Damarlarında türk qanı axan rus yazıçısı Mixail Zaqoskin

12 Baxış

138017

Bütün Peterburq, bütün Rusiya “Yuri Miloslavski” kitabını oxuyurdu. Hara gedirdin, harda olurdun, söhbət həmin kitabdan düşürdü. “Yuri Miloslavski və ya ruslar 1612-ci ildə” əsərinin qəhrəmanları gənc ürəklərdə vətənpərvər duyğuları oyadıb canlandıra bilmişdi. Ürəklər Vətən eşqiylə lərzəyə gəlmişdi. Bu tarixi əsər çox cazibədar bir dildə yazılmış macəra dolu maraqlı bir kitab idi; rus xalqının 1612-ci ildəki Polşa-Litva istilasına qarşı qalxışdığı milli azadlıq mübarizəsinə həsr edilmişdi. “Yuri Miloslavski”də hər bir ailə öz babalarını görüb tanıya bilirdi. Hər ailənin öz kitabı var idi. Amma hər kitaba da belə tale müyəssər olmur.

Puşkin kitabın müəllifinə – yazıçı Zaqoskinə vəcdlə yazırdı: “Aludəçiliklə oxuduğum romanınızı ona görə yarıda kəsirəm ki, sizə ürəkdən təşəkkür edim “Yuri Miloslavski”yə görə. Təbrik edirəm, müvəffəqiyyətinizi, oxucuları da hazırkı epoxanın ən yaxşı əsərinə malik olduğuna görə”.

Bu əsər indiyə qədər yalnız öz qələm yoldaşlarının və ya həmfikirlərinin kiçik dairəsinin tanıdığı bir yazçının əsəri idi. Patriarxal rus həyatını dərindən əks edən bu əsərin ayrı-ayrı səhnələri tütünqabıların, örpəklərin, dəsmalların üzərinə nəqş olunmaqla bu böyük ölkənin hər yerinə yayılır, sadə xalq kütlələrinə – oxumaqdan, yazmaqdan uzaq olan camaat arasına müəllifin çıxarıb məşhurlaşdırırdı. Bu əsərdən sonra xalq onun bundan əvvəl və sonra çıxan kitablarına aludə olub oxumağa, əldən ələ ötürməyə başlayırlar.

Bu yazıçı Zaqoskin Mixail idi. Əvvəl-əvvəl hələ tale uğurları ondan uzaq idi. “Yuri Miloslavski”nin müəllifinə bəxt hələ sonra yar olacaqdı. Hələlik o Penza vilayətindən qoşub paytaxta bəxt aramağa gələn minlərin biri idi. Əvvəlcə o az maaşlı işlərdə tez-tez bu iş yerlərini dəyişə-dəyişə çalışmaqdadır.

Əslində ata-babaları Penzada hədsiz var-dövlətə malik idilər. O Qızıl Orda dövrü əyanlarından olan Şavkal və ya Şevkat Akbulat oğlunun törəməsi idi.

Zaqoskinlər nəslinin ulu babası Şavkal 1472-ci ildə böyük knyaz III İvanın yanına xidmətə gəldi. Başqa çarəsi yox idi. Çar hücum edib Qızıl Ordanın paytaxtı Sarayı qarət edib yandırmışdılar. Şevkat Ak Bulatoviç yeni mühitdə daha çox özünün Zaqoska ləqəbi ilə məşhur oldu. İndi belə adlanırdı: Zaqoska Aleksandr Akbulatoviç (Zaqoska zaqir, zağar izaqor “qalib, hiddətli, sərt” sözündən). Elə törəmələri də özlərinə soy adı götürəndə bu ayamadan istifadə etdilər. Zaqoskinin öz oğlunun və dostu yazıçı S.T.Aksakovun yazdığına görə yazıçı belə bir qədim və şöhrətli ailəyə mənsub olması ilə fəxr edirdi.

Şavkal Akbulat oğlunun nəslindən çıxanlar voevoda, süfrəçi olmuş, müxtəlif səfirliklərdə çalışmışdılar.

