Dəyərli Azərbaycan QADINI, bayramın mübarək!

58 Baxış

yusifaliavsharBir ÇOXUNUZ üçün təntənə, dəbdəbə, bir QİSMİNİZ üçünsə sakitcə, adi günlərdən fərqlənməyən şəkildə gələn və gedən 8 MART sənin günündür, bayramındır, haqqındır. Ona görə yox ki, kommunist Klara Setkinin adına bağlanan bu gündə sənə də hüquqlar verildi.

Qətiyyən!
Sənin hüquqların sənin var olduğun gündən yaranıb. Yarandığın gündən, cənnətə gedən günədək sən qeyrət, namus keşikçisi kimi böyük hüquqlara malik oldun. Ata evində qardaşın, atanın, ər evində qayınatanın, qayının, ailədə ərin, oğulun şərəfini qorudun, hifs etdin. Sən 365 günün hər gününü bayram günü kimi yaşadın. Evlad böyütdün, uşaq tərbiyə etdin, ər qulluğunda durdun. Bunu özünə şərəf bildin. Şərəfin isə hər bir bayramdan uca idi sənə. Sən o qədər müqəddəsləşdin, ilahiləşdin ki, səcdənə getmək belə Tanrıya şəriklik sayılmadı, Tanrının buyruğu kimi qəbul edildi. Sənə olan sevgimizə rəğmən Vətənimizə də, Dilimizə də Ana dedik… Evladını o qədər sevdin, o qədər qayğısını çəkdin ki, “Uşaq anadan yetim qalar” dedi kişi ATALAR. Atalar etiraf etdi bunu. Etiraf isə insanın batini paklığından, saflığından, səmimiliyindən gəlir. Onu da sən verdin! 9 ay qaranlıq dünyada yetişdirdiyin, yedirtdiyin balana işıqlı dünyanın zərrəsini ötürdün. Bətnindəki batini saf canlıya xatir, mələklər də, Tanrı da səni və evladını Şeytandan qorudu. Min zillətlə evlad doğub dünyaya gətirdin. Süd verdin. Dil verdin. Tərbiyə verdin. Vətənə əsgər verdin. Bəzən cəmiyyətin sərt qanunları, zamanın tərs üzü sənin balanı istədiyin kimi böyütməyə, tərbiyələnməyə qoymadı. O zaman verdiyin süddə günah axtarıldı, anada səhf görüldü… Amma sən heç vaxt yıxılmadın, yenə də balanın yanında oldun, balanı qorudun, bütün “günahları” sinənə çəkdin…

Sən Vətən uğurunda qeyrətlə, mərdliklə döyüşdün – QARATEL oldun, SALATIN oldun…
Sən qeyrətə, mərdliyə, kişiliyə o qədər önəm verdin ki, ailə qurmaq məqamına ƏRƏ GETMƏK dedin. Ərə sadiq oldun – İLHAMIN FƏRİZƏSİ oldun…

Qız köçürəndə “qızım, ər evin gor evin olsun”, gəlin gətirəndə “sirrimiz bu dam altda qalsın” deyən ANA da sən oldun…

Sən müqəddəssən, ilahi qüdrətə sahibsən, safsan, paksan, təmizsən… nəhayət, bu adlar içində ucalan BÖYÜK QADINSAN…

Böyük adın qarşısında dayanıb ayaqların altındakı cənnətə baş əyirəm, AZƏRBAYCAN QADINI!
Bu 8 mart günü almanın, ingilisin, hindin, rusun adına bağlı olsa da, bu günü hamdıdan çox qeyd etməyən sənin haqqın, hüququn, ixtiyarin var!

AZƏRBAYCAN QADINLARI, 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ BAYRAMINIZ MÜBARƏK OLSUN!!! TANRI SİZLƏRİ QORUSUN!!!

 

Yusif Alı Afşar

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10