi. Gənc yəhudi daha danışa bilməyəcək qədər zəifləmişdi. İstəklərini başı ilə işarə edirdi. Gənc qadınla səssizcə sevişirdik. Bu vəziyyətə qısa zamanda öyrəşdim.

Əslində, keçən müddətlərin uzunluğu-qısalığı haqqında dəqiq bir nəticəyə gələ bilmirdim. Bu vəziyyətə alışmaqdan başqa çarəm yox idi. Artıq gənc deyildim. Hekayə yazmaqdan başqa heç bir iş gəlmirdi əlimdən. Böyük şəhərə gedə, özümə yeni həyat qura bilməzdim. Stansiya xaricindəki dünya ilə əlaqələrim kəsilirdi. Qəzetlər də bahalaşmışdı. Artıq qatarla yox, başqa vasitələrlə daşınırdı. Buna görə də gündəlik hadisələrdən bixəbər yaşayırdıq. Sonra yeni dəmiryolu xətti açıldı və qatar həftədə yalnız bir dəfə gəlməyə başladı. Belə olması mənim üçün daha rahat idi. Artıq bir göz qırpımında sonlanan və məni həyəcanla arxasıyca süründürən qısa hekayələr yazmaq istəmirdim.

Bütün gün ərzində otağımdan çıxmadan yazırdım. Yalnız böyrümüzdəki pinəçinin taqqıltısı məni fikirdən ayırırdı. Artıq gənc yəhudi yox idi, bir müddət əvvəl ölmüşdü. Əslində, mən gənc qadının ora köçməsini istəyirdim, amma stansiya məmuru bu istəyimi bildirməyə fürsət tapmamış pinəçini gətirdi. O da tezliklə yerləşdi bura. Bu dağın başında onun da işi bizimkindən yaxşı deyildi. Pinəçiyə gənc qadının otağına köçməsini təklif etmək istəyirdim. Deyəsən, bu fikri ağlımda çox götür-qoy etmişdim. Bir gün onun otağına gedəndə – yəni bu istəyimi bildirmək istəyəndə fikrim qarışdı. Daha doğrusu, belə olmuşdu. Gənc qadın bir müddət əvvəl getmişdi. Bəli, otağı boş idi. Uzun hekayələrimdən birini bitirdiyim və yuxuladığım gecələrin birində qatara minib getmişdi. O günlərdə ağlım çox qarışıq idi. Bu uzun hekayələrimin heç biri satılmırdı. Həftədə bir dəfə satışa çıxa bilirdim. Hətta buna görə qiymətləri bir az bahalaşdırmışdım. Hekayələrim heç də açıq-saçıq deyildi. Günlərimi bir qarnı ac, bir qarnı tox keçirirdim. Bir müddət sonra sərnişinlərdən biri ona satdığım hekayə haqqında ağır tənqidlər söylədi. Səhifə nömrələrini də düzgün qeyd etməmişdim. Mən də ona bir həftədir ki, ac olduğumu dedim. Yox, demədim. Bunu başqa sərnişinə sonralar söyləyəcəkdim. Bir müddət əvvəlki sərnişinə hər şeyi qəsdən etdiyimi anlatmağa çalışdım. Bəzi şeyləri unudurdum, amma tənqidlər barəsində çox həssas idim. Bu məqamlarda və bir də çox narahat olduğum vaxtlarda əvvəlki şövqümü, ruh yüksəkliyimi yenidən hiss edirdim. Bir az keçməmiş təkrar itirirdim. Məsələn, stansiya məmuru məni burdan qovacağını, artıq heç bir işə yaramadığmı söyləyəndə narahat olurdum. Amma müştəri tapa bilməsəm də, daha yaxşı hekayələr yazdığımı düşünürdüm. Ayaqqabı təmirçisi ilə dünyada baş verən hadisələr haqqında söhbət edirdik. İndi o söhbətlərin nədən ibarət olduğunu tam olaraq xatırladığımı zənn etmirəm. Təkcə onu deyə bilərəm ki, pinəçi qarmaqarışıq və başım çıxmayan bir dünyadan danışırdı. Ona oxumağa çalışdığım hekayələrimi də dinləmirdi. Bunu ifadə etməkdə çətinlik çəkirdim, amma mənə elə gəlirdi ki, getdikcə hekayələrim daha böyük dəyər daşıyır.  Bunu ona anlada bilmədim, çünki məni tək qoyub getmişdi. Son görüşümüzdən bir müddət sonra ayaqqabı təmirçisi stansiyadan köçüb getdi.

Bu, yazdığım son hekayələrdən biridir. Bunun kimi xeyli hekayəm var, hamısı ağlımdadır. Hər birini yaxşı xatırlayıram. Hamısını yazmamışam hələ. İndi bəzi gecələr köhnə vərdişlə gecə yarısı oyanıram. Bu yeni hekayələrimi özümünkünə, ya da gənc qadının və ya ölən gənc yəhudinin zənbilinə diqqətlə yerləşdirib dəmiryoluna doğru addımlayıram. Artıq buradan qatar keçmir. Son günlərdə stansiya məmuru da görünmür ətrafda. İllərdir istirahət etmədiyi üçün, yəqin ki, məzuniyyətə çıxıb. İndi onun paltarlarını da mən geyinirəm. Yəqin, gedəndə məni öz yerinə qoyub. Nədənsə qatar da gəlmir. Nə isə. Bunlar vacib deyil.

Qorxuram. Çünki buradan getmək istəyirəm. Dükançı hələ ki, nisyə mal verməyi dayandırmayıb. Ondan utandığım üçün soruşa bilmirəm. Bir müddət əvvəl eyni utancaqlıq səbəbiylə pinəçidən də soruşa bilmədim.

”Bir məktub yazmaq istəyirdim, amma ünvanı bilmirəm. Mənə heç kəs inanmazdı. Buna görə də utanırdım. Mənə hər hansı bir ünvan deyə bilərsinizmi?” deyə bilməzdim. İstənilən bir ünvana ehtiyacım vardı. Sadəcə bir ünvan kifayət edərdi mənə. Başqa problemim də var idi. Əslində, indi də var. Vaxt ötür, öz ünvanımı məktubda yaza bilməmək dərdi məni hələ də düşündürür. Tutaq ki, bu hekayəmi buradan sərnişin və ya poçt qatarı keçməməsinə baxmayaraq, bir yolunu tapıb oxucularıma çatdırdım. Müştərimin qalmadığını da xəbər edə bildim. Bəs, harada olduğumu necə başa salacağam? Bu problem məni çox narahat edir. Amma yenə də ona yazmaq, hər zaman onun üçün yazmaq, ona dayanmadan anlatmaq, harada olduğumu bildirmək istəyirəm.

Mən burdayam, əziz oxucum, bəs sən hardasan?

Tərcümə etdi: Aygün Ələkbərova 

Mənbə: “Ustad” jurnalının 14-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10