Detektiv – ən çox tənqid olunan və ən çox oxunan janr

209 Baxış
musfiq xan sergi
 
 
 
 
 
 
 
 
 
 

 

Müşfiq XAN

 

İlk polis təşkilatları, yaxud detektivin ədəbiyyata gəlişi

Detektiv roman anlayışı məntiq və elm anlayışlarının cəmiyyətdə sürətlə ön plana çəkildiyi dövrdə təşəkkül etmişdir. Məhz buna görə XIX əsrdə detektiv janrını sənayeləşmə və elmi-texniki tərəqqi ilə paralel inkişaf edən sahə hesab edirlər. Şübhəsiz ki, bu yüksəlişin mətbəxi sosial sifarişlərə dayanılıdır. Bu gün Azərbaycan oxucusunun böyük maraqla oxuduğu janr dünya ədəbiyyatında uzun sürən təkamül keçmişdir.

Məsələ burasındadır ki, detektiv ədəbiyyata aid olan nümunələrdə – əsərlərin həcmindən asılı olmayaraq real həyat eskizləri daha koloritli verilir. Daha doğrusu, verilməlidir. Baxmayaraq ki, mütəxəssislərin bir qismi janrın tələblərini gözləməyən nümunələrin üzərindən yola çıxaraq, bu günün özündə yanlış təhlillər verməklə məşğuldurlar. Detektiv janrda hadisələrin gerçək insan həyatına nə qədər dayanıqlı olduğuna xəfiyyəədəbiyyatının ilk inkişaf mərhələsinə aid olan müqayisədə baxaq.

İngiltərədə sənayeləşmə inkişaf etdikcə kənd təsərrüfatı paralel olaraq dissimlyasiya etməyə başladı. Əyalətlərdən şəhərlərə axın başladıqca, şəhər əhalisi həddən artıq çoxalmağa başladı. Bu halda şəhərlərdə daşınan əmlakların oğurluğu, qətl hadisələri də daha çox müşahidə olundu. Nəhayətində, qarət və qətllərin araşdırılması ilə bağlı xəfiyyə peşəsinin önəm qazanması, polis sistemində daha ayıq-sayıq olmaq istiqamətində atılan addımlar məhz mülki təhlükəsizliyin təminatına yönəldi. Bir sıra hüquqi tənzimlənmələrlə yanaşı, 1828-ci ildə İngiltərədə ilk polis təşkilatı – “Metropolitan Police” yaradıldı. Bütün bunlarla yanaşı, İngiltərədə müxtəlif cinayətləri əks etdirən bədii ədəbiyyat nümunələri, cani hekayələri də yazılmağa başladı. Bu tip hekayələr elə o vaxt da indiki kimi cəmiyyətdə maraqla qarşılandı.

Hələ 1774-cü ildə nəşr olunan, müxtəlif canilərin bioqrafiyaları və cinayət işlərindən bəhs edən 5 cildlik “Newgate Calendar” kitabı 1824 və 1826-cı illərdə məhdud çap avadanlıqlarının fəaliyyəti hesabına olsa da, iki dəfə işıq üzü gördü. Faktlarla yanaşı, yazıçı fantaziyasından yaranan əsərlər də çox sürətlə satılır və oxucular tərəfindən tələbatla qarşılanırdı.

Qəhrəmanları iri və xırda cinayətkarlar olan əsərlər arasında Çarlz Dikkensin “Oliver Tvist” romanı böyük şöhrət qazandı. Bu tirajlanmanın əsas səbəblərindən birinə diqqət yetirin – aşağı təbəqədən olan insanların ucuz qiymətə ala bildiyi və çox maraqlandığı kitabların “penny dreadful” adı ilə sürətlə yayılması. Detektivi ədəbiyyata gətirənlərin məhz ilk atdığı addım da bu idi – qiymətin ucuz olması və kasıb əhalinin cibinə uyğunlaşdırılması.

