“Dilbər”

82 Baxış

kadin

Senet.az “Anamın Kitabı” Ədəbi müsabiqəsinə göndərilən Cavidan Mirzəzadənin  “Dilbər”  pyesini təqdim edir:

 

 

“Dilbər”

 

Pyes

 

İştirak edənlər:

 

Cəmil – 23 yaşında gənc.

Dilbər – 20 yaşında gənc və gözəl qız, Cəmilin sevgilisi. Qonşudurlar.

Dilarə – Dilbərin anası.

Saday – Dilbərin atası.

Novruz – Kəndin zəngin sakinlərindən biri.

Polad – Novruzun oğlu, ailəsindən ayrı yaşayan zəngin bir gənc.

Tural – 35 yaşlarında, tanınmış yazıçı, Cəmilin qohumu.

Xasay – 30 yaşlarında, yekəpər, dəliqanlı, Cəmilin qohumu.

Oqtay – 45 yaşlarında, Sadayın qardaşı.       

 

 

Hadisələr 20-ci əsrin əvvəllərində, Azərbaycan kəndlərindən birində vaqe olur.

 

 

1-ci səhnə

 

Cümə günü. Sadayın evi. Qonaq otağı. Dilbər fikirli halda oturub. Dilarə gəlir.

 

 

Dilarə

 

Bu qız da kədərli görünür yenə…

Nə dərdin varsa aç, aşkar et mənə.

 

 

Dilbər

 

Dərdim yoxdur mənim…

 

 

Dilarə

 

Yalan deyirsən!

Bilirəm sən kimin fikrin çəkirsən.

Ağlını başından almış o Cəmil.

Amma bil, bu sevda alınan deyil.

 

 

Dilbər

 

Ah, niyə, nə üçün belə deyirsən?

 

 

Dilarə

 

Atan razı deyil, sən ki bilirsən…

Deyir ki, Polada verəcək səni.

Zəngindir, varlıdır, tapılmaz təni.

 

 

Dilbər

 

Ölərəm, getmərəm heç vaxt Polada.

İstər malik olsun min şöhrət, ada.

Bunların hamısı cəfəngiyyatdır.

(ağlayaraq)

 

Ah bu nə ömürdür bu nə həyatdır?!

Daha intihara səbəb yox, yəni

Bir gündə öldürər ayrılıq məni…

Görən sevə-sevə ölmək asanmı?…

 

 

Dilarə

 

Atanın sözündən çıxacaqsanmı?

O bu cür məsləhət bilirsə demək,

Səndə dediyini edəsən gərək.

O sevgi dediyin boş bir xəyaldır.

Arı pətəyində sanki bir baldır,

Yedikcə boğazın bağlayar yara…

 

 

Dilbər

 

Gərəksə dözərəm min ahu zara,

Sevgimdən əlimi çəkmərəm qəti!

 

 

Dilarə

 

(biraz yumşalır)

 

Ehh.. Bilirəm bu sözlər boş, müvəqqəti…

Məndə bir zamanlar sevmişəm, qızım,

İndi çoxdan sönüb tale ulduzum.

Mən də öz atamın məsləhətilə,

O gənc xəyalları vermişdim yelə…

(ağlayır)

(sükut)

 

Böyüyün sözündən yayınmaq əbəs.

Atana nə cavab verəcəksən bəs?

 

 

Dilbər

 

Bilmirəm, bilmirəm, ana,

Gərəksə keçərəm qarşısına mən

Deyərəm sözümü heç çəkinmədən.

 

Olmasa, qıyaram bu cavan cana.

 

 

Dilarə

 

Ah qızım, gənc yaşda bu fikir nahaq,

Sən ölsən, ölərəm mən səndən qabaq.

(qucaqlayır)

 

(Saday yan otaqdan girir)

 

Saday

 

Nə olub, Dilarə, niyə ölürsən?

 

 

Dilarə

 

“Ölürəm” demədim, səhv eşitmisən…

 

Saday

 

Səhvmi? Qabağında dayanmayıb kar!

 

(Dilbər getmək istəyir)

 

Dur ay qız, səninlə bir söhbətim var…

(Dilbər oturur)

 

 

Dilarə

 

Nə isə baş verib?

