Detektiv ciddi ədəbiyyatdırmı? – SENET.AZ-ın SORĞUSU

536 Baxış

sorguKitabevim.az kitab mağazasında yanvar ayında oxucuların ən çox müraciət etdiyi əsərlər detektiv romanlar olmuşdur.

 Müşfiq XAN detektiv ədəbiyyatla bağlı yazıçılar arasında apardığı sorğunu Senet.az ədəbiyyat və sənət dərgisinin oxucularına təqdim edir.

 SORĞU: – Detektivi ədəbiyyat janrı hesab edən və etməyən fərqli auditoriyalar, qələm adamları, tənqidçilər və ədəbiyyatşünaslar var. Sizcə hansı tərəf haqlıdır – ədəbiyyat janrıdır deyənlər, yoxsa bunu inkar edənlər?

 

 

shamil sadiqf.ü.f.d., dos. Şəmil Sadiq: “Ümumiyyətlə, bu cür sualların dövrü çoxdan keçmişdir. Çünki 100 ildir bu mövzuda danışılır və hələ də həlli tapılmamış kimi təqdim edilir. Bir zamanlar roman janrının növü kimi ortaya çıxan Detektiv ədəbiyyat son 50 ildə defakto da olsa, öz müstəqilliyini elan etmişdir. Janr əsasən forma əlamətlərinə görə müəyyənləşir. Sonra bu janrın içindən yeni növlər yaranır ki, sonradan bu janr həm də formaya çevrilir. Forma adlanması üçünsə bir formanın içindən yeni janrlar yaranır. Buna misal olaraq, bayatı formasında olan layla, ağı, nəğmə, məsnəvi formasında olan qəsidə, poema kimi janrları qeyd etmək olar.

Bu baxımdan, romanı bir forma kimi götürsək, detektivi də janr hesab edə bilərik. Çünki detektiv əsərlərin özünün forma xüsusiyyətləri yaranmışdır ki, bu da onu janr kimi meydana çıxarır. Hətta hekayə, povest, lap poema formasında da detektiv yazıla bilər.

Dünya ədəbiyyatında da eyni tendensiya müşahidə edilir. Roman janrına kütləvi müraciət edilməsinin əsas səbəblərindən biri də, zənnimizcə, son dövrün romançılığı haqqında ədəbiyyatşünaslığın susmasıdır. Sanki ədəbiyyatşünaslar belə roman janrında gedən istər məzmun, istərsə forma dəyişiklikləri ilə ayaqlaşa bilmirlər. Hətta bugünkü roman janrının formalarına, məzmununa, tipoloji quruluşuna, üslubuna diqqət etdikdə, demək olar ki, ədəbiyyat nəzəriyyəsi termin yaratmaqda və ad verməkdə çətinlik çəkir.

Çəkinmədən buna janr deyə bilərik. Yaxşı janrdır, ciddi janrdır, pis janrdır məsələsi isə tamam başqa məsələdir. Kiminsə zövqünü oxşamırsa, buna görə də, buna janr və ya ciddi ədəbiyyat demirsə, o, onun problemidir.

Mən də bu janrı bəyənmir, birdəfəlik paket çayı kimi bir şey hesab edirəm. İçəndə heç bir zövq almır, içəndən sonra isə ətri burnumda, dadı damağımda qalmır. Bu o demək deyil ki, detektiv janr, paktet çay isə çay deyil.”

 Sherif Agayar 250 250Şərif Ağayar: “Məncə, yalnız detektiv əsər ciddi ədəbiyyat deyil… Əyləncədir… Yazıçı qəhrəmanın dalınca düşüb cinayətkar axtarırsa, mənə maraqsız gəlir. Ancaq detektiv xətdən ciddi əsərlərdə istifadə etmək olar. Necə ki, ediblər.”

 

 

 

 

ferid-huseyn-flasvcvFərid Hüseyn: “Dedektiv ədəbiyyat var, onun oxucuları da var. Hətta qısqanclıq doğuracaq qədər aditoriyası var. Amma dedektiv ədəbiyyat mənim ardıcıl oxuduğum və sevdiyim ədəbiyyat deyil. Ancaq o ədəbiyyatın oxucularına və yaradıcılarına hörmətlə yanaşıram.”

 

 

 

 

qan turali 2Qan Turalı: “Dedektiv ədəbiyyatdır. Əksini deyən haqsızdır.”

