Dahilər və eşqləri

39 Baxış

53181

Viktor Hüqonun qadınları

XIX əsrdə fransız romantizmi Viktor Hüqonun əsərləriylə zirvəyə çatdı. Adi bir uşaq kimi dünyaya gələn Hüqonun ədəbiyyat tarixinin ən əhəmiyyətli və məhsuldar yazıçılarından biri olacağı heç kimin ağlına gəlməzdi.

İlk şeirlərini yazdığı və mükafatını qazandığı illərdə 20 yaşı vardı. O, 83 illik ömründə bir çox dram əsəri, roman və şeirə imza atmış, demokrat və humanist şəxsiyyət kimi tarixə keçmişdir.

Ətrafında baş verən hər hadisədən, gördüyü, duyduğu, mənimsədiyi hər ünsürdən bəslənmiş, heç vaxt ilham pərisinin əskikliyini hiss etməmişdir.

Şübhəsiz, o dönəmin ən böyük ədəbiyyat dahilərindən biri olan Hüqo hardasa bir əsrik ömrünə teatr, şeir və roman sahəsində əllidən çox əsər sığışdırıb. Onun bir çox şahəsəri ölümündən sonra aşkarlanıb və bu gün də bütün dünyada yenidən nəşr olunur və aktuallığını itirmir.

Hüqo əsərlərində insanın, cəmiyyətin, xalqın duyğularını, sancılarını mükəmməl üslubla dilə gətirirdi. Onun üçün şairlik sadəcə yazmaq deyil, ciddi bir məsuliyyət idi. Şair bir “yaradıcı”, insanlığı xoşbəxtliyə, aydınlığa çıxaracaq bir sehrbaz, peyğəmbərdi.

Hüqonun atası general idi və bununla əlaqədar yaşayış yerləri tez-tez dəyişirdi. Onlar bir müddət Marsilyada, sonra isə Korsikada yaşamışdılar. Əvəllər anası Parisdə qalmış, bu müddətdə Hüqonun xaç atası general Lahori ilə sevgi macərası yaşamışdı. Sofi Hüqo 1803-cü ildə uşaqlarının yanına gələrək onlarla birlikdə Parisə qayıdır. Hüqo atasıyla keçirdiyi uzun səyahətlər zamanı saysız-hesabsız insanın əsgərlər tərəfindən edam olunmasının şahidi olmuşdu. Onda dərin izlər buraxan və diksinərək xatırladığı bu uşaqlıq müşahidələrinə əlavə olaraq on yaşında olarkən anasının sevgilisi general Lahori də dövlətə qarşı olmaqda günahlandırılaraq güllələnmişdi.

Yaşadığı köçəri həyat onun fərqli mədəniyyətlər tanımasına vəsilə olur, digər tərəfdən də ərgənlik vaxtı müşahidə etdiyi ictimai hadisələri anlamağa çalışırdı. Bu dönəmlərdə şeir yazmağa başlayır.

15 yaşı olanda Fransız Akademiyasının keçirdiyi müsabiqədə qalib olur. Anasıyla atası 1818-ci ildə boşanır, Hüqo qardaşları ilə Parisdə yaşamağa başlayır. Onlar analarının rəfiqəsinin uşaqları ilə yaxın dost idilər. Gələcək  sevgisi və həyat yoldaşı Adel də bu uşaqlardan biri idi. Tətilləri isə atalarıyla birgə İtaliya-İspaniya arasında keçirirdilər. Hüqo və qardaşı Parisdə olanda yazmağa başlayır və Tuluz  şeir yarışmasından sonra Hüqonun Şatobriana[1]  həsr etdiyi şeiri qardaşı vasitəsilə yayımlanır. Qısa zaman ərzində Şatobriana heyranlıqlarıyla tanınan qardaşlar yazıçının “Konservator” adlı dərgisindən ilhamlanaraq “Ədəbiyyat konservatoru”  adlı dərgi yayımlamağa başlayırlar.

Anasının 1821-ci ildə vəfat etməsi Hüqo üçün sarsıdıcı olsa da, onun həyatında iki yeni dəyişikliyin də başlanğıcı olur… Karyerasındakı ən önəmli addımlardan birini atan Hüqonun ilk kitabı “Odalar və balladalar” yayımlanır və gənc şair gənclik eşqi Adel ilə ailə qurmaq planlarını gerçəkləşdirməyə başlayır.

