“Danışa bilərəm…” – Marina Tarkovskaya

40 Baxış

 a5d231d24dfacca490a6b413e1f89b9bc0a9283f

Senet.az oxucularına Səbuhi Şahmursoyun tərcüməsində “Ustad” jurnalının “Ustad xatırlayır” rubrikasından Marina Arsenevna Tarkovskayanın “Danışa bilmirəm” yazısını təqdim edir.

Marina Arsenevna Tarkovskaya

(3 sentyabr, 1934 – 83 yaş)

Marina məşhur Sovet kinorejissor və ssenarist, Britaniyalı reissor və prodüser Denni Boylun “Kinematoqrafiya tanrısı” adlandırdığı, XX əsrin dünya kinematoqrafiyasına əhəmiyyətli dərəcədə təsir etmiş nəhəng Andrey Tarkovskinin  bacısıdır. Uşaqlıq və erkən gəncliyi birlikdə keçirmişlər. Qardaşı haqqında silsilə xatirə və müsahibələrində Marina həm uşaqlıq və gənclik illərinə, həm də Andreyin  filmlərindəki motivlərin real təzahürlərinə işıq salır. Bu yazıda Marina Tarkovskaya əsasən “Güzgü” filmi barədə öz maraqlı xatirələrini bölüşür.

– Sizin “Güzgü” filminizi avtobioqrafik hesab etmək olarmı?

– Hə, film daha çox avtobioqrafikdir. Orada bir dənə də uydurulmuş kadr yoxdur.

Tarkovskinin tamaşaçılarla görüşündəki cavablarından. Moskva, 1981.

–Uşaqlıq yaradıcılığınızda hansı rolu oynayıb?

– Heç vaxt uşaqlıq mövzusunda işləməmişəm. Heç bir filmimin süjetində uşaqlıq yoxdur. Biz yalnız uşaqlıq rolunun bəzi uyğunlaşmış mahiyyətini çatdıra bilərik.

A.Tarkovskinin Parisin həftəlik dərgisi “Fiqaro-maqazin”ə müsahibəsindən, oktyabr, 1986.

1972-ci ildə Andreydən yeni işi haqda soruşdum. “Bizim dəli ailəmiz barədə film çəkmək istəyirəm” – deyib gülümsədi. “Dəli” sözü valideynlərimizlə heç cür uyğun gəlmirdi, bu epitet mənə layiqsizlik kimi göründü. Yalnız sonra, “Güzgü” filminə baxanda bu sözün mənasını anladım və qardaşımın acı gülüşlərinə bəraət qazandırdım.

Filmin epiqrafı “Danışa bilərəm” idi. Bu, mənim üçün o anlama gəlirdi ki, uzun illər onunla sözləşmədən və könüllü olaraq riayət etdiyimiz“heç vaxt uşaqlığımızda nə yaşadığımızdan danışmayacağıq” tabusundan, nəhayət, Andrey qurtula bilmişdi. Biz adi uşaq məşğuliyyəti, sevinci və oyunu olan uşaqlar idik, amma bir acı möhürlə damğalanmışdıq – ən çox sevdiyimiz atamız bizi atıb getmişdi.

O, ən arzuolunan, ən gözəl, ən doğma ata idi. Ondan həmişə dəri palto, qəlyan tütünü və qəşəng odekalon iyi gəlirdi. Onun gəlişini həmişə səbirsizliklə gözləyirdik, doğum günlərimizdə mütləq gəlirdi. Bizə necə də gözəl hədiyyələr verirdi! Onlar ən ciddi əşyalar idi: atam varlı deyildi, amma həmin əşyalar onun “əlini nəyə vursa möcüzəyə çevirir” bacarığı ilə seçilmişdi.

Onu anam da təntənəli surətdə çağırırdı: “Arseniy!”. Hətta nənəmin hekayətlərində də atamın adı rəğbətlə anılırdı: “Hə, budur, otuz dördüncü ildə Arseniy mənə dedi…”.

