Dəlixana

80 Baxış

RUQIYYESenet.az “Yazı” jurnalının 15-ci sayında işıq üzü görmüş güneyli yazar Ruqiyyə Səfərinin “Dəlixana” hekayəsini təqdim edir. Jurnalı Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz. 

 

Otağın qapısı açılır, hamı gözlərini zilləyib bizə baxır. Doqquzu da maraqla bizi izləyirlər. Ürəyim qırt-vırt gedir. Neçə dönə vərdiş etmişdim yenə də çaşıb özümü bəlli etməkdən diksinirdim. Mən körpə uşaq kimi sakit və zərərsiz biriyəm. Yavaş-yavaş yeriyirəm. Yavaş danışıram, heç gülmürəm və qəm-kədər gözlərimdən yağır. Hərdən dostum Səidi görürəm. Gülümsəyərək mənə yaxın gəlir.

– Səid axı sən burda neynisən? –  deyirəm. Səid ancaq gülümsəyib bir məsafədə dayanır, sonra dönüb gedir. Səsləyirəm. Kədərli səslə səsləyirəm. Gedib gözümdən itəndən sonra hönkür-hönkür ağlamağa başlayıram.

Hadisə axşam üstü baş verdi. Mən maşını götürüb, dostum Səidi qapılarından mindirib gəzmək üçün şəhərə sarı aparıram. Məktəbi təzə bitirmişdik. Nə universitetə girməyi, nədə ki, əsgərliyə getməyi heç istəmirdik. İkimiz də qız sevib elçi göndərmişdik. Mənə əsgərliyi bitirməyimi şərt qoyurlar. Səidin atası zəngindi. Qız atasının gözü onu tutub, elə tezliklə evlənsinlər.

Maşın yel kimi gedir və bizim gözümüzdə qorxu deyə bir şey yoxdur. Səid hərdən başını pəncərədən çıxarıb həyatda ən böyük bildiyi uğuru üçün, istədiyi qədər sevinclə bağırır. Məndə onunla səs-səsə verib içimdəki kədərimi, öfkəmi, qısqanclığımı bağırıram.

Uzun və düz yol qıvrılır. Mən hələ də sürətimi azaltmaq istəmirəm. Önümü kimsə kəsə bilməz, nə maşınlar, nə yoldan keçənlər, nə əyri-buruq yollar, nədə ki, Məryəmin atası! Bəzən bir balaca nədənlə böyük ümidlər heçə gedir, bəzən də elə həmin balaca nədən – yolun bir balaca burulması – ümidsizlikdən qurtara bilər. Yol burulur maşının sürətini almaq istəmirəm. Birdən önümüzə böyük yük maşını çıxır. Mən maşını parka sarı verirəm. Maşın parkın qırağında çevrilir. Bir uzun tormoz çığırtısı, bir qorxunc gurultu və izdihamın hay-küyü, diri qaldığımı mənə sübut edir. Heç ağrım yoxdur. Qapını kəsib məni eşiyə çıxardırlar.

Yolun ortası tamamilə qan içindədir. Mənim qanım ola bilməzdi. Mən maşının içindəydim. Ancaq başımı yavaşca çevirə bilirəm. Səidin başsız və parçalanmışmeyidini görürəm və daha qaranlıqdan başqa heç nə görmürəm. Gözlərimi bir də xəstəxanada açıram.

Əsgərliyə getməmək üçün tək çarəm var idi. Özümü dəli yerinə vurub qırmızı kağızı ala bilmək! Atamla dəlixanaya, həkimin yanına getdik. Mən uşaq kimi yavaş-yavaş yeriyirdim. Nigaran və kədərli baxışlarla baxırdım. Həkim deyir:

– Nə vaxtdan belə olub?

– Qəza keçirib yaralanıb bir aydan çox xəstəxanada yatıb. İndi də deyir bəs rəhmətlik dostu Səidi görür.

Həkim dəli olduğumu dəqiqləŞdirmək üçün iyirmi dörd saat dəlixanada qalmağımı istəyir. Atamın razılığını alandan sonra dəli paltarlarımı geyirəm. Atamın əlini buraxıb həkimin köynəyinin ətəyindən yapıŞıram.

Həkim çox ehtiyatla məni otağıma sarı aparır. Doqquz nəfərlik bir otaq. Otaqda taxtlar sıra ilə düzülüb və hərəsi birin özünə çıxıb. Boş qalan bir taxtın üstündə oturdandan sonra dəlilərlə zarafatlaşaraq otaqdan çıxır. Tutduğum ifadəni dəyişməməliyəm. Kamera ilə izləndiyimi bilirəm. Bunun üçün yatmaq doğru olacaqdı. Taxtımda uzanan kimi dəlilərin biri mənə sarı gəlir. Ağzının ətrafı tüpürcəklidi. Məni yerimdən itələyir:

- Dur ayağa bura mənimdi- deyir.

yaziseQorxumdan etiraz etmədən ayağa qalxıb başqa bir taxtın üstünə keçirəm. Dəlilər etiraz edirlər. Taxtların hamısının onların olduğunu deyirlər. Bir qədər ayaq üstə durub, gözlərimi duvara zilləyirəm. Səidlə danışıram, səsləyirəm və hönkürmə vurub ağlayıram. Bu işi neçə saatdan bir təkrarlayıram. O qədər vərdişetmişəm ki, inanmıram biri şübhələnsin.