 

 

 

 

 

elchin mirz'b'yliElçin Mirzəbəyli: “Detektiv istər ədəbiyyatda, istərsə də kinoda janr olaraq bütün dünyada qəbul edilib. Bu barədə müzakirə açmaq vaxt itkisindən başqa bir şey deyil. Mən bu məsələyə elmi müstəvidən yanaşa bilmərəm. Çünki ədəbiyyatşünas deyiləm. Ola bilsin ki hər iki tərəfin arqumentlərində məntiqə söykənən məqamlar var. Amma yenə də qeyd edim ki, detektiv artıq ədəbiyyatşünaslıqda və kinoşünaslıqda janr olaraq qəbul edilir və bu sözdən konkret janrı müəyyənləşdirən termin kimi istifadə olunur. İndi kimsə yenidən təkər icad etmək fikrinə düşübsə, bu artıq onun öz problemidir.”

 

 

axar.az1392157413elnazElnaz Eyvaz: “Hər iki tərəfin öz fikirinə haqq verməyə əsası var, güman ki. Sadəcə onu deyim ki, dedektiv maraqla oxunur. Məsələn, mən fantastik əsərlərdən daha çox detektiv əsərləri maraqla oxuyuram. Hətta detektiv filmləri də daha çox sevirəm.”

 

 

 

 

nerimanNəriman Əbdülrahmanlı: “Təbii ki, ədəbiyyat janrıdı. Bunu müzakirə eləmək ən azı günahdı. Edqar Ponu, Artur Konan Doyl, Corco Falletti, Ahmet Ümit kimi gözəl detektiv ustaları var. Orxan Pamukun “Qara kitab”, “Mənim adım Qırmızı” romanları da detektiv janrdadı. Söhbət ancaq bu və ya digər detektiv əsərin hansı səviyyədə yazılmasından gedə bilər. Səthi və sadəlövh əsərlərinsə heç bir janra aidiyyatı yoxdu.”

 

 

 

mirmehdiMirmehdi Ağaoğlu: “Detektiv də ədəbiyyat janrıdır. Heç kəs bunu inkar edə bilməz. Sadəcə detektiv əsərlərdə kəskin süjet daha qabarıq olduğu üçün əsərin digər məziyyətləri unudulur. Gəlin qəbul edək ki, bədii əsərlərin əsas cəlbediciliyindən biri süjetdir. Oxucu bir əsərlə tanış olanda ilk növbədə onun süjeti ilə maraqlanır.

Buna görə də detektiv yazarlar oxucuların bu sadəliyindən istifadə edərək zaman-zaman süjetə qaçırlar. Bədii əsərin digər məziyyətlərini nəzərə almırlar. Çünki sıravi oxucu heç əsərin digər məziyyətləri ilə maraqlanmır da.

Umberto Eko kimi yazarlar isə detektivin bu populyarlığından yararlanaraq öz əsərlərinə detektiv süjet əlavə edirlər. Bunun sayəsində həm detektiv xoşlayan oxucunu ələ alırlar, həm də ciddi oxucuların maraqlarına cavab verirlər.

Postmodernist əsər yazmağın punktlarından biri də əsərə detektiv süjet əlavə etməkdir. Umberto Ekonun “Qızılgülün adı”, Orhan Pamukun “Qara kitab”, lap elə hazırda oxuduğum, Xuan Qabriel Vaskesin “Düşən əşyaların gurultusu” romanını detektiv əsər kimi təqdim etmək olar.”

 

Aydin xanAydın Xan Əbilov: “Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə öz nöbəsində janrlara bölünürlər. Məsələn epik növün hekayə, povest və roman növü. Bu təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox da mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa biliblər. Üstəlik də son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər məncə.

İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…”

 

esed qaraqaplanƏsəd Qaraqaplan: “Sırf detektiv olan əsərləri ciddi ədəbiyyat saymıram mən də. Yəni bunun sənət tərəfini görmürəm. Ancaq əsas məqsədi detektivlik olmayan, içində sadəcə bir detal kimi verilən esselərsə başqa.”

 

 

 

 