Amma o, bizi tərk edib getdi, bizlə yox, başqa ailə ilə yaşamağa başladı. Onda biz uşaqlar böyüklər arasındakı münasibətlərin necə qəliz olduğunu, ailəni qorumaq üçün nə qədər sevgi, səbr və özgəpərəstlik tələb etdiyini anlaya bilməzdik. Ola bilsin, Andreyi hədsiz əsəbi insana, məni isə özünəqapalı və susqun qıza çevirən elə bu erkən travmadır.

Anamız vardı – o da həmçinin, etibarlı və sevimli, amma adi, ənənəvi, çoxlu tələb və qadağalarla dolu bir dünya idi. O dünya ki, Andrey uşaqlıqda özünü sübuta yetirmək üçün onu inkar etdi, böyüyəndən sonra isə yanına qayıda bilmədi.

Biz ən dəhşətli şeyləri xatırlayırdıq. 1942-ci ilin yazı. Volqa üzərindəki buz yol. Günəş, kəskin külək. Evakuasiya olunduğumuz bütün Yureveç şəhərciyinin sakinlərininüzən şalbanları tutmaq üçün çay kənarında yuxulamaları – gərək nəyləsə qızınaydın. Anam buzlar üstündən atılır, ağacları tutur, biz isə sahildə durub onları çıxarmağa kömək edirik. Və qəfildən gözlərimiz önündə anam suya yıxılır, bir-birinə qarışmış buz parçaları arasında bir müddətlik qeyb olur…

1944-cü ildə Serpuxovskiy küçəsindəki hospitala getdiyimizi xatırlayırdıq. Hospital indiki Vişnevskiy İnstitutunun binasında yerləşirdi. Anamla gedirdik atamızı yoxlamağa. Bilirdik ki, o, artıq yaralıdır, ayağını itirib. Yaralanandan sonra ilk dəfədir onu görürdük.

Biz yenəbarəsində heç kimlə heç vaxt danışmadığımız xeyli şeyi xatırlayırdıq. Heç vaxt valideynlərimizdən soruşmamışdıq ki, necə və niyə ayrılıblar. Bu da qadağan olunmuş mövzulardan idi.

Və birdən Andrey danışmağa başladı…

“Tez-tez uşaqlıq evimi yuxuda görürəm” – deyə “Güzgü”nün qəhrəmanı etiraf edir. Bir az bu evdən danışmaq istəyirəm.

Anamın həyatının dəmir qaydası vardı: hadisələrin necə və niyə olmasından asılı olmayaraq, uşaqları yayda şəhərdən kənara aparmalıydı. Biz hər yay mütləq kəndə gələrdik. Əvvəlcə orada anamla yaşayırdıq, onda balaca idik, sonra nənəmlə, müharibədən sonra isə tək yaşamalı olduq. Pul vardı, maşın tutulurdu (adətən yük maşını). Bəzən pul olmurdu, onda örtük, balış, qab-qaşıq və başqa ev əşyalarını özümüzlə daşımalı olurduq.

1935-ci ilin yazında valideynlərimizin dostu Lev Vladimiroviç Qornunq, ya da sadəcə Lev əmi əşyaları Belorusiya dəmir yollarının Tuçkovo stansiyasına apardı ki, bizə ev kirayələməkdə kömək eləsin. Oradan piyada İqnatyevo kəndinə gəldilər. Kənddə kirayələməyə ev qalmamışdı, amma dedilər ki, Qorçakovların evi hələ tutulmayıb. Necə getməyi göstərdilər – dərənin kənarıyla irəliləyib, sonra sahədən keçərək dönmək lazım idi. Şamlıqda əsl kənd evi göründü – ətrafında dirrik, bir neçə alma ağacı, kənd çardağı, balaca göl. Yaxınlıqda Moskva çayına tökülən bulaq çayı da vardı.

Sakit, gözəl. Ev yiyələrilə danışıb bir neçə yay mövsümünü onlarda qaldıq. Kollektivləşdirmə prosesində daxma və barakların dağıdılması Qorçakovların da evindən yan keçmədi. Ev yalnız 1938-ci ildə bərpa olundu. Orada elə indi də yerində quşüzümü bitən bünövrə və gölməçənin çuxuru görünür.

