“Dərzi” filminin təhlili

83 Baxış

Xülya Cəfərova 2Xülya Cəfərova 

“Dərzi” filminin təhlili

“Dərzi” filmi 2015-ci ildə avstraliyalı rejissor Coselin Murhaus tərəfindən ərsəyə gətirilib. Film avstraliyalı yazıçı Rozali Hem tərəfindən 2000-ci ildə qələmə alınan və qısa müddət ərzində xeyli rəğbət toplayan eyniadlı roman əsasında çəkilib. Qeyd edim ki, “Dərzi” yazıçının ilk romanıdır. “Sübut”, “Murielin toyu”, “Qeyd-şərtsiz sevgi” kimi filmlərilə tanınan rejissor isə qara yumorla zəngin olan “Dərzi” ilə özünü daha geniş kütləyə tanıda bildi. Filmin daha əvvəl çəkilməsi nəzərdə tutulsa da, müəyyən səbəblərdən 2015-ci ilə qədər ləngiyib. Kinonun dünya premyerası ötən ilki Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdu. “Dərzi” Avstraliyada 2015-ci ildə ilin ən çox gəlir gətirən 2-ci filmi oldu. Ümumilikdə isə Avstraliyada bütün vaxtların ən çox gəlir gətirən 11-ci filmi kimi adını kino tarixinə yazdırdı.

Dram janrında olan 118 dəqiqəlik film olduqca axıcıdır. Devid Hirşfelder tərəfindən bəstələnmiş musiqiləri filmin təsir gücünü daha da artırıb. Kinonun IMDB xalı 7.2, “Rotten Tomatoes” isə 64%-dir.

* İlk olaraq qeyd edim ki, filmə başlamazdən əvvəl “Koko Şaneldən öncə”, “Şeytan Prada geyinər”, “İv Sen Loran” kinolarında olduğu kimi dəbin, qlamur həyat tərzinin, brendlərin ön plana çəkildiyi bir ssenari ilə qarşılaşacağınıza ümid edirsinizsə,yanılırsınız. Afişada ən çox diqqət yetirilməli olan məqam Keyt Uinsletin dəbli geyimi deyil, məğrur, qisas arzusu ilə dolu olan baxışlarıdır.

Dərzi

Süjet 

1926-cı ildə Avstraliyada, Danqatar adlı kiçik bir şəhərcikdə Stüart Pettimen adlı bir oğlan uşağı naməlum şəkildə dünyasını dəyişir. Bu hadisənin yeganə şahidi onun sinif yoldaşı Mertl Dannicdir. O, Stüartın atası, eyni zamanda şəhər şurasının üzvü olan Evan Pettimen tərəfindən qatil adı ilə damğalanaraq şəhərdən sürgün edilir. Mertl 25 ildən sonra yaşlı anasının qayğısına qalmaq üçün istedadlı bir dərzi kimi öz şəhərinə qayıdır və artıq özünü Tili adlandırır. Onu ilk olaraq yerli polis serjantı Horatsio Farrat qarşılayır. Horatsio qadın geyimlərinə hədsiz dərəcədə maraq göstərən bir şəxsdir. Tili xarabalığa çevrilmiş bir ev və əqli sağlamlığı yerində olmayan yaşlı anası ilə qarşılaşır. Üstəlik, anasının bütün şəhərdə “Dəli Moli” ləqəbi ilə tanındığını öyrənir. Tili 1926-cı ildə baş verən hadisənin təfərrüatlarını xatırlamadığına görə bu barədə anasından soruşur. O, həmin gün baş verən hadisənin onu lənətlədiyinə inanır. Moli hadisə barəsində heç nə bilmədiyini deyir.

Tezliklə hər kəs Tilinin gəlişindən xəbərdar olur. Bütün sakinlərin yerli futbol oyununu izləmək üçün yığışdığı bir vaxtda, Tili qırmızı, gözqamaşdırıcı bir libasla futbola baxmağa gəlir və oyunçuların fikirlərinin yayınmasına səbəb olur. Fasilə zamanı Teddi Maksvayni adlı bir gənc Tiliyə yaxınlaşaraq paltarının oyunçuların fikrini yayındırdığını deyir. Tili gedib əynini dəyişməyə razılıq verir. Bu dəfə qara, yenə də gözqamaşdırıcı bir libasla qayıdır. O, öz geyimilə Danqatarın deyil, rəqib komandanın fikrini yayındırır. Nəticədə, Danqatar komandası qalib gəlir. Sonra Tili şəhərin ən baxımsız və çirkin hesab edilən qızı Gertrudaya onu füsunkar hala gətirə biləcəyini deyərək kartını verir.

