Dərəli kəndindəki günlərimiz

87 Baxış

68812647

Bir neçə il yay tətilini Dərəli kəndində, Əli kişigildə keçirdik. Biz onu Əli dayı çağırırdıq. Üç tərəfdən dağlarla, meşələrlə əhatələnmiş Dərəli kəndi bir ucu Xustub dağına çatan yaylaqların aşağısında dərədə yerləşirdi. Adını buradan almış Dərəli bol meyvə bağları, abad evləri olan çox mənzərəli bir kənd idi. Camaatın bağ-bostanındakı meyvə ağaclarından əlavə, kəndin üç tərəfində heç kimə mənsub olmayan, ancaq hamının bəhrələndiyi meyvə ağacları da vardı. Cır armuddan, tutdan, alma, qoz ağaclarından tutmuş, heyvaya, əzgilə qədər. Ərazisi 4 hektara çatan müxtəlif alma ağacları ilə dövrələnmiş “Alma bağı” da kimsənin deyildi. Bu bağın tən ortası biçənək yeri, bir tərəfi isə təbii meşəlik idi. Kimsə bu ağacları, meşəni hasarlamağı, ona sahiblənməyi heç ağlının ucundan da keçirmirdi. İşğal gününə qədər də belə olaraq qaldı.

Biz vaxtımızın çoxunu “Alma bağı”nda, meşədə gəzib dolanmaqla keçirir, kəndin dərəyə enən və dərəyuxarı qalxan ərazisindəki böyürtkəndən ləzzətlə yeyirdik. Hərdən də kənd uşaqlarına qoşulub top qovur, müxtəlif oyunlar oynayırdıq.

Kəndin ortasındakı gur sulu novlu bulaqdan doyunca içir, sərinləmək üçün üzümüzə vurur, qollarımızı, boynumuzu suyun altına tuturduq.

Əli kişinin həyat yoldaşı Nazlı xala atamın qan qohumu idi. Onlar eyni ulu babanın – İsmayıl kişinin nəticələri idilər. Atam onun böyük oğlu Baba kişinin, Nazlı xala isə ikinci oğlu Hevi kişinin nəvəsi idi. Nazlı xalanın ulu babası kimi Əli kişinin əsli də Cənubi Azərbaycandan idi. Qafanda tikintidə işləyən bu arıq, ovurdları batmış, qabarıq alınlı, beli azca bükük, çöhrəsi gülən Əli kişi qohumcanlı adam idi. Yaxşı yumor hissi vardı. Ətraf kəndlərdə, işlədiyi Qafanda böyük hörmət sahibi idi. Yaşına fərq qoymadan hamı ilə söhbət etməyi, ələlxüsus ədəbiyyat həvəskarları ilə oxuduğu bədii əsərləri müzakirə etməyi sevərdi. Özünün də hərdən şeir yazması vardı. Əsasən həcvlər yazar, ünvanını da dəqiq göstərərdi. Ona görə bir suç işləmiş adamlar ondan çəkinər, qələminə düşməkdən qorxardılar. Camaat arasında lağ yeri olacaqlarından ehtiyat edərək Əli kişiyə yarınır, bu, işə yaramayanda isə  barələrində yazılmış həcvdə deyilənləri təkzib etməyə çalışardılar. Ancaq hamı bilirdi ki, Əli kişi olanı yazır, nə artırır, nə də əskildir. Əlbəttə, poeziyaya xas təşbehlər, obyektin, yaxud hadisənin təsvirində məqbul sayılan bənzətmələr, ümumiləşdirmələr də öz yerində, gülüş obyektinə çevrilən qəhrəmanın hansısa əlamətinin şişirdilməsi də bura daxildir. Onun şeirlərinin xüsusi azarkeşləri vardı və bu adamlar yazılan həcvləri mürəkkəbi qurumamış əzbərləyib yayırdılar.

