Dəniz Kənarında

66 Baxış

dəniz kənarındaSenet.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Vladimir Varavanın “Dəniz Kənarında” hekayəsini təqdim edir. 

Çağdaş rus ədəbiyyatının istedadlı simalarından olan Vladimir Varava (1067) Voronej şəhərində yaşayır, fəlsəfə elmləri doktoru, professordu. O fəlsəfəylə ədəbiyyatın vəhdəti haqqında 10-dan artıq kitabın müəllifi, Andrey Platonovun tədqiqatçılarından biridi. V.Varavanın povest və hekayələri də yazıçı-filosofun dünyaya və həyata fəlsəfi baxışını aydın göstərir.

 

Axşamlar, həmişə eyni vaxtda, Günəş sarı rəngli qızmar kürəyə oxşayanda, ağımtıl dənizin ləpələnən dalğalarının ahənginə uyğun mavi üfüqün arxasında gözdən itəndə, dənizin sərinliyi mehribancasına və cazibədar tərzdə ilıq torpağa enəndə qoca evdən çıxırdı. O, görünür, öz evi, yaxud başqa bir sığınacağı olan meşənin naməlum  dərinliklərindən, elə bil, üzə-üzə, tələsmədən yeriyir, dənizə uzanan cığırla asta-asta gedir, sahildəki elə həmin yerində otururdu. Addımları sakit və ahəngdar idi; donqarlaşmış beli, soğulmuş bədəninin yanlarında qırmanc kimi yellənən uzun, nazik qolları qədim tablonun süjetini xatırladırdı; bu görüntü çox qeyri-adi idi. Səma onun üzərində öz ənginliyilə bərq vurur, dənizin ənginliyi də onun səsinə səs verirdi. O, beləcə, uzun müddət qımıldanmadan əyləşirdi, onun dəniz sularının parıltısında donub qalmış fiqurunu o uzaq və gözəl zamanlarda görmək olardı.

Yerli sakinlər bilirdilər: gündüzün istisi çəkilməyə macal tapmamış, güclə hiss edilən sərinlik dəniz kənarına enən kimi, sahildə dinib-danışmadan ənginliklərə baxan qoca peyda olacaq. Onun anlaşılmaz sükutu və dənizin ötəri duyulan səsləri qəribə bir ahəng yaradırdı, o ahəngdə anlaşılmazlıq gözəlliklə yanaşı mövcud idi, bu da heyrətamiz rahatlıq və inam duyğusu oyadırdı. Bu illərlə davam eləmiş, qəribə bir mərasim halını almışdı; qocanın dəniz kənarında olması xeyir əlamətinə çevrildi: əgər qoca sahildədisə, deməli, dünyada heç bir pis hadisə baş verə bilməz.

Kimsə o dəniz sahilinin qəribə və tənha sakininin nə adını bilirdi, nə də taleyindən xəbərdar idi. Tənhalığın cənginə keçmiş qocalıq guşənişinliyə çevriləndə belə olur; bir qayda olaraq, adamlar yad adamın həmişə çoxlu kədər və qüssə olan uzun həyatına vaqif olmaq istəmirlər. Sakinlərsə, şən, dinc və xeyirxah idilər. Onların xeyirxahlığı qocanın dəniz sahilində dinməz-söyləməz oturmasından doğan dincliklə doğmalaşmışdı, qoca uzun müddət kənarında əyləşməklə dənizdən daim insan həyatını tutqunlaşdıran  bütün qorxunc və anlaşılmaz şeyləri dartıb çıxarırdı. Qoca, elə bil, dənizin dərinliklərindən insanların onlarsız heç cür keçinə bilməyəcəkləri dincliyi və inamı çəkib çıxarırdı.

Qoca ünsiyyətcil deyildi, adamlar da müəyyən bir mürgülü cəhalətin tutqun qorxusuna tabe olub onunla ünsiyyət saxlamaqdan çəkinirdilər. Qocanı dəniz kənarında oturub ucsuz-bucaqsız mavi ənginliklərə baxdığını görmək onlara bəs eləyirdi, dərhal daxilən əmin və rahat olurdular. Bəzən dənizin şimal hissəsindən əsən meh qocanın nimdaş köynəyini yellədir, çoxdan tutqun və aydınlaşmamış fikirlər yuva salmış başının üzərində sanki bəyaz ilanlar dövrəyə almış, qəribə və ağlagəlməz tərzdə rəqs eləyən seyrək, amma uzun saçlarını tərpədirdi.