Gertruda çox keçmədən Tilinin yanına gəlir. Tili Stüart Pettimenin ölümü ilə bağlı bir həqiqəti etiraf etməsinin qarşılığında onu şəhərin ən gözəl qızına çevirəcəyini bildirir. Gertruda deyir ki, həmin gün Tili Stüartdan qaçıb gizlənəndə onun yerini Stüarta məhz o xəbər verib. Lakin Stüartın necə öldüyünü görməyib. Tili özünü xəyanətə uğramış kimi hiss etsə də, paltarı tikməyə razılıq verir.

Gertruda Tilinin hazırladığı libasla qatıldığı tədbirdə hamını özünə heyran qoyur və uzun müddətdir ki qarşılıqsız sevdiyi Uilyamın da diqqətini cəlb edir. Tezliklə nişanlanırlar. Bütün qadınlar qısa bir vaxt ərzində Tiliyə ekstravaqant libaslar sifariş edirlər. Tili şəhərdəki qadınların sevimlisinə, xilaskarına çevrilir. Bu müddət ərzində Teddi ilə aralarında romantik münasibət yaranmağa başlayır. Həmçinin dəbə və geyimə olan ortaq sevgiləri Tili ilə serjant Farrat arasında dostluq münasibətlərinin yaranmasına səbəb olur.

Hər kəs həyatından razı görünür. Lakin Pettimen Tilinin şəhər sakinləri tərəfindən sevilməsindən qıcıqlanır. Onu nüfuzdan salmaq məqsədilə Una Plezens adlı başqa bir dərzini şəhərə dəvət edir. Əvvəlcə bu, uğurlu bir cəhd kimi görünür. Lakin Gertrudanın gəlinlik libasını hazırlamaqda müvəffəqiyyətsizliyə uğrayandan sonra qadınlar yenidən Tiliyə üz tuturlar. 

Tili serjant Farratı gözəl bir kürklə şirnikləndirərək keçmiş məktəb müəlliməsi Byula Herrideynin Stüartın ölümü ilə bağlı şahid ifadəsini oxumağa razılıq ala bilir. O, ifadəni oxuyan kimi Byulanın yalan danışdığını anlayır və hamının toplaşdığı Gertruda ilə Uilyamın toyuna üz tutur. Bu barədə serjant Farraha deyir. Bildirir ki, Pettimenin onu sürgün etmək kimi bir hüququ yox idi. Bu zaman Farrah Pettimenin Tilinin atası olduğunu etiraf etmək məcburiyyətində qalır. Çünki yalnız valideynin övladını sürgün etmək kimi hüququ vardı. Bu vaxt Byula Pettimenin həyat yoldaşı Meriqolda yaxınlaşır və ona deyir ki, oğlunun qatili Tilidir. Bu vaxtadək oğlunun ağacdan yıxılaraq öldüyünü zənn edən Meriqold hamının içində Tiliyə hücum edir. Tili qaçıb gedir. Teddi də onun arxasınca gəlir.

Teddi Tilini məktəbə aparır. Tili yavaş-yavaş Stüart Pettimenin ölümü ilə bağlı təfərrüatları xatırlamağa başlayır: Stüart onu divara söykəyir və hərəkət etdiyi təqdirdə gecə gəlib anasını öldürəcəyi ilə hədələyir. O, Mertlin qarnına kəllə vurmaq üçün başını öküz kimi qabağa əyərək qıza tərəf sürətlə qaçır. Divara çatmaq üzrə ikən Mertl kənara çəkilir. Stüartın başı divara möhkəm dəyir və boynu qırılaraq ölür. Teddi yeganə şahidin hadisəni damdan izləyən qardaşı Barni olduğunu deyir. Lakin Barni əqli qüsurlu olduğuna görə heç kəs onun fikrini bu vaxta qədər soruşmamışdı. Bu hadisə Tili ilə Teddinin sevgisini daha da möhkəmləndirir.

