“Danabaş kəndinin əhvalatları”nın poetikası – Kamran ƏLİYEV yazır

16 Baxış

photo_4721

I məqalə

Cəlil Məmmədquluzadə yaradıcılığının mövzu, ideya, janr rəngarəngliyi və daha geniş mənada bu yaradıcılığın poetika-sənətkarlıq gücü bütün inkişafı boyu həm tarix, həm də ənənə baxımından “Danabaş kəndinin əhvalatları” əsərindən keçib gəlir. Mötəbər sənətkar şəxsiyyəti, yüksək ideallarla yaşamaq arzusu, insana olan tükənməz sevgi, bədii sözün qüdrətini duymaq peşəkarlığı bu sənət möcüzəsini yaradan amillərdəndir.

Povest Sokratdan gətirilən epiqraf və proloqla (“Bir yüngülvarı müqəddimə”) başlayır, “Xitamə” adlanan epiloqla bitir. “…Əhvalatlar”ın “Bir yüngülvarı müqəddimə”sində sakit bir həyat mənzərəsi görünür və biz onu rahatlıqla seyr edirik. Bu mənzərəni elə ilk tanış olduğumuz iki şəxs, iki obraz – Lağlağı Sadıqla Qəzetçi Xəlil yaradır. Yalnız “Bir yüngülvarı müqəddimə”də deyil, həyatda da rastlaşdığımız bu adamlarla tanışlıq insanın iç dünyasında yüngül bir gülüş doğurur və təkrarolunmaz doğmalıq hissi oyadır. Əslində, daxili rahatlığın əsası həmin adamların bir-birindən o qədər də fərqlənməməsi, mətndə isə elə bir güclü ziddiyyətin yaranmaması ilə bağlıdır. Bu baxımdan Xəlillə Sadığın yaşları, demək olar ki, eynidir: otuz yaş. Birinin uca, digərinin alçaqboylu, birinin qara, digərinin ağımtıl, birinin kosa, digərinin topa saqqal, birinin gözlərinin salamat, digərinin zəif olmasına baxmayaraq, onların sosial mövqeyi eynidir. Xəlilin qoltuqçu (çit-mit alveri edən), Sadığın isə baqqal (duz, kişmiş, maxorka tütünü satan) kimi gün-güzəran keçirmələri onların simasında eyni peşənin sadə təbiətli, heç bir iddiası olmayan sahiblərindən danışmağa əsas verir. “Hər ikisinin Allah-Taalanın kasıb bəndələrindən” olmalarını da buraya əlavə etsək, kiminsə bu kişilərdən ziyan görəcəyini düşünmək tamamilə yersizdir. Lağlağı Sadığın danışdığı və Qəzetçi Xəlilin qələmə aldığı əhvalatların toplanıb bir kitab halında çap edilməsi və bu kitabların əhaliyə “müftə paylanması” barədəki arzular onların vətəndaşlıq mövqeyini də ortaya qoyur.

Qəzetçi Xəlillə Lağlağı Sadıq nəinki özləri bir-birlərinə, hətta bütün kənd əhlinə bir gözlə baxırlar. Bunun ən bariz nümunəsi onların kənddəki bütün şəxslərin ayamalarının olmasından ağızdolusu danışmalarıdır. Doğru-dürüst, adama yaraşan ayama qazanmaq ad qazanmaqdan qat-qat çətindir. Təbii olan budur ki, insan doğulanda ona adı valideyn, yaxud qohum-əqrəba verir, indiyə qədər bu dünyada heç kəs adsız qalmayıb. Amma ayama xalqdan gəlir, ayama “xalqın gözü tərəzidir” üsulu ilə yaranır, kimə ünvanlanıbsa, ona da yaraşır. Müqəddimədə onlardan bir neçəsi xatırlanır: girdik, dəvə, yalançı, eşşək, dovşan, nəhayət, lağlağı və qəzetçi. “Qəzetçi”dən başqa bunların hamısını kənd əhli özü düzəldib, “qəzetçi” ayamasının müəllifi isə Mirzə Cəlil özüdür.