sevincSevinc Elsevər: “Detektivi ciddi janr hesab edənlər və etməyənlər var, bəli. Amma detektiv xətti bütün əsərlərdə var əslində. Və bu xətt intellektli oxucunu da ardınca aparır. İnsan cinayətə meylli məxluqdu. Habillə Qabilin davamçılarıyıq da. Nağıllarda, orta əsrlərdə kimsə edam olunanda adamlar meydana, tamaşaya axışmırdımı? Açar deşiyindən baxmaq, otaqda nə baş verdiyini bilmək marağı… bunlar detektivdə daha qabarıqdı. Ona görə də böyük kütlə var ki, televiziyalardakı kriminal proqramlara azarkeşlik edir, detektiv ədəbiyyatına üstünlük verirlər. Detektivi əsərlərdə ayrıca xətt kimi xoşlayıram. Sırf detektiv janrının oxucusu deyiləm. Orxan Pamukun “Qara kitab”, “Mənim adım qırmızı”, “Qar”, Ekonun “Qızılgülün adı” və s. əsərlərini oxucu üçün cəlbedici edən həm də içlərindəki detektiv xətt deyilmi? Dünya şöhrətli detektiv yazarlar var, onların milyonlarla oxucuları var. Təbii ki, müstəntiqlərin, şeriflərin cinayət haqqındakı quru qeydlərindən fərqlənməlidi də əsər. Elə yazıçılar var ki, qupquru yazırlar. Ciddi adamlar da vaxt sərf eləmək istəmir. Qeyri-ciddi münasibət də burdan doğur. Yaxşı yazıçı bütün janrlarda gözəl yaza və oxucu sevgisi qazana bilər.”

 

cavidzeynall;Cavid Zeynallı: “Bu qəbul olunub ki, ədəbiyyatşünaslıqda detektiv deyilən janr yoxdur. Epik növ var və ona daxil olan povest, hekayə və roman janr hesab olunur. Yəni detektiv roman anlayışı roman janrının tərkibindədir. Detektivi ayrıca janr kimi qəbul etmək üçün gərək ədəbiyyatşünaslığın nəzəri əsasları dəyişdirilsin. Çingiz Abdullayev maraqlı bir şey demişdi: detektiv janr deyən tənqidçinin, ədəbiyyatşünasın savadına şübhə edirəm. Məncə başqa şərhə ehtiyac yoxdur.”

 

 

 

скачанные файлы (1)Aytən Cavanşir: “Əlbəttə ki, detektiv ədəbiyyat janrıdır. Bunu inkar edən qələm adamları istedadlarında problem olan şəxslərdir. Keyfiyyətli və keyfiyyətsiz detektiv əsərlər var, bu artıq ayrı məsələdir.”

 

 

 

 

aqshinevrenAqşin Evrən: “Ümumiyyətlə, məncə, bədii mətn güclü olmaqla yanaşı, həm də müəyyən qədər bəşəri olmalıdır. Əgər bir şey bəşərilik tələb edirsə, bunu ədəbiyyat nəzəriyyəsinin qəliblərinə sığdırmağa lüzum yox. Necə ki, “Məndə sığar ikən cahan” qəzəli gəldi, gəldi, gəldi rəcəz bəhrinə sığdı. Təsəvvür edin, o boyda cahana sığmayan bir anlayış “məfailün” ədəbiyyat surəsinə yerləşdi. İndi də düşmüşük detektiv ədəbiyyatın üstünə. Sanki, detektiv əsərlər ciddi bir janr kimi qəbul olunsa və ya olunmasa, Böyük partlayış baş verəcək. İstənilən halda, əsər oxucu üçün yazılır. Oxucunun işi əsər oxumaqdır. Əsərin bığburma, ağlaşma, təsbehçevirmə janrına aid olmasını tənqidçilər qoy nə qədər istəyirlər araşdırsınlar. Yaxşı yazılmış istənilən detektiv əsər, mükəmməl texnikaya malik istənilən romandan bir köynək üstündür. Köynək demişkən, heç olmasa, azadlığa çıxarmaq istədiyimiz bədii mətnlərə kostyum-qalstuk geyindirməyək.”

 

скачанные файлы (2)İkinci Mahmud: “Oxucu macəra axtarışındadır. O, prosesin iştirakçısı olmaq istəyir. Novellavari sonluqlar həmişə maraqlı olub. Dedektiv janrının populyarlığının səbəbi də bundadır. Təbii ki, detektiv ədəbiyyatın janrıdır. Nəzəri cəhətdən bu, belədir. Yeni fikir irəli sürməyə ehtiyac duymuram. Məsələn, pivə sərxoş olmaq üçün deyil. Bununçün araq var. Əgər pivə səni sərxoş etmirsə, günahı pivədə axtarmaq lazım deyil. Seçimi düzgün etməlisən. Burda da vəziyyət eynidir: dedektiv janrı fəlsəfi traktat kimi oxumaq istəsən, məyus olacaqsan. Bir az diqqətli olsaq, görərik ki, bir çox klassik yazıçılar detektiv janrının xüsusiyyətlərindən istifadə edibler; Jül Vern, Defo, lap ele Markes. Mən macərasayağı süjeti, hadisələrin novellavari sonluğunu bir ədəbi fənd, belə deyək, vasitə kimi istifadə etməyə qarşı deyiləm. Amma gərək bu məqsədə çevrilməsin. Ümumiyyətlə hansı janrda olur, olsun, mətnə ciddi yanaşmaq lazımdı. Bu söhbət ona görə yaranıb ki, bizim detektiv yazan müəlliflərin əsərləri bayağıdır. Həvəskarcasına yanaşırlar mətnə. Guya ciddi roman yazmaq istəyə və ciddi roman yazdığını düşünən müəlliflərin əsərləri çoxmu peşəkardır? Yox! Hamısı publisistik məqalə, oçerk, yaxud xatirat səviyyəsindədir. Bədii mətn yaratmaq cəhdləri uğursuz alınır.”

