“Dərinliklərdə nəyin gizləndiyini bilmirik…” Paula Hokinsin müsahibəsi

10 Baxış

Paula-Hawkins-Website-960x500

“Dərinliklərdə nəyin gizləndiyini bilmirik…”

İngiltərə yazıçısı Paula Hokinsin məşhurluq dövrü 2015-ci ildən sonraya təsadüf edir. O, əvvəllər qadınlar üçün maliyyə məsləhətlərindən ibarət bir toplu və Emi Silver təxəllüsü ilə dörd romantik komediya janrında kitab yazsa da, bu layihələrin heç biri uğurlu olmur. Ona dünya şöhrətini “Qatardakı qız” detektiv-trilleri gətirir. Bu əsərdə işlənilən ən əsas sosial problem – məişət zorakılığı, alkoqolizm və narkomaniyadır. 2015-ci ilin yanvar ayında işıq üzü görən “Qatardakı qız” kitabının satış həcmi cəmi iki ay sonra bir milyonu keçir. Rekordu yeniləyərək 20 həftə ərzində İngiltərənin kitab reytinqi siyahılarında birinci olur. “Qatardakı qız” qısa vaxt ərzində xeyli xarici dilə tərcümə olunaraq dünyada da yüksək sürətlə bestsellerə çevrilir. Bu uğurdan ilhamlanan Paula Hokins 2017-ci ilə “Suya doğru” psixoloji-detektivini nəşr etdirir. Amma bu kitab “Qatardakı qız”ın uğurunu təkrarlaya bilmir.

 

“Ustad” dərgisinin əməkdaşı Xəyalə Muradın yazıçı Paula Hokinsdən aldığı müsahibəni oxuculara təqdim edirik.

 

– “Qatardakı qız” peşəkarcasına yazılmış trillerdir. Bu janrın daimi oxucusu idiniz?

– Yeniyetməlik dövründən oxumaqdayam. Detektiv janrına marağım məhz Aqata Kristi ilə başlayıb. Lakin Donna Tarttın “Gizli əhvalat” kitabı, necə deyərlər, gözümü açdı, məndə prisixoloji janra sözün əsil mənasında sevgi oyatdı. Bildiyiniz kimi, saysız-hesabsız kriminal əsərlər, trillerlər oxuyuram. Tarttın yaradıcılığı ilə yanaşı, Keyt Atkinsonun “Cekson Brodi” seriyasını da çox sevirəm. Tana Frençin, Harriet Lane, Meqan Abbott və Gillian Flinnin daimi oxucusu olduğumu da vurğulamaq istəyirəm.

 

– Baş qəhrəmanlar tamamilə bir-birinə zidd obrazlardır. Aralarında real tanışlarınızın prototipi varmı?

Bütün yazıçılar bu sualla qarşılaşır. Təbii ki, mən də hər yazıçı kimi insanları müşahidə edir, onların xüsusiyyətlərini obrazlarımın simasına köçürürəm. Hətta bir obrazın simasında tanıdığım onlarla insanın xüsusiyyəti cəmlənə bilir.

– Uzun illər jurnalist işləmisiniz. Nə zamansa bədii əsər yazmaq istəyiniz olub?

Uşaqlıqdan yazmağı sevmişəm. Hətta kiməsə göstərmədiyim natamam hekayələrimi bu günədək saxlayıram. Bəziləri bir neçə səhifəlik, bəziləri də minlərlə sözdən ibarət natamam romanlardır. Əsas odur ki, istədiyim vaxt onlara nəzər sala, üzərində yenidən işləyə bilərəm.

 

– Qatardakı qızın əsas xüsusiyyəti alkoqol asılılığıdır. Xəstəliyi, asılılığı bu dərəcədə real təsvir etmək üçün hər hansı araşdırma aparmısınızmı?

Bunun üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hamımız spirtli içkidən istifadə edən yüzlərlə insan tanıyırıq. Sərxoşluğun özü ilə gətirdiyi xaos heç kəsə sirr deyil. Sərxoşluğu kimsə cəmiyyət arasında nümayiş etdirmir. Reyçl kimi uçurum kandarında dayanan onlarla insanlar var ki, alkoqolizm asılılığını güclə nizamlayırlar.

Daha çox sərxoş insanların bir qismində rast gəlinən yaddaş itkisinə aid araşdırma etmişdim. Bilirəm ki, bəziləri sərxoş olanda yaşadıqlarını unudur və zamanla xatırlayır, bəziləri isə birdəfəlik unudur və heç zaman xatırlamır.

Bir çox oxucu “Qatardakı qız”ı “İtkin qız”a bənzədirlər. Bu cür müqayisələrə necə baxırsınız?

Mən “İtkin qız”ı sevərək oxuyuram. Onu qeyri-adi kitab hesab edirəm. Emi obrazında Flinn illərlə dillərdən düşməyəcək qadın obrazını yaradıb. Kitablarımız haqqında, hətta ən cuzi bənzətmə belə mənim üçün şərəfdir. Nəyə əsasən bənzədildiyini bilirəm. Lakin bir daha qeyd edirəm: “Qatardakı Qız” tamamilə fərqli kitabdır. Mənim qəhrəmanım Reyçl işini, ailəsini, evini və həyatında sahib olduğu hər şeyini itirib. Ən vacibi isə – fikirlərini, xatirələrini, reallığı və özünü idarə edə bilmir. Flinnin qəhrəmanı Emi isə sağlam fikir yürüdə, sükan arxasında özünə əmin otura bilir.