Əli kişi yaman siqaret çəkən idi. Özü də ancaq filtirsizindən, əsasən də «Avrora» çəkir, «o birilər ləzzət eləmir» deyirdi. Siqaretin biri sönməmiş, o birini yandırırdı. Hərdən buna hirslənən həyat yoldaşı: «A kişi, bir nəfəsini dər də, nədi, yenə tüstüyə güc vermisən, camaatı boğmayacaqsan ki» deyirdi. O da artıq vərdiş etdiyi bu sözlərə əhəmiyyət vermir, müştüyə keçirdiyi papirosundan bir dərin qullab alıb söhbətinə davam edirdi.

O vaxtlar mən də cızma-qara etdiyimdən bu həcvləri oxuyur, onlar barədə öz fikrimi bildirirdim. Bir az lovğalıqdan, bir az diqqət cəlb etmək istəyindən irəli gələn bu yanaşmaya Əli kişi səmimi maraq göstərir, məni bir az da ruhlandırırdı. Ancaq nə qədər israr etsə də, mən yazdıqlarımı onun yanında üzə çıxarmaqdan çəkinirdim. Müxtəlif bəhanələrlə hər dəfə bu söhbətlərdən yayınır, hələ şeirlərimin üstündə işlədiyimi, hazır olanda oxuyacağımı deyirdim.

Əli kişinin bir çox şeirləri başına gələn hadisələrlə bağlı olurdu. Bir dəfə sovet sədrindən ailə tərkibi haqqında arayış almaq üçün bir qədər aralıda yerləşən qonşu kəndə gedir. Ancaq sədri yerində tapa bilmir. Deyirlər ki, sədr rayon mərkəzinə gedib. Əli kişi bir neçə saat gözləyəndən sonra kor-peşiman geri qayıdır. O biri həftə yenidən arayış ardınca qonşu kəndə üz tutur. Yenə də sədrin hansısa iş üçün  rayon mərkəzinə getdiyini deyirlər. Dilxor olan Əli kişi dəftərçəsini çıxarıb bir neçə bəndlik şeir yazır və kağızı qapının başından içəri atır. Səhəri günü idarəyə gələn sədr qapını açanda yerdəki vərəqi görür və götürüb oxuyur. Oxuyan kimi də rəng verib, rəng alır. Kim tərəfindən yazıldığını başa düşür və möhürünü, ştampını cibinə qoyub birbaşa Dərəli kəndinə üz tutur ki, məsələni yerindəcə həll etsin,  həm də Əli kişiyə öz giley-güzarını çatdırsın.

Həmin şeirin yaddaşlarda indi cəmi 4 misrası qalıb.

Adım Musa, atam Nağı,

Gətir mənə yağ, qaymağı.

Gündəki peşəmdi mənim

Yazıq-yuzuğu soymağım.

Başqa bir savadsız məmurun camaata əziyyət verməsinə, özünü apara bilməməsinə layiq olduğu yeri göstərən həcvində yazırdı:

Kəndə gəlcək, bizə gəlir hədəni,

İki metr uzanıbdı bədəni.

Bisavaddı, danışammır mədəni

Götürün aradan belə “dədə”ni.

Əli kişinin baməzə söhbətləri, zarafatları da məşhur idi. Bir dəfə qonşu kənddən bir nəfər onu «qatırını mənə sat deyib» bərk narahat edirmiş. Əli kişi nə qədər «qatırım yoxdur, çoxdan satmışam»,  desə də həmin şəxs əl çəkmir. Axırda eyni sözü təkrarlamaqdan yorulan və bu adamı başqa cür başa sala bilməyəcəyini görən Əli kişi:

“Sabah gəl, qatırı apar, sən dağ-arana gedirsən, qatır daha çox gərəyin olar. Mənə sənin qədər lazım olmur” deyir.

Həmin şəxs səhəri gün əlində zənbil kəsdirir Əli kişinin qapısını. Özünü itirməyən Əli kişi qonşunu haraylayıb:

 -Ay qonşu, mənim çər dəymiş qatırımı görməmisən? – deyə, soruşur.

Qonşu Əli kişinin qatırının olmadığını bilsə də özünü itirmir:

 - Qatırın kəndin atlarına qoşulub Şişdaşın o tərəfinə aşıb, dağlara doğru getdi -  deyir.

