Dinlərin ətraf mühitin qorunmasında rolu

32 Baxış

celilasdfg

Ceyhun Əsgərov

 

Dinlərin ətraf mühitin qorunmasında rolu

Ekologiya ilə bağlı problemlər və onların aradan qaldırılması məsələlərində dinlər xüsusi çəkiyə malikdirlər. Belə ki, insanlar yayıldığı coğrafi arealdan asılı olmayaraq məlum din və mədəniyyət atmosferində doğulurlar. Tarixə nəzər salsaq görərik ki, fundamentində din və adət-ənənələrin yer almadığı bütün quruluşlar parçalanmış və nəticədə insanlar ucaltdıqları həmin “abidələrin” çöküntüləri altında öz qaranlıq planları ilə üz-üzə qalmışlar.

Bəşəriyyətlə bağlı aparılan  bütün tədqiqatlara istinad edən BMT, ətraf mühitin qorunmasında hər bir millətin öz adət-ənənələrindən yararlanmağı tövsiyə etmişdir. Dünyanın ən qabaqcıl təbiəti mühafizə təşkilatlarından olan World Wide Fund for Nature (Beynəlxalq Təbiəti Mühafizə fondu) 1986-cı ildə keçirdiyi konfransda dünyadakı ən böyük dinlərin (Xristian, İslam, Buddizm və Hinduizm) liderlərini bir masa ətrafına toplayaraq ekoloji problemlərin həllində onların üzərinə düşən vəzifələrin vacibliyini qeyd etmişdir. Buna bənzər digər konfrans 1990-cı ilin fevral ayında astronom Karl Saqanın rəhbərliyi altında tanınmış 22 elm adamının iştirakı ilə keçirilmişdir.

İndi isə bəzi alim və mütəxəssislərin din və ekologiya ilə bağlı fikirlərinə nəzər salaq.

Bəşəriyyətin yeni baxış tərzlərinin vacibliyinə diqqət çəkən alim Rudolf Bahroya görə (alman təbiətşünası) “Sadəcə texnologiya və qanunlarla ətraf mühitin qorunmasının vaxtı keçmişdir. Görüləcək əsas iş, Hz. Məhəmməd, Hz. İsa və Budda kimi beyində çevriliş etmək lazımdır. Yəni təbiətlə insan arasındakı münasibətdə neqativdən pozitivə keçmək lazımdır”.

Arnold Jozef  Toynbe (ingilis fəlsəfə və tarixçisi): “Bu gün dünya miqyasında  maddi mənfəət hərisliyi tormozlanmadıqca təbiətdən gələn əks zərbələrə hazır olmalıyıq. İnsanlar ekoloji tarazlığı pozarlarsa gələcək nəsillərin məhv olacağını başa düşə və övladlarını sevə bilərlər. Lakin bu sevgi övladlarının gələcəyini güvən altına almaq baxımından sahib olduqlarının bir hissəsini fəda etmək üçün yetərli deyil. Zənnimcə bu hədəfə dini inanc çərçivəsində köklənmədikcə, qabaqcıl ölkələri nəyin bahasına deyil öz  bahalarına fədakarlıq etməyə yönəltmək mümkün olmayacaqdır”.

Keçmiş SSRİ-də Kommunist qəzetinin baş redaktoru İ.T.Frolov  öz yazısında etiraf etmişdir ki, “Qlobal problemlərin həllində hədəfə çatmaq üçün yeni düşüncə, əxlaq və davranış tərzləri mənimsəmək məcburiyyətindəyik. İnsanın maddi, elmi və texniki tərəflərini inkişaf etdirməklə yanaşı, daha vacibi insan psixologiyasında yeni keyfiyyətlərin formalaşmasını təmin etməliyik. Çünki mənəviyyat insanlığın zəruriyyətidir”.

“Dərin ekologiya” hərəkətinin qurucularından olan Norveçli professor Arne Naes xristian və müsəlmanların müqəddəs kitabları olan “İncil” və “Quran”ın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən dəyərləndirərkən dinin mövqeyini  xüsusi vurğulamışdır.