Yazıçı özü də ata-babalarının mülkü Penzada, Ramzay kəndində 1789-cu ilin 14 iyulunda anadan olmuşdu. Rus tarixi romanını ilk olaraq yazmaq ona nəsib olmuşdu. Bu əsərə kimi onu komediyanəvis və xarakteri, xasiyyətincə də şən, zarafatcıl adam kimi tanıyırdılar. İndi isə bu tarixi roman onun gözlədiyindən də artıq yazıçıya uğur, həm şöhrət, həm də pul gətirdi.

Üstəlik çar özü bu kitabı da, ardınca çıxan yeni tarixi romanı – “Roslavlev”i oxumuşdu. Yüksək qonararla bərabər, daha böyük lütf göstərərək onu Moskva teatrlarının direktoru təyin etdi. Az keçməmiş yazıçını saraya qulluğa dəvət etdilər. Çar özü onu Saray kamerheri (otaqçı) vəzifəsinə keçirir. Bu kitaba görə aldığı əmək haqqına o indiyədək yaşadığı qaynatasının evindən yeni aldığı dəbdəbəli evinə köçür. 1830-cu ildə Moskvaya gələn gənc çar I Nikolay onunla görüşmək arzusunda olduğunu bildirir. Əlini sıxaraq “Mən özümə heç vaxt bağışlamazdım ki, Moskvada ola-ola “Yuri Miloslavski”nin müəllifilə görüşüb tanış olmamışam”.

Bu görüş damarlarında türk qanı axan yazıçının ürəyində dərin təəssüratlar yaratdı. O hər zaman qədir bilənliklə bu şah lütfünü unutmur, yad edirdi. Çar Nikolaya bəslədiyi sədaqəti ömrünün sonuna kimi qəlbində hifz edib saxladı.

Əmir Ak Bulatın kötücəsi bu gün ən mühafizəkar bir xristian, fanatik bir rus vətənpərvəri kimi ad çıxarmışdı. Moskvanı heç nəylə müqayisə edə bilmirdi. Etiqadınca isə qatı pravoslav idi; dostları bu hədsiz dindarla yol getməkdən bıqmışdılar. Kilsələrlə dolu Moskvada hər addım başı arabanı (karetanı) saxlayır xaç çəkib dua oxuyurdu; onun atları sahibinin xarakterindəki bu vərdişi hiss etdiyindən kilsələrin yanında özləri dururdu. Cümə günlərinə uğursuz bilib heç nə planlaşdırmazdı. Vorobyov dağından – öz bildiyi müşahidə nöqtəsindən Moskvaya tamaşa edib riqqətə gələrək ağlamaq adətləri – qəribəlikləri vardı.

Yazıçı bahadırlara məxsus bədən quruluşa, fiziki gücə malik idi. Onun çox vaxt nidalarını və suallarını eşidərkən nərə çəkdiyini zənn edirdilər. Bir dəfə dünyanın məşhur pəhləvanı Rappo Moskvaya gəlir. Öz gücü ilə öyünməyi sevən və eyni zamanda xariciləri, xüsusən almanları görməyə gözü olmayan Zaqoskin “düşmənini” utandırıb məğlub etmək istəyir; Rappo ilə təkbətək güləşə çıxmaq istəyir, amma rütbə və tutduğu vəzifə buna mane olur – onsuz da neçə vaxt idi ki, kabinetində möhkəm dəmir çubuqları əyir, ağır çəki daşlarını qaldırır, vurub-yıxırdı.

Bunlar təkəbbür dərəcəsinə qalxmasa da, onda xudbin bir millətçilik (bəlkə də şovinizm) vücuda gətirirdi. Odur ki, Slavyanofillər onun dostu – qardaşı idi; Aksakovlara da cani-dildən yaxınlaşıb qovuşması buradan irəli gəlirdi.

Nəhayət 1842-ci ildə Moskva teatrlarının direktoru vəzifəsindən öz ərizəsi ilə azad olunur. Daha məsul və şərəfli bir mövqeyə keçirilir; Rusiya Dövlət Silah Palatasına direktor təyin edilir.