Kənddən çox aralı olan bu yerə gedib-qayıtmağın azı yarım gün vaxt alacağını yaxşı başa düşən həmin adam kor-peşiman geri qayıdır və bir də qatır söhbəti eləmir.

Onun şeirlərinin çoxsaylı həvəskarları və sinədəftərləri  arasında böyük oğlu Zakir də vardı. Poeziyanı ürəkdən sevən Zakirin bəlağətli, gur və təsirli səslə oxuduğu bu şeirlər əslində olduğundan da yaxşı səslənirdi. Onun şirin ləhcəsi, səsindəki ahəngdarlıq adama o qədər xoş gəlirdi ki, bəzən saatlarla oturub, qulaq asmaq istəyirdin. Yaşca bizdən böyük olsa da, o da atası kimi uşaq-böyük demədən hamı ilə eyni qaydada söhbət edir, şirin danışığı ilə adamı heyran qoyurdu. Düzdür, bir az şişirtməyə meyilli idi. Öz fantaziyasını tez-tez işə salmağı da xoşlayırdı. Ancaq bunlar söhbətin şirinliyinə xələl gətirmir, əksinə, onu bir az da maraqlı edirdi. Sonralar yazdıqlarımı əsl şeir nümunəsi hesab edib, üzə çıxaranda mənim də ən fəal təbliğatçım oldu. Həmin vaxtadək yazmağımdan xəbərsiz olan əksər qohumlar və tanışlar da: «eşitdik şeir yazırsan, özü də pis alınmır hə?», deyə məndən soruşur, xəbəri kimdən aldıqlarını da gizlətmirdilər. Bir dəfə yaxın qohumların məclisində Zakir şeirlərimdən birini əzbərdən deyib, məni o ki, var təriflədi. Gözlənilməz olduğundan bir az çaşdım, hətta utandığımdan pörtdüm də. Ancaq az sonra daxilimdə bir məmnunluq hissi baş qaldırdı. Bu, böyük şair olacağıma özümü inandırdığım zamanlar idi.

Zakir hər dəfə məndən təzə şeirlər yazıb-yazmadığımı soruşur, müsbət cavab olanda onları alıb oxuyur, tərifini göylərə qaldırırdı. Açığı, bu mənim eqomu təmin etdiyindən və yazdıqlarımı hələ obyektiv qiymətləndirmək iqtidarında olmadığımdan etiraz etmir, əksinə, təzə şeirlərimi bəzən özüm ona verirdim. Bir dəfə məndən «Qarışqalar» poemasını istədi və onu nə vaxt bitirəcəyimi soruşdu. Doğrusu, çaşıb qaldım. Axı, mən nə belə bir poema yazmışdım, nə də yazmaq fikrində idim. Həm də həmin vaxtadək düzüb-qoşduğum ən irihəcmli şeirim 7 ya 8 bənddən ibarət olmuşdu. Belə bir əsər yazmadığımı desəm də, mənə inanmadı. Sonra bu söhbəti xatırlayanda haradan qaynaqlandığını təxmin etdim. Görünür, tatar şairi Musa Cəlilin «Moabit dəftəri»ndən əzbər dediyim «Quşcığaz» şeirinin misralarını eşidib, nəsə yazdığımı güman edib. Həmin misralar oxucuya da yaxşı tanışdır:

Səhərdən ulduzlar görünənədək,

Eşirik torpağı qarışqalar tək.