 

– Uzun müddət Emi Silver təxəllüsü ilə romantik komediya yazırdınız. Birdən-birə triller yazmağa necə risk etdiniz?

Əvvəla bildirim ki, romantik komediya yazmaq mənim öz ideyam olmayıb. Naşir sxem verdi və bunun əsasında kitab yazıb-yaza bilməyəcəyimi soruşdu. Mən yazdım və bundan utanmıram. Lakin özümü o üslubda heç vaxt rahat hiss etməmişəm. Hətta romantik komediyaları yazanda hadisələr get-gedə qaranlıqlaşırdı. Bu da təsadüfü deyildi. O janr mənlik deyil. Toxunduğum, başladığım hər şey zülmətə qərq olurdu. Beləliklə, triller yazmağa başladım. Məncə, ən düzgün qərarı da məhz o an verdim.

 

– Bir çox yazıçıların fərqli yazı ritualı var. Bəs siz necə yazırsınız?

Yazmaq üçün tək qalmağa çalışıram. Bu, başqaları ilə dayanmadan qəhrəmanlarım haqqında danışmaqdan yaxşıdır. Nəql etmədə nəsə alınmayanda gəzməyə çıxıram. Bu, düşüncələrimi qaydasına salmağa kömək edir.

 

Son kitabınız “Suya doğru” haqqında danışa bilərsiniz? Niyə məhz su?

Bu kitab uydurulmuş ingilis qəsəbəsində cərəyan edir. Əsər çayda batmış qadınlardan biri Nellə başlayır. Onun ölümü bacısı Jülü illər sonra yenidən Bekforda gəlməyə məcbur edir. Bir dəfə gözəl çay kənarı ilə gəzirdim. Hava da, su da çimmək üçün ideal idi. Elə ki çayın sərt döngəsinə baxdım, qoyun cəsədi gördüm. O, boğularaq ölmüşdü. Üzməyi hamı sevə bilər. Lakin su bəzən qorxunc ola bilir. Axı, dərinlikdə bizi nəyin gözlədiyini bilmirik. Bu bilinməzlik ani qorxunu, qorxu isə ağır fobiya yarada bilər. Oxucunun yerinə olsam, kitabda məhz buna nəzər salardım.

 

– Paula Hokins həyatda pozitivdirmi?

Xeyr! Əsl pessimistəm. Eşitdiyim və ya oxuduğum hər hansı məsələdə mütləq mənfi sonluq gözləyirəm. Hər işdə, necə deyim, sanki dəriyə yox, altındakı skeletə baxıram. Mənim üçün sevdiyi birini itirən şəxsin acısın müşahidə etmək, o kədəri necə yaşadığını hiss etmək vacibdir. Məhz bu müşahidələr sayəsində “Qatardakı qız” uğurlu alınıb.

 

– Bəs “Qatardakı qız”ın şöhrətindən sonra “Suya doğru”nu yazmaqda məqsədiniz nə olub?

Qeyd edim ki, “Suya doğru” kitabını “Qatardakı qız”dan əvvəl yazmağa başlamışdım. Axı, həmin ərəfədə tamamilə işsiz idim və yazmaq üçün gen-bol vaxtım vardı. Hətta tələsik onu dərc etməyi də düşünmüşdüm. Yaxşı ki, o vaxt bu fikrimdən daşındım. “Qatardakı qız” dərc olunanda isə birdən-birə qopan səs-küy, şan-şöhrət vaxtımı əlimdən aldı. Həftələrlə ölkələri səyahət edir, oxucularla imza günü keçirir, tədbirlərdə iştirak etməli olurdum. Bu da “Suya doğru”nun yazılma prosesini ləngidirdi. Eyni zamanda, oxucular dörd gözlə yeni kitabımı oxumaq istəyirdilər. Etiraf edim ki, “Qatardakı qız”ın yazılışından daha çətin proses idi.

 

– “Suya doğru” nəşr olunandan oxucu narazılığına və tənqidçilərin etirazına səbəb oldu. Halbuki, hər kəs “Qatardakı qız”ın müəllifindən daha maraqlı əsər gözləyirdi. Bu qədər mənfi rəylərə hansı reaksiyanı göstərdiniz?

 

Mən öz kitabımı sevə bilərəm, ona illərimi həsr edə bilərəm, elə ki nəşr olundu, artıq heç nə etmək mümkün deyil. Yazıçı olmaq məhz budur. Kitabı nəşrə verdiyiniz an onu buraxmalısınız. Bu, o qədər dəhşətli məqamdır ki… Bu hissi uçurumdan aşağı düşməyə bənzədirəm. Uçurum nəşrdir. Kitab nəşr olundusa, geriyə yol yoxdur. Nə varsa odur. İstəyir tənqid olunsun, istəyir sevilsin, fərq etməz. Sadəcə dərindən nəfəs dərib qaldığın yerdən həyata və yaradıcılığa davam edirsən. Bu qədər…

 

– Gələcəyə dair planlarınız nələrdir? Məsələn, Paula Hokins on il sonra özünü harada görmək istəyir?

İlahi! Çox qəliz sualdır. Mən heç növbəti kitabımda nədən yazacağımı bilmirəm, siz məndən on il sonranı soruşursunuz. Uzun müddətli planlar qurmadığıım üçün bacardığım qədər bu günü, sabahı düşünürəm, illər sonranı yox.

 

Söhbətləşdi: Xəyalə MURAD

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10