Bəzən yerli sakinlər bu adamın kim ola biləcəyini dərk etməyə çalışırdılar. Axşamlar dənizin mavi səthini və sahili özünün qəribə mövcudluğuyla əsir eləyən ağsaçlı qocanın tənha fiquruna o qədər öyrəşmişdilər ki, artıq qocanın bu yerlərdə nə vaxt peyda olduğunu da xatırlamırdılar. Ola bilsin, ömrü boyu dənizçi (ağıllarına gələn ilk fikir bu idi), bəlkə də hətta kapitan olmuşdu, bəlkə də bu diyara necə və nəyə görə gəlib çıxdığı məlum olmayan əsilsiz-nəsilsiz sərgərdan bir adam idi. Qocanın taleyi qaranlıq idi, kimsə də onun gözəgörünməz örtüyünün ucunu, heç olmasa, azacıq qaldırmağa cəsarət eləmirdi. O adamım nəylə, başlıcası da nəyə görə yaşadığı məlum deyildi; onun mövcudluğunun yeganə zahiri məqsədi dinclik və sakitlik, həm də heç kəsin tapmağa cəsarət eləmədiyi tapmaca rəmzinə çevrilmiş dəniz sahilində oturmaq idi.

Bəzən sakit və ilıq axşamların birində kimsə dənizin kənarında oturmuş qocanın tənha fiqurunu görüb mülahizələr yürütməyə başlayırdı, amma onun baxışları və fikirləri müəyyən hüdudları aşan kimi, dərhal baş verənin və mövcud olanın səbəblərini araşdırmaqla bağlı bütün arzuları yox olurdu. Yalnız o qəribə adamın arıq fiquru aləmin sirləri üzərində əzəmətlə və cəsarətlə durur, səmanın ucsuz-bucaqsız ənginliyinin və dənizin gözişləməz dərinliyinin özündə gizlətdiyi ikiqat uçurumdan qoruyurdu.

Dənizsə aradabir öz mehribanlığını və dincliyini itirib qəfildən qorxunc və hiddətli simasını göstərirdi. Dənizin əlçatmaz və ünyetməz dərinliklərindən gələn su axınlarının tutqun divarları xırda adamların kiçicik varlıqlarını birdəfəlik silib-süpürməklə təhdid eləyirdi. Dəniz ən böyük cinayət işləmiş qara sehrbaz kimi, özünün qeyri-insani olduğunu göstərirdi, həmin məqamda da adama elə gəlirdi ki, bir vaxtlar dəniz ənginliklərinin udduğu adamların hamısı dəniz sahilində yaşayanlara öz talesizliklərini  xatırladan  kədərli səslərilə inildəməyə başlayırdılar. Bəlkə də elə bu öz tənhalığının çılğın həmlələrilə sahilboyunda, insan sığınacaqlarının yaxınlığında daldalanmağa can atan küləyin uğultusundan başqa bir şey deyildi.

Adama elə gəlirdi ki, qoca şıltaq təbiət qüvvələrini cilovlamağı bacarır. O insan dünyanın ümumi nizamında özünün nəzərə çarpmayan yerini tuturdu, amma onsuz aləmin mənzərəsi yarımçıq və qeyri-mükəmməl olardı. Hətta heç kəs onun üzünü düz-əməlli görməmişdi, üstəlik, səsini də heç kəs eşitməmişdi. O, heç vaxt ağlamır, gülmür, kimsəni köməyə çağırmırdı, yalnız bəzən daha çox özünün sehirli gücünü itirmiş, ancaq ötüb-keçmiş həyatı haqqında xatirələrlə yaşayan qoca şamanın dinc dualarını xatırladan qəribə mahnısını oxuyurdu.

Deyəsən, yaxından keçən gəmilər diqqətlə dənizin ənginliklərinə baxan qocanı sezmirdilər. Gəmilər sahil boyu elə sakit və yüngül üzürdülər ki, adama elə gəlirdi, gerçək gəmilər yox, uşaq kitablarından çıxmış şəkillər idilər, indi də adamı aldadan görüntüləriylə heçlikdən gəlib heçliyə gedirdilər. Yalnız aradabir qocanın sükut dolu görünüşündə müəyyən bir naməlum və anlaşılmaz varlığı tanıyan heyrət və sevinc dolu uşaq qışqırtıları eşitmək olurdu. Həmin uşaq qışqırtısı da onun mövcudluğunun gerçəkliyini geri qaytarır, aydın olurdu ki, nə qoca, nə dəniz, nə gəmilər, nə qarabasma var, gerçəkliyin özü mövcuddu, o da olduğu kimidi, ona görə ki, külək mehriban və sakit, dənizin ənginliyi də qasırğasız və adidi.