26 aprel 1819-cu ildə Hüqo və Adel bir-birilərinə eşqlərini etiraf edir və o gündən başlayaraq  üç il nişanlı qalırlar. Bu zaman ərzində cütlük bir-birinə 150-dən çox məktub yazır. Hüqonun anası Adeli sevmirdi, buna görə də nişanlı qaldıqları müddətdə gizli görüşməyə məcbur idilər. Və nəhayət, anası öləndə onlar evlənirlər.

Ailə barəsində Hüqonun bəxtsiz olacağı əvvəldən bəlli idi. Şairin qardaşına şizofren diaqnozu qoyularaq xəstəxanaya yatırılmış, ilk övladları Leopoldinanın iki aylıqkən ölümü isə ailənin xoşbəxtliyini daha da kölgələmişdi. İkinci uşaqları doğulanda ailənin üzərindəki qara buludlar qısa müddətliyə də olsa qalxdı.

Adel və Viktor cütlüyünün ailə həyatlarının ilk illəri o qədər yaxşı keçirdi ki, hamı onların münasibətinə qibtə ilə baxırdı. Maddi vəzyyətləri düzəlmiş, daha böyük və rahat evə köçmüşdülər.

İyirmi üç yaşında “Şərəfli legion ordeni”nə layiq görülmüş gənc  və  tanınmış  yazıçının arvadı çox yaxşı ana olmasına baxmayaraq, ədəbiyyat dünyasına yad idi.

Bu böyük ədəbiyyat adamının məsləkdəki yüksəlişi ailə həyatına yansımadı. Adel çox vaxt yalnız qalırdı, ailə həyatının 8-ci ilində artıq onun Hüqoyla heç bir münasibəti qalmamışdı. Adel eynilə Hüqonun anasının etdiyi kimi marağını başqasına –  Hüqonun dostu Şarl Sent-Bövə yönəltdi. Sent-Böv Adelə aşiq olmamışdan öncə Viktor Hüqo  haqqında tərifdolu məqalələr yazırdı. Bir çox ədəbiyyat adamı və məsləkdaşı kimi Hüqonun yazıçılıq istedadına və yenilikçi dünyagörüşünə heyran idi. Adellə yaşadığı yasaq münasibət çox keçmədən onun Hüqoya qarşı təzadlı duyğulara qapılmasına yol açdı. 1830-cu ilə aid məktubda:

“Əgər necə təzad yaşadığımı bilsəydiniz, sizin ləyaqətinizi sındıran bu adama yazığınız gələrdi. Bəzən ümidsizlik və qəzəblə doluram, bəzən isə içimdən sizi öldürmək keçir. Məni bu cür düşüncələrimə görə bağışlayın. Daha sizinlə görüşə bilmərəm. Bir daha qapınıza ayaq basmayacağam” – deyə yazırdı.

Hüqo bu münasibətdən xəbər tutanda soyuqqanlılığını itirmədi, ancaq Sent-Bövlə olan bütün əlaqələrini kəsdi. Hüqo illərlə davam edən sevgisini arvadına yazdığı məktublarda dilə gətirməyə çalşsa da, heç cür onunla əvvəlki kimi ola bilmədi.

Adel yasaq eşq yaşarkən Hüqonun da həyatı başqa məcraya girmişdi. Onun dramları uğurla səhnələşdirilirdi. O, “Ernani” dramı ilə dahiliyini bir daha isbat etdi. Ardınca “Paris Notr-Dam kilsəsi”ni yazmağa başladı.

1834-cü ildə Sent-Böv Viktor Hüqonun “Mirabo haqda etüd” məqaləsinə və bir il sonra yayımladığı “Axşam nəğmələri” kitabına düşmən mövqeli tənqidi yazı yazdı.