Daxmada təbiətlə əhatələnmişdik. Görünür, bu, ən başlıcası idi. Biz soyuq çayda çimir, tamamilə lüt halda qaçır, möhkəm və sağlam olurduq. Amma gözlənilmədən anamın köməyilə biz təbiətin qlobal gözəlliyinə və təfərrüatlarının ecazkarlığına yetişdik: mərcangilənin incə çəhrayı çiçəkləri, kətan kolunun qəhvəyi-qırmızımtıl başlığı, keçən ildən qalma boz xəzəllər, balaca inciçiçəyinin iti oxcuqları… Bu dünya quş, kəpənək və qarışqalar tərəfindən fəth edilmişdi. Havada görünməz torların mərkəzində hörümçəklər… Yazda meşə jalələrinin davranışını izləmək isə hədsiz maraqlı idi.

“Ana, orda qu quşu var!” – “İvanın uşaqlığı” filmindəki bu sitatı daxmada keçirdiyimiz birinci ildə üç yaşlı Andrey demişdi.

Meşə – işıqlı, şən dəmirağacı, tutqun küknar, hətta, otun da bitmədiyi yer, keçəl tala… Tarkovskinin canlı təbiət materiyasından qopmamış, dünyanın fəlsəfi düşüncəsinə keçid etməmiş ilk filmlərində təbiət aparıcı simalardan biridir. “İvanın uşaqlığı”ndakı dəmirağacı topası, “Andrey Rublyov”da ustadların korlaşma səhnəsindəki bədniyyətli, qəddar küknar meşəsi təsadüfi deyil. Onlar müəllifin ruh və yaddaşında yaşayırdılar, lazım olanda isə dəqiq bədii obraza çevrildilər.

Anam işıldayan qarabaşağı sevirdi. Həmişə qarabaşaq zəmisinə çatanda dayanırdıq, sakit durub arıların ağımtıl-çəhrayı sonsuz dənizdə necə vızıldadıqlarını dinləyirdik.“Andrey Rublyov”da qarabaşaq zəmiləri arasındakı yol səhnəsi anamla əlaqəlidir. Andrey həmin filmə ithafı təsadüfən yazmayıb: “Bu hadisənin günahkarı olan əziz anama”.

Təxminən, 1931-ci ildə Lev Qornunq fotoqrafiya ilə məşğul olmağa başladı. Aralarında çoxlu yazıçı və rəssam olan dost-tanışlarını çəkirdi. Onda A.Axmatova, A.Koçetkov, B.Pasternak və S.Şervinskinin uğurlu fotoları var. Bəxtimiz gətirmişdi. Bir neçə il ərzində Qornunq Moskva, Volqa və Tuçkovada ailəmizin fotolarını çəkdi. Valideynlərimiz, nənəmiz və biz uşaqların simasında maraqlı fotoxronika alınmışdı. Xırda ştrixlərinə, hətta, ayaq altında olan çəmənliyinə kimi uşaqlıqdan əzbərlədiyimiz müxtəlif fotoşəkillər “Güzgü” filminin kadrlarında istifadə olunub.

Uşaqlıqda bizi əhatələyən gerçəklik ekranda canlanarkən varlığın dərin anlamıyla dolğunlaşdı. Moskvadan gətirilən kerosin dolu şüşə, ləyən, güzgü, lampa… Kartof və süd isə kənddə olanda ən sevdiyimiz yeməklər idi.

Bir dəfə həyətimizdəki kənd çardağı yandı. Onu ev sahibinin kibritlə oynayan kiçik oğlu alovlandırmış, sonra qorxusundan meşəyə qaçmışdı: uşağı çox axtardılar, çünki elə bilirdilər ki, yanan çardağın içində qalıb. Filmdə həmin epizod baş qəhrəman qadının dramasını çatdırır, həyəcan və narahatçılıq hissi yaradır.

