Deməli, belə…

199 Baxış

arifalimArif Alim

 

Gənclikdə etdiyin səhvi Nərimanovda təkrarlama

Zamanın əqrəbləri səndən xəbərsiz ömrünün illərini zəhərləyir. İnsanlar doğulur, insanlar ölür. Dəyərlər dəyişir. Amma hər kəs öz zamanının uşağıdır, hər kəs öz uşaqlığının böyüyüdür. Məsələn, Vladimir Lenin adı, hazırkı gənclər üçün, demək olar ki, heç nə ifadə eləmir və s.

Toxun acdan xəbəri olmadığı kimi, məlumatlının da məlumatsızdan xəbəri olmaz. Və ya hər kəsi öz arşını ilə ölçmək eqosu reallığı istər-istəməz təkzib edir. Sözümün mustafası odur ki, gənc nəslin düşüncəsinin, maraqlarının formlaşmasında ciddi şəkildə çətinliklər, qüsurlar var və yanlış təbliğ işi davam etməkdədir. Maraq­la­­­rının hüdudları müasir bayağı TV şou verilişləri və qeyri-ciddi sosial şəbəkə paylaşımları ilə məhdud­laşan bir qism gəncliyin Şuşa, Xankəndi, Cəbrayıl, …, …, …. haqqında düşüncəsi və sevgisi (!) hansı səviyyədədir, bunu bircə anlayan bilir və bilər.

Üstəgəl də, məktəb dərsliklərində vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıqla əlaqəli maraqlı və əsaslı mətnlərin azlığı fonu məsələnin mahiyyətini, təhlükəliliyini ortaya qoyur. Bir üstəgəl də ki beynində gələcək həyat addımlarının koordinatlarını cizgiləyən fərd gerçək aləmdə nələr görmür, nələr…

Çətinliyin başqa tərəfi planetar təfəkkürün yeniyetmələrə aşılanması ilə bağlıdır. Müasir gəncliyin dünya ədəbi-mədəni hadisələri, tarixi məqamlar, bilinməsi həyati əhəmiyyət kəsb edən məsələlərlə bağlı məlumatı yox dərəcəsindədir. 24 illik müstəqillik dönəmində dünya ədəbi düşün­cəsi, intellektual informasiyaların gənclərə aşılanması yolunda elə də uğurlu addımlar atılmayıb.

Təəccüblüdür və ədəbsizlikdir ki, milli dəyərlərin mahiyyətindən xəbərsiz olan “ağıl sahibləri” yerli əxlaq və mənəvi nailiyyətlərə dəvə nalbəndə baxan kimi nəzər salırlar. Novruzəliliyin, qurbanəliliyin, xudayarlığın, … bu xalqın dəyəri olmadığı qətidir. Amma “kreativ” düşüncəli kəslər milli satira hədəflərini milli dəyər adıyla təqdim edib xalqın davranış praktikasına qarşı ögey münasibət formalaşdırırlar. Deməli, milli və dünyəvi təfəkkürü gəncliyə lazımınca aşılamaq, onları gələcək həyata lazımınca hazırlamaq gərəkdir. Xalqını olduğu kimi sevdirmək əsl müharibə cəbhəsidir.

Deməli, belə…

 

 

 

 

 

 

Bölmə : Arif Alim, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10