Sonra cütlük birlikdə silos quyusunun yanında əyləşib söhbət edir. Teddi Tiliyə təkid edir ki, daha lənətli olmadığını desin. Tili əhəmiyyət verməyəndə Teddi siçanların qaynaşdığı quyuya tullanır. Sən demə, quyu sorqumla dolu imiş. Teddi içəridə boğularaq ölür.

Teddinin ölümündən sonra Tili depressiyaya düşür. Anası isə onu yenidən dərziliyə həvəsləndirməyə çalışır. Çox keçmədən, Moli də dünyasını dəyişir. Onun dəfninə yalnız Tili və serjant Farrah qatılır. Bundan sonra bədbəxt hadisələr ard-arda gəlməyə başlayır. Tili əşyaları gecə vaxtı bayıra tolazlayarkən gizlicə evi güdən Byulanı yaralayır. Byula müalicə üçün qatarla Melburna yollanır. Uşaq vaxtı Tili ilə pis rəftar edən qəddar əczaçı Persival Almanak bilmədən evin arxasındakı gölməçəyə yıxılıb ölür. Məlum olur ki, onun həyat yoldaşı İrma Tilinin hazırladığı, tərkibində xaşxaş olan peçenyelərin təsiri altında olduğuna görə ərinə kömək edə bilməyib. Lakin Farrat günahı öz boynuna götürür və şəhərdən xaric edilir. Bu, Tiliyə pis təsir edir. Sonra Tili Meriqoldu ziyarət edir və ərinin ona Una da daxil olmaqla, bir çox qadınla xəyanət etdiyini danışır. Meriqold ərini ölümcül yaralayır və ölümə tərk edir.

Şəhərin yerdə qalan sakinləri bir tamaşada iştirak etmək üçün qonşu şəhərə yollanırlar. Orada Tilinin rəqib şəhərin aktyor heyəti üçün möhtəşəm kostyumlar hazırladığını görüb şoka düşürlər. Həmin vaxt Tili öz evini yandırır və alovun bütün şəhəri bürüməsinə şərait yaradır. O, daha lənətli olmadığını deyir. Təkcə tikiş maşınını götürür və qatara minərək şəhəri tərk edir. Sakinlər şəhərə qayıdanda hər şeyin yanıb kül olduğunu görürlər.

Dərzi 2

Kino ilə roman arasındakı fərqlər 

  • Əsərdə Tilinin sevgilisi Teddi yox, Ted adlandırılır.
  • Filmdə Tili sakinlər tərəfindən tez qəbul olunur. Əsərdə isə onu təkləmək üçün bir çox yollara əl atırlar. Tili özünü onlara bir qədər gec qəbul etdirə bilir.
  • Əsərdə Pettimenin Meriqolda qarşı qəddar münasibəti daha çox ön plana çəkilib. Filmdə isə əsasən onun biganəliyi və xəyanətkarlığı təqdim olunub.
  • Əsərdə Meriqold ərini öldürür, ardınca isə Pettimenin hər gün ona gizlicə verdiyi narkotika vasitəsilə intihar edir. Filmdə isə Pettimeni ağır yaralayır və ölümə tərk edir.

Obrazların təhlili 

  • Mertl Dannic (Tili) – Vicdanını susdurmaq, əsiri olduğuna inandığı lənətdən xilas olmaq üçün illər sonra öz vətəninə qayıdan Tili “femme fatale” bir qadındır. Özünə inamlı, məğrur və gözəldir. O, qısa müddətdə “Haute Couture” libasları ilə hər kəsin həsəd və qibtə obyektinə çevrilir.

Uşaqlıqda keçirdiyi ağır travmanın xatirələri Danqatara addım atdığı ilk andan etibarən Tilini öz ağuşuna alır. Bir tərəfdən şokun təsirilə unutduğu təfərrüatları yadına salmaq üçün çırpınır, digər tərəfdən də onu yaralayan insanlardan bir-bir qisas alır.

