Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsi anılır

8 Baxış

Qara_Qarayev3Fevralın 5–də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin anadan olmasından 98 il ötür. Doğum günündə böyük sənətkarın xatirəsi anılıb. 

AZƏRTAC xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarını ziyarət edib, üzərinə təzə-tər güllər düzüblər.

Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə sənətkarın həyat və yaradıcılığından söz açaraq xatirələrini bölüşüb.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan natiq dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb.

Bildirilib ki, musiqi sənətinin bütün janrlarına müraciət etmiş Qara Qarayevin əsərləri dünya şöhrəti qazanaraq keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.

Qeyd edək ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los Ancelesdə, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Parisdə, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarda” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəsləyib.

Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.