 

 

Saday

 

Yox, yox,

 

 

Dilbər

 

(öz özünə)

 

Hələ ki…

 

 

Saday

 

Yəqin tanıyırsız bizim kənddəki,

O zəngin, bəyzadə, Novruz qardaşı.

 

 

Dilarə

 

Hə… Zəngin, hündürboy, çox olar yaşı…

 

 

Saday

 

Dayan, dayan görüm… Belə tələsmə.

Qoy mən nəql eləyim sözümü kəsmə…

 

(oturur)

 

Bir gənc oğlu da var, görkəmli Polad!

Həm gənc yaraşıqlı, həm bir istedad!

Yayılmış şəhərə şöhrəti, şanı.

Onun tək qüvvətli, həm zəngin hanı?

Bir az hadisəni qabaqlamışam,

Onu 1-2 yerdən soraqlamışam…

Ayrıca ev filan, həyatı varmış!

Atadan, anadan ayrı yaşarmış…

Novruz söylədi ki, günlərdən biri,

Onun oğlu görmüş bizim Dilbəri…

Bəlli, bizim qızda könlü var yəni,

Novruz da tanıyır bizim ailəni.

Dedi bazar günü elçim sizdədir…

 

(Dilbərin halı dəyişir)

 

(süküt)

 

İndi siz söyləyin, fikriniz nədir?

 

 

Dilarə

 

Əgər doğrusunu söyləsək sənə,

Qorxuram özündən çıxasan yenə.

Dilbərin başqa bir sevgilisi var…

 

 

Saday

 

(ayağa durur)

 

Boş-boş danışmayın, yenə başlayıb…

Novruzla danışdıq. Ayıbdır, ayıb!

Poladdan artıqmı olacaq biri?

 

 

Dilbər

 

Həyatdan hər kəsin vardır öz yeri.

 

 

Saday

 

Sən hələ danışma, rədd ol otaqdan!

Bu qədər abırsız olarmış insan!

 

(Dilbər gözləri dolmuş halda çıxır)

 

De görüm, kimdir bu bəxtəvər cavan?

 

 

Dilarə

 

Cəmildir, qonşudur, sən tanıyarsan…

 

 

Saday

 

(ağız əyərək)

 

Hə, hə tanıyıram, o yoxsul Cəmil,

Qoy tayını tapsın, bizə tay deyil…

 

 

Dilarə

 

Amma qorxuram ki, bizim bu Dilbər,

Gəncdir, fikrə düşər, intihar edər…

 

 

Saday

 

Nə? İntiharmı?

 

 

Dilarə

 

Hə,hə intihar.

Qorxuram o cavan canına qıyar.

 

 

Saday

 

Yox, yox nə intihar, həqiqət budur:

Zənniycə, bu sözlə bizi qorxudur…

Poladdır onun bir qisməti varsa.

Yaxında o bizə qohum olarsa,

Dilbərin, həm mənim artar hörmətim.

Qız da xoşbəxt olar. Budur niyyətim.

 

 

Dilarə

 

Təki elə olsun,

 

 

Saday

 

Elə olacaq!

Sən get elçiliyə hazırlaş ancaq.

 

 

 

 

2-ci səhnə

 

Yaşıllıq bir ərazi, Cəmil ağaclardan birinin altında dayanıb, Dilbəri gözləyir.

 

 

Cəmil

 

Necə qəribədir zəmanəmiz, ah…

Aşiq 1 günahkar, sevmək 1 bir günah.

Çətindir qovuşmaq öz dilbərinə,

Gərək hər əzaba gərəsən sinə.

Zalımı yıxasan zülmün atından,

Məhrum eyləyəsən öz həyatından.

Eşqin dolaşıqlı yolları vardır,

Kim ki keçə bildi, o bəxtiyardır…

Yoxsa hicran, həsrət qismətin olar,

Sevgi dolu qəlbin kədərlə dolar.

Yox, yox Dilbərimi çox sevirəm mən

Gərək sahiblənim mən ona hökmən…

 

(Dilbər gəlir)

 

Ah Dilbər, gəldinmi?

 

Dilbər

 

Gəldim nəhayət.

İznsiz gəlməyə etdim cəsarət…

Yenə inad edir atam həm anam,

Sanki sevmək ilə mən günahkaram.

 

 

Cəmil

 

Gün gələr bəxtinə bir günəş doğar.

 

 

Dilbər

 

Yox, yox, Cəmil, sənə pis xəbərim var.

