Danabaşdan Cümhuriyyətə – Dilqəm Əhməd

18 Baxış

dilgam

17 dekabr 1870-ci ildə Axundzadə Tiflisdən Mirzə Yusif xana belə yazırdı: “Mən təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımızın, alimlərimizin 1287 il əsarətdə və zindanda olan fikrini azad etmək, insanları korluqdan xilas etmək istəyirəm”.

İstanbulda qaldığım 10 ay ərzində həmişə Axundzadənin buraya gəlməsini, əlifba islahatı ilə bağlı çəkdiyi əziyyəti, bir də yazdığı məktubların mətnlərini düşünürdüm.

Şəhəri dolaşanda, Türkiyə vətəndaşları ilə söhbət edəndə, siyasi prosesləri izləyəndə də həmişə Axundzadəni yada salırdım.

Çünki bunun bəsit səbəbi vardı. 1800-cü illərin ortalarından etibarən Mirzə Fətəlinin mübarizə apardığı problemlər hər gün qarşıma çıxır, onun anlatdığı zindana salınmış fikirləri eşidir, həqiqət günəşini görmək istəməyən gözlərlə təmasda olurdum.

Qəribədir, dünyanın mərkəz şəhərlərindən biri olan İstanbulda mən Azərbaycanın keçmişini duya, klassiklərimizin, mütəfəkkirlərimizin apardıqları mübarizənin mahiyyətini dərk edə bilirdim.

Başa düşürdüm ki, Axundzadə onu anlayan, lakin qəbul etməyən Osmanlı paşaları ilə söhbətdə hansı iztirabları keçirib.

Başa düşürdüm ki, Ömər Faiqlə, Mirzə Cəlil Məşədi Ələsgəri yola gətirmək üçün hansı əziyyətlərə qatlanıblar.

Başa düşürdüm ki, Üzeyir Hacıbəyli “müsəlman, yoxsa türk” məsələsini mətbuata çıxararkən hansı ürək ağrılarını keçirib.

Şübhəsiz ki, Ziya Göyalpları, Yusuf Akçuraları yaddan çıxarmırdım, amma onların davası başqa idi, onlar Axundzadə qədər məsələnin dərinliyinə vara bilməmişdilər.

Azərbaycanda Mirzə Şəfi ilə başlanan və Cümhuriyyətlə yekunlaşan prosesin mahiyyəti fərqli idi.

Azərbaycan maarifçiləri öncə beyni əsir olduğu zindandan qoparmağa çalışdılar. Daha sonra əsirlikdən qurtulan, günəş üzü görən beynin sərbəst düşünməsi üçün çalışdılar. Ardınca ona nümunələr göstərdilər, Qərbi tanıtmağa başladılar. Ən nəhayət millətin özünü özünə tanıtdırdılar, kimlik şüurunun yaranmasına cəhd etdilər.

Zamanın axarında bu proseslər o qədər sürətli keçdi ki, ölkə bir Danabaş kəndi ikən, türk və müsəlman dünyasında ilk parlamentli respublikaya çevrildi.

İstanbulda qaldığım 10 ay ərzində hər gün bir şəxsiyyəti də düşünürdüm.

Darısqal otağımda divara yapışdırdığım Mustafa Kamal Atatürkün şəklinə baxıb hər sabah ümidlə günə başlayırdım.

Çünki onunla Türkiyədə alovlandırılan məşəl bir daha sönməyəcək şəkildə yanırdı, ara-sıra öləziməyə başlasa da.

Bəzi ölkələrdə inqilabları filosoflar, yazıçılar həyata keçirir. Məsələn, Azərbaycanın modernləşməsində hərbçilər və siyasilərdən daha çox dönəmin ziyalıları rol oynadılar.

Türkiyədə də eyni prosesi aparan ziyalılar vardı, amma toplumun düşüncəsini dəyişdirən, çağdaş türk millətini formalaşdıran Mustafa Kamalın özü oldu.

İstər Axundzadə, istərsə də Mustafa Kamal göstərdi ki, cəhalət və əsarət qədər deyil, dəyişdirilməsi mümkündür, bunun üçün sadəcə çağdaşlıq məşəlini ilk olaraq kimsə yandırmalıdır.

Eləcə də, bu məşəli söndürməklə xalqı yenə də eyni qaranlıq quyunun dibinə atmaq mümkündür.

Yəni bir coğrafi ərazidən çoxlu Danabaş kəndləri də yarana bilər, vahid Cümhuriyyət də.

KÖŞƏ YAZARLARI
TOP 10