… Əli kişinin evi kəndin şimal-qərb səmtində, Qafana gedən yolun üstündə yerləşirdi. Birmərtəbəli, kürsülü evin uzun eyvanı, qapıları bu eyvana açılan 3 otağı və bir mətbəxi vardı. Külfət sahibi olan Əli kişinin qazancı az olmasa da, ailənin ildən-ilə artan tələbatını qarşılamaq üçün təsərrüfatı genişləndirmək məcburiyyətində idilər. Orta məktəbi bitirən uşaqlar kənddə, rayon mərkəzində tapdıqları azmaaşlı işlərlə, qalanları da təsərrüfat işlərinə əl tutmaqla ümumi dolanışığa bacardıqları qədər töhfə verirdilər. Kənd yerlərində adətən uşaqlar ayağı yer tutandan qoyun-quzu otarır, bir az böyüyəndən sonra isə əkin-biçin işlərinə də cəlb olunurlar. Xüsusilə yaz-payız aylarında kəndin aralığında bekar adam tapmazsan. İyun ayından da ot tədarükü, meyvə-tərəvəz yığımı və qış üçün qablaşdırılması başlanır. Qışa hazırlanan mürəbbələrin, turşuların dadından doymaq olmur. Yığılan meyvələrin bir hissəsi də evlərin çardaqlarında samanın, küləşin üstünə səliqə ilə düzülərək mövsümdən sonrakı dövr üçün saxlanır. Kənddə az ev tapılardı ki, çardağında meyvə ehtiyatı, eyvanında, yaxud zirzəmisində kartofu, soğanı, çəllək-çəllək şorabası, turşusu, taylarla arpası, buğdası və  başqa ehtiyatı olmasın. Bəziləri hətta payıza doğru bəslədikləri toğluları kəsib, öz yağında qovurur, yerə basdırır, ya da zirzəminin ən soyuq guşəsinə qoyurdular ki, lazım olanda istifadə etsinlər. Əli kişigil də qışa tədarük görürdülər. Həm evin qabağındakı həyətdə, bostan yerində əkilmiş müxtəlif meyvə ağacları may ayından başlayaraq oktyabra qədər bar verir, bostandan faraş pomidor, xiyar, badımcan, bibər, göy-göyərti əskik olmurdu. Biz yay uzunu bunların çoxunu elə tağdan yığıb oradaca yeməyi, meyvə ağaclarının ağ, göyümtül rəngə çalan budaqlarından sallanan təzə-tər meyvələri dərib paltarımızın qolu ilə silərək ağacın üstündəcə yeməyi xoşlayırdıq. Qoz-fındıq mövsümü başlamamış onların dadına baxmaq həvəsimiz əllərimizin qoz qabığından qaralmasına səbəb olur, kal zoğal, əzgil ağzımızı büzüşdürürdü. Meşənin alçasının, cır almasının da ağızbüzən ləzzətli dadı indiyədək damağımdadır. Hərdən böyüklərin sözü ilə bu meyvələrdən yığıb evə də gətirirdik. Zoğalın, alçanın kölgədə süfrələrin üstünə necə sərilməsinə tamaşa edərdik. Ancaq onların da bir hissəsini gizlicə yeyirdik. Yuyulub, azca duzlanaraq qurudulmaq üçün sərilmiş bu meyvələrin dadından doymaq olmurdu. Nədənsə, təzə meyvədən daha çox belə məhsullara üstünlük verirdik.

Əli kişinin həyətindəki iri armud ağacının altında əldəqayırma  uzun bir stol, sağ-soluna da eyni uzunluqda və eyni qaydada hazırlanmış ensiz skamyalar qoyulmuşdu. Biz səhər, günorta yeməyini həmişə bu ağacın kölgəsində yeyir, axşam isə eyvandakı stolun başına toplaşırdıq. Üstündən illər keçəndən sonra da mən ev sahiblərinin bizim yaxşı dincəlməyimiz, tətili maraqlı keçirməyimiz üçün necə ürəkdən səy göstərdiklərini, birimizin başı ağrıyanda, ya nəsə olanda necə təlaşlandıqlarını bu gün olmuş kimi xatırlayıram.

Kənddə ən maraqlı məşğuliyyətlərdən biri də həmyaşıdımız Mustafanın sevgi macəraları idi. O, əmioğlum Mehmanla mənə əvvəl sevdiyi, sonra nəyə görəsə özü demiş “atdığı” qızı da, indiki sevgilisini də göstərmişdi. Bəzən sevgili sayılan qızların özlərinin heç bundan xəbərləri olmurdu. Növbəti il kəndə gələndə bu söhbətlər yenə təzələnir, o, qızla münasibətlərini ən kiçik təfsilatına qədər bizə danışırdı. Onunla harada görüşdüyünü, meşədə meyvə, böyürtkən, xəzəl yığmaq adı ilə gəzdiklərini, hətta belə günlərdən birində onu öpdüyünü, bunun bir neçə gün sonra yenidən təkrarlandığını elə həvəslə danışırdı ki, adamın paxıllığı tuturdu. Biz bu söhbətlərin təsiri altında xəyala qapılır, gözəl bir qızın əlindən tutduğumuzu, yanağından öpdüyümüzü təsəvvür edir, bundan həzz alırdıq. Əmioğlum hərdən zarafatla: “Gop eləyirsən” deyib onu cırnadırdı.