Şipokdakı iyirmi metrlik otaqdan birində güzgülü nəhəng şkaf vardı, o, nənəmlə birgə səyahət etmişdi. 1936-cı ildə ərini dəfn edən nənəm Moskvaya qızının yanına gəlmiş, özüylə birgə ağırçəkili qədimi şkafını da gətirmişdi. Güzgülü şkafda pal-paltardan başqa, hətta, hər şeyin yeməklə dəyişildiyi evakuasiya zamanından qorunmuş, kartona bükülmüş qara məxmər parçası da vardı. Məxməri atam hədiyyə edibmiş, anam da ümid bəsləyirmiş ki, ondanözünə nəvaxtsa don tikəcək. (Təəssüf ki, həmin parça 1943-cü ildə otağımıza müvəqqəti sığınan qonşumuz tərəfindən oğurlandı). Şkaf təkcə adi mebel deyil, məişətimizin əvəzolunmazı idi. O, az qala canlı kimi, evin bir üzvü kimi qəbul edilirdi. Nənəm onu çox qoruyurdu, güzgünü sındıracağımızdan qorxurdu, kibrit çöpünü ora sürtüb yandırmağa adət etmiş Andreyin şkafa ziyan verəcəyindən çəkinirdi.Bu şiddətin izlərinə hələ də güzgünün səthində rast gəlmək olar.

Atamın Şipoka gəlişinin birindəL.V.Qornunq onu həmin güzgünün qarşısında çəkmişdi. Sonralar eyni yerdə on altıncı adgünündə Andreyin də şəklini çəkdi.

Müharibə uşaqlıq həyatımızı iki qeyri-bərabər hissəyə ayırdı. Xoş xatirələrlə anılan qısa, amma az həqiqi “müharibəyə qədərki” dövr həyəcanlı və narahat, amma çox gerçək dövrdən seçilirdi.

1941-ci ilin may ayının ortalarında anam nənəmlə bizi yayı keçirəcəyimiz Rojayke çayının sahilində yerləşən Bityuqovo kəndinə gətirdi. Müharibə də bizi elə orada yaxaladı (onda Andreyin doqquz, mənimsə altı yaşım vardı). Dərhal yeni sözlər peyda oldu: hava hücumu, bombardman, hərbi həyəcan siqnalı. Yerli sakinlər səngər qazırdılar. Tezliklə Moskvaya qayıtdıq. Böyüklər evakuasiyadan danışırdılar. Anam yalnız bizə – uşaqlara görə razılaşdı. O, yazıçı ailələri ilə Çistopola köçürülməyimizi istəmirdi. Biz Volqa boyundakı Yureveçə getdik. Orda nənəmdən bir otaq qalmışdı, bir də bəzi tanışlar. Oradakılar anamın ögey atası həkim Petrovu da xatırlamalı idilər.

Yureveçdə bizi köçkünlərin əzablı həyatı gözləyirdi. Anam uzun müddət iş tapa bilmədi. Atamın hərbi təqaüdünün yarısıyla dolanırdıq (qalan yarısı isə ovaxtlar Çistopolda yaşayan atamın anası və arvadına çatırdı).[1]Bir də nənəmin gülünc təqaüdü vardı. Anam bir müddət sonra məktəbdə işləməyə başladı. Bazarda dəyişdiklərimiz və kəndçilərdən aldıqlarımızla qidalanırdıq. Anam uzaq yola ertədən hazırlaşırdı – mübadilə etmək üçün əşyaları toplayır, nənəm isə üzlüklü çit parçalardan uşaq papağı tikirdi. Əgər qış idisə, onda anam əşyaları xizəyə yığar, Volqanın buz tutmuş səthiylə piyada onları dəyişməyə aparardı. O, adətən bir neçə günlüyə gedər, kəndlərdə gecələyərdi. O vaxtlar kəndlilər mehriban idilər, gecə yatmağa yer və Allah yetirəndən yeməyə nəsə verirdilər.

Bu cür səfərlərin birində anam təxminən bir vedrə kartofa öz firuzə qaşlı sırğasını dəyişdi.Sırğanı lap əvvəllər nənəmin bir qadın qohumu Qüdsdən gətirmişdi. XIX əsrin axırlarında həmin qadın Qüdsə Tanrının məbədinə gedir ki, monastrda qulluq etməklə günahlarını bağışlatdırsın, amma əvəzindəonun kəbnini yerli pravoslav koloniyasının həkimi yunan Mazaraki ilə kəsirlər.Ərinin vəfatından sonra Mazaraki xala[2] Moskvaya – nənəmin anasının yanına qayıdır. Gətirdiyi “Quran” sözləri üzərinə işlənilmiş sırğa isə bir neçə ildən sonra Zavoljyenin bir kəndinə düşmüşdü.

