“Dahilər və eşqləri“ Asifə Əfəndinin tərcüməsində

8 Baxış

Marilyn-Monroe-Arthur-Miller-Blames-Government-Probe-For-Miscarriage-pp

Artur Miller və Merlin Monro

Həmişəçılpaq

Heç kim kifayət qədər sarışın deyil, Merlin daxil. Amma unutmayaq ki, heç kim də kifayət qədər dahi, qumral, eynəkli  və istedadlı deyil, Miller daxil…

Merlin qısa, sinəsiaçıq qara paltarda növbəti film çəkilişi üçün kamera qarşısında yeriyirdi. Kameradan başqa ayaqlarına fokuslanan saqqallı bir adam da vardı. Bu yeriş operatora erotik, saqqalı adamasa gülməli gəlirdi. Əslində gülməli deyildi, çünki süniliyi yox idi – Merlinin təbii yerişi beləydi. Hər insanın dünyaya gəlişinin xüsusi məqsədi var. Bəlkə də Merlinin səbəbi belə cəzbedici və təhrikedici yerişin olmasını sübut etmək idi. Artur Miller ondan gözünü çəkə bilmirdi. Onu studiyaya Elia Kazan gətirmişdi. Və burada dünyanın ən ekzotik, xaotik  eşqlərindən biri başlamaqdaydı. Hələ heç kim bunun fərqində deyildi, hətta, hadisənin qəhrəmanı da.

Əslində, mövzuya burdan başlamaq yanlışdır, çünki əvvəli var. Tale onları qarşılaşdırmadan qabaq hər iksi artıq yaşayan əfsanə idilər.

Artur Miller xoşbəxt ailədə  qayğısız böyümüşdü. O, Harlem çevrəsində parka baxan, bütün şəhərə mənzərəsi olan 6 mərtəbəli  evdə, siyasətdən, gündəlik həyatın stressindən uzaq,  sevincli uşaqlıq keçirmişdi. Sonralar o günləri “Görünür ki, biz gerçəkləri inkar edən bir qayaya sığınmışdıq” deyə xatırlayırdı. Çox keçmədən Miller ailəsi gerçəklərlə üz-üzə gəlir.  Çünki böyük böhran və  ikinci dünya müharibəsi, başqa sözlə,  Hitlerin yaratdığı dram qapılarının ağzında idi.

İnsanı sarsıdan və həyatının yönünü  dəyişdirən kiçik detallar var. Bunlar sadəcə o insana deyil, bütün zamana,  toplumlara belə  təsir edə bilər. Harlemdə yaşayan 8 yaşlı uşağın təsadüfən  teatra gəlməsi, pərdə açılanda aktyorları və onların canlandırdıqları qəhrəmanları görməsi Artur Miller kimi yazıçının doğulmasına səbəb olacaqdı. Əslində, o, heç vaxt yazıçı olmaq üçün  çabalamamışdı. Kağıza ilk sözü yazdığı andan etibarən yazıçı idi. Bu, çox az insana nəsib olan istedaddır. Qələmə aldığı ilk pyes belə gənc həvəskarın yazmaq cəhdi deyil, həqiqi bir teatr pyesi idi. Artur gənc olanda bir çox uğurlu pyesə imza atmışdı. Ancaq onu dünyada məşhurlaşdıran “Satıcının ölümü” oldu. Millerin pyeslərindən hər zamankından daha çox bəhs olunmağa başlanmışdı. Onun pyeslərindən sonra artıq amerikan teatrı əvvəlki kimi olmayacaqdı. Doğrudan, olmadı da!

Zamanının ən kiçik kommunist partiyasına sahib olan ABŞ tarix boyu tətbiq etdiyi “şüurlu və planlı obsesiya“[1]yla xalqını idarə etmiş, kommunist ovu başlatmışdı. Bu dönəmdə Miller də Amerikaya qarşı propaqandada günahlandırılmışdı.

Şəxsi həyatı da çətinləşən Miller illərdir evli olduğu yoldaşıyla qarşılıqlı anlaşmazlıq yaşayırdı. O, bu evliliyi bitirməyə qərar vermiş və gərəkli  addımlar atmağa başlamışdı.  Təbii ki, Merinin bundan xəbəri yox idi! Merlinin də!

Bir müddət sonra Artur Miller onu Amerikaya qarşı olmaqda ittiham edən komissiya məclisindən pasportunu tələb etdi. Səbəb soruşulanda “Evlənəcəyim qadınla birlikdə olmaq üçün” deyə izah etdi…

Televiziyada yayımlanan bu səhnəni Merlin də izləmiş və evlilik qərarını burdan öyrənmişdi.  Miller çox qəralı danışırdı: “13 iyulda Merlin Monro ilə nikahımız olacaq”.

1 iyun 1926-cı ildə Los Anceles Mərkəzi Xəstəxanasında doğulan şirin qıza Norma adı qoyuldu. O il Miller Harlem küçələrində avara-avara gəzirdi. Normanın anası qızının kimdən olduğunu dəqiq bilmədiyi üçün Merlin ömürboyu atasının kim olduğunu bilmədi. Nənəsi və anası bir müddət dəlixanada müalicə olunmuş, dayısı isə 15-ci mərtəbədən özünü ataraq intihar etmişdi. Merlin anasının yanında 2 həftə qalmış, sonra qoruyucu ailənin himayəsinə keçmişdi. O, ilk dəfə nikaha girənə qədər 12 qoruyucu ailə dəyişmişdi.

Merlin Monro ömürboyu əyləndi, amma heç vaxt yaşadığı acı uşaqlığı da unutmadı. O təsadüfən Merlin Monro olmamışdı. Hələ kiçik yaşlarından fantaziyası geniş və qadınlığının fərqində olan üsyankar idi. Onun üsyankarlığını sakit görünüşü gizlədirdi.  Sakit görünüşü əslində üsyan idi!