O daha da qızışır, qızı görüşə çağırıb bizim yanımızda öpəcəyindən mərc gəlirdi. Buna inanmasaq da, elə bil, indicə bizim yanımızda qızı öpdüyünü düşünüb, həyəcanlanırdıq. Nəfəsimizi kəsən bu həyəcan bizdə ona qarşı həsəd, həm də maraq yaradırdı. Nəhayət, belə mübahisələrdən birinin sonu onun qızı bizim yanımızda görüşə çağırması ilə nəticələndi. Onlar qabaqda, biz arxada «Alma bağı»na tərəf getdik. Bir ara bağın lap yuxarısına doğru gedərkən, həqiqətən, qızın əlindən tutduğunu da gördük. Ancaq bundan artıq bir şey baş vermədi. Mustafa pərtliyini gizlətmək və mərci uduzmadığını sübut etmək üçün «sizin gözünüzün qarşısında öpüb onu utandırmaq istəmədim. Bir də o, meşəyə getməyə qorxdu» dedi.

Növbəti yay biz kəndə getməsək də, Mustafanın artıq başqa qızı sevdiyini eşitdik. Həmin qızgil də yay tətilində dincəlmək üçün kəndə nənəsigilə gəlirdilər. Bunu bizə dostlarından biri çatdırdı. Həmin dostu da özü kimi hər yay az qala bir qız sevir, hamısını da bir il keçməmiş unudurdu. Sanki onların məhəbbəti də fəslə uyğun dəyişirdi. Uşaq əyləncələrindən başqa bir şey olmayan bu hərəkətlər nə qədər zərərsiz, maraqlı olsa da, qızları aldatmaları heç ürəyimə yatmırdı. Hətta onları daxilimdə qınayır, bu hərəkətlərinə görə yamanlayırdım. O vaxtlar artıq özüm də sevməyə başladığımdan qızları aldadanları az qala düşmən hesab edir, hətta onları cəzalandırmaq haqqında düşünürdüm.

Kənddə başqa maraqlı adamlar da vardı. Yay-qış sırıqlısını əynindən, uzunboğaz çəkməsini ayağından çıxarmayıb bunu cavanlara da məsləhət görən Alış kişi kimi. Bu xasiyyətinə təəccüb qalanlara: «istidən hələ ki, heç kim ölməyib, adamın başına nə gəlsə, soyuqdan gələr», deyirdi. Ya dərədə yerləşən evindən üzüyuxarı dırmanmaqdan bezib, əkdiyi bostana güc-bəla ilə su verən başqa birisi «düz istəyirəm e, düz» dediyinə görə camaat arasında adı “düz Hüseyn” qalmışdı. Ancaq onların heç biri gop söhbətləri ilə hamının dilinə düşmüş Nəsrəddin qədər məşhur ola bilməzdi. Nəsrəddin yaşlılardan daha çox uşaqların, gənclərin dostu idi. Onun danışdıqlarının çoxuna inanmasaq da, həvəslə qulaq asır, hər dəfə yeni əhvalat söyləməsini xahiş edirdik. O, söhbətinə adətən belə başlayırdı:

«Kimə desən inanmaz, ancaq başına gələnlər bilir ki…» və s. və i. Müharibədən bir neçə il əvvəl doğulmasına baxmayaraq, guya müharibədə iştirak etdiyini, bir il cəbhədə olduğunu deyirdi. Öz aləmində bunun təsdiqi kimi müharibə mövzusunda baxdığı filmlərdəki əhvalatların üstünə beşini qoyub, söhbətlərinin daha inandırıcı çıxması üçün Belarusda, Ukraynada, Avropa ölkələrində bildiyi və eşitdiyi yerlərin adlarını çəkir, onları necə azad etdiklərindən danışırdı.