Sırğa ilə bağlı əhvalat “Güzgü” filmində də əks olunub, amma romantik tarixçəsi kadrarxasında qalıb. Bu tarixçə rejissora heç lazım da deyildi, onu maraqlandıran əxlaqi problemlərdi. Sırğanın satılması səhnəsində Andrey iki dünyanı qarşı-qarşıya qoyub: kor və eybəcər özünəvurğunluqdakımeşşan ruhsuzluqla ali ruhi başlanğıcı.

1943-cü ilin yazında uşaqlar arasında şayiə yayıldı ki, leninqradlı uşaqları gətiriblər. Qaçaraq məktəbə gəlib pəncərələrə dırmandıq. Gördüyümüzdən heyrətə gəlirdik. Düzdür, hamımız arıq-sısqa, bir dəribir sümük idik, amma burda halsız və rəngi dəyişmiş uşaqların ağır mənzərəsi vardı. Onlar tərpənmədən, qəribə tərzdə, böyümüş və baş verənlərə canlı marağın yoxa çıxdığı gözləriylə bizə baxırdılar.

Leninqradlı uşaqları tezliklə Volqaboyunca daha irəliyə apardılar, amma bu görüş yaddaşıma həmişəlik həkk oldu. Bunu Andrey də xatırlayırdı və “Güzgü”də bu cür blokada uşaqlarından birini yersiz hərəkətinə görə bağışladı, çünki aclıq və iztirabın gətirdiyi yetim uşaqlara çox şeyi bağışlamaq olar. “Balaca oğlan Asafeyevə tərəf uçan quş” – bu, etibar, bağışlama və sülhün nişanəsidir.Mühasirədən qurtulmuşlar, iztirablı günlər keçirmişlər xalq arasında ən dəhşətli marağa səbəb olan insanlardı.

1943-cü ilin yayında anam Moskvaya çoxdan gözlənilən giriş iznini ala bildi. O, evakuasiya dövründə də hər ay mənzilə görə pul göndərirdi (qəbzlər indi də durur).Bu, bizə Şipokdakı yaşayış yerimizə məskunlaşmağımıza kömək olacaqdı. Yayın qalan hissəsini Andreylə Perdelkino yazıçı qəsəbəsindəki pioner düşərgəsində keçirdik, payızda isə anam yayda düşərgədə yerləşən bağ evlərin birinə gözətçiliyə düzəldi. Bu ikimərtəbəli kənd evində həbs olunana qədər yazıçı Bruno Yasenskiy yaşamışdı. Bura müharibəyəqədərki dövrdə uşaq bağçası, sonra pioner düşərgəsi olmuşdu, indisə Yazıçıların Yaradıcılıq Evi idi.

Biz kərpicdən sobası olan xudmani otağa yerləşdik (obiri otaqlar qızdırılmırdı). Qapımız sınıq-salxaq artırmaya açılırdı. Qonşuluqda İnber, Treneva, Pavlenko, ardınca Fadayevin bağ evi vardı. Fadayevin oğlu Saşa ilə Andrey “əsgər-əsgər” oynayırdılar. Ya çəkir, ya da kitab və jurnallardan əsgər şəkilləri kəsib götürür, kartonun üstünə yapışdırır, onları döyüşdürürdülər. Andrey əsgərlərini “Kazbek” papirosunun qutusunda saxlayırdı. Uşaqlar masa ətrafında və ya yerdə oturur, öz əsgərlərinin çiynindən vurur, onlar da qabağa gedirdilər; aşıb yıxılan əsir düşür, ayaq üstdə qalansa döyüşə davam edirdi. Orduya həmişə yeni əsgərlər lazım olurdu, Andrey də həssas oyunçu kimi daim ehtiyat əsgər axtarışındaydı. Təsadüfən xəzinəyə rast gəldi: İnberlərin çardağından xeyli hərbi kitab tapdı. Onların sayəsində öz ordusunu genişləndirməyə başladı. Bunlar çar əsgərləri, orta əsrlər cəngavərləri, süvari və piyadalar idi. Müharibədən sonra bağ evinə qayıdan Vera İnber yazıçı dostlarına şikayətlənirmiş ki, hansısa varvar onun kitablarını korlayıb.