Cinayətlərin artması cəmiyyətdə narahatlıq yaradırdı, nəticədə xəfiyyə romanlarına da ehtiyac duyulmağa başladı. Və tədricən xəfiyyə romançılığında üslub məsələsi də gündəmə gəldi, janrın xüsusiyyətləri formalaşmağa başladı. Xəfiyyəəsərləri oğrunu və ya qatili tapmaq istiqamətindəqəhrəmanın apardığı mübarizədən və araşdırmadan bəhs edən yöndə inkişaf etməyə başladı.

Xəfiyyə romanları sahəsindəən ciddi dönüş keçmiş polis işçisi, xəfiyyə Yegen Fransua Vidokun memuarlarının nəşrindən sonra başladı. 1828-ci ildə I cildin çapdan çıxmasından sonra, detektiv janrına maraq daha da artdı və çox yazar bu janrda yazmağa çalışdı. Nəticədə, müxtəlif detektiv ədəbiyyatı nümunələri ortaya çıxdı. 1811-ci ildə “Brigade de Surette“ adlı xüsusi polis təşkilatına rəhbərlik etməyə başlayan Vidok 1828-29-cu illərdə 4 cildlik memuarlarını nəşr etdirdi. O, 1833-cü ildə təqaüdə ayrıldı və fərdi detektiv kimi çalışmağa davam etdi. Bütün bu fəaliyyətindən sonra Vidok tarixdə ilk özəl detektiv bürosunu yaratdı.

Janrın qısa müddətdə inanılmaz reytinq qazanan şöhrəti göz qabağındaydı. Vidokdan sonra Onore de Balzak, Edqar Allan Po, Çarlz Dikkens, Viktor Hüqo onun rəngli xatirələrindən qəhrəmanlar yaratmaqdan çəkinmədilər.

Günümüzdə detektiv ədəbiyyatının atası öz silsilə hekayələri ilə Edqar Allan Po qəbul edilir. Janrın populyarlaşmasında Ser Artur Konan Doyl özünün Şerlok Holms obrazı və silsilə kitabları ilə böyük rol oynadı.

Detektiv ədəbiyyatda “Qızıl Dövr” I və II Dünya Müharibələri arasına təsadüf edən 1920-1929-cu illərdə Aqata Kristi, Mareqi Allinqam, Doroti L.Sayers, Friman Uils Krofts, Con Rod kimi yazıçıların adı ilə bağlıdır.

Sonrakı illərdə detektiv romanlarda seksual cinayət izləri də görünməyə başladı. İlk beləəsərlər 1920-ci illərdə ABŞ-da dərc olunan “Black Mask” adlı jurnalda oxuculara təqdim edildi. Daşiel Hammetin başladığı bu üslub sonralar Reymond Çandler və Mikki Spillanenin dəəsərlərində müşahidə olunur.

 

Kitab bazarında detektiv əsər müəlliflərinin reytinqləri

Günümüzün kitab bazarında detektiv, kriminal, triller, qorxu, gərilim, döyüş romanlarının tüğyan elədiyi bir dövrdə New York Times Bestseller siyahısına Skandinaviya detektivləri hələ də liderlik etməkdədi. Elə təkcə “Glass Key” mükafatını almış və son illərin ən çox danışılan müəllifi olan norveçli Jo Nesbonun baş qəhrəmanı “Harry Hole” haqqında xeyli danışmaq olar. Çağdaş xəfiyyəədəbiyyatında bu gün reytinq üzrə sıralamada İsveç müəlliflərinin detektivlərini ikinci yerdə görmək lazımdı. Vəəlbəttə ki, ədəbiyyatın bütün klassikası ilə xatırlanan rasional müəllifləri – saysız-hesabsız publikanın qəbul etdiyi Edqar Allan Po, Artur Konan Doyl, Aqata Kristi, daha sonrasa, Jorj Simenon mifi, yaxud da reallığı var. İngilis və fransız detektivlərindən sonra siyahıda beşinci yerə Amerika detektivlərini yazmaq olar. Düpen, Şerlok Holms, Puaro, Komissar Meqre kimi qəhrəmanlarla yanaşı, Erast Fandorin kimi, yaxud daha sonralar intellektual qatil Dekster Morqan kimi, qanqster detektivdə Çandlerin – “Əlvida, gözəlim!” (“Farewell, My Lovely”), “Yağışda qətl” (“Killer in the Rain”) əsərlərində yaratdığı Filip Marlousu kimi sözün əsl mənasında mükəmməl obrazlar da var.