 

quluagsesQulu Ağsəs: “Oxunan və oxunmayan yazarlar var. Həmişə müxalifətdədilər. Detektiv janrı rahat və həvəslə oxunur. Həzmi də asandı. Beyinə əziyyət vermir. Ürəyi əzmir. Mədə xorası yaratmır. Oxuyur, mütəəssir olur və keçib gedirsən. Detektiv – özgə faciəsi kimidi. Bir də var öz faciən. Bu ayrı ədəbiyyatdı. Oxunmayan, cod ədəbiyyat…”

 

 

 

 

vusalnuruVüsal Nuru: “Dedektiv janr ədəbiyyat janrıdı və kütləyə təsir edəcək böyük gücə malikdi. Ədəbiyyat insan taleyidi və dedektiv janrda da insan taleyindən, faciəsindən bəhs edir.”

 

 

 

 

reshad

Rəşad Məcid:Ədəbiyyat janrı deyil, demək düzgün deyil. Amma hər halda ədəbiyyatın daha yüngül bir qoludu. Ədəbiyyatın təməl prinsiplərindən olan insanı düşündürmək, hislərinə toxunmaq, duyğularına təsir etmək funksiyası çox bəsit və üzdədi detektivdə. Bəlkə fiziki tələbatla – qidalarla müqayisə etsək – ayaqüstü qaçaraq yeyilən, tərkibində kimyəvi süni qidaların bol olduğu, az kalorili fastfoodlarla müqayisə etmək olar.”

 

 

 

elchinefendiElçin Əfəndi: “Mənim fikrimcə detektiv ədəbiyyatın bir janrıdır. Ədəbiyyat mərifət, ədəb sözünü özündə əks etdirir. Detektiv janrı da cinayətkarlıqdan uzaq durmağa, ədəbli olmağa səsləyir. Detektiv janrda istənilən cinayətin üstü açılaraq, qanundan kənara çıxanlar cəzalandırlır. Bu da ona dəlalət edir ki, nə qədər qanunsuzluq edilsə də, üstü açılır və müvafiq cəza tətbiq edilir. Belə olduqda detektiv janrının nəyə səslədiyini görməmək mümkün deyil. Digər rakursdan baxsaq, ədəbiyyatda tarixi, siyasi, ictimai, fəlsəfi, sevgi və s. haqqında romanlar, hekayələr və s. var. Bunlar hərəsi ayrı-ayrı anlayışları özündə ehtiva etsə də, ədəbiyyat adından çıxış edirlər. Detektiv janrı da bu kimi bölümlərdən biridir. Detektivi ədəbiyyatla bağlamamaq düzgün deyil. Müasir dövrdə bu janra daha çox üz tutulur. Digər mövqedən baxsaq, biz, kino deyərkən onu mədəniyyətin bir növü olaraq qəbul edirik. Məgər detektiv və ya kriminal janrda olan kino mədəniyyət nümunəsi deyilmi? Bu detektiv janrdadır deyə onu kino kimi qəbul etməyək deyə düşüncə doğrumu? Əlbəttə ki xeyr. Bu ədəbiyyatda da belədir. Bir sıra ədəbiyyat nümunəsində detektiv çalarlar var. Nə qədər gülməli gəlsə də, tapmacanın özü belə oxucudan axtarışda olmağı tələb edir. Elə isə deyək ki, tapmaca nəinki epik-lirik növə, heç ümumiyətlə ədəbiyyata aid deyil. Bax bunu desək, özümüzü güldürərik. Yekun olaraq deyə bilərəm ki, detektivi janr kimi qəbul etməmək və ya onu ədəbiyyatla bağlamamaq sadəcə sənətə, ədəbiyyata qarşı olmaq deməkdir.”