“Güzgü”də köhnə cildli kitabı görəndə qəfildən yadıma əsgərciklərlə bağlı əhvalat düşdü. Səhnə Perdelkinoda yerləşən ədəbiyyat fondunun həmin bağ evində – evakuasiyadan sonra yaşadığımız evdə çəkilib.

43-cü ilin qışında Peredelkinoya yanımıza gözlənilmədən atam gəldi. Xatırlayıram ki, döşəməni silən anam qapının qabağını süpürmək üçün məni küknar budağı dalınca yollamışdı. Görünür, küknarlıqda çox ləngimişdim. Birdən evin arxasındakı kiçik yaşıl sarayın yanında hərbi geyimli arıq adam gördüm. O, kimisə axtarırmış kimi mən tərəfə boylanırdı. Adımı çağırmayınca mən atamı tanımadım: “Marina!”.  Atamın tanış səsi… Bir anlıq gözlərimə inanmayıb yerimdə donub qaldım, sonra var gücümlə atama tərəf qaçdım. Onda necə də sevinc və fəxr hissi keçirirdik! Atamın çiynində dörd ulduz vardı, kapitan idi, sinəsindənsə Qırmızı qvardiyanın ordeni asılmışdı. Düzdür, atam Andreyə söz verdiyi alman xəncər və dəbilqəsi gətirə bilməmişdi, amma buna baxmayaraq,hərbi çörək, qara suxariklər, Amerikanın donuz konservi və qənd gətirmişdi.

Bu, atamla yaralanana qədər son görüşümüz oldu; 43-cü ilin qışında yaralandı, sonra hospital, sonra isə əsa ilə gəzmək…

Və budur, 1945-cil il, Qələbə! Tarkovskinin filmində bayram əhvali-ruhiyyəsi şən kütlənin Qırmızı Meydandakı kadrlarıyla göstərilir. Həmin gün mənim yaddaşımda da bu cür qalıb. Adətən kütlədən təhlükə gözləyən anam sıxılıb ayaq altda qalmaqdan qorxurdu, amma həmin gün ümumi əhvala tabe olub gündüz bizi Qırmızı Meydana gətirdi. Biz Böyük Serpuxovkadan, “Udarnik”in yanındakı Polyankadan, böyük daş körpüdən keçdik. Amerika səfirliyi yanında Moxavaya küçəsindəki insan kütləsini lap yaxşı xatırlayıram. Binanın yanındakı çevrilmiş maşını görən kütlə asta-asta ona yaxınlaşdı. Biz lap yaxında idik. Yadımdadır insan kütləsinin təsiri maşını necə öz yerində düzəltdi və içindəki amerkalıların üzündəki qorxu necə dağıldı. Sevinc sədaları altında maşın səfirliyin həyətinə doğru yavaş-yavaş hərəkət etməyə başladı.

Oradan Qırmızı Meydana getdik, axşam isə Daş körpünün üstündə dayanıb qələbə atəşfəşanlığını izlədik. Hamını sonsuz xoşbəxtlik birləşdirirdi, gələcək çox gözəl görünürdü. Minlərlə moskvalı kimi biz də qaranlıq səmada projektorla işıqlandırılan Stalinin portretinə baxdıq. Anam əlimizdən möhkəm tutmuşdu ki, kütlə arasında itməyək…

Anam ailə qayğıları ucbatından atamla birgə oxuduğu Ali Ədəbiyyat Kurslarını bitirə bilmədi. Anketlərdə “təhsil” bölməsində həmişə “natamam ali” yazırdı. Təhsilli və yaradıcı insan olan anam (heyif ki, yazdığı şeirləri pis sandığı üçün məhv etmişdi) ciddi korrektor işinə də razılıq verdi. Uşaqlarıyla çoxlu vaxt keçirməsi və bizi başsız buraxmaması üçün evdən elə də uzaq olmayan – təxminən iyirmi dəqiqəlik piyada məsafədə yerləşən Tipoqrafiya Nümunələri Şöbəsində işləməyə başladı.İş növbəli idi – səhər, günorta, axşam. Belə ki, anam yarım gün və ya axşam növbəsi idisə, bütün gün evdə ola bilirdi.

