Senet.az oxucularına “Ustad” jurnalının 28-ci sayından görkəmli yazar Müşfiq XANın şeirlərini təqdim edir.
darıxmağa nə var ki
gecənin uzanan saatlarını geri çəkə bilsəydim
macal verməzdim səhərə açsın gözlərini
darıxardım özümçün yavaş-yavaş…
gözlədiyini bilənnən sonra
hər saniyə darıxmağa nə var ki?..
yazdığın mesajları saxlaya bilsəydim
yəqin ki düşünməyə mövzu da tapardım
axtarardım özümçün yavaş-yavaş…
sözün bitdiyi yerdən başlayan eşq sətirlərini
ürəkdən dodağa qədər süzməyə nə var ki?..
yuxuda narahat olduğunu bilsəydim
“yat, dincəl” – deməzdim hər dəfəsində
susardım özümçün yavaş-yavaş…
gözlərimin önündə tutannan sonra
səni oyandırmağa nə var ki?..
gələcəyini bilsəydim
sormazdım nə zaman olacağını
gözləyərdim özümçün yavaş-yavaş…
yanımda olannan sonra
səbirli olmağa nə var ki?…
anlayacağını bilsəydim
sənsizliyə sarılıb intihar edərdim bu gecə
ölərdim özümçün yavaş-yavaş…
ağlayacağını bilənnən sonra
pis adam olmağa nə var ki?..
səssizliyə köklənə bilsəydim
zamanı dayandıra bilərdim bəlkə də
yaşayardım səninçün yavaş-yavaş…
böyüyüb unudacağını bilənnən sonra
balaca olmağa nə var ki?..
tez qocala bilsəydim
ömrümə qənaət edərdim bəlkə də
gedərdim özümçün yavaş-yavaş…
qocaman bir eşqi dadannan sonra
baba olmağa nə var ki?..
gözlərini görə bilsəydim
baxa bilməzdim bəlkə də
kor olardım sənnən başqa bütün gözəlliklərə…
hiss etdiyini bilənnən sonra
çox istəməyə nə var ki?..
yoxluğunu poza bilsəydim
yerinə varlığını çəkərdim
yazardım özümçün yavaş-yavaş…
səhifələr sənlə dolannan sonra
şair olmağa nə var ki?..
yanına qaça bilsəydim
ürəyində yıxılıb qalardım bəlkə də
itərdim özümçün yavaş-yavaş…
yaşamağı bilənnən sonra
ölməyə nə var ki?..
yeddinci görüşə elegiya
gecələrin bir reallığı var: sən
gecələrin bir sorumlusu var: sən
gecələrin bir əzabı var: sən
gecələrin bir səbəbkarı var: sən
gecələrin bir ümidi var: sən
gecələrin bir gözləntisi var: sən
gecələrin bir arzusu var: sən
və bir də gündüzlər var ardınnan…
yeddinci görüş var
hürufiliyin müqəddəs yeddisi
mələklərin işarəsi yeddi
göy qurşağının yeddi rəngi
əshabi-kəhfdə yatan yeddi nəfər
dünyanın yeddi möcüzəsi
dünyadakı yeddi boylu Türk soyu
dünyanın yeddi qapısı
insan orqanizminin yeddi əsas nöqtəsi
musiqinin yeddi notu
islama görə yeddi gündə yaranan dünya
kəbə ətrafında yeddi dəfə təvaf
müdrikliyin yeddi mərtəbəsi
mifologiyanın yeddi əsas tanrısı
yeddi ruhlu amon ra
yeddi budda
yeddi müqəddəs element
tamamlanmamış işarə – yeddi
tamamlanmamış eşq
yeddinci görüş
milyonuncu öpüş
ayrıla bilərsənmi?!
həm də milyonuncu öpüşdən sonra?!
çox gülməli deyil səncə…
7777-ci görüşü gözləməlisən
mələklər yığışmalıdı
riskləri sevdiyin kimi də
özünlə aparmalısan
eşq deyil bu,
fəlakətdi, vallah
qəzalar törədər
apara bilmirsən mən daşıyım
yanına –
məzara qədər…
həyatın çıxışlıq halıdı darıxmaq
ikinci şəxsin təkində sevməkdi –
darıxmaq
heç vaxt birinci şəxsin cəmində
ola bilməməkdi əslində…
həyatın çıxışlıq halıdı –
darıxmaq
itib getməkdi əslində bu həyatdan –
varmayacağın yerə
həmişəlik getmək…
Və bir də
mənnən soruşursansa, deyim –
sevgi tənhalığın cəm halıdı
yəni, belə olmalıdı
olmalıdı deyəndə ki
necə deyim
olmur da bu zəhrimar…
mənnən bir də soruşsaydın,
deyərdiməslində…
heyif ki daha heç nə xəbər almırsan
bəlkə belə daha yaxşıdı
amma…
ancaq…
lakin…
Və heç də…
soyuqdu
çırpasan özünü küləyin üzünə
gedən zamanı istəyəsən
ya da atılasan qucağına
uşaqlıq edəsən
yaşamadığınnan
tez böyüdüyünnən
heç görmədiyinnən
ola həm də…
tanrı misalı,
arzularını yığasan çin-çin
küləyin qoynuna
sonra da çıxasan içinnən
yaşadığın xatirələrdən asasan,
qurduğun xəyalları
özünnən yıxılasan
tutanın olmaya
umu-küsü gözləməyə kimsə
əvvəlcə gözünnən
sonra ürəyinnən düşəsən
tüpürəsən qismət deyilən
mənasız yazıya da
soruşasan məsumca:
– təsadüfə inanmayan insan,
yenə hansı cəhənnəmdəsən?
cavab da bir az gecikə:
– soyuqdu, amma üşümürəm, – deyə…
Qeyd: Şeirlər müəllifin “O2” kitabındandır.