Keyt Uinslet öz rolunun öhdəsindən kifayət qədər yaxşı gəlsə də, fikrimcə bu rol üçün bir qədər yaşlıdır. 40 yaşlı aktrisa 30-dan bir qədər artıq yaşı olan Tilini canlandırır. Onun tərəf müqabilini oynayan Liam Hemsvortun isə cəmi 26 yaşı var. İlk olaraq obrazların arasındakı yaş fərqi mənə Uinsletin yaradıcılığında önəmli yer tutan “Oxucu” filmini xatırlatsa da, filmin gedişatı zamanı məlum olur ki, Tili və Teddi obrazları arasında elə ciddi bir yaş fərqi yox imiş. Lakin istənilən tamaşaçı aktyorlar  arasındakı yaş fərqini dərhal anlaya bilər.

Keyt Uinslet filmdəki obrazında sadəcə gözəl bir sima deyil, daxilində nifrət vulkanı püskürən, yaralı bir qadındır. Onun filmdə Avstraliya aksenti ilə danışması olduqca şirin və maraqlı alınıb. Filmin başlanğıcındakı kin, qəzəb, sual dolu baxışlarda sonda ikrah və acıma, eyni zamanda rahatlıq duyulur. “Titanik”, “Ləkəsiz əqlin sonsuz nuru”, “Eniqma”, “Əmək günü”, “Divergent” və s. kimi filmlərdə bir-birindən fərqli  obrazları canlandıran Uinslet Mertl Dannicin timsalında öz kolleksiyasına daha bir uğurlu sima daxil edə bilib.

  • Teddi Maksvayni – Tilini ilk baxışdan bəyənən Teddi yaşadığı şəhərciyin “ulduz”u və kasıb bir ailənin oğludur. Danqatarın kiçik əhatəsində olduqca xoşbəxt, şən və qayğısız görünür. Tili ilə Teddinin münasibətlərinin xoşbəxt sonluqla başa çatmasını gözləyən tamaşaçılar üçün onun ölüm səhnəsi olduqca gözlənilməzdir.

Fikrimcə, Teddi obrazı Liam Hemsvortun yaradıcılığındakı sıradan obrazlardan biridir. Ümumiyyətlə, Teddi “Sonuncu mahnı” filmindəki Uildən, “Aclıq Oyunları”ndakı Geyldən demək olar ki fərqlənmir. Murhaus yəqin ki Avstraliyanın son illərdə xeyli məşhur olan ulduzunu elə köhnə obrazlarından birini təkrarlaması üçün dəvət edibmiş. Çünki Teddi obrazı özünəməxsusluqdan uzaqdır. Artıq yalnız Hemsvortun bu il nümayişi nəzərdə tutulan “Duel” və “Müstəqillik Günü: Dirçəliş” filmlərindəki obrazları ilə bizi təəccübləndirəcəyinə ümid etmək qalır.

  • Molli Dannic – Dəli Moli tənha, kimsəsiz, unudulmuş bir qadındır. Tez-tez gedib gəlməkdə olan yaddaşı, tərsliyi, kobudluğu ilə onu daxildən didən illərin əzabını pərdələməyə çalışır. Qızına qarşı da laqeyd və sərtdir. Lakin bu davranışının altında yəqin ki Tiliyə qarşı duyduğu vicdan əzabı gizlənir. Heç vaxt atasının kim olduğunu bilməyən, günahı sübuta yetirilməyən bir cinayət ucbatından taleyin mərhəmətinə tərk edilən balaca Mertli ürəyinin dərinliklərində basdırmaq istəyir, amma bacarmır. Moli obrazını canlandıran Cudi Devis fikrimcə, öz rolunun öhdəsindən məharətlə gəlib. Küskün, qorxaq, zarafatcıl, sərt, özünə sərf edəni xatırlayan, etməyəni unudaraq yaddaşsızlığını günahlandıran, qocalığına sığınan Dəli Moli o qədər təbiidir ki ilk dəqiqələrdən etibarən tamaşaçının rəğbətini qazanır.
  • Serjant Horatsio Farrat – Hüqo Uivinqin canlandırdığı obraz fikrimcə, filmə rəng qatır. İllər öncə qorxaqlığı ucbatından Mertlin sürgün edilməsinə göz yumsa da, 25 il sonra onun dostluğunu qazanır və günahını yumaq üçün fürsət tapır. Farrat istənilən mühitdə qarşılaşdığımız təmiz ürəkli, lakin cəsarətsiz, qorxaq, sirrlərinin üstünün açılmasından çəkinən insanların ümumiləşdirilmiş obrazıdır.
  • Gertruda Prat (Trudi) – Gertruda filmin “çirkin ördək balası”dır. Tilinin sehirli toxunuşlarından sonra hədsiz dərəcədə gözəlləşir. Bundan sonra da Tilinin istədiyi kimi, hər kəsin nəzərlərinin təzə gələn dərziyə yönəlməsinə səbəb olur. Gertruda obrazını canlandıran Sara Snukun “Alın yazısı” filmindəki ifasını izləmiş biri kimi, onun filmdəki transformasiyasına təəccüblənmədim. Gertruda heç kəs tərəfindən bəyənilməyən, buna görə də hamıya kin bəsləyən, öz zəifliyinə “məsum” donu geyindirən və fürsət düşən kimi bir vaxtlar onu əzən hər kəsi əzməyi qarşısına məqsəd qoyan “içi qurdlu” qızların ümumiləşdirilmiş obrazıdır.

