Daha bir pyes müsabiqəsi elan edildi

56 Baxış

halduntaner

TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili “Haldun Taner ili” elan edib. Bu münasibətlə Haldun Taner adına beynəlxalq dramaturqlar müsabiqəsi təssis olunub. 

Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox olmayan pyeslər qəbul olunur. Əsərlər Türkiyə türkcəsinə çevrilmiş mətn üzrə qiymətləndiriləcək. İştirakçılar üçün yaş həddi yoxdur. Pyes müəllif əsəri olmalıdır, hər hansı əsərə uyğunlaşdırılmamalı, hansısa əsərin tərcüməsi olmamalıdır. Hər müəllif müsabiqədə bir əsərlə iştirak edə bilər. Müsabiqəyə daha öncə çap olunmayan, tamaşaya qoyulmayan və digər müsabiqələrdə mükafatlandırılmayan pyeslər qəbul olunur.

Pyeslərin mətni kompyuterdə yığılmış və çap olunmuş variantda (12-lik Times New Roman şrifti, interval 1,5) 6 nüsxədə və CD şəklində təqdim olunmalıdır. Mətnlərin titul vərəqində müəllifin yalnız təxəllüsü göstərilməli, heç bir əlavə şəxsi qeyd olmamalıdır.

İştirakçılar özləri haqqında məlumatı və bir fotonu ayrıca zərfə qoyur və üzərinə ancaq təxəllüslərini yazırlar. Həmin zərfi pyeslə birlikdə digər zərfə qoyub bu ünvana göndərməlidirlər: Türkiyə, Ankara, Sakarya məhəlləsi, Göztəpə küçəsi 5/A. Avrasiya Yazarlar Birliyi. E-mail:htoyunyaris@ayb.org.tr

Müsabiqə bu il aprelin 5-də elan olunub. Əsərlərin təqdimatı sentyabrın 9-da yekunlaşacaq, müsabiqənin nəticələri noyabrın 15-də elan olunacaq, mükafatlandırma mərasimi isə dekabrda olacaq.

Birinci yerin qalibinə 15 min, 2-ci yer üçün 10 min, 3-cü yer üçün isə 5 min türk lirəsi nəzərdə tutulub. Bundan əlavə, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Mükafata layiq görülmüş pyeslər TÜRKSOY ölkələrinin dövlət teatrlarının repertuarına tövsiyə olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10