 

 

Cəmil

 

Nə olub?

 

        

          Dilbər

 

Anamla danışdım gecə,

Səni sevdiyimi dedim sadəcə.

 

         

       

         Cəmil

 

Nə dedi?

 

Dilbər

 

Alınmaz bu iş heç zaman.

Atam razı deyil. Edirəm güman,

Başqa birisinə verəcək məni.

Eşqimiz də sona çatacaq yəni…

(ağlayır)

 

          Cəmil

 

Sonamı çatacaq? İmkan vermərəm.

İstər dünya olsun bizə qarşı cəm.

 

 

Dilbər

 

Sən nə edərsən et, atam inadkar.

Bəlli, mənim üçün namizədi var…

 

 

Cəmil

 

Dilbər, yoxsa səndə ona tərəfsən?

 

 

Dilbər

 

 

Yox, yox, bax sadəcə çarəsizəm mən.

Nə edim əlimdə deyil taleyim,

Məcburam atamın dediyin deyim.

Bir Novruz adında dost tanışı var,

Elçi gələcəklər mənə bu bazar.

 

 

         

          Cəmil

 

Yox! Əsla bu işi belə qoymaram.

Mənim olmalısan nə qədər varam.

Sənsizlik həyatı zülm edər mənə,

Möhtacam sevginə, möhtacam sənə.

(əllərini tutur)

 

 

          Dilbər

 

Bilirəm…

Əfsus ki, həyat qəddardır.

Yaxşısına düşmən, pisinə yardır…

 

         

          Cəmil

 

Bu qədər bədbinlik eyləmə daha.

Hər gecə, hər gündüz yalvar Allaha.

Şübhəsiz gələcək köməyimizə.

 

 

          Dilbər

 

Onun nə köməyi dəyəcək bizə?

Dəysəydi dəyərdi bu vaxta qədər.

Bütün dualarım getməzdi hədər…

        

 

          Cəmil

 

Ah, bu nə sözlərdir eşidirəm mən?

Yoxsa ağlını da itirmisən sən?

 

 

Dilbər

 

Sadəcə ümidim yoxdur Allaha.

Bütün ümidimi üzmüşəm daha…

Gərək yaratmazdı məni əzəldən,

İndi bədbəxt edib… Nə gəlir əldən?

        

          Cəmil

 

Sən nə danışırsan? Yaraşmır sənə.

Bu bədbəxtlik deyil, deyirəm yenə,

Gün gələr ömrünə bir bahar doğar,

Hər gəncin bu sayaq qayğıları var…

 

          Dilbər

 

Of, heç nə bilmirəm, bilmirəm daha.

Hirsimi tökürəm sanki Allaha.

Sevgidə də bəxtim gətirmədikcə,

Bu qara taleyim heç gülmədikcə,

Allahı sayıram yalnız səbəbkar.

Yəqin günahımı o bağışlayar…

 

 

           Cəmil

 

Əlbət, rəhmlidir o yetərincə…

(sükut)

 

İndi sən get evə bir qədər dincəl.

Bir qərara gəlib edərəm xəbər.

 

          

           Dilbər

 

Ümid edirəm ki xoş xəbər gələr.

Səni çox sevirəm,

 

           Cəmil

 

Mən səndən də çox.

Sevgimin dünyada bərabəri yox…

(Dilbər gedir)

 

Ah gözəl Dilbərim, gözəl afətim,

Tək sənə aiddir saf məhəbbətim…

Yerlə göy bir olub, tufan qopsa da,

Ölərəm, mən səni vermərəm yada…

 

 

 

 

 

 

3-cü səhnə

 

Cəmilgilin evi. Cəmil və Tural oturublar.

 

 

Tural

 

Hə, qardaş nə oldu bir danış görək,

Niyə fikirlisən? De bizdə bilək.

 

 

Cəmil

 

Başımda nə qədər fikir var inan.

 

 

Tural

 

Nə olub?

 

 

Cəmil

 

İstərsən danışım, dayan.

Dünən Dilbərimlə görüşdüm yenə,

Bu dəfə pis xəbər gətirdi mənə,

Atası Polada verir Dilbəri.

Sabah gələcəkdir, var elçiləri…

 

 

 

Tural

 

Ah bu çox pis oldu, özü də çox pis.