Dərzi 3

Danqatar və Doqvill

Coselin Murhaus filmi “Klint İstvudun ‘Bağışlanılmayan’ filminin tikiş maşını ilə olan versiyası” adlandırıb. “Dərzi”ni Lasse Hallströmün “Şokolad” filminə bənzədənlər də var. Fikrimcə, kiçik bir məkan daxilində xoşbəxt olduqlarını düşünən, lakin bircə qığılcımla alovlanmağa hazır olan, qəlibindən kənara addımlamaqdan qorxan, nankor insanları ilə Danqatar müəyyən qədər Nayt Şyamalanın “Kənd”inə də oxşayır. Lakin «Dərzi» filmi mənə ən çox Lars Fon Trierin çox sevdiyim «Doqvill»ini xatırlatdı.

İki film arasında quruluş, üslub baxımından heç bir oxşarlıq yoxdur. Bənzərlik məkanlarda və insan xislətini nümayiş etdirən obrazlarda özünü göstərməkdədir.

Danqatar da, Doqvill də sanki dünyadan küsmüş, atılmış, lənətlənmiş məkanlardır. Hər ikisində insanlar öz kiçik dünyalarında onlara böyük görünən, tamaşaçıda isə ikrah doğuran gündəlik məişət qayğılarına qərq olaraq yaşamaqdadırlar.

Hər iki məkan kənardan yad, gözəl bir qadının gəlməsilə dirçəlir. Doqvilldə hamının köməyinə çatan, gecə-gündüz işləyən, qısa bir vaxt ərzində şəhərciyin canlanmasına səbəb olan Qreys kimi, Tili də Danqatara qədəm qoyan kimi bütün qadınları gözəlləşdirməklə, qonaqlıqlara və məclislərə təzə bir abu-hava gətirməklə sanki qocalan, ölmək üzrə olan şəhərciyə yenidən həyat bəxş edir.

Hər iki şəhərcikdə yaşayan insanlar çoxluq etibarilə sadəlövh və bəsitdirlər. Yaşadıqları şəhər kimi onlar da kiçik, dar çərçivəli və məhduddurlar.

Hər iki şəhərcikdə əsas qəhrəman özünü kəşf edir, yenidən tanıyır və sonda çıxıb gedir.

Hər iki şəhərcik əsas qəhrəmanın nifrətini qazanır. Qreys filmin sonunda bütün Doqvill sakinlərini öldürsə də, Tili bir qədər mərhəmətli davranır – şəhərciyi külə çevirməklə kifayətlənir.

İnsanlar nədənsə çox zaman düşünürlər ki, mənəviyyatsızlıq, riyakarlıq, ikiüzlülük, satqınlıq, yalançılıq, yaltaqlıq kimi mənfi keyfiyyətlər özünü daha çox varlıların hakim olduğu elit təbəqədə göstərir və kiçik mühitlərdəki sadə insanlar həmişə saf, təmizdirlər. Pulun, şan-şöhrətin, var-dövlətin çoxluğu insanları yolundan azdırır. Lakin hər iki film nümayiş etdirir ki, insanın öz yolunu azmasının onun varlı və ya kasıb olması, nə dərəcədə nüfuzlu olması, nəhəng bir meqapolisdə və ya balaca bir kənddə yaşaması ilə heç bir əlaqəsi yoxdur. Büründüyü dondan, sığındığı qəlibdən, mənsub olduğu təbəqədən asılı olmayaraq insan elə insandır. Onun xisləti əvvəl-axır özünü hansısa yolla büruzə verəcəkdir.