Ayaq üstə durmaqdan yoruluram.

Gecədən bir qədər keçib və dəlilərin bir neçəsi yuxudadılar. Duvarın dibində yerə uzanıb gözlərimi yuman kimi böyrümə ağır bır zərbənin dəyməsi ilə dik yerimdən qalxıram. Məni taxtımdan qovan dəlini görürəm.

– Burda yatma, bura mənimdi, – deyir. Gözləri qan çanağına dönüb. Bir balaca etirazla boğazımdan yapışıb boğacağı mümkünsüz deyildi. Sakitcə ayaq üstə dururam. Vaxtı bilmək üçün otağa göz dolandırıram. Başa düşürəm ki, burda saatın anlamı yoxdu. Dəlilər üçün gecə-gündüz birdir. Zamanı danmış kimi olurlar. Bütün gecəni səhərə kimi adi həyatlarını yaşayırlar.

Birisi ancaq maşın sürür. Siqnallarının, arada bir tormozlarının səsi eşidilir. Tualetə gedəndə də maşınını sürür. Qapıya çatan kimi ucadan bir neçə dönə siqnal verir. Qapını açırlar. Arxa dəndəyə verib ehtiyatla maşınını otağa salır. Deyir həyətə salıram. Maşından çıxıb dincəlmək üçün taxtına sarı gedəndə də, iki əlini önünə tutub fərmandan yapışır kimi bir əda ilə gedir. Birisi də qaşığının ucuna ip bağlayıb boynundan aslayıbdır. Bir-bir dəliləri müayinə edir. Dəlixananın öz həkimlərini də müayinə edir. Qaşığı ürəyimin başına qoyur.

– Sən dəli deyilsən yalan demə, – deyir. Qorxu ürəyimi bürüyür. Bir dəli hardan dəli olmadığımı bilir – düŞünürəm.

Bəlkə elə bu dəli deyil və bizləri nəzarətdə saxlamaq üçün burda qalır. Bəlkə də dəlidir və dəli olduğu üçün özünə tayları tanıyır. Dəlilərin birisi gəlir, sol əlini irəli gətirib sağ əlinin işarə barmağı ilə ovcunda nəsə yazaraq:

-Sənin lisenziyan varmı belə mərizə baxırsan? – soruşur. Həkim dəli, məni buraxıb onunla dalaşmağa başlayır. Səs qalxır, qapı açılır. Dəlixana işçilərindən biri içəri girir. Hamısının üstünə çığırmağa başlayır. Həkim dəli, qabağına qaçır. Barmağı ilə məni göstərərək – bu dəli deyil bu dəli deyil- deyə bağırır. İşçi bir balaca sakitlik yaradıb qapını bağlayıb çıxır.

Dəlilər məni heç istəmirlər. Yuxusuzluqdan, yorqunluqdan və hamısından da pisi qorxudan yarıcan olmuşdum. Hər an birisinin içəri girib məni özü ilə bu dəli oğlu dəlilərin yanından çıxarmasını gözləyirdim.

Qapı açılır, işçilərdən biri içəri girir. Mənə sarı gəlib biləyimdən tutub dünənki həkimin otağına aparır. Atam da oradadır. Onu görcək uşaq kimi ağlamağa başlayıram. Atam boynumu qucaqlayıb toxdaqlıq verir. Həkim bir az məni danışdırır və sonra nəticəni atama deyir.

Qırmızı kağızı ala bilmədiyim üçün başqa yolları sınamalıyam. Bəlkə mollalar məktəbinə girib molla olsam, bəlkə də… .

Axşam çağı Məryəmdən bir mesaj gəlir. Heç gözləmədiyim bir mesaj. Atası başqa birisinə ərə verir. Məndən, onu öldü bilməmi istəyir. İnanmadım. Məni qorxutmaq üçün ya da, hərəkətə gətirmək üçün bu yalanı uydurmuş ola bilərdi. Mesajının cavabını göndərdim. Mesaj geri qayıtdıqda telefonuna zəng açdım. Nömrəsi bağlanmışdı. Min cür fikirlə gecəni səhərə çatdırıb qapılarına getdim. Bir-iki saat gözlədikdən sonra anası evdən çıxır. Başqa çarəm yox idi.

Elə anasının qarşısına çıxıb nələr olduğunu soruşdum. Məryəm adaxlanmışdı belə…!

Otağın qapısı açılır. İşçilərdən biri məni içəri aparır. Hamısı gözlərini zilləyib bizə baxırlar… .

Hər gün kərdidən həkim qıza bir gül dərirəm. Rəisə məktub yazmışam kərdidə ancaq Məryəm gülü əksinlər. Deyib kərdidəki güllərin hamısı Məryəm gülüdür. Həkim qız nədənsə ―qızılgül‖ deyir onlara. Adı da Məryəmdi. Yazıq Mehdi dəlidi da, deyir bəs Zəhradı adı. Dərdiyim gülü iyləyib köksümün üstünə qoyub yuxlayıram. Hər zaman Məryəm gəlib götürəndə ayılaram.

 

Bölmə : Ədəbiyyat