Detektiv yazan yazıçıları güllələmək lazımdır!

139 Baxış

Arif AlimDetektiv haqqında ardı-arası kəsilməyən mübahisə və polemikalar onu göstərir ki, ədəbiyyatın dərdi-səri, sən demə, elə bu imiş. Dəqiq desək, bu ilahi problemin əsas məqsədi bir detektiv əsərlər, bir də gənc yazıçılara ev və mənzil verilməsi məsələsi imiş, vəssalam. Bu iki məsələ həll olunsa, hər şey qaydasına düşər və day Anar müəllimin o boyda idarəsinə ehtiyac qalmaz.

Əslində haqqında cild-cild, vərəq-vərəq elmi işlər yazılsa da və hər dəfə “detektiv janr” ifadəsi işlənsə də, bu məqamda “janr” istilahı yerində deyil. Və bunu hər kəs də, yəqin ki, xüsusən ədəbiyyatşünaslar yaxşı başa düşür. İstəyirsən, hekayə, roman, nə bilim nə yaz, məzmunu detektiv ola bilər. Məsələn, E.A.Podan danışanda, onun novellalarından söhbət eləyəndə yazıçının cəmin üç hekayəsinin detektiv əsər olduğunu deyirik. Aqata Kristidən də eləcə. Detektiv forma əlaməti yox, məzmun məsələsidir. Necə ki şanlı sovet ədəbiyyatşünaslığında “inqilabi roman” anlayışı vardı. Nüminəsi M.Qorkinin “Ana”sı.

Qaldı ikinci məsələyə, detektiv əsərin ədəbiyyata dəxli olub-olmamasına. Niyə detektiv əsərin ədəbiyyata dəxli olmamalıdır ki? Bədii cəhətimi zəifdir, məqsədimi ədəbiyyatın məqsədinə uyğun gəlmir, yoxsa macəra istiqaməti artıqdır? Bəlkə, “ədəbiyyat” adlandırılan əsərlərin hamısının həmin xüsusiyyətləri aşıb-daşır?

Məsələn, onlarla kitab adı çəkə bilərəm ki, onların birinci səhifəsini oxuyandan sonra sakitcə kitab rəfinə qoymuşam. Vaxtıma və zövqümə heyfim gəlib, qurtardı-getdi. Məsələ ciddi yazıdan getməlidir. Ədəbiyyat janrsız və mövzusuz ciddi yazı deməkdir.

 

P.S. Bizim bir çox kompüter tərcüməçilərimiz onsuz da xarici ölkə yazıçılarının əsərlərini dilimizə elə çevirirlər ki, onlarda  bədiilikdən nə əsər qalır, nə də əlamət. İndi deyirsiniz, onlar da “detektivdir”?!

 

Bölmə : Arif Alim
KÖŞƏ YAZARLARI
TOP 10