“Dekadentizim” anlayışı və onun ədəbiyyatda təzahür formaları

215 Baxış

elnare

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Elnarə Akimova:

 

Dekadans ruhun çöküşüdür, insanın həyat, dünya, bəşər rifahı, xoş gələcəklə bağlı ideyalarının “inkisari-xəyalə” uğraması, insanın içində yaranan “son” problematikasıdır.

İlk dəfə XIX əsrin axırlarında Fransada meydana meydana çıxan dekadentizm cərəyanı simvolizm, sürrealizm, kubizm kimi cərəyanları özündə ehtiva edir. Rus tənqidçisi V.V.Stasov “Şeir aləminin sərgisindən” adlı məqaləsində deakdentizmin ilk dəfə Fransada yaranması və fərqləndirici cəhərlərinə dair yazır: “Dekadentlər fransız səmiyyətinin müasir durumuna müxalif olanlardır. Onların poeziyasının xarakterik xüsusiyyəti – aydın olmamaq, qeyri-müəyyənlik, yalnız ürəyin hərəkətinə və həssaslığına aid olan sirli suallara can atma nəticəsində yaranan mistisizmdir.” Dekandentlərin 1885-ci ildə “Le Dekadent” adlanan ilk jurnalları çap olunur. Zamanında heç də hamı tərəfindən qəbul olunmayan dekadentizm imperializm dövrünün mürtəce cərəyanı kimi inkar olunmuşdur.

Əziz Mirəhmədov “Ədəbiyyatşünaslıq terminləri lüğəti” kitabında dekadentizmi belə xarakterizə edir: “Əksər hallarda ictimai həyatdan uzaq, xalq mənafeyinə xidmət etmək istəməyən sənətin təbliği, mövhumat və xürafat, dünyanı təbiət xaricindəki qüvvələrin idarə etməsi haqqında cəfəngiyyata inam, ifrat fərdiyyətçilik, sadə əmək adamlarına nifrət, “incə” hisslərlə əylənmək, ölümü, pozğunluğu və əxlaqsızlığı tərənnüm etmək, zahiri gözəlliyə və bədii formaların ala-bəzək olmasına çalışmaq və s. cəhətlər dekadentlərin başlıca xüsusiyyətləridir.” Qərb ədəbiyyatının özündə belə dekadentizmi təxminən elə bu ittihamlarla inkar edirdilər. Bu cərəyanın ənənələri qırmaq zərurətindən doğan yenilikçi meyllərini “zahiri gözəlliyə və bədii formaların ala-bəzək olmasına çalışmaq”, dünyadan təcrid olub içinə çöküşünü, şəxsi “mən”indən çıxış etməsini “ifrat fərdiyyətçilik”, real təsvirdən uzaqlaşıb İlahi Məqama canatımını “mövhumat və xürafat, dünyanı təbiət xaricindəki qüvvələrin idarə etməsi haqqında cəfəngiyyata inam” kimi səciyyələndirmişlər. Lakin zamanla özünə qarşı maraq doğuran və intişar tapmağa başlayan bu cərəyanın nümayəndələri də qəbul olunmağa başlamışlar.