Adel sevgilisindən gələn məktubları məhv etməsinə baxmayaraq, yoldaşına olan soyuq, məsafəli münasibətini davam etdirir, Hüqonunsa saf uşaqlıq eşqi küllənirdi. Hüqo artıq özündə daha öncə heç fərqinə varmadığı dəyişikliklər müşahidə edirdi. O, bədəni və özüylə barışıq idi. Çox keçmədən Culyetta Düreni itmiş hislərini coşduracaqdı. Adel eyni dönəmlərdə yoldaşını itirməmək üçün mücadilə etdi, lakin Hüqo artıq onu sadəcə dost kimi qəbul edirdi. Boşanmadılar… Bəzən iki can yoldaşı kimi yan-yana, bəzən də uzaq qohum kimi məsafəli yaşadılar. Sürgün illərində də bir müddət onu müşayiət edən Adel sonralar şairin pul və nəşriyyat işlərini idarə etmək üçün Brüksel, Cersi, Qernsi və Paris arasında gedib-gəldi. Adel  1863-cü ildə avtobioqrafiya yazmağa başladı. Sonralar bəzi bölümləri nəvələri tərəfindən senzuraya məruz qalan kitabda Adel uşaqlıq illərindən son dönəmlərə qədər yaşadıqları hadisələri və yoldaşına olan duyğularını dilə gətirmişdi. Hüqo çeşidli qaynaq və məlumatlarla kitabın yazılmasına dəstək oldu. Maraqlıdır ki, kitabda Culyetta Dürenidən bəhs edilməyib.

Üç il sonra Hüqo dostu Bodlerə kitabı oxuduğunu və yoldaşının bu əsərlə onu çox sevindirdiyini söyləmiş və bir məktubda yazmışdı:

 “Madam Hüqo bu dünyada ən qədim dostumdur”.

Adel 1868-ci ildə beyin qanaması keçirərək dünyasını dəyişdi. Hüqo sürgündə olduğu üçün cənazəni Fransa sərhəddinə qədər müşayiət edə bildi. Ölümündən bir ay öncə Adel ərinə bunları yazmışdı: “Sənin qollarında ölmək ən son arzumdur”.

Culyetta Düreni, şübhəsiz, Adelden sonra Hüqonun həyatında mühüm yer tutan qadınlardandır. Yetim qız dayısının himayəsində böyümüş, təhsilini Paris monastırında tamamlamışdı. Culyetta 1825-ci ildə heykəltəraş Ceyms Pradyeyə[2] modellik etmiş, bir müddət sonra isə sevgilisi olmuşdu. Onların Klara adlı qızları da vardı. Dörd il sonra Pradyenin məsləhətilə aktrisalığa başlayan Düreni karyerasının əvvəlində – 1833-cü ildə Hüqonun əsəri “Lukretsia Borcia”da şahzadə Neqronini canlandırdı.

Qarşılaşdıqları gündən etibarən əlli il müddətində ayrılmayan cütlüyün münasibəti Hüqonun yersiz qısqanclıqları və sədaqətsizliyi ilə fırtınalı mərhələlərdən keçdi. Neqroni roluyla böyük uğur qazanan Düreni Hüqonun növbəti əsərində bunu təkrarlaya bilmədi.  Gündə iki, hətta üç dəfə səhnəyə çıxan, kulisdəki intriqalara dözə bilməyən aktrisa şair uğrunda karyerasını qurban vermiş, adətən “qapatma”sı kimi özünü ömrünün sonunadək ona həsr etmişdi. Həm atasının, həm öz ailəsində gördüyü sədaqətsizliklərə görə, Hüqo hər zaman Düreninin vəfasız olacağı şübhəsiylə yaşayırdı. Halbuki, Düreni o olmadan evdən belə çıxmırdı. Culyetta Düreniylə Hüqonun bir-birilərinə yazdıqları məktubların sayı iyirmi minə yaxındır. Aşiqlər öldükdən sonra bu məktublar kitab halında nəşr olunub.

Viktor Hüqonun həyatına anası Sofi, Adel və Culyettadan başqa təsir edən bir qadın da vardı ki, onunla olan bağı həyatında böyük dəyişikliyə səbəb olacaqdı.

Hüqonun böyük qızı Leopoldina ilə arasındakı sevgi o qədər böyük idi ki, qızının ailə qurub evdən getməsindən sonra 17 fevral 1843-cü ildə sevgilisi Culyettaya belə yazmışdı: “Məni tərk edir. Üzgünəm. Yoldan keçən yad tərəfindən gülü qopardılan bir gül ağacı qədər üzgünəm. Bir az əvvəl ağladım…”

Hüqonun 1837-ci ildə işıq üzü görən kitabında gənc qıza həsr etdiyi şeiri Leopoldinanın faciəvi sonunun xəbərçisi idi sanki.