“Bir yüngülvarı müqəddimə”dən fərqli olaraq, povestin əsas hissəsi (“Eşşəyin itməkliyi”) təzadlar və ziddiyyətlərlə doludur. Müqəddimədə “çörək” və “düyü” sözləri üstündə Axundla Lağlağı Sadığın toqquşması əsas hissədəki qarşılaşmalar müqabilində “toya getməlidir” və o toqquşmaya, adamın üstündə Allah var, heç ziddiyyət də demək olmaz. “Eşşəyin itməkliyi” əsas hissə olduğuna görə orada inikas olunan ictimai təzadlar daha kəskindir və o dövrdə mövcud olmuş cəmiyyətin əks-sədası kimi başa düşülməlidir. Amma bu təzad və ziddiyyətlərə, hətta onların inkişaf edərək qarşıdurmalara çevrilməsinə ideya qütbləri ilə yanaşı, poetika vahidləri kimi baxmağa, onları bədiilik aspektindən dəyərləndirməyə də böyük ehtiyac duyulur.

“…Əhvalatlar”ın bədii mətni ilə cəmiyyət və gerçəklik, eyni zamanda mətndaxili struktur vahidlər arasında gözlənilməz və gözəgörünməz harmoniya var. Əsərdə mövcud cəmiyyətin eybəcərliklərini göstərmək, insan taleyinin gizli tərəflərini aşkara çıxarmaq, əzab və işgəncənin qurtaracağını səbirlə gözləmək, haqq və ədalətin intizarında olmaq, eyni zamanda mətnin zəncirvarı əlaqələrini təmin etmək, mətnin ifadə mənzərəsi ilə fikir və ideya arasındakı incə bağları qurmaq – hər şey, hər şey eşşəkdən və eşşəklə başlayır.

Məhəmmədhəsən əminin eşşəyinin itməkliyini müəllif digər eşşəklərin itməyindən fərqləndirir: “Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdur” (s. 8). “Bir tük qədər oxşarlığın olmaması” digər ictimai-sosial fərqliliyə də yol açır. Eşşəyin itməsi ilə Məhəmmədhəsən əmi zəvvar ola bilmir və Xudayar bəy onun “ziyarət şövqünü” tamamilə öldürür. Bunun əksinə olaraq itirilmiş eşşək Xudayar bəyin arzularının həyata keçməsində müəyyən vasitə olur.

Yalnız bədii mətn ilə cəmiyyət arasında deyil, dil faktı ilə, yəni hər hansı bir sözlə, ifadə ilə təqdim edilmiş obraz arasında da gözlənilməz harmoniya müşahidə olunur. Cəlil Məmmədquluzadə peşəkarlığı obrazların bir-birindən fərqliliyini bəzən eyni varlığı ifadə edən leksemlərin fərqləndirilməsi yolu ilə də canlandıra bilir. Belə bir harmoniya obrazın xarakteri, yaxud siması barədə fikir formalaşdırmaqdan daha çox sırf yaradıcılıq psixologiyası, bir az da diqqət yetirsək, yaradıcılığın öz daxili məzmunundan qaynaqlanan poetika məsələsidir. Həmin məqamlara müəllif tərəfindən əvvəlcədən, düşünülmüş, yaxud məqsədli şəkildə quraşdırılmış faktlar kimi baxmaq doğru deyil, onlar, sözün həqiqi mənasında, təhtəlşüur aktıdır, bəlkə də, yazıçının heç vaxt ağlına gəlmədiyi, bir növ qətiyyən hesaba almadığı və tənqidçilər, ədəbiyyatşünaslar tərəfindən sezilməsi, müşahidə edilməsi son dərəcədə çətin olan fövqəladə bir bədii hadisədir.