 

Sexavet_SahilSəxavət Sahil: “Detektiv şəksiz ki ədəbiyyat janrıdır. Bu tam ciddi və əsaslı şəkildə ədəbiyyatşunaslıqda öz yerinu tutub. Sadəcə detektivə peşakar yanaşmaq lazımdır. Təkcə detektiv və ya kriminal sujeti əsas götürüb roman və ya hekayə yazmaq hesab edirəm ki, düzgün deyil. Detektivin ucuzlaşması onun kütləviliyi ilə bağlıdır. Lakin, diqqətlə fikir versək dünya ədəbiyyatı tarixində, eləcə də Azərbaycan ədəbiyyatında ciddi Detektiv əsərlər yazılıb. Məncə burda əsas məsələ yanaşma və əsərin ciddiliyi olmalıdır.”

 

 

 

azadqaradereliAzad Qaradərəli: “Xeyr, detektiv janr deyil, formadır. Məsələn, satirik əsər, komik əsər deyildiyi kimi, detektiv əsər də deyilə bilər. Amma detektiv ədəbiyyat anlayışı səhvdir. Detektiv əsər ola bilər, yaxud bir əsərdə detektiv xətt daha güclü ola bilər.”

 

 

 

 

gulnare ilhamGülnarə İlham: “Bizim istəyimizdən asılı olmayaraq detektiv bir janr kimi dünyada qəbul olunub. Amma mən dedektivi ayrıca janr kimi qəbul etməyənlərdənəm. Detektiv sadəcə hansısa bir romanın mövzusudur. Necə ki, məişət və ya sevgi romanı yazılır. Detektiv də həmin mövzular sırasındadır. Bəzən bunu macəra ilə qarışdırırlar. Amma detektiv sırf kriminal sahəyə aiddir.

Onu da qeyd edim ki, detektiv mövzuda yazanlar həmişə mənə daha ağıllı yazar təsiri bağışlayır. Amma niyəsə düşünmüşəm ki, bunu janr kimi qəbul etmək və kütləviləşdirmək olmaz. Tutaq ki, bir ağıllı adam çıxır və bütün kriminal biclikləri və yaxud fəndləri yazır. Artıq bu əsərin əsasında film çəkiləndə görün nə qədər cinayətkarın yetişməsi üçün şərait yaratmış olur.”

afaq_shixxxliAfaq Şıxlı: “Detektiv janrını uşaqlıqdan sevirəm və mənə elə gəlir ki, uşaqlıq və gənclik dövlərində bu janrın pərəstişkarı olmayanlar çox azdır. Detektivi bəzən ədəbiyyatın bir qolu kimi hesab etmirlər. O zaman bu kitablara nə ad verək? Bundan əlavə, detektiv janrında yazan böyük şəxsiyyətləri də yazıçı adlandırmayaq? Məncə bu düzgün deyil. Tarixi yada salıb sadalaya biləcəyimiz məşhur adlar çoxdur, lakin öz soydaşlarımızdan sadəcə iki nəfərin adını qeyd etmək də kifayət edər: Cəmşid Əmirov – Azərbaycan ədəbiyyatında detektiv janrının banisi və Çingiz Abdullayev – öz əsərləri ilə Azərbaycanı dünyaya tanıdan, dünyanın diqqətini Azərbaycana yönəldən insan. Sevindiricidir ki, gənclərimiz arasında da bu janrı ölüb getməyə, unudulmağa qoymayanlar vardır. Bu janrın mənasız olduğunu da iddia edirdilər bir zamanlar. Lakin, tarixə məlum olan bir faktı qeyd etmək istərdim. 1977-ci ildə London xəstəxanalarından birinə daxil olan xəstə qıza heç bir həkim diaqnoz qoya bilməmişdi. O zaman, Aqata Kristinin məşhur “Bəyaz at malikanəsi” adlı kitabını oxumuş tibb bacılarından biri (kitabda talliumla zəhərləmnə simptomları çox gözəl təsvir olunub) qızın talliumla zəhərlənə biləcəyi ehtimalını deyir. Və həqiqətən də bu əsər, qızcığazın həyatını xilas edir…”

 

fazilmustafaFazil Mustafa: “Əlbəttə ədəbiyyat janrıdır. Bədii təxəyyülün məhsuludursa, başqa necə ola bilər?”

 

 

 

 

 


seherehmedSəhər Əhməd
: “Detektiv janr kimlərinsə janr hesab edib, etməməsindən asılı olmayaraq artıq formalaşmış janrdı. Ola bilsin, bizdə az müraciət olunmuş, bu üzdən qəbul olunmamış ola bilər. Amma bütövlükdə dünyada oturuşmuş və xeyli də oxucu kütləsi olan bir janrdı. Ümumən, hər zaman əsas olan məzmundu, məzmun varsa, özünə uyğun forma tələb edirsə, o forma yaşayacaq.”

