Daha heç vaxt dua etməyəcəm…

65 Baxış

SeymurSeymur Oruc

 

 

Ən böyük acizliyim

 

Bax indi, bu şüşənin arxasında durmuş və bu qədər çarəsiz bir vəziyyəti bir də nə zaman yaşadığımı xatırlamağa çalışıram. Yuxunun içərisində yuxu görmək kimi bir şeydi bu. Amma yuxuda olduğumu da bilirəm, bu da bir şeydi, elə deyilmi? Sanki qatar hər yeni dalanı döndükcə, şüşənin o tərəfindən hər ötən bir ağac mənə nələrisə xatırlatmağa çalışır və mən xatırlayıram.

Dayımın öləcəyini öyrəndiyimiz gün dünya yıxılmışdı başımıza. Leykemiya – necə də gülünc səslənən bir isimdi. Sanki xəstəliyin adı onun öldürücü gücünü göstərməmək üçün seçilib. Bir insanın leykemiya ilə savaşdığını desələr və mən bunun nə olduğunu bilməsəm, düşünərdim ki, bu şəhərə yeni gətirilmiş hansısa attraksiyon, ya da nə bilim bir video oyundu. Amma Leykemiya bir oyun deyil, bir  xəstəlikdi və o çox öldürücüdü. Bunu mənə dayım öz ölümü ilə öyrətdi. O, öldüyü zaman da mən bu acizliyi hiss etmişdim. Onun ölümünü qaldıra bilməyib bir il sonra ölən babam da öldüyündə mən eyni bunu hiss etmişdim. Amma bütün bunlardan çox daha ağır olan bir acizlik də keçirmişdim, xatırlayıram. Hələ dayım ölməzdən öncə, onun yaşamaq şansının olduğunu öyrəndiyimdə keçirdiyim sevinc hissini çox ağır bir acizlik əvəz etmişdi. Bu illətdən sağalmağın tək yolunun Amerika olduğunu dediklərində Amerika anlayışı beynimdə müsəlman qatili, İraqın qənimi görkəmindən çox-çox daha yüksəklərə uzanmış, o qədər uzanmış ki, Amerikanın işğal etdiyi heç bir müsəlman ölkəsi o yüksəkliyi zəbt edə bilməzdi gözümdə. Sanki həmin gün Kəbə də öz yerini dəyişmişdi. Həmin gün mənim Kəbəm Amerikaya daşınmışdı. Mən uşaqlıqdan bəri hər dua etdikdə babamgilin evindən asılmış Kəbənin və onun ətrafında dövr edən yüz minlərcə ağ paltarlı insanın şəkli canlanırdı gözümə və həmin günlər yaman çox dua edirdim. Uşaqların duaları tez qəbul olunur deyirdilər. Amma sonuncu dəfə etdiyim dua “Rəbbim, içimizdəki bu acını heç olmasa bir qədər xəfiflət” olmuşdu dayımın cəsədini ambulansdan endirdiklərində. Ağ paltarlı mələklər – həkimlər endirmişdi onu yerə. O gündən bu yana dua etdiyimi xatırlamıram. Və mənim Kəbəm bir də heç vaxt Amerikadan geri dönmədi. O gün bu gündür Kəbənin ətrafında dövr edən həmin ağ paltarlı insanlar indi dayımın cəsədini “yerə” endirən həminki həkimlərdi. Dayımın ölümünə səbəb olan həminki həkimlər.

Dayımın yaşaması üçün gərəkli olan pulun miqdarının beş yüz min manat civarında olduğunu və bu pulun bütün yaxınlarımızın əlindəki var-dövləti satsalar belə bir araya toplana bilməyəcəyini öyrəndiyimdə keçirdiyim hiss isə qətiyyən acizlik deyildi. O gün özümə söz verdim: Çoxlu pulum olmalıdı! Mən böyük insan olmalıyam! Bilirəm, həkimlər də demişdilər ki, lap bu qədər pulu toplasanız belə dayımın əməliyyatdan sonra sağalma ümidi 40%-dir. Bilirəm, bu çox az rəqəmdi. Amma indi, dayımın ölümündən sonra düşündükdə, bu heç də az bir rəqəm kimi görünmür gözümə. 40% belə olsa yaşama ehtimalı, ən azından var idi. Sınamaq üçün heç də pis rəqəm deyildi. Amma sınaya bilməzdik – aciz idik çünki!