“…Əhvalatlar”ın mətnində işlənmə tezliyi baxımından ən çox nəzərə çarpan ifadə, Sizdən çox-çox üzr istəyirəm, “eşşək” sözüdür. Şübhəsiz, burada bədii yaradıcılıq faktı kimi heç bir qeyri-adilik yoxdur, çünki əsərin süjet xətti məhz birbaşa onunla bağlıdır. Açıq deyək ki, Cəlil Məmmədquluzadə yalnız bədii ifadə mədəniyyətinə, milli və xəlqi ideyaların təbliğinə, obrazlar və obrazlılıqla bağlı novatorluğa görə deyil, eyni zamanda oxucular üçün son dərəcə maraqlı əhvalatlar tapmaqda (yalnız “Danabaş kəndinin əhvalatları”nı nəzərdə tutmuram), şübhəsiz, ustad sənətkardır. Ona görə də görkəmli yazıçının “…Əhvalatlar” povestində nəql olunan hadisələrin fonunda daha çox önəm verdiyi və bunun son dərəcə qaçılmaz olduğu nəzərə alınaraq işlətdiyi “eşşək” ifadəsi o qədər də etiraz doğurmur, vulqar səslənmir.

Bir məsələ də ondan ibarətdir ki, mətndə “eşşək” leksemindən müxtəlif məqsədlərlə və müxtəlif rakurslarda istifadə olunmuşdur. Yəni bu qədər yüksək işlənmə intensivliyinə malik olan bir ifadəyə statistik, quru, cansız vahid kimi yox, daxilində məna müxtəlifliyi yaşada bilən leksem kimi baxmaq daha doğru olar.

“Eşşəyin itməkliyi”, şübhə yoxdur ki, birbaşa müəllifə məxsus ifadədir, yəni əsas hissəyə verilən ad heç bir şəriki olmayan müəllif mövqeyidir. Təhkiyəçinin, Lağlağı Sadığın, Qəzetçi Xəlilin bu ada heç bir aidiyyəti və qarışacağı yoxdur. Xatırladaq ki, yaddaşımızda “Kitab yüklü eşşək” adlı başqa bir əsər də var, o halda bu hissəni müəllif “İtən eşşək” də adlandıra bilərdi və həmin nominativlik əsərdəki əhvalatlara heç bir xələl gətirməzdi. Əslində, Cəlil Məmmədquluzadə “Eşşəyin itməkliyi” sərlövhəsində və həmin ifadənin səslənməsində “eşşək”lə bağlı yumşaltma mövqeyi nümayiş etdirir və bunun linqvistik açarı “eşşək” sözündəki “k” səsinin “y” səsinə çevrilməsindədir. Başqa sözlə, “k-y” əvəzlənməsi “eşşək” sözünün dilimizdə geniş işlədilən təhqiramiz damarını tamamilə qırır.

Bir az diqqətlə yanaşmış olsaq, məlum olar ki, Məhəmmədhəsən əminin ölüm-zülüm aldığı “eşşək” deyil, “ulaq”dır: “Axır naəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulaq atdan ucuzdu. Bəlkə, heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti allah-taala yanında tez dərəceyi-qəbula yetişər.

Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş” (s.10).

Elə mətnin başlanğıcında “ulaq” sözünün işlədilməsi bu sözün sinoniminin yarada biləcəyi təhqiramizlik simptomunu aradan qaldırmış olur. Digər tərəfdən, bu, müəllifin Məhəmmədhəsən əmiyə rəğbətinin ifadəsidir, müəllif mövqeyində Məhəmmədhəsən əmiyə olan isti və məhrəmanə münasibət də aydın duyulur.

Eşşək məsələsində Xudayar bəylə Məhəmmədhəsən əmi arasında heç bir dava və ziddiyyət yoxdur. Məhəmmədhəsən əmi Xudayar bəyin “xırda adam” olmadığını yaxşı bilir və onun eşşəyi aparmaq istəyini ürəkaçıqlığı ilə qarşılayır. Hətta Xudayar bəyin bu təklifi onda müəyyən qədər ruh yüksəkliyi də yaradır, çünki Xudayar bəy 300 evi olan və bu ev sahiblərinin də çoxunun eşşəklə Kərbəla ziyarətinə getməyə hazırlaşdığı bir kənddə (hələ eşşəklə ziyarətə gedib gələnləri demirəm) başqasının deyil, məhz Məhəmmədhəsən əminin eşşəyini seçmişdir. Əgər Məhəmmədhəsən əmi Xudayar bəyin təklifinə sevinməsəydi və azca çəm-xəm eləsəydi (burada qorxunu da istisna etmək olmaz!), onun “tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın” əmrinə “Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim”, – deməzdi (s.11).