 

 

 

FeridhuseynliFərid Hüseynli: “Mən ədəbiyyat janrıdır deyənlərdən tərəfəm.”

 

 

 

 

 

PervizCebrayilPərviz Cəbrayıl: “Detektiv janr deyil, mövzu və üsluba görə bölgülərdən biridi. Müxtəlif mövzularda əsərlər olur ki, detektiv də sadəcə, onlardan biridi və adından da göründüyü kimi, hansısa cinayət faktının üstünün açılmasından, çözülməsindən bəhs edir. O ayrı məsələdi ki, həmin əsər “Cinayət və cəza”dı, Dostoyevskinin qələmindən çıxıb, yoxsa hansısa Dronqo-zaddı. Məsələ nə yazmaqda yox, əbədi olaraq necə və hansı dərinlikdə yazmaqdı, yaxud insanı yazmaq, yoxsa cinayət faktını yazmaqdı.”

 

 

 

AfaqtahirAfaq Tahirqızı: “Təbii ki, ədəbiyyat janrıdır. Bir hadisə düşünülüb, ssenariləşdirilib, obrazlar yaradılıb və qələmə alınıbsa, bu ədəbiyyat janrına aiddi.”

 

 

 

 

Konul hesenquluKönül Həsənqulu: “Ədəbiyyat janrıdır deyənləri haqlı sanıram.”

 

 

 

 

 

rasim qaracaRasim Qaraca: “Detektivisstləri hər zaman ciddi ədəbiyyatçılar saymayıblar, ancaq hər zaman onları ciddi yazarlardan çox oxuyublar. Digər janrlarda olduğu kimi, bu janrın pis və yaxşı nümunələri var. Detektivi ədəbi janr hesab etməyənlərə məsləhət görürəm S.Moemin “Detektivin tənəzzülü və məhvi” məqaləsini oxusunlar.”

 

 

 

 

rovshenyerfiRövşən Yerfi: “Mən bu mübahisəyə münasibətimi Azərbaycan dilinin izahlı lüğətinə istinad etməklə bildirmək istəyirəm. Belə ki, süjet və üslub cəhətdən səciyyəvi olan əsərlər növü və yaxud ümumi əlamətlər əsasında toplanmış əsərlərin forması – janr adlanır. Bu baxımdan janrdan çox üslub sözünün tərəfdarıyam. Hekayə janrının novella üslubu olan sayaq, detekiv ruhda yazılan əsərləri də roman janrının detektiv üslubu hesab etmək fikrimcə daha doğrudur.”

 

 

 

Əkbər_QoşalıƏkbər Qoşalı: “Detektiv ədəbiyyat janrı deyil deyincə, həmən sual ortaya çıxır: bəs nədir? Detektivin yeri hardadır, rolu nədən ibarətdir. Əlbəttə, ədəbiyyat öz estetik dəyərləri ilə inkişaf edən bir sənət növüdür – söz sənətidir. Bildiyiniz kimi, detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur və o məhz söz sənətinin bir qoludur – içi mən qarışıq hansımızın xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq… Təkrar edirəm, bu mənim janrım deyil ancaq, bir sıra idman növlərinin Olimpia Yarışlarına sonradan daxil edildiyi kimi, detektiv janrının da, hansısa dairələrdə, ölkədə, kitabda, ədəbiyyatşünaslıqda… dünən olmadısa, bu gün, bu gün olmazsa sabah bir ədəbi janr kimi təsbiti gerçəkləşəcəkdir.”

 

MubarizOrenMübariz Örən: “Fikrimcə söhbət sənətkarlıqdan gedə bilər. Janrından asılı olmayaraq istənilən mətn sənətkarlıqla işlənibsə, onu heç kəs inkar edə bilməz. Aqata Kristini kim inkar edə bilər? Onun detektivini oxuduqdan sonra uzun müddət dadı-duzu adamı tərk etmir. Qaldı ki, manipulyasiyaya, hər janrda var, nədənsə bu, detektivdə daha çox nəzərə çarpır, çılpaq görünür.”

