Din qədər təhlükəli kitablar

198 Baxış

ilknur

İlknur Salamova

 

Yazarlar və kitab biznesi ilə məşğul olanlar ölkədə kitab oxuyanların sayının çox az olduğunu iddia etsələr də, mən gündəlik həyatda tam başqa tendensiyanı müşahidə edirəm. Demək olar ki, hər gün metroda və ya avtobusda kitab oxuyan ən az 2-3 nəfərlə qarşılaşıram. Yazarların və kitab satışı ilə məşğul olan mağazaların sayının da günü-gündən artdığını görürəm. Deməli qazanc var, əks halda insanlar bu sahəyə maraq göstərməzdilər. İndiki dövrdə heç kim Zərdabi deyil ki, bir qarın çörək pulunu insanların maariflənməsi üçün xərcləsin. Sözümün canı odur ki, ölkədə, ən azından paytaxt Bakıda kitabsevərlərin sayı kifayət qədərdir. Yəni ölkənin problemi kitaba laqeydlik deyil, problem tamam başqadır – “hansı kitabı oxumalı?” sualını verməmək.  Bəli, bu gün bizim gənclər (müşahidə etdiyim qədərilə gənclər kitaba daha çox maraq göstərir) hansı kitabları oxumalı olduqlarını bilmirlər. İndi deyəsəcəksiniz ki, bəyəm kitabları “oxumalı” və “oxumamalı” deyə kateqoriyalaraya bölmək lazımdır? Məncə hə, bu çox vacibdir. Çünki internet dövründə hər kəs vaxt azlığından, kitab oxumağa vaxt tapmamaqdan şikayətlənir. Ancaq gəl gör ki, 1-2 saatı maariflənməyə ayıranda da dünyanın ən lazımsız kitablarını oxuyurlar. Fikrimcə kitab əyləncə vasitəsi olmamalıdır. Çünki televizor, planşet, ağıllı telefonlar kimi onlarla əyləncə vasitəmiz var. Qoyun kitab dünya görüşümüzü artıran və bizi başqa dünyalara aparan möcüzəvi bir qüvvə olaraq qalsın. Bizim gənclər kitabı ya vaxt keçirmək üçün oxuyurlar, ya da özlərini intellektual göstərmək üçün. Hətta kitab oxuyaraq qız tuta biləcəyini zənn edən oğlanların, intellektual və yaraşıqlı oğlanlardan sevgi təklifi alacağını zənn edən qızların da sayı kifayət qədərdir. Yəni ölkəmizdə kitab oxunur, ancaq düzgün kitablar seçilmir və oxuduğunu başa düşmək qabiliyyəti çox aşağıdır.

Gənclər əsasən dedektiv janrında yazılmış əsərləri, sevgi romanlarını və fərdi inkişaf kitablarını oxumağa üstünlük verirlər. Bu kitablar sizə heç nə öyrətmir, eynilə kompüter oyunları kimi, sadəcə vaxtınızı alır. Ancaq adını çəkdiyim kitablardan ən təhlükəliləri fərdi inkişaf növündə olanlardır. Təbii ki, hamısı deyil, çox faydalı fərdi inkişaf kitabları da var.  Ancaq fərdi inkişaf adı altında satılan “Sirri”, “Düşün və varlan” tipli kitablar sizi işıqlı yox, qaranlıq bir gələcəyə doğru aparır. Belə kitablar ən az din qədər təhlükəlidir, insanı məhv edir və gənclərin beynini yuyur. Elə ona görə də vitrinlərdə ən çox bu kitabları görürük. Çünki beyni yuyulmuş kütləni idarə etmək daha asandır. Siz oxuduğunuzu zənn edirsiz, maarifləndiyinizi, dünya həqiqətlərindən xəbərdar olduğunuzu sanırsız, halbuki gözlərinizin önünə getdikcə daha qalın bir pərdə örtülür.

Bu kitablar müasir dövrdə, dinin təməllərinin sarsıldığı, insanların haqsızlıqlara qarşı öz üsyan səslərini yüksəltdikləri bir vaxtda kütləni idarə etməyin yeni bir üsulu kimi qarşımıza çıxır. Bu kitablar sizə daha xoşbəxt, daha zəngin bir həyat vəd edirlər. Əslində isə məqsəd sizi depressiyaya salmaq, intihara meyl yaratmaq və kapitalizmin səbəb olduğu haqsızlıqlara qarşı gözünüzü bağlamaqdır.

Özünü inkişaf kitabları sizə hər bir uğurun və uğursuzluğun öz əlinizdə olduğunu təlqin edir. Əgər zəngin deyilsənsə, bu sənin günahındır. Əgər bir holdinqin yoxdursa, bu sənin günahındır. Əgər “lamborghini”n yoxdursa, bu da sənin günahındır. Xərçəngə yaxalanmısan?, sənin günahındır, işdən qovulmusan, sənin günahındır?

Bu kitabları yazanlar fərqli ölkələrdəki real vəziyyətləri nəzərə almırlar.

Əgər özünü inkişaf kitabları doğurdan da vəd etdikləri kimi insanlara xoşbəxtlik, zənginlik  və dinclik gətirə bilsə idilər, inanın ki, çoxdan qadağan olunmuşdular. Necə ki, bir vaxtlar din həyatın təbii qanunauyğunluğu olan bir çox şeyi günah elan edərək kütlələri qorxu və təşviş içərisində saxlayırdı (bu tendensiya şərq ölkələrində hələ də davam edir), indi də fərdi inkişaf kitabları başınıza gələn hər bir pis hadisənin bütün məsuliyyətini boynunuza yıxaraq özünüzdən nifrət etməyinizə səbəb olur. Özündən nifrət edən insan başqalarını sevə bilər? Özündən nifrət edən insan dünyaya töhvə verə bilər? Yox!

Özünə inamsızlıq, xoşbəxt olmaq istəyi və uğurlu kariyera arzusu bizi bu tip kitablarda asan üsullar axtarmağa vadar edir. Kapitalizm bu kitablar sayəsində ancaq öz xoşbəxtliyini düşünən, ancaq özü üçün yaşayan, cəmiyyətin vəziyyəti ilə maraqlanmayan, narsist insanlar yetişdirir. Unutmayın, kitab çox güclü vasitədir.

Əzizlərim, əgər gözünüzün açılmasını istəyirsinizsə, sadəcə bir dəfə gəlmək şansımızın olduğu dünyanı daha gözəl bir yerə çevirmək istəyirsinizsə, başqa kitablara yönəlin. Həyatı və insanları öyrənmək üçün klassikləri, insanları tanımaq üçün psixologiya kitablarını, suallarınıza cavab tapmaq və ən əsası yeni suallar vermək üçün fəlsəfi kitabları, dünya görüşünüzü artırmaq üçün elmi-populyar və elmi-fantastik kitabları oxuyun. Bu mərhələləri keçdikdən sonra isə sırf elmi kitablara yönəlin. Çünki xilas elmdədir.

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10