Daha sonra öyrəndiyimizdə ki bütün bunlar həkim səhvi ucbatından baş verib, üstəlik babam da təkrar həkim səhvi ucbatından öldüyü zaman mən hazırlaşdığım ixtisas qrupunu 4-dən 1-ə saldım. Həmin gün söz verdim özümə, bir gün böyük insan olacaq, dayım və babamın həqiqətlərini hər kəsə anlatacaqdım…

İllər əvvəl gördüyüm bir yuxunu xatırlayıram. Yaşadığım ən böyük acizlik məhz bu idi. İrəlidə qaçırdım. Hara getdiyimi heç özüm də anlamırdım. Dayım da arxamca qaçırdı. Amma sonra bir qatar peyda oldu. Dayım nədənsə o qatara mindi və birdən qapılar bağlandı. Qatar hərəkət etdikcə dayımın şüşəyə əlini necə həsrətlə sürdüyünü, qatarın dayanması üçün və mənim yanıma gəlmək üçün əlləşdiyini gördüm. Dayım məni izləməyib niyə qatara daxil olmuşdu, ya da ümumiyyətlə niyə hər ikimizin qaçdığını, dayımın məni izləmək məcburiyyətində qaldığını anlamırdım. Bax həmin gün o gedən qatarın arxasınca baxarkən yaşadığım acizlik indi yaşadığım qədər ağır idi.

İndi verdiyim sözləri xatırlayıram. Böyük insan olacam, həqiqətləri hər kəsə anlatacam, arıqlayacam və s. Bu yuxunun əvvəlini xatırlamağa çalışıram. Aynanın qarşısındayam. Üzümə bir iki dəfə su vurduqdan sonra sanki yuxudan indi ayılırammış kimi birdən aynadakı “mən”-ə tamaşa etməyə başlayıram. Hələ də kiçiyəm. Saçlarına tək-tək dən düşmüş, bir hissəsi tökülmüş və hələ də arıqlamamış bu 22 yaşlı oğlan mənmiyəm deyə soruşuram özümdən. Sonra geridən gələn səs məni daldığım xəyallarımdan oyadır və aynadan geridə birinin daha əks olunduğunu görürəm. Bu mənəm! 10 il əvvəlki mən. Sonra sanki onu izləməyimi istəyir məndən. Qaçmağa başlayır. Arxasınca qaçmağa çalışıram. 10 il əvvəl mən bu qədər sürətli qaça bilirdimmi deyə düşünürəm qaçarkən. Böyük bir sıxlıq peyda olur və o gözdən itir. Balaca bir ehtimalla artıq tərpənməyə başlayacaq qatarda olduğunu düşünürəm. Qatarın içərisinə keçib, onu axtarıram. Bu zaman qapılar bağlanır. Şüşədən onun qatarın içində yox, çölündə olduğunu, mənə aciz-aciz baxdığını görürəm. Əllərimi şüşəyə sürükləyirəm. Sonra bağırıram, “dayanın” deyə bağırıram. “Düşməliyəm, məni aşağıda gözləyirlər” deyirəm. Amma sanki heç kəs məni duymur. Bax elə həmin vaxt, kiçikkən, hələ dayım ölməmiş gördüyüm bu yuxunu xatırlayıram. Yuxumun içərisində gördüyüm bu yuxunun nə anlama gəldiyini düşünürəm. “Balaca mən” artıq gözdən itdi. Birazdan yəqin mən də itəcəm. İndi yuxudan oyanmağımı gözləyirəm. Gözləyərkən də, görəsən bundan sonra hansı yuxuya oyanacağımı, bu dəfə hansı sözləri verəcəyimi, kimləri daha itirəcəyimi, kimlər üçün daha yas tutacağımı düşünürəm. Amma indi sadəcə bir şeyə əminəm, nə olur olsun, mən bir daha heç vaxt dua etməyəcəm…

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10