“Bir dəfə Visla çayını təzəcə keçib yarımdağlıq bir əraziyə çıxmışdıq ki, almanlar üç tərəfdən bizə hücum etdilər. Bəxtimdən mən iki dağ arasında tək adamın güclə yerləşə biləcəyi bir yerdə dayanmışdım. Almanlar buradan keçsəydilər, bizimkilər tam mühasirəyə düşəcəkdilər. Bunu bilən komandir yaman dilxor idi. –“Başına dönüm, ay Nəsrəddin, yenə ümid sənədir, amanın bir günüdür, nə qədər bacarırsan, qarşılarını kəs, görək bu tərəflərdə nə edirik” dedi. Mən ştıqnojumu çıxartdım, tüfəngin ucuna taxıb gözlədim. Onlar keçmək istədikcə, mən ştıknoju qarınlarına soxub, arxaya tullayırdım, daha öldüsü, qaldısı ilə maraqlanmırdım. Bilirdim ki, məndən arxadakı yoldaşlarım sağ qalanlara aman verməyəcəklər. Taxdım, atdım, taxdım, atdım. Keçə bilməyəcəklərini görən almanlar geri çəkiləndə alnımın tərini silib bir anlığa geri baxdım. Gördüm alman meyitlərindən arxada, yalan olmasın, bir təpə yaranıb. Mənə köməyə gələn yoldaşlarımın dediyinə görə, mindən çox düşmən öldürmüşdüm. Qərəz, həmin gün biz düşməni xeyli geri sıxışdırdıq. Cəbhəni yara bilməyən almanlar dabanlarına tüpürdülər. Komandir mənim boynumu qucaqlayıb sevindiyindən ağladı. Amma  vaxt itirmədən yanımdakı döyüşçülərlə birlikdə avtomatlarımızı çiynimizə salıb cəbhənin başqa istiqamətinə yoldaşlarımıza köməyə tələsdik. Məlumat almışdıq ki, başqa istiqamətlərdə üstünlük hələ də almanların tərəfindədir”.

Ancaq bizlərdən heç kim cəsarət edib onun tüfənginin birdən-birə avtomata necə çevrildiyini soruşmurduq. Həm də qorxurduq ki, soruşsaq, daha bizə maraqlı əhvalatlar danışmaz. Bir dəfə də Qafan şəhərində 400 ton kartofu gün ərzində necə satmasından və işi qurtarıb evə gələndən sonra radioda (o vaxt kənddə tək-tək evlərdə televizor vardı): “Sağ ol, Nəsrəddin, sağ ol”, deyildiyini eşitdiyindən danışmışdı. Guya bu ittifaq miqyaslı uğuruna görə ona hansısa orden verilməli imiş, ancaq xain ermənilər mane olublar. Onlar Nəsrəddinin nəticələrini 10 qat azaltmış, özlərinkinin nəticəsini isə eyni qədər artırmışdılar. Qafanda dəmiryol qovşağında işləyib yük vaqonlarına xidmət göstərən Nəsrəddin bəzən təcili yüklərin, xüsusilə ərzağın maşınlara boşaldılmasında iştirak edirdi.

Nəsrəddin həm də yaxşı divar ustası idi. Kənddə çox adama ev tikintisində kömək etmişdi. Ancaq bu sahədəki fəaliyyətini də hədsiz dərəcədə şişirdir, hətta ağlasığmaz yalanlar uydururdu. Guya bir dəfə evi tez tikib qurtarmaq üçün divarların aralarına çınqıl, daş yerinə kal meyvə töküb, üstünü də palçıqlamışdı.

“Baxdım ki, axşam düşür, yanımda da çınqıl materialı, xırda daşlar tam qurtarıb, iri daşlar da yox idi ki, doğrayıb töküm. Əlacsız qalıb uşaqları çağırdım ki, həyətdəki meyvə ağaclarında nə qədər dəyməmiş meyvə varsa, hamısını bura toplayın. Onlar kal meyvələri, armud, alma, heyva, əllərinə nə keçdi, daşıyıb gətirdilər. Mən də duvarın iki tərəfini daşla hörüb arasını həmin meyvələrlə doldurdum. Üstündən də necə lazımdır, palçıq vurdum. Divar elə möhkəm alınmışdı ki, maşınla vursan, dağılmazdı”.