Bəzən Ay öz bətnində neçə minlərlə ölü cisimləri gözlədən mavi dənizin tutqun və dərin sularında əks olunurdu, həmin əks də dərin suların hüdudlarından çıxmış, sahilboyunun gecə havasında soyuq qorxunun damcılarıyla asta-asta əriyib itən qızmar qarabasmalara çevrilirdi. Həmin məqamlarda uşaqlar öz beşiklərində əsə-əsə ağlayır, itlər meşədə tutqun əks-səda yaradan höləkə və qorxunc halda hürürdülər. Deyilənə görə, belə Aylı gecələrdə hətta dənizin suları üzərində rəqs eləyə-eləyə fırlanan lüt-üryan qızları da görürdülər. Ola bilsin su pərilərinin bu görüntülərini dəniz təbiətinin qeyri-adi və qəribə möcüzələrinin yaratdığı nağılvari təxəyyül doğururdu, amma həmin günlər qocanın sahilə gəlmədiyi, güman ki, artıq dünyanı birdəfəlik tərk eləyib özünün naməlum sığınacağının tutqun dərinliyində itdiyi nadir günlər idi. Amma xalqın qoşduğu və bayram günlərində özünü şənləndirdiyi həmin qəribə və heyrətamiz nəğmələr o su pərilərinin nəğmələriydi. Dəniz dərinliklərinin özündə ehtiva elədikləri heç vaxt insan qəlbinə sığa bilməzdi. O nəğmələrdə nə qədər sevinc və kədər dolu həyəcan, nə qədər yarımçıq qalmış xoşbəxtlik qüssəsi və ağlagəlməz vüsət vardı. Dəniz kənarında yaşayan sakinlərin mirası olan o nəğmələrdə bunların hamısını tapmaq olardı.

Amma bir neçə gün keçir, qoca yenə gecə qaranlığının tutqun axınları həmin yeri özünün yumşaq, amma qorxunc sükut caynaqlarıyla tutanacan mavi dənizin ənginliklərinə uzun-uzadı baxırdı. Yalnız bundan sonra çıxıb gedirdi. Heç kəs onun evinə uzanan çığırı görməmişdi, heç evin özünü də görən olmamışdı. Hərdənbir adama elə gəlirdi ki, bu müəyyən bir qarabasma, yuxu, dəniz kənarındakı qoca ilğımdı. O, niyə yaşayır? Qoca kimə lazımdı, qocaya da kim lazımdı? O, elə bil, qocalığın şəffaf kölgəsi kimi, kimsənin qəlbinə dəymədən, kimsəni incitmədən bu yerlərin üzərində dolaşırdı; onun bir qədər qəribə mövcudluğu əvvəlcə sakinləri narahat eləyirdi, amma sonralar hamı başa düşdü ki, qoca çox güman ki, acı və dəhşətli taleyi olan tamamilə təhlükəsiz varlıqdı.

Bu dünyanın həyatında baş vermiş müəyyən bir böyük bədbəxtliyin tüstüsü, ola bilsin, təkcə ötüb-keçməmiş, həm də gələcəkdə baş verəcək, hamının bir qədər qorxduğu, amma bəzən dilsiz qüssənin qıcolma dolu əsintisinə çevrilən müəyyən bir tutqun sevinc dolu həyəcanla elə hey gözlədiyi dəhşətli hadisənin kölgəsiydi. Tamamilə adi şeylərdən qəfildən qeyri-iradi qorxu hissi xəstəhal və gərgin intizarın, naməlum və anlaşılmaz, gözlənilən və həmişə gözlənilməz, arzulanan və daim inkar edilən bir şeyi gözləməyin nəticəsiydi, bütün bunların hamısı bəzən rahat qəlblərə girirdi. Bir qayda olaraq, belə günlərdə sahildə kimsə ölür, ölüm qüssəsinin yüngül kölgəsi də hamının yadına öz taleyini sala-sala günəşli sahilin sakinlərinin rahatlığı və şənliyi üzərinə çökürdü.

Adama elə gəlirdi, yalnız qocanın ölümdən xəbəri yoxdu; onun əzablardan yanıb-qarsalanmış nəzərləri cəsarət və fədakarlıqla dənizin ənginliklərinə baxır, səmanın və dənizin ucsuz-bucaqsızlığı onun qarşısında əbədi dünyanın dincliyini nümayiş etdirirdi; o, həmin rahatlığı evdən elə həmişəki vaxt özünün sirli və kimsənin dərk eləmədiyi mərasiminə çıxanda tapırdı. Doğrudan da heç kəs onu ölə biləcəyinə inanmırdı; adama elə gəlirdi ki, ölüm həmişə ondan yan keçəcək, axı qoca dənizin sirrini bilir, gecə küləyinin fəryadını eşitməyi bacarır, ulduzlu səmanın dilini anlayır.

