Dəstə – Cəlil Məmmədquluzadə

5 Baxış

images

- Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.

- Çeşm, çeşm! Şərəfyab olarıq inşaallah. Buyurdunuz nə vaxt gələk?

- Üç yarımda.

- Yəni necə üç yarımda?

- Bəli, üç yarımda, dəstədən üç saat yarım keçmişdə.

- Hacı ağa, üç yarım keçəndə bivaxt olar. Xahiş edirəm günortadan  qabaq cəm olaq; günortadan sonraya üzrüm var.

- Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarım keçəndə.

- Hacı ağa, indi başa düşdüm, siz irani hesab ilə fərmayiş edirsiniz. Çün mənim saatım alafranqa qurulub, o səbəbdən iştibah etdim. Xub, buyurursunuz dəstədən üç yarım keçəndə?

- Bəli, Mirzə ağa, üç yarım keçəndə.

- Hacı ağa, bağışlayınız, mənim alafranqa saatım üç yarım keçəndə, bizim alafranqa hesabilə saat neçə olur?

- Mirzə ağa, üç yarım keçəndə təqribən axşam azanına səkkiz saat yarım qalır.

- Hacı ağa, bağışlayınız, mənim alafranqa saatım günortadan-günortaya qurulur; görəsən üç yarımı ki, buyurursunuz günortadan nə qədər qabaq olacaq?

- Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarım qalır. Xeyr, gərək ki, dörd saat qala.

- Xeyr, Hacı ağa, gərək az qala.

- Xeyr ağa! Bizim hesabda təqribən dörddən bir az-maz kəm qalır.

- Xeyr, ağa bizim hesabda saat doqquz olur.

- Xeyr, ağa bizim hesabda saat üç yarımdır.

- Xeyr, ağa, təqribən dörddən bir az-maz kəm qalır.

- Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarım ola.

- Xeyr ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır?

- Yəni günortaya təqribən… qoy hesab edim, yəni təqribən dəstədən yarım, bəli, üç yarım, axşam da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik…

Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sonra gəldi, bir neçəsi iki saatdan sonra cəm oldu, qalanları da heç əbədən gəlmədi; çünki bilmədilər, dəstə hesabilə gəlsinlər, ya alafranqa hesabilə.

Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu.

“Molla  Nəsrəddin”,  20 rəcəb,  1339 (31 mart,  1921),  N 4

KÖŞƏ YAZARLARI
TOP 10