Daha heç kim soruşmurdu ki, axı bu meyvələr çürüyəndən sonra, divar uçmazdımı, yaxud çürüntü qoxusundan o evdə necə oturmaq olardı? Belə sualların verilməsi hamını bu maraqlı hekayələrdən məhrum etmək demək olardı. Bunu isə heç birimiz istəmirdik.

Bir dəfə maşında bir neçə nəfərlə birlikdə kəndə gələrkən o, Beyləqanda işləyən vaxt ayda 3-4 min manat (söhbət sovet pulundan gedir) əmək haqqı aldığı barədə bir əhvalat uydururmuş. Bu vaxt maşında olanlardan biri yanındakılara göz vurub işarə ilə Nəsrəddinə deyir ki, axşam gəlim, mənə 1000 manat borc ver. Yaman ehtiyacım var. Nəsrəddin də özünü adamların yanında sındırmayıb: “Gəl, nə qədər istəyirsən, borc verim” deyir.

Axşam Nəsrəddinin qapısını döyən həmin adam borc üçün gəldiyini deyəndə özünü itirmir:

“Sən bir işə bax, evdə 10 min manat pul vardı. Kişi (atasını nəzərdə tuturdu) məndən xəbərsiz aparıb banka qoyub. Səhər biz kəndə gələndə, o da rayon mərkəzinə çıxıb. Yoxsa səni boş qaytarmazdım” deyir.

Təsadüfən həmin gün atası həqiqətən də rayon mərkəzinə getdiyindən Nəsrəddinin yalanını çıxarmaq mümkün olmamışdı. Həmin adam heç nə deməmiş, əli ətəyindən uzun geri qayıtmışdı.

Başqa bir söhbətdə isə o, qış vaxtı dağlara, Qazangölə qədər getməsindən, 2 dağkeçisi, bir ceyran, xeyli kəklik vurmasından danışmışdı. Özü də qoşalülə tüfənginin bir gülləsi ilə daşların arasından qalxan kəkliklərin guya 7-8-ini birdən vurub, çoxunu da dağdan enəndə yolda qarşısına çıxan adamlara vermişdi. Dağkeçilərini ağır olduğundan səhəri gün gətirmək üçün orada qoymuş, ceyranı çiyninə atıb kəndə gətirmişdi. Səhəri gün dağkeçilərinin arxasınca gedəndə onlardan birini guya vaşaqların yediyini görüb, kor-peşman o birini götürüb geri qaydıbmış. «Heç onu da yemək mənə qismət olmadı. Sovxoz direktoru dedi ki, “rayondan qonaqlarım gəlib, könüllərinə ov əti düşüb, gör bir neynirsən, amma cəld ol». Mən də dedim “maşını sür evə bir dağkeçisi vurmuşam, görünür, qismət onların imiş”.  Sonra da köks ötürüb – “kim qazana, kim yeyə, o qədər belə hadisələr olub ki” dedi.

… İllər sonra tələbə dostum Nəsimanla Dərəli kəndinə getmişdik. Kəndin təbiətinə heyran qalan dostum: «Bu kəndin çayı da olsa, dünyanın ən gözəl guşələrindən biri olmağa tam haqqı çatardı» dedi. Sonra dostum məndən xahiş etdi ki, haqqında bir vaxtlar ona danışdığım qədim yurd yerlərinə gedək. Oraları öz gözlərimlə görmək istəyirdi.

Biz kəndin lap yuxarısındakı evləri geridə qoyub, üzü dağlara doğru bir xeyli yol getdik…

Qədim yurd yerlərinin ərazisində ötən əsrin əvvəllərində Karrar kəndi yerləşib. Babamgil yaşayan bu kənddən o zaman ancaq bir neçə dağıdılmış evin nişanələri, daha doğrusu, uçub tökülmüş torpaq kahalar qalmışdı.

