“Dağ dağa rast gəlməz” – Anar

73 Baxış

ANAR

Senet.az oxucularına yazıçı Anarın “Dağ dağa rast gəlməz” hekayəsini təqdim edir.

Qadın bərbərxanası yaman tünlük idi. Necə deyərlər, tükü–tükdən seçmək olmurdu. Şıdırğı iş gedirdi, saçlarını vurduran kim, saçlarını burduran kim, saçlarını yuduran kim. Başlarını boyadanlarbiryanda, maniküredənlərbiryanda, pediküredənlərbiryanda… Bir tərəfdən də ki, növbə gözləyənlər…

Bərbər qızlar əldən qıvraq idilər. Qayçılarla, daraqlarla, cürbəcür alətlərlə, elektrik qızdırıcı cihazlarla elə zirək, elə ustalıqla işləyirdilər, deyəsən mürəkkəb bir kosmik maşını idarə edirdilər. Kürsülərdə əyləşmiş qadınların başlarındakı əcaib qurğular – fenlər də əfsanəvi kosmik elçilərin skafandrlarını andırırdı.

Üstəlik bu “skafandrlar”dan təyyarə uğultusuna oxşayan səslər gəlirdi. İki yanaşı kürsüdə iki gənc qadın oturmuşdu. Onların da başlarında hündür “skafandrlar” vardı. Qadınlar bir-birlərini görmürdülər, çünki başlarını yana çevirə bilmirdilər. Dümdüz qabağa, qənşərlərindəki güzgülərə baxırdılar. Bərbər qızlar hey ora-bura şütüyürdülər.

 Nəhayət bütün bu dəsgah sona çatdı. Eyni vaxtda bərbər qızlar hər iki qonşu qadının başlarını qurğulardan azad etdilər, saçlarını ətirlədilər, tellərinə son dəfə sığal verdilər. Qadınlar eyni bir vaxtda kürsülərdən qalxdılar, bərbərlərlə vidalaşdılar, yenə də bir-birlərini görmədən ikisi də asqılığa

tərəf addımladılar. Soldakı qadın asqılığa daha tez çatdı. Paltosunu aldı, geyinmək istəyəndə qoluyla o biri qadına toxundu və dərhal da nəzakətlə:

– Bağışlayın – dedi.

O biri qadın eyni nəzakətlə:

–Eybi yoxdur – dedi və öz şlyapasını başına qoydu. Bu səsi eşidərkən paltolu qadın bir an ayaq saxladı, dönüb diqqətlə şlyapalı qadına baxdı. Şlyapa sifətinin yarısını gizlətmişdi, gözləri görünmürdü, ancaq paltolu xanım ərinmədi, əyilib aşağıdan qarşısındakı qadının düz gözlərinin

içinə baxdı və sevinclə:

– Bıy, bıy, başıma xeyir, Validə, sənsən? – deyə çığırdı.

Elə çığırdı ki, bütün salondakılar çevrilib onlara baxdılar.

Validə bir an quruyub qaldı, sonra ani bir şaşqınlıqdan sonra eyni çılğınlıqla qışqırdı:

–Az, az, az Xalidə?

Ay qız, Xalidə, sənsən?

Validə və Xalidə bir-birlərini qucaqladılar, mehriban görüşüb öpüşdülər.

Xalidə:

–Ay qız, nə yaman dəyişmisən – dedi.

– Küçədə görsəydim dünyasında tanımazdım. İndi də səsindən tanıdım.

Validə:

–Amma sən heç dəyişməmisən. Elə həmin Xalidəsən ki, varsan. Elə bil universitetdən dünən çıxıb ayrılmışıq.

–Eh, ay qız, nə danışırsan? Zarafat deyil e, üç il keçib.

–Üç ildən də artıq. Deyim sənə də… deməli indi oktyabrdır,

həmi? Düz üç il, beş ay.

–Gör vaxt nə tez keçir e… Ay Validə, vallah, elə bil dünən

idi. Yadında, ingilis dili müəlliməsi, yadında? Ay həv yu Ha, ha, ha…

– Hau du, yu du… ha, ha, ha…

Validə Xalidənin qoluna girdi. Rəfiqələr bərbərxanadan çıxdılar, şirin söhbət edə-edə küçəylə addımladılar. Validə:

–Ay Xalidə, amma belə rəfiqəlik olmaz, belə dostluq olmaz ha… – dedi, – heç itirib axtarmırsan. Axı necə olsa beş il bir partanın dalında oturmuşuq.