Filmin verdiyi mesajlar 

Filmdə Mertl Dannicin timsalında göstərilir ki, insan onu ən çarəsiz vaxtında tək qoyanları əsla bağışlaya bilmir. Uşaqlıqda yaşadığı sarsıdıcı hadisələr insanın taleyinin sonraki gedişatına birbaşa təsir göstərməyə qadirdir. Hər bir şəxsin ömrü hissələrin – illərin öz iradəsi ilə ard-arda düzüldüyü bir “puzzle”-a bənzəyir. Şəxs həyatına davam etdikcə, bu hissələr bir-birini tamamlayır və getdikcə mənzərə daha aydın görünür. Əgər onun həyatının hansısa bir məqamı qaranlıq qalıbdırsa, – travma, sarsıntı ilə üzləşibdirsə – həmin şəxs öz həyatının bütöv “mənzərə”sini heç zaman anlaya bilməyəcəkdir. Mənzərəni tamamlamağın yeganə yolu geriyə qayıdaraq itmiş hissələri – illəri tapıb üzə çıxarmaqdır.

Əvvəldə də qeyd etdiyim kimi, bu filmdə parlaq və ecaskar libaslar ön planda deyil. Burada dəb metafora rolunu oynayır. Tili konfetlə sadəlövh uşaqları aldadıb qaçıran, sonra da küçələrdə diləndirən qəddar oğrular kimi, şəhərin avam, dayaz fikirli qadınlarını dəbli geyimlər vasitəsilə ələ alır. İnsan ona təqdim edilən mükafatın, hədiyyənin işıltısına təslim olmadan öncə özünə sual verməlidir: Bunu mənə nəyə görə verirlər? Bu mükafatı qazanmaq üçün nə eləmişəm? Unutmayaq ki, müftə pendir ancaq siçan tələsində olur.

Film insan xislətinin dəyişməz olduğunu göstərir. Bir anda gözqamaşdırıcı paltarların tilsiminə qapılan sakinlər Tiliyə olan nifrətlərini dərhal «unudurlar». Öz hesablarında onu «bağışlayırlar.» Əslində isə, onların nifrətləri də, sevgiləri də yalandır. Hər biri axına, kütləyə qoşulub özü də dərk etmədən obraza girib. Duyğuların imitasiyası bəzən o qədər güclü olur ki, şəxs girdiyi roldan ömür boyu çıxa bilmir. Ona görə də dəyişmək istəyən şəxs ilk olaraq kim olduğunu özünə etiraf etməklə işə başlamalıdır.

Kütlə psixologiyası ən qəddar terrordan belə dəhşətli ola bilər. Şayiə yayanlar, qeybət edənlər, uşaqlıq arzularını daxilinə basdıraraq öz xəyallarının ardınca gedənlərə istehza ilə baxanlar, paxıllar, saxtakarlar, riyakarlar qaçmaq mümkün olmayan zəhərli virus kimidirlər. Çoxluğun fikri bəzən o qədər zəhmli və görkəmli təsir bağışlayır ki, şəxs özünün fərqli mövqeyini cılız və kiçik görməyə başlayır. Vicdanını lal edərək gücə – kütləyə sığınır. Nəticədə, çoxluğa qarışır və “güclənir”. İnsanlar çox zaman «çoxluq»la «güc» anlayışlarını səhv salırlar. Çoxluq heç də hər zaman güclü tərəf deyildir. 25 il sonra qayıdıb hər kəsə unudulmaz bir dərs verən Mertl Dannic filmdə bunu bir daha sübut edir. O, təkbaşına çoxluqdan daha güclü olduğunu göstərir. Geridə heç vaxt fayda verməyən «zibillər»lə dolu bir xarabalıq qoyaraq Danqatarı tərk edir.

“-    Deyəsən haradasa yanğın baş verib.

-         Bəli, Danqatarda.

-         Zibilləri yandırırlar, elə deyilmi?  Deyəsən bu dəfə biraz ağını çıxarıblar.

  -   Yəqin ki həyatın boyu belə zibillər görməyibsən…”