Daim xatırlanacaq böyük dramaturq

72 Baxış

 1shixeliqurbanov Xatırlanasılar….                          

Rövşən Yerfi

 

Xalq onu hər il Novruz bayramında heç bir göstəriş olmadan minnətdarlıqla xatırlayır. Təkcə bir xidmətinə görə: sovet dövründə ilk dəfə olaraq 1967-ci ildə dövlət səviyyəsində Novruz bayramının təntənəli təşkilinə görə. Haqqında yüzlərlə yazılar yazılıb. Və gələcəkdə də yazılacaq …

Şıxəli Qurbanov dövrünün dövlət işlərində çalışan  tanınmış şəxsiyyətlərindən idi:  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1966-cı ildən ömrünün sonunadək) olub, Azərbaycan SSR Ali Sovetinin iki dəfə (V və VI çağırış) deputatı seçilib.

Mən isə bu yazımda onun əsasən unudulmaqda olan ədəbi fəaliyyətindən danışacağam.

Şıxəli Qurbanov böyük  ictimai xadim olmaqla yanaşı həm də ədəbiyyatşünas alim – filologiya elmləri doktoru və tanınmış dramaturq idi. O, 1925-ci ildə Bakıda anadan olmuşdur. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə getmiş, Sovet Ordusu tərkibində  zabit kimi Polşa və Almaniyada döyüşmüşdür. Hərbi xidmət zamanı kapitan rütbəsinədək yüksəlmişdir.

Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsilini tamamlayaraq orada Azərbaycan ədəbiyyatı kafedrasında aspirant olmuş, eyni  zamanda  həmin ali məktəbdə rus ədəbiyyatı müəllimi işləmişdir. Otuz yaşında  – 1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Yazdığı bu elmi iş 1957-ci ildə ilk kitabı kimi çap olunmuşdur. 1965-ci ildə isə doktorluq dərəcəsini müdafiə etmişdir.

Şıxəli Qurbanov elmi nailiyyətlər əldə etməklə birgə ədəbi fəaliyyətlə də məşğul olmuş, lirik şeir, poema, hekayə və tənqidi məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. Hələ on iki yaşında, Pionerlər evi tərəfindən buraxılmış “Şeirlər məcmuəsi”ndə  “Hərbə hazıram”  adlı ilk şeiri dərc edilmişdir. O, daha çox ictimai mövzularla bağlı onlarla şeirlər yazmışdır.

Yazıçının ilk məlum nəsr əsəri 1963-cü ildə “Kirpi” jurnalında çıxmış “Telefon zəngləri” hekayəsidir. Ondan artıq satirik dəyər daşıyan hekayənin müəllifidir. Müxtəlif  nəşrlərdə ”Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları” adlı hekayələri, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu” hekayəsi də çap olunmuşdur.

Şıxəli Qurbanov eyni zamanda möhtəşəm komediyalar yazan böyük dramaturqdur. O, “Rəis məşğuldr”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət” pyeslərini və “Bahadır və Sona” liberettosunu qələmə almışdır. Onun komediyaları ölkəmizin əksər teatr səhnələrində  oynanılmışdır. Bu komediyalar bir çox istedadlı aktyorlarımızın xalq tərəfindən sevilməsində əvəzsiz rol oynamışlar. “Sənsiz”pyesi SSRİ-nin bir sıra şəhərlərində, Bolqarıstanda tamaşaya qoyulmuşdur.

Sağlığında üç, müstəqillik dövrünədək isə on üç kitabı çap olunub. I991-ci ildən bəri ötən iyirmi üç illik bir dövrdə təəssüf ki, hansısa əsərinin çapdan çıxması barədə məlumat yoxdur.

1967-ci ilin may ayının 24-də müəmmalı ölümü ilə əbədiyyətə qovuşan Şıxəli Qurbanov heç vaxt unudulmayacaq yazıçı vətəndaş olaraq daim könüllərdə yaşayacaqdır. Şübhə etmirəm ki, qədirbilən xalqımız onun  bu il, avqustun 16-da anadan olmasının 90 illiyini də qeyd edəcəkdir.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10