Şeirin yazılmasından 6 il sonra 4 sentyabr 1843-cü ildə Leopoldina 7 aydır evli olduğu əri Şarl Vaeri ilə Sena  çayında qayıq gəzintisi zamanı boğulacaqdı. Əri çox yaxşı üzgüçü olmasına baxmayaraq, onu xilas edə bilməyəcək və özü də həlak olacaqdı.

 Sevgilsiylə İspaniya səyahətindən qayıdan Hüqo xəbəri öyrənəndə çox sarsılmışdı. Bir gün sonra dostu Luis Berlinə belə yazırdı:

“Oxudum. Və beləcə həyatımın, qəlbimin yarısının öldüyünü öyrəndim. Aman Allah! Mən sənə nə etdim?! O, dünyada cənnəti yaşamağımızı istəmir. Onu geri aldı. Ah, mənim zavallı mələyim. Onu bir daha əsla görməmək…”

Hüqo qızı öldükdən sonra “Düşüncələr” adlı  kitabını yazacaq və yaşadığı acı əsərdəki ən təsirli şeirlərdə əks olunacaqdı.

Leopoldinanın yoxluğu Hüqonun varlığını, həyatını sorğulamasına səbəb olmuşdu. Belə çıxılmaz vəziyyətdə olması hadisələri və duyğuları daha qlobal şəkildə ələ almasına yol açdı.

Qızı öldükdən sonra səssiz və depressiv hallar yaşayan Hüqo bu dönəmdə kitab nəşrinə də ara verdi. Hüqoya sadəcə romantik, özünü işinə həsr etmiş insan kimi yanaşmaq haqsızlıq olardı. Eşq və erotizm, şübhəsiz, Hüqonun şəxsiyyətinə və əsərlərinə təsir edən önəmli anlayışlardır. Qadınlara düşkünlüyü və seksdən doymayan həvəsilə Hüqo ikinci arvadı kimi gördüyü Culyettanı da aldadacaqdı. Culyetta ilə münasibəti Hüqonun gənc və ailəli Leoni Biard ilə fırtınalı bir münasibətə girməsinə əngəl olmadı. 2 iyul 1845-ci ildə Yüksək Məclis nümayəndəsi olan Hüqonun bu münasibəti qəzetlərdə dərc olunur və hər yerdə danışılmağa başlayır. Biard Hüqonun ona yazdığı ən ehtiraslı məktubları Culyettaya göndərənə qədər onun bundan xəbəri yox idi. Məktublardan başqa ədəbiyyat mühitinin “Viktor Hüqonun sonu” kimi səciyyələndirdiyi qalmaqal da baş verdi. Leoni Biardın əri münasibətin üstünü açmış, gənc qadın cəzalandırılmışdı. O dövrün mədəni qanununa görə zina edən qadın 3 aydan iki ilə qədər manastıra qapadılır, kişi isə həps olunurdu. Hüqo məclis üzvü olduğu üçün həbsdən canını qurtara bildi. O, düşmənlərini sevindirən bu qalmaqalın öhdəsindən qısa zamanda gəldi və yenidən işinə qayıtdı.

Hüqo Napaleon Bonopartın 1848-ci ildən sonrakı namizədliyini dəstəkləmiş olsa da, 1851-ci ildə səfərdə olanda gözləmədiyi sosial ədalətsizlik onu sarsıtmışdı. Millət vəkili kimi etdiyi çıxışlarda şair təhsil və media azadlığını ön planda tutmuş, edam cəzalarına, düşərgələrə və səfalətə qarşı olduğunu bəyan etmişdi. Yaşadığı yüzilliyə damğasını vuran ədalətsizliklər siyasi mövqeyinə dərindən təsir edərək, onu böyük humanistə çevirmişdi.