–Day demə… Amma mən axı burda deyildim, iki il idi ərimlə xaricdə idik.

–Yoldaşın nəçidir ki?

–Həkimdir. Sən tanımazsan yəqin.

–Oğuldan-uşaqdan nəyiniz var?

–Bir oğlumuz var, bir qızımız… Bəs sən neçə Validə?

–Mənim yoldaşım da mühəndisdir. Bir qızımız var…

Yoldaşım yaman oğlan istəyir, amma elə bir uşaqla da çətindire…

–Day demə, Validə. İkisi lap müsibətdir. Yenə şükür, mənim işim… e… necə deyim sənə, müdir bir yaxşı adamdır, icazə verib ki… belə də… deyir vacib deyil ki, bütün günü mıxlanıb oturasınız iş yerində…

–O cəhətdən, şükür bizdə də yaxşıdır. Çünki, a Xalidə, bu tədqiqat işidir, bunun kitabxanaya getməyi var, arxivə getməyi var. İşə də dəyirik, əlbəttə, amma daha…

Xalidə gülümsündü:

–Arxivdir də… öz aramızdır – deyə pıçıltıya keçdi və

saçlarını göstərərək əlavə etdi: – guya mən indi arxivdəyəm.

Validə də gülümsündü:

–Mən də… kitabxanada… – dedi və xəbər aldı: İş yerin evinə

yaxındır?

–İki addımlıqda.

–Bəxtəvər. Mən metroyla bir stansiya gedirəm. Bir stansiya evimizin böyründədir, biri də lap idarəmizin altında… Ərin yaxşı qazanır?

–Niyə, sağlığına, heç nədən korluq çəkmirik.

–Neçə otağınız var?

–Üç. Bəs sizin?

–Bizimki də üç Maşın?

–”Jiquli”.

–”Moskviç”.

–Görünür, maşallah, sizin də dolanacağınız pis deyil.

–Bola-bol çatır. Ərim də deyir mənə ki, axı sənin maaşın bizim nəyimizə lazımdır, çıx işdən, otur evdə. Deyirəm, xeyir, heç elə söhbət yoxdur. İstəyirsən tanış-biliş məni domoxozyayka saysın. Bağışlayacaqsan. Mən elmi işçiyəm.

–Day denən sənin ərin də mənim ərimin tayıdır ki, ay Xalidə. O da həmin sözləri deyir, mən də elə sən verən cavabı verirəm.

–Əşi, ay Validə, işin də ayrı ləzzəti var, axı… yoxsa ki, otur evdə, küçə-baca görmə, qaxıl qal bozbaş qazanının yanında. Nə bir adam görəcəksən, nə bir səni görən olacaq. Harayçün geyinib-keçinəcəksən. Mətbəx üçün? Çaynik-piltə üçün?

–Həm də ki, sözünə qüvvət, evdə oturdun, yapışıb qalacaqsan, nə bərbərxanaya, nə univermağa… Daha evdə də deməyəcəksən ki, kitabxanaya, arxivə gedirəm.

–Hə də…

–İş yerin necədir, ay qız, razısan?

–Yerdən göyəcən… Bilirsən nə var, Validə, heç kəsnən işim yox, mənimlə də heç kəsin işi yox. Başımı salmışam aşağı ayda iki dəfə qol çəkib maaşımı alıram, vəssalam. Bəs sən necə, razısan?

–Razısan da sözdür. İş otağımızdan bir mənzərə açılır, gəl görəsən. İki göz istəyir tamaşasına. Yayda səpsərin – kurort, külək gup, gup, guppuldayır.

Qışda – isti, hamam.

–Kollektiv, adamlar necədir?

–Vallah nə deyim? Hələ təzəyəm orda, işlədiyim vur–tut bir il üç aydır, tanıdığım elə bir müdirdir, bir də kassir. Müdir bığlı bir kişidir, kassir də eynəkli bir qadın. Adları da yaxşıdır e…

huş qalmayıb məndə, yadımdan çıxıb, amma bilirdim adların, famillərin… Nə isə, hər ikisi çox insan adamdırlar…

–Bizim idarənin kassirinə də söz ola bilməz. Çox mərifətli qadındır. Nəzakətli, qanacaqlı, görüb-götürmüş…

Adı dilimin ucundadır e… zəhrimar, bu skleroz məni bir təhər eləyib, o biri işçilərə bələd deyiləm. Bircə onu bilirəm ki, mənim stolumun arxasında oturan yoldaş çox, belə həddən ziyadə səliqəli adamdır.