İngilis Ernst Fridrix Şumaxer müasir insanın dinlərə olan marağını belə açıqlayır: ” Kilsəsiz yaşamaq mümkündür amma, mənəviyyatsız, yəni bütün zövq və kədər, həyəcan və məmnunluq, zəriflik və kobudluq hisləri olmadan mövcud həyatda yaşamaq mümkün deyil. Həqiqətən də, müasir dünyanın dinsiz yaşama testinin uğursuz nəticələrini öz gözlərimizlə görməliyik”.

İslam, xristianlıq, yəhudilik və buddizm kimi böyük dinlərin ətraf mühitlə bağlı baxış və prinsiplərinin vacibliyi bu gün göz önündədir. Məsələn, inanclı və həssas müsəlman, nəinki insanlara, hətta bütün canlılara qarşı hərəkətlərindən məsul olduğunu və etdiklərinə görə Yaradanı qarşısında bir gün hesabat verəcəyini heç vaxt unutmaz. Hətta müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də bununla bağlı “Kim zərrə qədər yaxşılıq etmişdirsə mükafatını, kim də zərrə qədər pislik etmişdirsə cəzasını alacaq” (Zəlzələ surəsi/7-8) ayəti bunu bir daha təsdiq edir.

Ekoloji problemlərin meydana gəlməsi ilə qədim adət və ənənələrin araşdırılmasının aktuallaşması çox düşündürücü məsələlərdəndir. Belə ki, əvvəllər Qərbi Avropa müstəmləkəçilərinin ciddiyə almadığı, hətta məhv etməyə çalışdığı unudulmuş mədəniyyətlər analiz  üçün təkrar zərrəbin altına gətirilməyə başladı. Bu da o deməkdir ki, ekoloji problemlər təkcə təbiətin sıradan çıxması deyil, eyni zamanda mədəniyyətlərin də “eroziyaya” uğramasıdır. Son zamanların ədəbiyyatlarına nəzər salsaq “təbiət əxlaqı, ətraf mühit fəlsəfəsi, təbiət kosmoqoniyası” kimi bir sıra nüfuzlu əsərlərin geniş vüsət aldığının şahidi olarıq.

Amerika qitəsinin aborigenləri sayılan hinduların (qızıldərililər) lideri Sietlin (Seattle) ABŞ prezidenti Franklin Piersə yazdığı məktubda deyilir: “Siz  buralara gələnədək qanunları olmayan insanlar idik. Lakin hər şeyin yaradıcısı və idarəedicisi olan Uca Ruhla yaxşı keçinirdik. Biz onu hər şeydə görürdük – ağaclarda, sularda, havada və dağlarda. Bəzən bunların vasitəsilə Ona yaxınlaşırdıq. Sizcə bu pis şeydirmi? Buna görə bizləri vəhşi və bütpərəst adlandırdınız. Bu bizim ibadət tərzimiz idi və siz bunu anlamadınız. Biz torpağın bir parçasıyıq, o da bizim bir parçamızdır. Güllər bizim gül qoxulu bacılarımız, sığır, at və qartal qardaşlarımız, axan çaylar isə atalarımızın qanıdır. Yüksək qayalıqlar, yumşaq çayırlarla insanın hərarəti eynidir və deməli, biz bir ailədənik. Sizin şəhərlərdə sakitlik yoxdur. Hindular səssizliyi çox sevirlər. Hava bizim üçün çox safdır. Onunla insanlar, ağaclar və heyvanlar tənəffüs edirlər. Sizdə təmiz hava da yoxdur. İnsanlar torpağa tüpürməklə öz üzünə tüpürmüş olurlar. Torpağa  nə olarsa onunla bağlı hər şeyə eynisi olacaqdır çünki, bunlar bir-birinə çox bağlıdırlar”.

Məktubda yazılanlara fikir versək görərik ki, “sadə”  anlayışlara malik hindular elm və texnologiyanın sürətlə inkişaf etdiyi “müasir” dövrün insanından daha çox ekosistem anlayışına və şüuruna malikdirlər.