Atamın dediyinə görə, Karrar kəndinin özü və əhalisi ermənilərin 1918-ci ildə Zəngəzurda törətdikləri qırğınlara qurban gedib. Qafanla lap sərhəddə yerləşdiyindən hücuma məruz qalan ilk kəndlərdən biri olub. Qaniçənlər qadın, qoca, uşaq demədən əhalinin yarıdan çoxunu elə birinci gün qırıblar. Əli silah tutanların bir hissəsi də qəfil basqında öldürülüb. Dağa, meşəyə qaçanların bəziləri sonradan kəndə qayıdanda onu boşalmış, yurd yerlərini dağıdılmış görüblər. Evində tək-tük silahı olanlar da dəstə şəklində hərəkət edən ermənilərin qarşısında davam gətirə bilməyiblər. Atam deyirdi ki: “Bu qeyri-bərabər döyüşlərdə babamın əmisi və bir bibisi də əllərində silah vuruşublar”.

Öz ailələrinin qisasını almaq istəyən hər iki yaxını bu hadisələrdə şəhid olublar. Atam Qaraqız adlı həmin qadının igidliyindən qürur hissi ilə danışırdı. Qaraqız hələ ərə getməmiş 21-22 yaşlı gənc qız olsa da, cəsarətli imiş, silahla davranmağı bacarırmış. Əksər kənd qızları kimi yaxşı at minməyi də varmış. Qardaşlarının, başqa yaxınlarının, qohum ailələrin başına gətirilən faciələr onu kişilərə qoşularaq əlinə silah almağa məcbur etmişdi. Bir neçə ermənini öldürsə də, özü də, qardaşı da həlak olmuşdu.

 Karrar kəndi tamam yandırılıb, dağıdıldığından kənd camaatının sağ qalanları həmin vaxt rayonun bir neçə kəndində qohumların, yaxınların, tanışların evində müvəqqəti yerləşmiş, sonradan əsasən Dərəli və Kolluqışlaq kəndlərində daimi məskunlaşmışdılar. Babamgil də Kolluqışlaqda yurd salanların arasında olmuşdular. Ancaq Karrar kəndini heç vaxt yaddan çıxarmır, nə zamansa ora qayıdacaqları günü gözləyirmişlər.

Nəsiman ilə qədim Karrar kəndindən, dədə-baba yurdlarından aşağı enərkən artıq toran vururdu.  Bu qədər ləngiməyimizdən narahat olan qohumlar uşaqları üzü yal yuxarı bizim arxamızca göndərmişdilər. Əli kişi bizi böyük oğlu Zakirə tikdirdiyi yeni ikimərtəbəli evdə şam yeməyinə çağırmışdı. Tədqiqatçı kimi artıq ölkədə yaxşı tanınan dostumun (o sonralar tarixi araşdırmalarını davam etdirərək, dəyərli əsərlər yazdı. Hazırda tarix elmləri doktoru, professor olan dostumuz öz araşdırmalarının miqyasını daha da genişləndirmişdir) Əli kişi ilə ünsiyyəti yaxşı alındığından biz üçlükdə bir neçə saat söhbət etdik. Bundan bir neçə ay sonra ermənilərlə münasibətlər daha da gərginləşərək açıq müharibəyə keçdi. Qızğın döyüş əməliyyatlarının getdiyi ərazilərdən biri də Dərəli kəndi oldu. Və bir neçə il sonra bu kənd də Zəngilanın digər 10 kəndi ilə yanaşı, rayonun ilk işğal edilən kəndlərindən oldu. Əli kişi də camaatla bilikdə ailəsini götürüb böyük oğlunun rayon mərkəzindəki evində yaşadı. Ancaq orada da çox qala bilmədilər. Kənddən rayona, oradan da ölkənin paytaxtınadək uzanan bu qaçqınlıq taleyi, köçkünlük həyatı onların da ömrünə amansız balta çaldı. Zəngilanın işğalından bir neçə il sonra Əli kişinin, onun ardınca da həyat yoldaşının ruhu uçub əbədi rahatlıq tapmaq ümidi ilə doğma yerlərə getdi.

“Taleyin izləri” kitabından

Bölmə : Nəsr, Ədəbiyyat