İnsan əxlaq qaydalarını pozaraq da yüksələ bilər! Monro bizə bunu isbat etdi. O, alt paltarsız, geniş və qabarıq yubkayla kilsəyə girdiyini xəyal edirdi. İnsanlar üzüüstə uzanıb, o isə üzərlərindən yeriyib keçir. Aşağıdan ona baxırlar… Bir diləyi vardı: Tanrının və hər kəsin önündə çılpaq olmaq!

O diləyini gerçəkləşdirdi! Ömürboyu alt paltarı geyinmədi, öldüyü vaxt da çılpaq idi. Sadəcə insanların deyil, Tanrının qarşısına da çılpaq çıxdı.

12 yaşı olanda qəzetsatana ona doyunca baxması  üçün icazə vermişdi. Normanın bu hərəkəti yeniyetmə gənc qadının tarix boyu mübahisəyə səbəb olan qadınlığının sirrini çözdüyü anlamına gəlir. Qadınlıq kişinin diqqətini çəkməklə bağlı vəziyyətdir. Kişiliksə qadının ona şans verməsiylə bağlıdır. Yəni,  iplər hər zaman qadının əlindədir!

Norma xatirələrində bundan açıq bəhs edir: “Bu dünyanın kişilər dünyası olması heç də  şikayət olunacaq bir hal deyil. Belə bir dünyada qadın olmağın da ayrı dadı var. Gözəlliyimlə qürur duyuram. 14 yaşım bitəndə bu qürurumu hər kəsə açıq bəlli etməyə başlamışdım”.

Gözəl olduğu qədər gözəlliyinin fərqində olan Normanın tək seçimi Merlin Monroya, yəni, dünyanın ən cazibəli seks simvoluna çevrilmək idi. O bunu bacardı – modellik, aktrisalıq, həyatında olan saysız-hesabsız kişilər sayəsində…

Öz sahələrində zirvədə olan bu iki məşhurun yolu kəsişir. Sonradan Kazanın təşkil etdiyi qonaqlıqda yenidən görüşürlər. Məclisin ən əhəmyyətli iki qonağı, yəni, həyatın sirrini çözəcək qədər çox şey yaşayan Monro ilə, “çox şey yaşayan, ancaq təcrübə qazanmayan” Millerin ayaqları yerdən kəsilmişdi. Miller Bruklində olanda Merlin ona qısa və incəliklə yazılmış məktublar göndərir. Evinin divarına Millerin şəklini asdığından heç kimin xəbəri yox idi.

Merlin bir məktubunda “İnsanların  çoxu atalarına heyranlıq duyar, amma mən belə biriylə heç vaxt qarşılaşmadım. Heyran olacağım bir insana ehtiyacım var” deyə yazmışdı.

Miller özündənrazı müəllim  ədasına bürünərək: “Əgər doğrudan da, heyranlıq duyacağın birinə ehtiyacın varsa, bu, niyə Abraaham Linkoln olmasın?” deyə cavab yazmışdı. Millerin bu cavabı əslində onun Merlinə vurulmasının göstəricisiydi. Həyat belədir, istədiyin qədər kəskin nişançı ol, bəzən hədəfi vurmaq üçün atəş açdığında özünü vurarsan. Necə baş verdiyini belə hiss etməzsən! “Yüzilliyin toyu” adlandırılan gün yetişəndə ikisi də xoşbəxt idi. Bəs bu xoşbəxtlik ömürboyu davam edə biləcəkdimi? Dünyanın ən böyük beyinlərindən biri sarışın afətlə; dünyanın ən böyük sarışın afətlərindən biri, hətta birincisi ömürboyu heyranlıq duyacağından əmin olduğu, ideallaşdırdığı (bəlkə, ata həsrətini də onunla dindirdiyi) böyük bir yazıçı ilə ailə qururdu. Deməli, başqalarının ən böyük idealı olan insanların da ideallaşdırdıqları insanlar olur.

İki məşhur insan kimi də, adi insan kimi də yaşamağa çalışdılar. Artur Millerin evlilik üzüklərinə yazdırdığı “İndi sonsuzdur” sözü sonsuzluğun bir ana sığışdırıla bilməyəcəyi gerçəyini dəyişdirmədi. Merlin Monronun toy şəkillərindən birinin arxasına yazdığı “Ümid, ümid, ümid” sözü isə bir qadın intuisiyasının nə qədər doğru çıxa biləcəyinin sübutuydu. Toy bir qadının ümidlərinin gerçəkləşdiyi an deyilmi? Merlin üçün ümidlərin başlandığı an idi və onların puç olma ehtimalı hər zaman vardı.

Fırtınalı başlayan və enişli-yoxuşlu davam edən bu eşq 11 noyabr 1961-ci ildə boşanmayla nəticələndi. Merlin Millerin gündəliyində bu cümləni oxuyanda sarsılmışdı: “Onunla qətiyyən evlənməməliydim. Yarıuşaq, yarıqadın olan bu məxluq bütün həyat qüvvəmi tükədir”.  Miller bir müddət sonra yenidən evləndi, Merlinsə 30-cu filminin çəkilişlərinə uzun müddət getmədiyi üçün işini itirdi.

“Mənimçün bir gələcək olduğunu bilirəm, ancaq mən onu gözləyə bilmərəm” deyən Merlin 5 avqust 1962-ci ildə insanlardan uzaqlaşaraq Tanrıya doğru yola çıxdı.

 Mənbə: “Ustad” jurnalının 15-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10