Ümumiyyətlə, şərq aləminin din və fəlsəfələrinin insan-təbiət münasibətləri, bu günə qədər qərb aləminin diqqətini çəkməmişdir. Bunun əsas səbəbi isə özlərinin sahib olduqları mədəniyyətləri digər mədəniyyətlərdən üstün tutmaları idi.

Müasir dövrün məşhur buddist fəlsəfəçisi İkedaya görə buddizmdə insan-təbiət münasibətlərinin əsası duelist yox, dostluq əlaqələrindən ibarətdir. O bu əlaqəni Eşo-Funi anlayışı ilə izah edir. Yəni insan təbiətə həm təsir edir, həm də onu dəyişir. Göründüyü kimi, insan və təbiətin qarşılıqlı münasibətləri zidd olaraq ələ alınarsa onu perspektiv şəkildə qavramaq mümkün deyil. Yəni təbiət sabit və dəyişməz  qalmaq əvəzinə bağlı olduğu şəraitə görə dəyişir.

İkedaya görə yapon xalqının atalarından miras aldıqları “İnsan və təbiət arasındakı sıx əlaqə” inancı təbiətlə daha sistemli münasibətdə mühüm faktordur. Buna ən parlaq misal keçmişdə Yaponiyada təbiətin uzun əsrlər boyu qorunub saxlanıla bilməsidir. Artıq bu gün Yapon xalqı öz keçmiş adət-ənənələrini yenidən bərpa etməkdədir. Cainizm dininin lideri Mahaviranın da dediyi kimi: “Hər kim yer üzündə hava, su, od və bitkilərə laqeyd yanaşarsa öz varlığını təhlükəyə atmış olar”. Burada həmçinin Dalai Lamanın da bu məşhur kəlamı yada düşür: “Kosmosun fəthi ilə paralel olaraq insan cahilliyinin və dar anlayışının nəticəsi olaraq göllər, çaylar, dənizlər və okeanlar çirklənməkdədirlər. Gələcək nəsillər bu gün bizim sahib olduğumuz meşə və tükənməkdə olan heyvan növləri haqqında heç bir bilgi əldə edə bilməyəcəklər. Əksinə biz bu gün bu problemlərlə üz-üzəyik. Qısa vaxt ərzində mühüm addımlar atmaq məcburiyyətindəyik”.

Ətraf mühitin mühafizəsi məsələlərində  qərbin diqqətini çəkən digər bir din Hinduizmdir. Bu marağın əsas səbəbi özünü təbiətin üstündə və xaricində görən müasir dövrün insanından fərqli olaraq, hinduizmdə təbiətin bütün komponentlərinə canlı varlıq kimi baxılmasıdır.

Hinduizm dininin qaynağı hesab edilən əsası fəlsəfəçilər və kahinlər tərəfindən qoyulan ayinlərdən yaranmış Vedalarda canlı və cansız bütün komponentlərin eyni güc tərəfindən idarə olunduqları izah olunur. Bu ayinlərdən birində deyilir ki, “İçində buğda və qarğıdalı tarlalarının yerləşdiyi, nəfəs alan və hərəkət edən, hər şeyi əhatə edən, dənizin, çayın və digər suların yaratdığı yer üzü! Ən gözəl nemətləri bizə ver! Yer ana! Məni göydəkilərlə sülh içində güvənli qıl! Ey hikmət sahibi! Məni şəfqət və bolluqla qucaqla!” Həqiqətən də təbiətdən bu qədər nəvaziş və qayğı gözləyən insan heç bir zaman onunla kobud rəftar edə bilməzdi.

Vedalarla yanaşı digər müqəddəs yazılar olan Upaniştlər və Puranalarda da Hinduizm dininin təbiətə baxış ölçüsü ifadə edilməkdədir. Onlara görə təbiətin böyük gücləri sayılan göy, yer, su, od, bitkilər və digər varlıqlar təbiətdə bir-birilə sıx vəhdət halındadırlar. Deməli, müqəddəslik təbiətin xaricində yox, bilavasitə onun içindədir.