–Cavandır?

–Bilmirəm. Üzünü görməmişəm. Müdir ona icazə verib ki, günün ikinci yarısında gəlsin. Birinci yarısı kitabxanalarda işləyir. Mən də ki, olanda səhərlər oluram, günün ikinci yarısı gedirəm… arxivə…

Amma elə hey özümə deyirəm ki, bir gün yubanım, görüm kimdir axı mənimlə bir şöbədə, bir otaqda işləyən adam… Görüm bu səliqəli adamın vidi-fasonu nə sayaqdır.

–Eh, sənin bəxtin gətirib. Mənim şöbəmdə pintinin biri işləyir, özü də tərs kimi mənim stolumun arxasında oturur. Mən də hələ onun sifətini görməmişəm. O günün birinci yarısında olur, mən ikinci. İstəyirəm bir gün tez gəlim, bir baxım sir-sifətinə, deyim, ay insafsız, sən ki, bu qədər qozfındıq yeyirsən, barı qabıqlarını yığışdır dana…

Niyə mən gəlib sənin tör-töküntünü yığışdırmalıyam axı…

Xalidə qəfilcə ayaq saxladı, diksinən kimi oldu. Validənin qolunu buraxıb diqqətlə onun üzünə baxdı, təlaşla:

–Necə? Qoz-fındıq? – deyə xəbər aldı – hə də – deyə bu təlaşın fərqinə varmayan Validə yastı-yastı söhbətinə davam edirdi, – gəlirəm görürəm otaq bom-boş, di gəl ki, stolun üstü dolu qoz-fındıq qabığı. Bilmirəm daha kişidir, ya arvad. Arvad olsa lap betər. Sən allah ay Validə, belə də pinti arvad olar?

Xalidənin sanki boğazı tutulmuşdu, lap sakit səslə:

–Validə, sən hansı idarədə işləyirsən? – deyə soruşdu.

Validə sola çevrilib 16 mərtəbəli binanı göstərdi:

–Bax odey, o binada.

Xalidə daha da astadan:

–Neçənci mərtəbədə? – deyə xəbər aldı.

–On ikinci mərtəbədə.

Xalidə demədi, pıçıldamadı, yalnız dodaqları tərpəndi:

–Doqquzuncu otaqda?

Validə təəccüblə:

–Bıy, sən hardan bilirsən? – dedi, sonra diqqətlə Xalidənin sifətinə baxdı – Ay qız, sənə nə oldu, niyə müc olub qalmısan?

Xalidə yavaş-yavaş özünə gələrək titrək səslə:

–Sən allah bağışla, Validə – dedi.

– Vallah bilsəydim ki, sənsən, qabıqları yığışdırıb atardım.

Sonra o əlini cibinə atdı, bir ovuc qoz–fındıq çıxarıb Validəyə uzatdı və bu an Validə də məsələni başa düşdü. Bir müddət ikisi də şaqqanaq çəkib güldülər, güldükcə güldülər. Ara bir “işə bax e”… “Gör e”… deyə ayrı-ayrı sədalar çıxarır və yenidən uğunub gedirdilər. Nəhayət Validə bir az toxtadı və saatına baxdı:

–Yaxşı – dedi – işin axırına bir saat qaldı, gedim bir idarəyə baş çəkim. Sən getmirsən?

Xalidə:

–Yox, – dedi – mən səhər gedib tabelə qol çəkmişəm. Sən get. Bu günün də zəhmətini çək, sabahdan stolun üstündə bir dənə qabıq filan görməzsən…

Rəfiqələr mehribanlıqla öpüşüb ayrıldılar. Validə

Xalidəyə:

–Salamat qal, – dedi.

– İnşallah, bəlkə yenə görüşdük.

Babalar yaxşı deyib, dağ dağa rast gəlməz, adam adama rast gələr.

KÖŞƏ YAZARLARI
TOP 10