İndiyədək nə yazmışdısa da, nə qədər ilhamla, məsuliyyətlə olsun heç biri “Yuri Miloslavski” təravətinə və gücünə dola bilməmişdi. Lakin onun bu dövrdə yazmağa başladığı 4 cildlik “Moskva və moskvalılar” (1842-ci ildən 1850-ci illər arasında çap olunmuşdur) kitabı özünün zəngin fakt və materiallarının bolluğuna görə diqqəti cəlb edir. Kitab o qədər maraqlı və həyat təcrübələrilə zəngindir ki, yazıçının iti və canlı müşahidələrinin miqyasına heyrətlənməyə bilmirsən. Bu da təsadüfi deyil, 30 il idi ki, heç Moskvadan ayağını qırağa qoymamışdı. Bu dördcildliyin əhatə etdiyi materialları Moskvaya və onun əhalisinin məişətinə, həyat tərzinə, əxlaqına aid məqalələr, hekayələr təşkil edir. Bu kitablar xüsusən moskvalıların böyük oxucu marağına səbəb oldu. Çünki onlar bu kitabın səhifələrində bir çox tanış sima görür, bir çoxları isə burada hökmən tanış adamları axtarıb tapmaq istəyirdi.

Bunlarla bərabər, yazıçı hökmən təkrar olaraq tarixi romanlara qayıtmaq fikrində idi. Odur ki, Pyotrun hakimiyyətinin ilk illərindən bəhs edən “Brın meşəsi” adlı 2 cildlik romanını 1846-cı ildə yazıb tamamladı və tezliklə çap etdirdi. Əlbəttə, bu əsərdə də “Yuri Miloslavski” talantının gücü hiss olunurdu. Oxucular isə yazıçının Miloslavskiyə görə qazandığı qələbəni bu yeni kitabla yerə vurmaq istəmirdilər. Ədalətlə baxılsa, görünər ki, bu kitab heç nəylə ilk tarixi romandan geridə qalmır. Sadəcə əsas iş onda idi ki, o ilk yazılmışdı; onun yerinə bu kitab əvvələ düşsəydi, onda uğur bu yeni kitabın olacaqdı. Yazıçının şirin dili və üslubu onun səmimi, açıq xasiyyətindən xəbər verirdi. Bu səmimiyyət və təbiilik o dərəcədə idi ki, qəhrəmanların acı taleyinə hönkür-hönkür ağlayar, günlərlə özünə gələ bilməzdi. Qəhrəmanlarına olan bu qəlb bağlılığı oxucularla da onun könül yaxınlığına səbəb oldu.

Zaqoskin böyük irs qoyub getmişdir. 29 cildlik roman, povest, hekayə, 17 komediya və 1 vodevil.

Müasirlərinin söylədiyinə görə onun qapqara gözlərində səmimiyyət qığılcımları oynaşır, onun xasiyyətinin əsas əlaməti olan xeyirxahlıq da elə bu gözlərdən aşıb daşırdı.

Dostu və bioqrafi yazıçı Sergey Aksakov onun xatirəsinə həsr etdiyi məqaləsində yazır: Zaqoskinin xarakterinin əsas keyfiyyəti bunlar olmuşdu: vicdanlı olmaq, şənlik, qeyri-məhdud dairədə xeyirxahlıq və hər şeyə inanmaq. Sonuncu xasiyyətini “uşaq xasiyyəti” adlandırsalar da insanlar çox vaxt belə adamlara hörmət etmir, fürsət tapan kimi belə adamları aldadırlar. Fikirləşirlər ki, “düzlər elə düzdə də qalmalıdır”.

Heç kimin dalınca danışmaz, başqaları bu qüsura yol verdikdə belə bundan xoşlanmadığı duyulardı. Tez özündən çıxıb coşduğuna görə bəzən istəmədən xatirlərə dəyərdi, dərhal peşman olar, hətta bəzən həmin adamı günlərlə arayıb tapar, könlünü alardı.

Deyəsən, türklük, türkanəlik neçə yüz illərdi Şovkəl Akbulat oğlunun nəsillərinin qanından heç bir damla da əskilməmişdi.

Prof. Minaxanım Təkləli-Nuriyeva