Bəzən sakinlər qocanı guya balaca bir qızla gördüklərini danışırdılar. Bax, onlar dənizin rütubətindən yumşalmış cığırla asta-asta gedirlər. O qızın ağ donu qara rəngli və qorxunc hörümçəyin toruna düşmüş kəpənək qanadlarına oxşayır. Amma yox, qıza görə qorxmağa dəyməzdi, qoca onun balaca əlindən inamla və mehribancasına yapışmışdı, elə bil, dünyanın ən gözəl mirvarisini, özünün həyəcan dolu qəlbini qoruyurdu. Qızın özü də xoşbəxtlik zanbağı kimi, sakit dənizin tutqun suları üzərində qüssəli halda üzürdü. Adama elə gəlirdi, onun dalğın kədəri, yaşına uyğun olmayan dərin baxışları dərkolunmaz dənizin heç ağla gətirmək də mümkün olmayan lap tutqun dərinliklərindən qalxan bütün füruzəni özünə çəkir, balaca və tənha zanbağı qaynayan, qıpqırmızı boğazından keçirməyə çalışa-çalışa asta-asta hərəkət eləyirdi…

Amma qoca daim qızı qurtarırdı, onun qorxunc məxluqu qovan hərəkəti ayıqlığı və sağlam düşüncəni geri qaytarır, onların birliyinin təsirli gerçəkliyi aydınlaşır, amma daha da anlaşılmaz olurdu. Qəribə mənzərədi: əldən düşmüş qoca və balaca qız. Onlar arasında ümumi nə ola bilər? Həm də, ümumiyyətlə, qız hardan peyda olmuşdu, o, mövcud idimi? Yoxsa bu ilğım, dəniz qarabasması, baş tutmayan cənnət, itirilmiş xoşbəxtlik haqqında arzular idi. Yaxud da bu – qız və qoca – elə xoşbəxtlik, tam, çoxrəngli, cəlbedici xoşbəxtlikdi. Üçü də üfüqdən o yandakı ənginliyə, dənizin içində dünyanın sanki qəfil qorxudan donub qalan bütün xoşbəxtliklərinin gah dalğaya, gah da dəniz sularının açıq maviliyi üzərində ahənglə və vüqarla süzən güclü quşa, gah da öz qurbanını axtara-axtara suyun səthilə hiyləgərcəsinə və çevikliklə şütüyən yaşıl ilana çevrilə-çevrilə gizləndiyi gecə maviliyinin ucsuz-bucaqsız yerlərinə cuman dalğanın yuxusudu.

Sonra qız təmiz və şəffaf havanın gecə sərinliyində əriyib yoxa çıxır, qoca da tək, özünün kimsəyə məlum olmayan taleyinin tutqun ağırlığı altında əzilmiş halda tənha qalır. Yalnız ağ quş arabir coşmuş və quduzlaşmış dənizin tutqun suları üzərindən uçub keçir, onun axşam ayrılığının kölgəsini andıran xoşagəlməz kölgəsi ətraf yerlərin üzərində asta-asta hərəkət eləyir. Amma, budur, güllə səsi eşidilir, qanın qırmızı ləkəsi dənizin mavi və etinasız suları üzərində kədər alovu kimi alovlana-alovlana axıb tökülür. Gecə belə doğulur, onunla birgə Yer kürəsinin ən dərin uçurumunun təkində bütün aləmin mövcudluğunun kimsəyə aydın olmayan gizli mərasimi keçirilir.

Qoca dənizin kənarındadı, dalğalar get-gedə daha şiddətlə hücum eləyir. Adama elə gəlir, su axınının daha bir zərbəsi baş versə, qoca özünün qəribə mövcudluğunun bəxş elədiyi rahatlığı və sakitliyi həmişəlik özüylə aparıb sirli dənizin mavi ənginliklərində əbədi yox olacaq. O, məna və mahiyyətdən doğan şeyi dəqiq bilirdi, onun yoxa çıxması da hər şeyin məhvi demək olardı. Bəzən onun bütün varlığı nə qədər sısqa görünsə də, axşam Günəşinin incə, gümüşü telləri qəfildən yalnız külək və sudan, duz və qumdan ibarət olan dilsiz üzgünlüyünü bürüyürdü. O qoca, elə bil, dənizin səthində bəd əlamət kimi peyda olan qədim quldurun çoxdan qurumuş skeletiydi. Onun şəffaflığı da aydınlığına bərabər idi, adama elə gəlirdi, yüngülcə meh əssə… o, ötən sevginin şirin, amma əzablı iniltisi kimi ətrafa yayılıb yox olacaq bir ovuc külə çevriləcək.

Amma qoca yox olmadı; adamlar doğulur, ölürdülər, günlər qarmaqarışıqlıq və həyəcan doğura-doğura bir-birini əvəz eləyirdi, hadisələrin ardı-arası kəsilmirdi, qocasa elə o cür sakit halda əbədiyyətin saf ətrini ciyərlərinə çəkə-çəkə dəniz kənarında otururdu.