O cür gözəl qızın atası naqis…

 

 

Cəmil

 

İndi gəl sən mənə bir məsləhət ver.

Təlaşdan özümə tapmıram bir yer.

(nifrətlə)

 

Gedib öldürümmü alçaq Sadayı?

Bəlkə alçaqların azalsın sayı…

 

 

Tural

 

Axı öldürməklə bir iş düzəlməz.

Heç bir şey bu dilin yerini verməz.

 

(dilini göstərir)

 

 

Cəmil

 

Heç başa düşmədim?

 

 

Tural

 

Bu dil var ikən,

Niyə zindanlara düşəsən ki sən?

İnsanıq, hər kəsin bir səhvi olar.

Şübhəsiz Sadayın burda səhvi var.

Danışıb yoluna qoymaq asandır.

Şübhəsiz anlayar, o da insandır.

 

(Xasay gəlir)

 

Ah, əmioğlu da gəldi nəhayət.

 

(durub görüşürlər)

 

Xasay

 

Mən başa düşmürəm bu nə cəsarət?

Mənsizmi başladı söhbət bu dəfə?

Bəlkə qulaqlarım yol verir səhvə?

 

Tural

 

Yox, yox əmioğlu səhv eşitmədin.

Elə danışırdıq bunun söhbətin.

 

(Cəmili işarə edir)

 

Xasay

 

Hə, hə xəbərim var, dedi qardaşım.

Fikrini çəkməkdən ağrıdı başım.

Amma özünə də dedim bunu mən,

Silahla həll olar belə iş hökmən!

 

(cibindən bıçaq çıxarır)

 

 

Tural

 

Sən nə danışırsan? Belə şey olmaz!

Belə qanlı söhbət bizə yaramaz.

 

 

Cəmil

 

Düzdür Xasay qardaş belə etmə gəl.

Şeytana məxsusdur bu qanlı əməl.

 

 

Xasay

 

Nə bilim, mənimçün bu tək çarədir…

 

(bıçağı cibinə qoyur)

 

Yaxşı bəs sizlərin fikriniz nədir?

 

 

Tural

 

Gedib danışarıq deyirəm sabah,

Özü kömək olsun qoy bizə Allah…

 

 

Xasay

 

Gedib danışmaqla iş həll olarmı?

 

 

Cəmil

 

Mən də onu dedim.

 

 

Tural

 

Başqa yol varmı?

 

 

Xasay

 

Yoxdur…

 

 

Tural

 

Elə isə dinləyin məni.

Dil özü qılınc tək kəsər düşməni.

Elə bax üçümüz gedərik sabah,

Gedib danışmaq da deyil ki günah?

Çalışıb doğruldaq etimadını.

Bir az tərifləyək təmiz adını.

Biraz qılığına girə bilərsək.

Həyata keçəcək bu arzu, dilək…

 

 

Xasay

 

Bəs başa düşməsə?

 

 

Tural

 

Ölməyib Xasay,

Tez kəsər başını, həm də solaxay!

 

(gülürlər)

 

 

 

 

 

 

 

4-cü səhnə

 

İlk səhnədəki otaq. Günorta. Dilarə, Saday, Oqtay oturmuşlar. Birdən qapı döyülür, Dilbər açır, Xasay, Tural və Cəmil içəri girirlər.

Hamı bir-biri ilə görüşür, əyləşirlər.

 

 

Saday

(acıqlı və təəccüb içində)

 

Düzü gözləmirdik gəlişinizi.

 

 

Tural

 

Əfsus ki, narahat eylədik sizi…

 

 

Saday

 

Yəqin ki, səbəbi öyrənmək olar?

 

 

 

Tural

 

Əlbəttə, hər şeyin bir səbəbi var.

İcazə versəniz bir qədər qısa.

Söyləyim, dinləyin səbriniz olsa…

 

(Saday başı ilə razılıq bildirir)

 

 

Deməli Saday bəy, dostumuz Cəmil.

 

(işarə edir)

 

Yəqin ki, o sizə heçdə yad deyil.

Odur səbəbkarı gəlməyimizin.

Düzü…

Qızınızı sevir o sizin…

 

 

Saday

 

(ayağa qalxır)

 

Daha dinləməyə yoxdur ehtiyac,

Sizin dərdinizə məndə yox əlac.

Yoxsula verəcək qızım yox mənim

Tayı deyilsiz siz mənim ailəmin.