Fikrimcə, Azərbaycan detektiv əsərlərini bu sıralamada rahatlıqla ilk onluqda görmək mümkündü. Baxmayaraq ki, bizə çox yaxşı məlum olan səbəblərdən (üzrsüz!) dolayı dünya kitab bazarına çıxa bilmirlər (Çingiz Abdullayev istisnadır).

Oxuduğum detektiv ədəbiyyat müəlliflərinin ölkə sıralamasında janrın tələbləri adına hələ ki, ən zəif hesab etdiklərim Türkiyə müəlliflərinin əsərləridir. Əvəzində isə təsvirlər, insan obrazları, qadın taleləri daha ustalıqla işlənmiş olur. Amma detektiv detallar yox dərəcəsindədir. Oxucu təxminən Simenonun “Striptiz” romanı səpgisindəəsərlərlə rastlaşır.

Rus müəlliflərində şpion ədəbiyyatı, döyüş romanları, kriminal nə qədər uğurlu alınırsa, ənənəvi detektiv janr bir o qədər maraqsız və hardasa, uğursuz təsir bağışlayır.

Mütəxəssislərin, tənqidçilərin demək olar ki, əksəriyyəti detektiv detalların əsərlərə daxil edilməsini müəllif tərəfindən düşünülmüş şirnikləşdirici hal kimi qəbul edirlər. Yanaşmanın, daha doğrusu dəyərləndirmənin özündə köklü yanlışqlıq olduğuna bir neçə nümunədə baxaq.

Kitab adına dünyada indiyə qədər Quran və Bibliyadan sonra ən çox satılan (vəəlbəttə ki, oxunan) əsər ingilis yazıçısı Çarlz Dikkensin “İki şəhərin hekayəti” romanıdır. Əsər ilk dəfə 1859-cu ildə çap edilib. İndiyə qədər 200 milyondan artıq nüsxəsi çap edilib. Heç şübhəsiz ki, detektiv ədəbiyyatın kümünü qoymuş Vidokdan, Podan sonra Dikkensin bu janra müraciət etməsi böyük uzaqgörənlikdir.

Yaxud da tirajı 100 milyona yaxınlaşan romanların ilk beşliyinə baxın: Den Braunun “Da Vinçi kodu” (80 milyon) və Umberto Ekonun “Qızılgülün adı” (50 milyon). Nümunələrdə adı keçən hər üç əsər karkası və ana süjeti detektiv detallar üzərində möhkəmləndirilən əsərlərdir. Nümunələrdən sonra sadə bir eksperiment də apara bilərsiniz. Adı keçən əsərlərdən hansısa birini qarşınıza qoyun. Oxuduqca, detektiv süjet xəttinə aid olan mətnlərin hamısını ixtisar edin. Və sondaəsərə bir daha nəzər salın. Geridə nə qalmışdır? Şişirdilmiş təhkiyyə dili ilə zəngin yorucu təsvir və hadisələrdən ibarət bitkin olmayan mətnlər yığını…

Siz bir də, Hüqonun, Balzakın, yaxud da Dostoyevskinin əsərlərini düşünün. Onların rəngarəng baş qəhrəmanlarını real xəfiyyə Fransua Vidokun dörd cildlik memuarlarından çırpışdırmadıqlarınımı sanırsınız?!

“Ustad” jurnalının 5-ci sayından

 
 
Bölmə : Redaktorun seçimi