 

 

 

Nise beyimNisə Bəyim: “Bu mövzu haqqındakı fikir ayrılıqlarını mən də bilirəm, uzun illərdir müzakirə olunur. Əslində , çox asandır bunu müəyyənləşdirmək. Məsələn, müqayisə ilə daha asan başa düşərik, tibbi ədəbiyyat deyəndə, heç kimin ağlına roman gəlmir, tibb haqqında yazılmış elmi məqalələr, kitablar gəlir. Detektiv ədəbiyyat termini də hüquq sahəsində yazılan, deyək ki, gənc müstəntiqlərə, vəkillərə kömək üçün yazılmış təcrübi məsləhətlərdir. O ki qaldı detektiv roman məsələsinə, ədəbiyyatşünaslıqda məhz bu termin işlənməlidir. Məsələn, dedektiv romanlar müəllifi. Necə ki, macəra romanları, psixoloji romanlar, siyasi romanlar, lirik romanlar və sairə. Yəni detektiv janr deyil. Ədəbiyyatda epik növün janrları bunlardır: hekayə, novella, povest, roman, epopeya. İndi məzmununa görə, novella da, detektiv ola bilər, hekayə də, roman da detektiv ola bilər, uzun əsri bütövlükdə əhatə edən epopeyada da detektivin detalları ola bilər. Məsələn, deyəndə ki, Müşfiq XAN detektiv romanlar müəllifidir, bu ifadə düzgündür. Amma desək ki, Müşfiq XAN detektiv janrda yazır, tanımayan şəxs sual verəcək, hekayə yazır, ya roman? Detektivlik məzmunla bağlı olan ifadədir.

Hətta poema da detektiv məzmun daşıya bilər. Dünya ədəbiyyatında o qədər qətldən danışan poemalar var ki. Bu yaxın zamanlara qədər hətta belə fikir səslənirdi: dedektiv ciddi ədəbiyyat sayıla bilməz. Bu, çox cəfəng, mənasız, əsası olmayan mülahizədir. Əslində, romanların əksəriyyətində ölüm, qətl, oğurluq hadisəsi olmasa da detektivin detalları var. Yazıçı özü müəyyənləşdirir hansı mövzuda yazacaq. Eyni problemi bir yazıçı realist üslubda, detektiv üslubda yazar, başqa birisi psixoloji üslubda. Yaradıcılıq qaydasız ,sərbəst hadisədir. O, yazıçının hökmündə olan məsələdir.

Mən də roman yazıram. Ən çox da fantastik-macəra mövzusunda. Amma heç zaman nə danışığımda, nə yazılarımda deməmişəm ki, mən fantastik janrda yazıram. Çünki fantastik üslubdan həm romanlarımda, həm hekayələrimdə, həm ssenarilərimdə istifadə eləmişəm. Yekun olaraq yazıram ki, detektiv, fantastika, macəra, sevgi, psixoloji və sair janr deyil, üslubdur.”

 

IlqarFehmiİlqar Fəhmi: “Əlbəttə ədəbiyyat janrıdır. Bunu məncə müzakirə eləməyə ehtiyac yoxdur. Bütün dünya onilliklər əvvəl bunu qəbul edib. Sadəcə bizdə nəsə bu məsələ mütəmadi olaraq şişirdilir, mübahisə mövzusuna çevrilir. Əlbəttə, keyfiyyət məsələsi də var. Detektiv adıyla yazılan hər cızma qaraya əlbəttə ki ədəbiyyat demək olmaz. Bizdə belə bir tendensiya var, hansı hüquq işçisi təqaüdə çıxırsa, əvvəllər apardığı cinayət işlərini götürüb olduğu kimi yazır, detektiv adıyla çap edir. Yaxud kimlərsə gedib məhkəmə xronikasını kompüterə köçürdüb adını detektiv qoyurlar. Mənim «Aktrisa», «Qarğa yuvası» detektivlərim çıxandan sonra, o qədər müraciət edənlər olurdu ki… Heç cür başa salmaq olmurdu ki, sadəcə cinayət axtarışının xronikasını yazmaq detektiv əsər yazmaq deyil. Əslində isə əsl detektiv əsər sırf stilistik əsərdir. Əlbəttə bu janrın hətta ən gözəl, ən klassik nümunələrinə də realizm gözüylə baxmaq olmaz. Burada əsas məsələ əsərin strukturunu, sxemini düzgün qurmaqdır. Yalnız bundan sonra xarakterlər, psixoloji məqamlar gəlir. Detektivin strukturunu düzgün qurmaq isə zərgər dəqiqliyi tələb edən bir işdir. Bunu hər adam bacarmır. Xırda bir sirri deyim. Klassik detektiv axırdan əvvələ düşünülən, əvvəldən axıra yazılan əsərdir. Başqa incəliklər də çoxdur, amma bunların hamısını yazmağa ehtiyac yoxdu. Dediyim odur ki, yaxşı detektiv yazmaq heç də yaxşı realist əsər yazmaqdan asan deyil. Hətta mən deyərdim çətindir. Çünki ən xırda bir səhv də bütün strukturu vurub dağıda bilər. Bu baxımdan mən detektiv stilistikasını əruz vəzninə bənzədərdim. Orda da düzgün işlənməyən bir hərf də, bütün vəzni dağıda bilər. Detektiv özü ədəbiyyat janrı olmaqdan əlavə həm də öz içində bir neçə janra bölünür. Bunlar klassik hermetik detektiv, tarixi detektiv, sosial detektiv, macəraçılıq detektivləri, psixoloji detektiv, mistik detektiv, ironik detektiv, fəlsəfi detektiv və uşaq detektivləri… Bunların hər birinin də öz incəlikləri var. O ki qaldı əsl ədəbiyyatdı, ya əsl ədəbiyyat deyil, bu uydurma məsələdi ki, bunu detektiv janrının incəliklərini bilməyən və bilmədiyinə görə də dəyər verməyən adamlar ortaya çıxardıblar. Bütün klassik kanonlara uyğun işlənmiş keyfiyyətli, səlis detektiv roman mənim aləmimdə zəif fəlsəfi, realist, modernist-postmodernist əsərdən yüz dəfə yaxşıdı… Amma ümumilikdə kütləvi ədəbiyyat deyilən bir axın da var ki, buraya bütün janrda olan əsərlərin yüngül üslubları daxildir. Heç bir ideya yükü daşımayan yüngül detektivlər, yalnız evdar xanımların ehtirasını oyadan qadın romanları, yeniyetmələrin macəraçılıq instinktlərinə köklənmiş avantürist romanlar, «tineycer romanları», özünü ağıllı göstərmək istəyənlərə hesablanmış «psevdo intellektual trillerlər», və sair… Bu isə təbii ki, əsl ədəbiyyat deyil. Bizdə isə əfsus ki, kütləvi ədəbiyyat, yüngül ədəbiyyat deyəndə, yalnız detektiv romanlar yada düşür. Məncə zəif yaxud güclü janr yoxdu. Yaxşı və pis əsər var. “