1851-ci il inqilabında Hüqo diktaturaya qarşı durdu və qatıldığı  nümayişlərdən birində ən yaxın dostlarından biri olan millət vəkili öldürüldü. Bir müddət gizlənən Hüqo sevgilisi Culyettanın köməyi ilə saxta sənədlərlə Fransadan uzaqlaşdı. Öncə Brükselə, sonra Cersiyə getdi. III Napaleon ümumi əfv elan etsə də, o, Fransaya dönmədi. Çünki onun üçün hələ də  azadlığın olmadığı ölkəsinə dönmək var olan hökuməti də qəbul etmək deməkdi. Onun yerinə mənzərəli otağında “Cəzalar”  və dörd cildlik şahəsəri “Səfillər”i yazmağa başladı.

Biarla olan macəradan sonra Hüqo sakitləşmişdi. Gənc aktrisalar, xidmətçilər, fahişələrlə də əlaqəsi olurdu. Gün keçdikcə görünüşünə daha çox heyran olan və “budur, dahilik burdan meydana gəlir” deyəcək qədər özünə güvənən Hüqo Alisa Ozi adlı gənc teatr aktrisası ilə də qısa müddətlik macəra yaşamışdı. Ozinin şairdən ona bir neçə misra yazmasını istəməsindən sonra Hüqo ona dördlük hədiyyə etmişdi.

Xəyanətə daha dözə bilməyən Culyetta 1873-cü ildə Brükselə köçür. Çox zaman keçmədən şair sevgilisinin qəlbini yenidən fəth edir. Ancaq bu barışıq əsla şairin daha ayağısürüşkənlik etməyəcəyi anlamına gəlmirdi. Belə ki, Hüqonun hesab dəftərində “fəqirlərə ianə” adı altında həyat qadınlarına ayırdığı büdcəsi belə vardı…

Hüqo 1870-ci ildə III Napaleon Sedanda təslim olub Paris cümhuriyyət elan edildikdən sonra vətəninə dönməyə qərar verdi.

Yetmiş yaşına yaxınlaşan şair ölkəsinə “Yaşasın Viktor Hüqo” sədaları və alqışlarla daxil oldu. Hüqo ölkəyə qayıdandan bir il sonra – 1871-ci ilin fevralında millət vəkili seçildi.

Bir müddət sonra oğulları vəfat etdi, arvadının adını daşıyan qızı Adel isə qardaşı kimi şizofreniya diaqnozu qoyularaq dəlixanaya yatırıldı. Hüqo millət vəkilliyindən sonra senator oldu və ömrünün sonuna qədər ədalətsizliyə, edam cəzasına qarşı mücadilə edərək xalqların azadlığı və qardaşlıq üçün çalışdı.

Culyetta şairin bütün sədaqətsizliklərinə rəğmən ondan ayrılmadı. Alisa Ozi, Leonie Biard və bir çox başqa qadınlarla yaşananlar artıq unudulmuşdu.

Onlar şairin nəvələri ilə birlikdə eyni evdə yaşayırdılar. Hüqo ilə şahzadə Neqroninin yarım əsr davam edən sevgiləri Culyettanın 1883-cü ildə ölümü ilə ədəbiyyat tarixindəki yerini aldı.

Culyettadan iki il sonra Hüqo dünyasını dəyişdi və cənazəsi iki milyona yaxın insanın iştirakı ilə 1 iyun 1885-ci ildə Panteonda[3]  dəfn edildi. Vəsiyyətində yazılmışdı:

 “Yoxsullara 5000 frank vəsiyyət edirəm. Cənazəmin məzarlığa onların arabasıyla  daşınmasını istəyirəm. Heç bir kilsə mənə dua oxumasın. Hər kəsin mənə dua etməsini təvəqqe edirəm.

Tanrıya inanıram”.

Tərcümə etdi: Asifə Əfəndi, mənbə “Ustad” jurnalının 14-cü sayı.

[1]Fransız yazıçısı, siyasətçi, diplomat, konservator, romantizmin ilk nümayəndələrindən biri.

[2] İsveçrə əsilli fransız rəssamı və heykəltəraşı Jan Jak Pradye (Ceyms Pradye) 23 may 1790-cı ildə İsveçrədə (Cenevrə) doğulub.

[3]Fransız klassizminin nümunəsi olan bu tarixi abidə Parisdə yerləşir. Əvvəllər müqəddəs Jeneveva kilsəsi kimi düşünülsə də, sonradan Fransanın dahi insanlarının məzarı kimi istifadə olunub. Girişdə “Vətən dahilərinə minnətdardır” yazılıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10