Daha bu kandarda görməyim sizi.

Bir daha narahat etməyin bizi.

 

 

Xasay

 

(ayağa durur)

 

Sən artıq aşırsan bil ki həddini

Bil öz sözlərinin hədd, sərhəddini!

 

Cəmil və Dilarədən başqa hamı ayağa qalxır.

 

Oqtay

 

Yaxşısı sən al o səsindən biraz

 

 

Xasay onun üzərinə yeriyir. Tural imkan vermir.

 

 

Tural

 

Dayanın! Bunlara nə ehtiyac var?

Davayla bir işmi həll etmək olar?

Söz ilə savaşdır bu məqsədimiz

Axı yetkinlərik, uşaqmıyıq biz?

 

Hər kəs oturur.

 

Sükut.

 

 

Tural

 

Yaxşı Saday kişi, söylə görüm sən

Qızını bu yaşda bədbəxt edirsən?

Niyə istəmirsən çatsın kamına?

Gərəkdirmi kimsə batsın qanına?

Gəl daha bu daşı at ətəyindən

Əl çək çirkab dolu o məqsədindən

Yoxsa istəyirsən öləndən sonra

Tərk edib dünyanı köçəndən sonra

Lənət yağdırılsın arxanca sənin?

Bu belə olacaq, buna ol əmin…

 

 

Saday

 

Heçdə belə deyil!

Öz övladıma,

Atalıq etmişəm, layiq adıma.

İndi istəyirəm xoşbəxt olsun o.

Yoxsa yoxsulluqla gül tək solsun o?

 

 

Tural

 

Pulu 10 il sonra qazanmaq olar,

Bu gün boş olan cib gün olar, dolar

Amma sən qızını bədbəxt eyləsən

Daha xoşbəxt olmaz, hər nə söyləsən!

 

 

Saday

 

Bu boş sözlərini özünə saxla.

Bircə iş düzəlmir xoşbəxt olmaqla,

Puldur səbəbkarı hər xoşbəxtliyin.

Əgər pulun varsa söylə yox nəyin?

Hər şeyi pul ilə qazanmışam mən.

 

(Dilbər qəfildən özünü içəri atır)

 

 

Dilbər

 

Namus, vicdan da al özünə hökmən!

 

 

 

Saday

(səsini ucaldaraq)

Nə?

 

 

Dilbər

Əvvəl oxumaqdan kəsdin əlimi

Pula qurban verdin hər əməlimi

Yazıq anamı da bədbəxt etmisən

Bəsdir bu qəddarlıq, artıq yetmisən!

Pula da bu qədər həris olarmı?

Dünyada sənin tək alçağı varmı?

Bu cür bir yalanı gizlətmək çətin:

Ögey atalıq da edə bilmədin…

Qul tək işlədirdin yazıq atamı

İndi söyləyirəm eşitsin hamı!

Qarşınızda duran bu miskin insan,

Atamın ağası olub bir zaman.

Atam vərəmlədi dərddən, fikirdən.

Allah buna övlad vermədiyindən,

Məni övladlığa götürüb…

 

 

 

Xasay

(kinayə ilə)

Əhsən!

 

Hamı təəccüblənir. Dilarə ağlayır. Dilbər paltarından çıxardığı xəncərlə atasına tərəf cumur.

 

 

Dilbər

 

Əclaf məhv elədin ömrümü daha.

İndi get hesabın ver sən Allaha.

 

Sadayın üstünə cumur, Saday qəsdən, həmdə özünü müdafiə edirmiş kimi bıçağı ona sancır.

 

 

Cəmil

 

Ah Dilbər!

 

 

Dilarə

 

Dilbərim!

 

 

Oqtay

 

Nə oldu sənə?!

 

 

Dilbər can verir.

 

 

Cəmil

 

Əclaf! Sənin qanın halaldır mənə!

 

Sadayı vurur, xəncəri alıb onu öldürür. Yaxınlaşan Oqtayı isə Xasay bıçaqla vurur. Cəmil və Dilbər ağlayır.

 

 

Tural

 

Ah dostum nə etdin, nə etdin Cəmil?

Sənə demişdimmi bu lazım deyil…

Şübhəsiz hər səhvin bir cəzası var,

Edilmiş hər səhvdən yeni səhv doğar…

 

 

SON

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10