Əslində, eşşək uğrunda dava Xudayar bəylə Məhəmmədhəsən əmi arasında deyil, Xudayar bəylə Əhməd arasında gedir və Əhməd atasından fərqli olaraq, eşşəyin verilməsinə qətiyyən razı deyil:

“- Yox, vallah, heç qoymaram… Heç qoymaram getsin e… heç qoymaram… Heç dənə də!

Bu sözləri deyə-deyə oğlan ulağın başını qaytarırdı getsin genə həyətə. Bu heynədə Xudayar katda oğlanın dal tərəfindən yeriyib oğlanın kürəyindən bir ağaç…

- Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi gönünü soyaram!

Oğlan “vay-vay!” deyib qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib düzəldi şəhər yoluna” (s.14).

Bu davanı kəndin ortasında, açıq idman meydançasında baş tutan qeyri-bərabər döyüş də adlandırmaq olar. Ona görə ki, birincisi, Xudayar bəylə Əhmədin ciddi yaş fərqi göz qabağındadır (37-38 və 7-8 yaş!), ikincisi də dava vaxtı “Xudayar katda oğlanın dal tərəfindən yeriyib oğlanın kürəyinə bir ağaç…” vurur. Göründüyü kimi, Xudayar bəy heç bir qayda-qanunu saya salmır, “qurşaqdan aşağı”, “qurşaqdan yuxarı” anlayışlarının ona heç bir aidiyyəti yoxdu, nəyi və necə istəyirsə, o cür də edir.

Əslində, Əhmədlə Xudayar bəy arasındakı poetika baxımından leksik vahidlərin də (“ulaq” və “eşşək”) davası gedir. Yəni Əhmədin inadla həyətə qaytarmaq istədiyi “eşşək” yox, “ulaq”dır və Əhməd məhz atasının aldığı ulağa – sərvətə sahib çıxmaq fikrindədir. Çünki Əhməd uşaq olsa da, ulağın alınma prosesini, xüsusilə on-on beş manat toplamaq əzabını heç vaxt yadından çıxara bilməz. Kim bilir, bəlkə də, ulaq, Əhməd üçün velosiped kimi bir şey olduğuna görə Əhməd ondan ötrü bərk-bərk dirəşir, hətta döyülür də.

“Ulaq” söhbəti Əhməd şəhərdəki karvansarada ikən yenə meydana çıxır. Belə ki, karvansara sahibi Kərbəlayı Cəfər Məhəmmədhəsən əminin xırda oğlunun eşşəyin dalısınca gəlməsini, böyük bir dava-mərəkə qoparmasını, məcbur olub onun qorodovoyla buradan uzaqlaşdırmasını Xudayar bəyə həyəcanla nəql edir, eyni zamanda mövqe də bildirir:

“A kişi, Allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən Allah, gedim ulağı çıxardım, götür apar!

Bu sözləri deyib güdək kişi, – ki karvansaranın odabaşısı olsun, – istədi qayıda karvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:

- Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?” (s. 22).

