Senet.az oxucularına Musa Yaqubun şeirlərini təqdim edir.
Dağlara ziyarət
(əzizim, ulu dağlar…)
I
Şah dağı şahımdır kürsüsü uca,
Babadağ babamdır müdrik bir qoca
Birində əzəmət, birində hikmət
Biri fərman verir, biri nəsihət –
Qalmışam mən iki dağ arasında.
Hələ yol gedirəm dərə boyunca,
Dolaylar dolaşıq, cığırlar haça
Kimdir cığırlara daş möhür basan?
Alım zirvələrdən soraq çətindir
Tülkü dərəsinə enməyim asan,
Qartal yuvasına qalxmaq çətindir,
Qalmışam mən də bu yol ayrıcında.
Qartal tərəflərə uçub gəlmişəm,
Dərə uğuldayır qulaqlarımda
Şabran qalasından qaçıb gəlmişəm,
Xaqani kündəsi ayaqlarımda
Şaha itaətim,
Babam Həzrətim
Zəmanəylə sözü çəp gələn mənəm,
Qalmışam bu iki dağ arasında.
II
Vallah nəsihətdən bezmişəm daha,
Gedib yetişəndə salavatgaha,
Salavat çevirdim Babama bir də –
Ahım nəfəs-nəfəs buğlandı yerdə,
Dumanlar süründü ahıma tərəf
Gördüm salavatla işlərim aşmır,
Çevirdim üzümü Şahıma tərəf.
III
Gərək Havaxan da Şaha baş əysin,
Mən də Havaxanın ətəklərində.
Çaylar ha daşıyır, dağlar qurtarmır,
Sellər daş aparır kürəklərində.
Şahın qartalları düşüb get-gələ,
Soltan qayalara əmr aparır –
Şahın yataqları işləyir hələ,
Dəmiraparan çay dəmir aparır –
Çaylar ha daşıyır dağlar qurtarmır
Yamaclar qurtarmır, tağlar qurtarmır.
Çaylar narahatdır, göy əsəbidir,
Bu tufan deyəsən Şah qəzəbidir –
Çaxdı ildırımlar
Yoxlandı taclar,
Titrədi qayanın qoşa qülləsi –
Şahın səngəridir meydan yamaclar
Döyür sinəsini dolu gülləsi –
Döyüşlər qurtarmır, hərblər qurtarmır,
Torpağa qəzəbdən zərblər qurtarmır.
IV
Dəvə yal deyirlər
Mindim dəvəyə,
Dəvəmin başına duman, çən düşür,
Yoxuşlar dikəlib çıxır zirvəyə,
Enişlər sürüşüb zirvədən düşür.
Qalıb çay altında qədim keçidlər,
Babalar o seldən keçib gediblər;
Yapışıb cığırdan, izdən gediblər;
Altan qayıdıblar, üstən gediblər
Əvvəl Babamıza ziyarət qılıb
Musa bulağından içib gediblər –
Qalmışam mən də bu yol ayrıcında
Dərələr, təpələr, yallar qurtarmır,
Ayaq haldan düşür, yollar qurtarmır.
V
Tələlər pas atıb kollu cığırda,
Qurdu buraxıblar gəzir naxırda.
Canavar bicləşib tələyə düşməz,
Ovçunun qurduğu kələyə düşməz –
Qurd tələ quranı salır tələyə,
Alıb quzusunu düşür dərəyə –
Balaca bir pay da verir hərəyə –
Qalmışam qurd ilə pay arasında.
VI
Şahın adamları şah oylağında,
“Tülkü tələsi”ndə, kəl yaylağında
Ovlar bərədədir, tüfəng ayaqda,
Harın qoruqçular kefdə, damaqda –
Şahım icazəni, get-gəli verir,
Əli tüfəngliyə dağ kəli verir,
Əli qələmliyə nə verir?! Heç nə…
Biz də yaşayırıq tale gücünə.
Hədələr qurtarmır, hədlər qurtarmır,
Marala güllədən cəhdlər qurtarmır.
VII
O baba kəndimdi, adı da Zəngi
Qayası yəhərdi, daşı üzəngi,
Dolanıb başına üfüq çələngi –
Söküldü, töküldü, köçdü, dağıldı…
Dağlara nə var ki, qal oğlu qaldı…
Köhnə qəbristanlıq dağın yaşıdı,
Hər qarış baş daşı Əlhəd daşıdı,
Salavat çevirrəm Babama bir də,
Bu gediş-gəliş də sirlidir ancaq –
Ayaqüstəkinə yer çatmır yerdə
Yerdə uzanana yer tapılacaq –
Qalmışam mən də bu yer ayrıcında.
VIII
Uzaqda Şahımın ildırımları,
Yaxında Babamın sıldırımları.
Məni sıldırımlar çəkir özünə –
Əcəli göz ilə qaş arasında
Durmuşam mən “Şeytanadaşatılanda”
Qalmışam şeytanla daş arasında
Gedirəm, gəlirəm, dönüb atıram –
Şeytanlar qurtarmır, daşlar qurtarmır,
Böyük savaşlara marşlar qurtarmır.
IX
Hərə zirvəsində taxt alıb durub
Biri əbədilik vaxt alıb durub,
Şah dağı qoynunda Sənəm yaylağı
Nə Sənəm qocalar, nə də Şah dağı,
Min dəfə düşsəm də qədəmlərinə
Ərkim yox Şahımın sələmlərinə
Haqqım nazil olmaz, muradım hasil
Dözürəm məhəbbət sitəmlərinə.
Şehotu giləsi gözüm yaşında
Durub gözləyirəm elçi daşında.
X
Dünya da belədir, bax, bu çəmən tək
İşi kimə, kefi kimə qalıbdı.
Kəpənəklər üçün oyuncaq çiçək
Arını gör necə işə salıbdı.
Gözüm yox dünyanın ayrı işində,
Əlim yox əllərin əyri işində,
Təzədən qayıdıb kamilləşirəm
Qarışqa işində, arı işində –
Bundan şirin peşə tapa bilmərəm,
Bu yurddan müqəddəs oba bilmərəm –
Bir də solub gedə, bir də açıla
Ömrümü bağladım gül ağacına –
Salavat çevirrəm Babama bir də,
Bir gün dirilərəm öldüyüm yerdə,
Qalaram bu iki dağ arasında,
Yəni bir əbədi çağ arasında;
Yerlərin göylərə minacatını –
Sonra oxuyarlar bu bayatını:
– Əzizim ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir şair ölüb
Göy kişnər, bulud ağlar.
yay, 2013
Buynuz