Dəli sevda şairi

91 Baxış

Vaqif YusifliVaqif Yusifli

filologiya üzrə elmlər doktoru

(Gülnar Səmanın “Gül” kitabına ön söz)

Gülnar Qasımlı mənim doktorantımdır. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Ən azı ayda 2-3 dəfə yanıma məsəhətə gəlir. İnanıram ki, yaxın gələcəkdə bir tənqidçi – ədəbiyyatşünas kimi öz sözünü deyəcək.

Onun şeir yazdığını bilirdim, amma bircə misrasını belə oxumamışdım. Həm də ərkyana məsləhət görmüşdüm ki, öz elmi işinlə məşğul ol, şeirlə sonra qonuşarsan. Amma bir gün televiziyada Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı ona təqdim olunanda qətiyyən hirslənmədim, sevindim.

Və bir gün çəkinə-çəkinə mənə zəng edib “Vaqif müəllim, “aybKitab” layihəsi üzrə şeirlərimi çap etdirmək istəyirəm, ön söz yazarsınızmı?” – deyə soruşdu. Dedim ki, oxuyaram, xoşum gəlsə, mütləq yazaram.

Gülnarın şeirlərini oxudum və etiraf edim ki, belə gözləmirdim. Zənn edirdim ki, bu gün özündə məsuliyyət hiss etmədən ədəbiyyata gələn, şeirlərinin və kitablarının sayı “şairliyinin” müqabilində qat-qat artıq gözə dəyən yazarlardan biridir Gülnar. Amma Gülnar mənim bu təsəvvürümə xətt çəkdi və sanki hər şeirində qışqırtıyla yox, utana-utana dedi ki; “Mən şairəm!”

Gülnar Qasımlı özünə Səma təxəllüsünü götürüb. Böyük riskdir bu. Səma bütün göy üzüdür. O Səmada günəş yanır, dünyaya işıq saçır. Mən şair görmüşəm ki, özünə Dərya təxəllüsü götürüb, amma onun şeirləri dəryanın heç bircə damlası deyil. Mən şair görmüşəm ki, özünə Muğan, ya Şirvan, ya da Qobustan təxəllüsü seçib, amma yazdığı şeirləri və özünü nə Muğanda, nə Şirvanda, nə Qobustanda tanıyırlar. Gülnarın Səma təxəllüsünə hələlik heç bir etirazım yoxdur, çünki mən onun şeirlərində səma təmizliyini, saflığını gördüm. Buludunu, yağışını, günəş zərrələrini gördüm.

Mən gənc şairi tərifləyib ərşi-əlaya qaldırmaq niyyətində deyiləm. Təbii ki, iki şeir kitabı çıxsa da, Gülnarın axtarışları davam edir. (Məgər şair bütün ömrü boyu axtarışda deyilmi?) Deməli, Gülnar Səma adını doğrultmalıdır. Gülnar nədən yazır? Onun bir mövzusu var- sevgi. Bu sevgi kitablardan gəlmir, özünün yaşadığı, ürəyində əmanət saxladığı hissdir, duyğudur.

 

Bu sevgi yollarda düşüb qaldısa,

Məhəbbət deyilən dili laldısa,

Ayrılıq əbədi bir vüsaldısa,

Mən buna məhəbbət deyə bilmərəm.

 

Ay sevgi, peşimi burax sən artıq

Daha heç toruna düşən deyiləm.

Ağac əyiləndə sındı deyirlər,

İgidlər ölərsə, niyə əyiləm?

 

Mən sənə dünyanı bağışlayardım,

Sən mənə bir dünya bağışlasaydın.

 

Bu misralar sevən bir qəlbin əzablarından doğur. Amma bu əzabın özü də qəm-qüssə gətirmir, işığa can atır o qüssədən uzaq olmaq istəyən ürək.

Gülnarın o balaca səmasını təkcə sevgi duyğuları ilə məhdudlaşdırmaq olmaz. Orada az da olsa , vətən ağrıları da var, yurd itkisindən doğan ağrılar da. Amma hamısında nikbin xallar görürəm. Şair fikirlə hissin vəhdətini əks etdirir və bu vəhdət duyulmazsa, yəni bu iki məfhum- şair üçün hava və su kimi gərəkli olan bu iki konponent bir-birindən ayrı düşərsə, o zaman şeir “ağıllı ürəyin” ifadəsinə çevrilə bilməz. Gülnarın bir sıra şeirlərində bu vəhdət özünü hiss etdirir. Amma çox arzu edərdim ki, o, bir az mövzu məhdudluğundan xilas olsun. Sevgini, həsrəti təkcə bir rəngdə görməsin, həyata, gerçəkliyə geniş nəzərlərlə baxsın.

Mən Gülnar Qasımlıya- Səmaya uğurlar arzulayıram. Onun da atasının adı Vaqifdir, elə mən də onun şeirlərinə mənəvi Ata xeyir-duası verirəm.

Gülnar səma Gül