Rus ədəbiyyatşünası Roman Dubrovkin “Lev Tolstoy, Mallarme və “zamanın xəstəliyi” adlı kitabında qeyd edir ki, “Yaradıcılığının müəyyən mərhələsində dekadentləri inkar edən, “dekadentizm tam dəlilikdir” deyən L.Tolstoy məlum olmayan səbəblərdən sonradan simvolist ədəbiyyatın aktiv oxucularından olmuş, etiraf etmişdir ki, “dekadentlərə daha çox diqqət ayırmaq lazımdır, necə ki, bunu edirlər, çünki dekadentlik özünə qarşı ciddi münasibətə layiq olan zamanın xəstəliyidir.” Birinci dünya müharibəsindən sonra insanların bəşəriyyətin gələcəyi ilə bağlı ümidlərində bir boşluq yarandı, heç bir texnoloji inkişaf onları ruhlandırmadı. Bu, bütün Qərbdə özünü göstərən hərəkatın göstəriciləri idi. XX əsr kifayət qədər dünya proseslərinə açıq olan bir zaman kəsimi idi və dövrün aydınları potensial olaraq belə bir qarşılıqlı bəhrələnməyə hazır insanlar idilər. Qərb ədəbiyyatında XIX əsrin sonu XX əsrin əvvəllərində başlanan modernizə cəhdlərinin Şərq ədəbiyyatlarına, konkret isə milli ədəbiyyatımıza təsiri ədəbiyyatın özünün inkişaf qanunauyğunluğundan, məntiqi gedişindən doğurdu. Heç vəchlə razılaşmamaq olmur, ədəbiyyatşünas T.Əlişanoğlu Əlibəy Hüseynzadənin 1905-ci ildə yazdığı “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsini “Dekadent olmadığımız və olamadığımız halda məqaləmizin sərlövhəsi dekadentizm qaydasında oldu” fikrinə görə “bizdə Avropa modernizmi hadisəsinə nəzəri olaraq diqqət cəlb etmiş ilk yazı” hesab edir. Burada dəqiq olan həm də Ə.Hüseynzadənin fikridir: “Dekadent olmadığımız və olamadığımız halda…”. Həmin dövrdə fəaliyyət göstərən sənətkarlar dekadent deyildilər, daha çox realist-romantik ədəbiyyatın nümunələrini yaradırdılar, modernist cərəyanlara meyl eləcə stixiyalı şəkildə, dəb, maraq səviyyə-səciyyəsində təsdiqini tapırdı. Amma o xüsusda ki, müəllif yazısının sərlövhəsinin “dekadent qaydasında olmasına” diqqət çəkir, bu da səbəbsiz deyil. Romantik-realist ədəbiyyatın getdikcə “doyğunluq”u, eyni zamanda romantizmin puç olmuş, fiaskoya uğramış sonucları milli ədəbiyyatda belə bir durumun, “dekadent olmanın” yetişməsi üçün zəmin yaradırdı. “Fəlsəfi mənada dekadans ideoloji həmlələrin hədəfi olmaqdan çox, milli romantik-realist ədəbiyyatın tükənməsi, ədəbiyyatda XX əsr tempinin, ölçülərinin 2 axtarılması meylləri ilə bağlı idi.” (Tehran Əlişanoğlu). Bu, bütün dünya ədəbiyyatında belədir. Sənətkarın insan, dünya və zamanla bağlı idealları heçliyə yuvarlananda onun adı çəkilən fiqurlarla yeni dialoqu başlayır. Amma bu proses heç də birbaşa, sənətkar içinin asan “çevrilişi” hesabına başa gəlmir. Romantik idealların çöküşü ardınca ruhun tənhalığını, son problematikasını, dekadans durumunu gətirmiş olur.

XX əsrin əvvəllərində H. Cavid, M.Hadi, M.Müşfiq, Ə.Cavad şeirlərindəki bədbin çalarlar həmin dekadansın əlamətləri idi. Zaman imkan versəydi bu dekadansın ardınca modernist cərəyanların prosesə yeriyəcəyi şübhəsiz idi. Sovet ideologiyasının bərqərar olması isə başlanan prosesləri yarıda qoydu və bildiyimiz kimi, yalnız bir cərəyanın – sosialist realizmin intişarına imkan yaratdı. Ədəbiyyat işıqlı gələcəklə bağlı arzular və ümidlər ardınca qoşmağa, sənəti ideolojiyə tabe tutmağa başladı. Sovet insanının dünyanın ən xoşbəxt insanı olması, sovet cəmiyyətinin isə cənnətməkan olması ilə bağlı illüziyalar həqiqətlər sırası qismində cəmiyyətin bütün sferalarına ötürülürdü. O şəkildə ki, sovet dövrü Azərbaycan ədəbiyyatında “ələmdən nəşəyə” deyə, bəyan edib gələcək inkişafın manifestini cızır və gələcək inkişafı bu nüansa kökləmək missiyasını qarşıya qoyurdular – tarix sübut etdi ki, bu, heç də səmərəli nəticə vermir. Bəlkə ən əvvəl ona görə ki, süni pafos və gülüşdən doğmuşdu, sənətkar içinin cəmiyyət həyatı, gerçəkləri önündə fiaskoya uğraması, ziddiyyət təşkil eləməsi ilə təbiiliyini itirirdi. Nəhayət, 1960-cı illərdən başlayaraq sənət öz gerçəkləri ilə qabaq-qənşər durdu. Ədəbiyyat, sənət içinə yönəldi, içinin, ruhunun başlanğıc götürdüyü məqamları bədiiyyata gətirməyə başladı və bu məqamdan onun mahiyyəti göründü. Yalnız bu zaman, ədəbiyyatın öz stixiyasına dönüşündən sonra gerçək zamanla, gerçək dünya ilə oxucunu üzbəsurət qoya bildi. Bu mənada, belə bir fikirlə razılaşmamaq olmur ki, “…bu gün milli mədəniyyətin real dirçəlişini heç də tarixi tərəqqi ideyalarının təntənəsinə bağlamaq olmaz, bəlkə də əksinədir: dekadans durumu milli varlıq fəlsəfəsi üzərində daha da dərindən düşünməyə sövq edir, milli mədəniyyətin gəlişməsinə stimul olur.” (Nigar Rüstəmova) Azərbaycan ədəbiyyatının 1960-cı illərində irəli gələn yeni dalğası öz bədiilik meyarlarına mühafizəkarlığı ilə diqqət çəkir.

