Dəllək (hekayə)

20 Baxış

cəlil məmmədquluzadəCəlil Məmmədquluzadə

Dəllək

(hekayə)

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu”.
“Bala, get sәn dә burnunu qanat!” — anası Mәmmәdvәliyә dedi.
Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.
Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:
“A kişi, gәl gör, Mәmmәdvәlinin burnunun qanına nә çarә eliyirik–kәsilmir; gәl bәlkә sәn bir çarә tapasan.”
Sadıq kişi oğlunun yanına yetişib, sağ әlinin barmaqları ilә yapışdı Mәmmәdvәlinin burnunun ucundan vә qoymadı qan axsın. Amma qan burnunun içindә şişib, genә yol tapıb, başladı axmağa.
“A kişi, qaç bazara–övrәti başladı uca sәslә Sadıq kişiyә demәyә.–Qaç tez Usta Hüseynin yanına. Onun hәkimlikdә sәriştәsi çoxdu. Tez qaç Usta Hüseynә de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç vә tez xәbәr gәtir.”
Sadıq kişi әllәrinin qanını arxda yuyub, üz qoydu hәyәtdәn çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştәrinin başını qırxıb qurtarıb, qanatdığı yerlәrә pambıq düzürdü.
Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcәk onu müştәri hesab etdi vә qoltuq cibindәn aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb vә gözlәrini yumub bir salavat zikr etdi vә aynanı әvvәl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilindә vә gözlәrini açıb sol әli ilә başladı qırmızı saqqalını tumarlamağa vә bir dәfә dә salavat çevirib, aynanı qaytardı Usta Hüseynә vә dedi:
“Ay Usta Hüseyn, bizim Mәmmәdvәlinin burnu qanıyıb. Nә әlac edirik qan kәsilmәk bilmir. Arvad mәni yalvara-yalvara sәnin yanına göndәrib, bәlkә sәn bir çarә tapasan.”
Usta Hüseyn Sadıq kişidәn aynanı alıb әvvәl ona tәklif etdi ki, girsin dükana vә otursun sәkinin üstündә. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ әlini uzatdı vә Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünә. Usta başını bulaya-bulaya dedi:
“Ax, ax, vay, vay! Yazığım gәlir gününә, ay Sadıq kişi! Bilmirәm sәnin axırın nә günә qalacaq! Ay kişi, ya adını ermәni qoy, xalq bilsin ki, sәn müsәlman deyilsәn, yoxsa әgәr müsәlman olmaq istәyirsәn, qardaş, bu müsәlmançılıq deyil ki, sәn eliyirsәn. Kişi, utanmırsan başuvun tükünü bu qәdәr uzadıb qırxdırmırsan? Hәlә xәcalәt çәkmәyib deyirsәn ki, Mәmmәdvәlinin burnunun qanı kәsilmir? O allahın qәzәbidir ki, sәni tutub. Yoxsa harda görsәnәn şeydir ki, burnunun qanı kәsilmәyә? Sәnin tәk müsәlmanlar bundan da artıq bәlaya giriftar olacaqlar!”
Bu sözlәri deyә-deyә Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hәr iki әllәri ilә ovurdu ki, tüklәri yumşalsın. Sadıq kişi dinmәz-söylәmәz oturub başını әymişdi aşağı. Usta Hüseyn әllәrini әtәklәrinә silib götürdü ülgücü vә başladı daşın üstә çәkib itilәmәyә vә sonra bir neçә dәfә dә qayışa çәkib, Sadıq kişinin başını qırxmağa mәşğul oldu vә Sadıq kişiyә belә moizә elәdi:
“Sadıq әmi! Müsәlmançılığın şәrtlәri çox ağırdır. Az bir adam bu şәrtlәrin hamısını әmәlә gәtirә bilәr. Mәsәlәn, başı tüklü saxlamaq heç bilirsәn ki, necә böyük günahların biridir? Әvvәla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evindә heç xeyir-bәrәkәt olmaz. İkinci budur ki, insana növbәnöv bәdbәxtliklәr üz verәr. Mәn nәyә deyirsәn and içim ki, oğlunun qanının kәsilmәmәyi mәhz tәnbehdir ki, xudavәndi-alәm bu günahların qabağında sәnә göndәrib. Mәndәn sәnә vәsiyyәt: bir dә belә qәlәtlәri elәmә; yazıqsan, fağırsan. Yoxsa bir özgә cür bәdbәxtlik üz verәr, dәxi sonra peşimanlıq bir yerә çatmaz.”
Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qәpik çıxarıb uzatdı Usta Hüseynә vә dedi:
“Usta, allah atana rәhmәt elәsin.”
Vә usta Hüseyn pulu alıb cavab verdi:
“Allah sәnin dә atana rәhmәt elәsin.”
Sadıq kişi üz qoydu evinә getmәyә.
Hәyәtә girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kәsilib. Mәmmәdvәli bir uzun ağacdan at qayırıb minmişdi, hәyәti o tәrәfә çapırdı, bu tәrәfә çapırdı vә hәrdәn bir at kimi kişnәyirdi.