Svetlana TuranSvetlana Turan: “Əbəttə ki, detektiv də ədəbiyyatın bir janrıdır. Bir halda ki, əsər yazıçı fantaziyası və istedadının məhsuludur, onu ədəbiyyata aid etməmək yanlışdır. Sadəcə olaraq, digər ədəbi janrlardan fərqli olaraq, detektivdə dərin düşüncə, dərin məna və fəlsəfi fikir olmur. Detektivdə hər şey konkretdir. Bu janrda yazılmış əsərlər oxucuya düşünmək, analiz etmək imkanı yaratmır. Ona hər şey hazır halda verilir. Müasir oxucu isə əksər hallarda, oxuduğu əsəri öz intellekt və duyum süzgəcindən keçirmək istəmədiyi üçün daha çox detektiv əsərlərə üstünlük verir.”

 

 

celilcavanshirCəlil Cavanşir: “Dedektiv ədəbiyyatdır. Qeyri-ciddi və ciddi ədəbiyyat bölgülərini qəbul etmirəm. Sevə-sevə oxuyuram və mənim üçün zövqlüdür. Amma təbii ki, hər müəllifi də oxumuram. Detektiv mənim üçün ən gözəl istirahətdir. Amma ədəbiyyatın xüsusi janrı deyil. Amma gələcəkdə ümumiyyətlə ədəbiyyatdan ayrıla, yeni bir sənət sahəsəniə də çevrilə bilər. Ümumiyyətlə bu müzakirələrdə hamı haqlıdır. Kim necə istəyir düşünsün, detektiv oxunur, satılır və populyardır. ”

 

 

nergiz Cabbarl;Nərgiz Cabbarlı: Detektiv əsərin ciddi ədəbiyyat olub-olmaması hər zaman müzakirə doğuran problemdir. Bunun da səbəbi janrdan daha çox, ona yanaşmada yazıçıların yol verdiyi  yanlışlıqla bağlıdır. Belə ki, yazıçılar bəzən (xüsusilə də çox yazdıqlarında) oxucu diqqətini çəkmək üçün vasitə olan detektiv süjetə o qədər aludə olurlar ki, poetika məsələləri, üslubiyyət, bədiilik, xarakterin formalaşdırılması, dili, təsvir orijinallığı və s. diqqətdən kənarda qalır. Nəticədə də ortada ədəbiyyat nümunəsi deyil, detektiv süjet görünür. Bundan başqa, bir yazıçının bir-birini təkrarlayan süjetlərə və situasiyalara müraciəti də detektiv janra qeyri-ciddi münasibətin yaranmasında əsaslı rol oynayır. Bu səbəbdən də hər hansı bir detektiv yazıçının daha çox imzası yadda qalır, nəinki əsəri.

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10