Sovet dövrü epoxası daxilində 60-cı illər ədəbiyyatının əlahiddə əhəmiyyət kəsb etməsi ilk növbədə, sənətin pafosdan real həqiqətə, sırf bədii-estetik meyarlara dönüşü, ümumbəşəri dəyərlərə doğru meyllənməsi ilə şərtlənir. 60-cı illər ədəbiyyatında başlanan bu təbəddülatlar həm də cəmiyyət miqyasında olan yumşalmanın nəticəsi idi. Qəribə bir parodoksallıq da məhz, bu zaman(dan) başlayır. Rejimin sərtliyi nisbətən, yumşalmağa doğru getdikcə, ədəbiyyatın içindəki ağrı simvolikası, ruhun təklik, tənhalıq çalarları daha çox üzə çıxır. Bu bəlkə də əsrin 20-30-cu illərində yarımçıq qalmış, yarıda qırılmış ədəbiyyat, azadlıq ideallarının içinə hopmuş kədəri idi, yaxud 1937-ci ildə qırğına verilmiş bütöv bir ədəbi nəslin səssiz fəryadı idi – indi, zamanı gəldikcə boy verməyə başlayırdı. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurdu, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxardı: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirmiş oldu. Bu mənada, sovet rejiminin İnsanı yalnız müharibələrin əzdiyi insan deyildi, o, həm də tək qalmış, təcrid olunmuş, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insan idi. Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmədi. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, keçmiş postsovet məkanı ölkələrinin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Bu mənada, 60-cı illərdən başlayaraq dünya ədəbiyyatının yükləndiyi İnsan ağrısının ədəbiyyatın mərkəzinə çəkilməsi yalnız rejimin yumşalması səbəbindən hasilə gəlməmişdi, həm də puç olmuş, bada getmiş xəyalların yazıçı psixolojisində yaratdığı məntiqi nəticədən qaynaqlanmışdı. Ələmdən nəşəyə doğru yön almış sənət trayektoriyası yenidən əksinə, nəşədən ələmə doğru meyllənməyə başlayırdı.

Təbii ki, hələ o qədər də açıq-aydın yox, bir qədər gizli işarələr, mifik-mistik kodlarla. Belə bir durum (dekadans) yalnız ədəbiyyat sahəsi üçün deyil, ümumən mədəniyyətin bütün sferaları üçün səciyyəvi idi. Rəssamlıqda Səttar Bəhlulzadənin rəsmlərində (məsələn, “Kəpəzin göz yaşları” tablosu) ehtiva olunan altqatlığı, rənglərin bətninə çökən, daxilinə hopdurulan dərinlik ideyaları, ağrı simvolikasını virtual olaraq hiss eləmək çətin olmurdu. Musiqidə Qara Qarayevin çoxqatlı musiqisi –“Üçüncü simfoniya”, 3 “Skripka ilə orkestr üçün konsert”də “gur, çılğın, əsəbi notlar arxasından axıb-gələn dərin bəşəri kədərin səsi aydın eşidilir”di. (Nigar Rüstəmova) Yaxud teatr sahəsində Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrının tamam özgə məzmun, mündəricə arayan, tamaşaçını yepyeni dünya ilə üzbəüz qoyan estetikası əslində, ənənəvi teatr baxışlarını dəyişməyə, yeniləşdirməyə yönəlmiş bir missiya idi və palimpsest olan (yəni, qat altından qat verən) fəaliyyətində bu missiyanı realizə edirdi. Bu illərdə yaranmış əsərlər artıq cəmiyyət həyatına oppozisiyada meydana gəlirdi. Sənət artıq həqiqətlərin yaşamını verməyə, bədii qəhrəmanın mənəvi dünyasına varmağa çaba göstərirdi. Sovet dövrünün tələbləri tamam özgə hava-havacat üstə köklənsə də, 60-cı illərdə artıq sosial gerçəklərin təsviri əks qütbdə meydana çıxırdı. Bu toqquşma əsərlərin forma və məzmununda çoxqatlılığa gətirib çıxarırdı.