Kərbəlayı Cəfərin şübhəli danışığı, eşşəyi yalan söyləməklə əldə eləmək təlaşı, qazı ilə işbirliyinin nigarançılığı Xudayar bəyin ürəyində narahatlıq yaradır. Şübhə, təlaş, nigarançılıq və narahatlıq Xudayar bəyi əməlli-başlı çaşdırır. Xudayar bəyin karvansaraya eşşək gətirib qatmasından Kərbəlayı Cəfər xəbərsiz olub, həm də Kərbəlayı Cəfər bu vaxta qədər Xudayar bəylə görüşməyib və o, eşşək barəsində olan informasiyanı ilk dəfə Əhməddən alıb və Əhmədə inanıb. Əgər Kərbəlayı Cəfər “ulaq” sözünü işlədirsə, yüzə-yüz uşağın və Məhəmmədhəsən əminin tərəfindədir, yəni müəyyən qədər insaf yiyəsidir. Bu şəraitdə Xudayar bəyin ilk dəfə “ulağ” sözünü dalbadal üç dəfə işlətməsi isə həm özünün ağ yalanını gizlətmək, həm də onun halalca yiyəsi olduğunu nəzərə çarpdırmaq niyyətindən irəli gəlir. Ola bilsin ki, bir anın içərisində Xudayar bəyin olmayan vicdanı da oyanır, beynində eşşəyin ona məxsus olmaması barədə təsəvvür yaranır və bu təsəvvür qeyri-ixtiyari olaraq onun dilində “ulaq” sözünün işlənməsinə səbəb olur. Amma Xudayar bəy çox sürətlə həmin təsəvvürdən uzaqlaşır, özünü eşşəyin sahibi kimi aparır. Nə olursa-olsun, kim hansı mövqeni nümayiş etdirirsə-etdirsin, Kərbəlayı Cəfərin də, Xudayar bəyin də dilində səslənən “ulağ” söhbətinin səbəbkarı məhz Əhməddir. Yəni karvansarada ulaq barədə gedən söhbət məhz uşağın – Əhmədin oraya gəlişindən sonra baş verir.

Sabahısı gün Məhəmmədhəsən əmi özü də eşşəyin dalısınca şəhərə gedir. O da karvansara sahibi Kərbəlayı Cəfərlə görüşür və onun Kərbəlayı Cəfərə dediyi ilk söz də belə olur: “Atan rəhmətdə, Kərbəlayı, zəhmət çək, ulağı çıxart, aparım” (s.60). Kərbəlayı Cəfər hirslənəndə də yenə o cür deyir: “Ay Kərbəlayı, gəl sən Allaha bax, mənim ulağımı ver, qoyum gedim işimə. Allah xatırına məni avara eləmə” (s.61). Məhəmmədhəsən əmi yalnız Kərbəlayı Cəfəri kar, eşitməz hesab edəndə və zəvvar söhbətini salanda “eşşək” sözünü işlədir.

Əsərdə “ulaq” ifadəsinin bir ucu da halallığa bağlanır. Çünki mötəbər şəxslərdən olan Kərbəlayı İsmayıl da məhz 9 ulağa sahibdir (s. 28).

Xudayar bəyin düşüncəsində “ulaq” deyil, “eşşək” sözü var. Eşşək nə qədər ki, Məhəmmədhəsən əminin ixtiyarındadır, ziyarət ərəfəsində olan kişinin tövləsindədir, o, daha çox ulaq kimi görünür. Xudayar bəylə Əhmədin davasında da Əhmədi tək qoymayan müəllif, sanki özünü hadisə yerinə tez yetirərək “eşşək” sözünü deyil, “ulaq” sözünü işlətməklə uşağın tərəfində durduğunu bəyan edir: “Bu cür ağlamağnan və sızıldamağnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb, qoymurdu heyvan hərəkət etsin”.

Ulağın eşşəyə çevrilməsi prosesi birbaşa Xudayar bəyə aiddir. Nə vaxta qədər ki, eşşəyin ixtiyarı Məhəmmədhəsən əmidədir və məkan Məhəmmədhəsən əminin həyətidir, haçan ki, onun uşağı Əhməd mətndə görünür və öz haqqını tələb edir, onda aparıcı leksik vahid “ulaq”dır. Elə ki, ulaq Xudayar bəyin ixtiyarına keçir, o zaman “ulaq” “eşşəyə”çevrilir. Ən acınacaqlı və ağrılı olan budur ki, əsərin sonunda tapılan eşşək dönüb “ulaq” ola bilmir, çünki Məhəmmədhəsən əmi ölü kimidir və onun oğlu Əhməd də, arvadı İzzət də artıq çoxdan ölüblər.