Tipoqrafiya istehsalındakı korrektorluq bezdirici və həddindən artıq zəhlətökən işdir. İş günü müddətində maksimal dəqiqlik tələb olunurdu. Stalinin vaxtında Politizdat, BSE, Uçpedqiza kimi qurumların ən adi səhvi siyasi cinayətkarlıq hesab olunurdu. Səhvlər isə, əlbəttə ki, qaçılmaz idi. Bir dəfə BSE-nin İknci Dünya Müharibəsindən bəhs edən məqalələrinin birində “Hitler və Salaşi” (macar nasistlərinin rəhbəri) əvəzinə “Hitler və Stalin” getmişdi. Səhvi tərtibat mərhələsində aşkar etmişdilər, amma buna baxmayaraq, əlli nəfərlik korrektorluq şöbəsi dəhşət içərisində donub qalmışdı. Günahkarlar “suxarik qurudurdular”. İşə o zaman mərhəmətli xitam verildi ki, səhvi buraxan korrektor ağır töhmətlə işdən qovuldu, tərtibatçı qadın isə psixoloji gərginliklə dəlixanaya salındı. Tipoqrafiyanın işçiləri arasında rəhbərin familyasında da yanlışlıq olduğu haqda söz-söhbətlər gəzirdi, amma bunu kənar adam olmayanda pıçıltıyla danışırdılar.

Anam təqaüdə çıxana qədər tipoqrafiyada işlədi. Onun xasiyyətinin ən qiymətli cəhəti qarşılaşdığı bütün insanlara diqqət və sevgisini göstərməsiydi. Tipoqrafiyada işləyən azsavadlı sadə qadınlardan tutmuş, nəşriyyatlarda çalışmış əsl korrektorlara kimi, hamı onun üçün eyni dərəcədə maraqlı idi. O, sadə işçilərlə də, mədəni dairənin insanlarıyla da ümumi dil tapa bilirdi, onun üçün ünsiyyətin özü, insanın və onun ruhi zənginliyinin kəşfi maraqlıydı. Yalnız axmaq, qəddar və səliqəsiz adamlardan uzaq gəzirdi. Anam uzaqda yaşayan tanışlarımızla illərlə məktublaşırdı, onların kədər və bədbəxtçiliyinə görə üzülürdü. İnsanlara qarşı maraq və sevgisi onun mərhəmətli və həmişə köməyə hazır olmasıyla nəticələnirdi. Amma özü heç vaxt yadlardan nəsə ummamışdı, heç kimdən heç nə xahiş etməmişdi.

Anam orta yaşlı xəstə qadınla ortaq işləyirdi. Onlara mətbuatdan çıxarışlar gətirirdilər, tipoqrafiya prosesində belə şeylər olur. İş yoldaşının xəbəri olmadan anam cəld şəkildə sənədləri yoxlayırdı, hansı böyük və qəlizdirsə özünə götürür, sadə və azhəcmliləri ona verirdi. O, illərlə belə etdi…

Ana rolunu dəqiq oynadığına, xarakterinin dərinliyi və dəyərini, azadlığı vəqürurunu, eyni zamanda, müdafiəsiz və qəlbisınıq olduğunu çatdıra bildiyinə görə Marqarita Terexova möhtəşəm aktrisadır. Eləcə də “Güzgü”nün qəhrəmanı Mariya İvanovna Vişnyakova bizim anamız deyil. Andrey anamızın həyati təyinatı və taleyini, onun xarakterini ekranda öz versiyasında göstərdi. Bu tale isə öz müasirləri və Vətəniylə vəhdətdə idi.

Dekabr, 1987-ci il.

[1]Arseniy Tarkovski, Marina və Andreyin anası Mariya İvanovna Vişnyakovadan ayrılandan sonra Çistopolda başqa qadınla evlənmişdi.

[2]A.Tarkovskinin nənəsi Mariya Danilovna Raçkovskayanın bu qadın qohumu yunanlı ruhani həkim Mazarakiyə ərə gedəndən sonra onun soyadını götürür.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10