Əsərlərdə bədii ideoloji rakurs öz yerini daha çox insanın və onun həyatının dərinliklərinə varan süjetlərə verir, bununla da sənətin neçə onillik ərzində qurama illüziyalar içrə aldanışı üzə çıxırdı. 70-ci illərdən başlayaraq bu aldanışın əzabları – ümidlərin gerçək yalanlar önündə fiaskosunun əlamətləri sızılmağa başladı. 1970-ci illərdən poeziyada başlanan yeni dalğanın – ədəbi cərəyanların prosesə yeriməsi həmin yarıda qalmış, qırılmış missiyanın davamı olmaqla bərabər, əslində həm də onun bir növ təkrarı idi. Həmin sosialist realizmin insana, sənətkara vəd etdiyi işıqlı həyat, işıqlı gələcək sevdası özünü doğrultmadıqca özü ilə böhran həddini yetirmiş olurdu. Sovet ədəbiyyatının pomantik arzulara doğru qanadlanan sənətkarı hər şeyin “hepsi rəng” olduğunun fərqinə varır və onun özü ilə mənəvi dünyası arasında uçurum, böhran zolağı yaranmış olurdu. 1970-ci illərdən başlayaraq milli poeziyanın dekadans durumunu yaşaması onun belə bir böhran zolağına düşməsinin əyani göstəricisi idi. Yaradıcılığın realist və romantik tipində meydana çıxan əsərlərin artıq insanın mənəvi dünyasının təfərrüatlı inikasında keçilmiş mərhələ olaraq sona vardığı məlum oldu. “(Təsadüfi deyil ki,) 1970-ci illərdən milli ədəbiyyat eyni zamanda dekadans durumunu yaşamağa başlayır.

Mündəricə etibarilə bu, “sovet ədəbiyyatı”nın ömrünün süni-ideoloji vasitələrlə uzadılması, digər tərəfdən romantik-realist ədəbiyyatın təcrübəsinin “dolğunluğu”, sona çatması şəraitində baş verir. Və post-realist təcrübə zəruri olur… O zamandan az qala əsrin sonunacan bizim ədəbiyyatda dekadans hökm sürür və bütövlükdə milli modernizmi gəlişdirə bilir.” (T.Əlişanoğlu) Nəzərə alsaq ki, sovet cəmiyyətində başlanan durğunluq, eniş məqamı elə bu zamanlardan, 1970-80-ci illərdən başlayır, o zaman məsələnin mahiyyəti dekadans hadisəsinə yanaşmada hakim olan bir prinsipi təsdiq eləməyi labüdləşdirir; yəni, cəmiyyətdə ikili standartlar mədəniyyətdə mənəvi böhran yetişdirir. Mədəniyyət inkişaf, təriqqi ilə bağlı ideyaların cəmiyyət gerçəkləri önündə fiaskoya uğradılmasını hiss etdkdə çöküş başlayır. Belə bir hal XX əsrin əvvəlləri üçün necə səciyyə daşıyırsa, əsrin sonucuna yaxın eyni aqibəti yaşamağa ürcah olur. 90-cı illərin xaotik durumu, birbirinin ardınca baş verən kataklik proseslər, torpaq itkisi, soyqırım dəhşəti insanların içindəki boşluğu bir qədər də dərinləşdirdi, mənəvi tənəzzül prosesi başladı. Mənəvi-ruhsal çöküş ədəbimədəni həyatımızın bütün sferalarına sirayət etdi. Poeziyada bu ovqat bütün yaş senzini təmsil edən şairlərin yaradıcılığında hakim oldu və həmin çöküşün təsiri bugünə qədər çağdaş şeirimizin aparıcı xəttini təşkil etməkdədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10