Məhəmmədhəsən əmi “Bir yüngül müqəddimə”də Qəzetçi Xəlilin dil-boğaza qoymayıb təriflədiyi kəndin yaxşı kişilərindən biridir. Atası Hacı Rzadan qalan varidatın əmiləri tərəfindən dağıdılmasından sonra əvvəlcə çarvadarlıqla, sonra isə sövdəgərliklə məşğul olur, amma belə bir çətin vəziyyətdə olanda da heç kəsdən köməyini əsirgəmir. Onun fitrəti yaxşılıqla yoğurulub və tək bir arzusu var ki, o da Kərbəla ziyərətinə getməkdir. Məhəmmədhəsən əminin öz eşşəyi ilə ziyarətə gedə bilməməsi süjetin inkişafını, bütöv mətnin quruluşunu müəyyənləşdirir. Eşşəyin itməkliyi əsərin adı kimi, mətnin də nüvəsini təşkil edir. Amma bu hadisə bədii vasitədir və qarşıya qoyulan ideyanın tam şəkildə ifadəçisi ola bilmir. Eşşəyi Məhəmmədhəsən əmiyə qaytarmaqla onu düşdüyü problemlərindən qurtarmaq mümkün deyil. Yəni mahiyyət daha çox Məhəmmədhəsən əminin ziyarət etmək istədiyi Kərbəla ilə – müqəddəs yerlə və daha geniş mənada müqəddəsliklə bağlıdır ki, hədəf də bu müqəddəsliyin itməsidir, yaxud da itirilməsidir.

Ziyarətə getmək üçün üç vasitə var: piyada, eşşəklə və atla. Piyada getməyin savabı çox olsa da, Məhəmmədhəsən əminin yaşı buna imkan vermir. At xeyli bahadır və atı əldə etmək olduqca çətindir. Gücü eşşəyə çatır. Məhəmmədhəsən əmi getmək vasitələrindən ortada olanı – eşşəyi seçir, bu həm cibə uyğun gəlib, həm də onun feyzi var. Ona görə ki, atla müqayisədə ziyarətə gedib-gəlmək xeyli vaxt aparacaq və feyz də vaxtın uzanmağına bağlıdır. Pul problemi, getməkliyin feyzini, eşşəyin itməkliyini bir tərəfə qoysaq, buradakı bölgünü diqqətdən kənara qoymaq olmaz. Bölgü belədir: aşağı, orta və yuxarı səviyyə – piyada getmək, eşşəklə getmək, atla getmək! Deməli, Məhəmmədhəsən əmi daha çox orta nöqtəyə can atır, həm də cəmiyyətdə orta bir mövqeni tutmaq, ən azı atasından sonra itirilmiş nüfuzu bərpa etmək niyyətindədir. Əslində, atası Hacı Rzadan qalan var-dövlət buna imkan verirdi. Amma o, eşşəyin itməkliyindən əvvəl əmilərinin günahı ucbatından miras qalmış bütün varidatını itirmiş oldu. Sonralar çarvadarlıq etməsi, “tövləsini ortadan yarı bölüb” dükan açması da atadan qalma mövqeyini qaytarmaq məqsədi daşıyırdı.

Başqa bir amma ondan ibarətdir ki, cəmiyyət həyatındakı hadisələrin gedişi onu şahmat taxtasının piyadalar olan cərgəsinə itələyib salır. Kərbəlaya piyada getməyə gücü çatmayan Məhəmmədhəsən əmi əbədilik olaraq şahmat taxtasının piyadalar cərgəsində qalır və nəinki vəzirə çevrilmək, heç orta pilləyə qalxmağa belə taqəti qalmır. Onun Kərbəla ziyarətini son arzu və son ümid yerinə çevirməsi də məhz bütün şansların itirilməsi ilə bağlıdır. İtirilən şansları isə qəlbi, qanı və canı ilə ziyarətə – müqəddəsliyə bağlanan və varlı-kasıb disharmoniyasının aşağı qütbünü təşkil edən Məhəmmədhəsən əminin daxilindəki paklıq və təmizlik duyğuları əvəz edir. Bu həm də onun yeganə təsəllisidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10