XX əsrin 60-cı llərində ekoloji problemlərin geniş vüsət aldığı və bu problemlərin həlli istiqamətində mühüm addımların atıldığını yuxarıda da qeyd etmişdik. Bu arenada yazılan ilk məqalə Linn Vaytın “The historial roots of our ecological crisis” (Ekoloji böhranlarımızın tarixi kökləri) adlı əsəridir. Vayt bu problemlərin qaynağını yəhudi-xristian adət-ənənələrində görürdü. Vaytın iddiaları qərb aləmində böyük səs-küyə səbəb oldu. Buna səbəb “Tövrat” və “İncil”in yaradılış bölümündən  alınmış və əsərdə keçən ”Surətimizə oxşar insan yaratdıq ki, dənizin balıqlarına, göyün quşlarına, sığırlara və bütün yer üzünə və yerdə sürünən hər şeyə hakim olsun”. Vayta görə müasir insanın təbiət üzərindəki hökmranlıq hissi bu anlayışa bağlıdır.

Dünya Musəvi Konqresinin sədr müavini Rabbi Arktika Hertsberqin görüşləri eyni zamanda Vaytın suallarına da cavab verir. Orada deyilir: “Kim məxluqata qarşı mərhəmətli isə atamız İbrahimin nəslindəndir” (Bezoh 32 b). Sonra belə davam edir:   “Tövrat”ın bizə dediyi kimi Tanrı aləmi yaratdığı zaman oradakı komponentləri kainatdakı tutduqları vəziyyətlərə görə yaratmışdır. Bir-birilərinin üzərində təcavüzkar deyil. Adəm ad qoyduğu bu məxluqatla sülh içində yaşamağa söz verdi. Beləliklə insan yaradılışının ta əvvəlində məxluqata qarşı məsuliyyətli olacağına söz vermişdir”.

Xristianlıq dinində də təbiətə baxış tərzi heç də digər dinlərdəkindən fərqlənmir. Burada deyilir: “Tanrı hər şeyin yaxşı olmasını, həqiqətən də yaxşı olmasını istəyir. Lazımsız heç nə yaratmadığı kimi, lazımlı heç nəyi də əsirgəməmişdir. Həmçinin bir-birilə mübarizə aparan kainatdakı komponentlər arasında belə bir ahəng və uyğunluq görülməkdədir. Sadəcə kişi və qadın Tanrının surətində yaradılmışdır. Tanrının hakimiyyətini və yaxşılığını göstərmək üçün görünən hər şeyin hakimiyyəti də insanoğluna əmanət edilmişdir”.

Səmavi dinlərin sonuncusu olan İslam inancında fərdin ətraf mühitə münasibəti müəyyən əxlaq qanunları tərəfindən idarə olunmaqdadır. Belə ki, insanların vəzifəsi təbiətdən faydalanmaq, yararlanmaq və onu idarə etməkdən ibarət deyil, eyni zamanda onu inkişaf etdirmələri də şərtdir. Bu barədə İslam dininin banisi Məhəmməd (ə.s.) belə demişdir: ”Bütün yaradılmışlar Allaha möhtacdır. Və onların da içində ən xeyirlisi Allahın köməyinə möhtac olanlara faydalı olandır”. Məhəmməd peyğəmbərin özünün ağaclar, heyvanlar və bütün təbiətdəki canlılardan məsul olduğunu “Allahın sizi cəzalandırmamasının yeganə səbəbi – ətrafınızdakı yaşlı insanlar, südəmər körpələr və ixtiyarınızda otlayan heyvanların olmasıdır” hədisi ilə vurğulamışdır.

İslam dininin “Yer üzünü qorumaq üçün bütün insanlar bir-birini xəbərdar etməlidir” şəklindəki təbiətlə bağlı çağırışı çox maraqlıdır. İslam təbiətdən faydalanmağa icazə verir, lakin bu yararlanma israfçılıq mənasına gəlmir. İsrafçılıq Allah tərəfindən qadağan edilmişdir. Yəni təbii ehtiyatlardan istifadənin davamlılığı üçün onlar qorunmalıdır. Hətta bununla bağlı “Heç ölməyəcək kimi dünya üçün, sabah öləcək kimi də axirət üçün çalış”, və ya “Axan çayda belə dəstəmaz alsanız, yenə də suyu israf etməyin” hədisləri diqqətçəkicidir. Buradan belə çıxır ki, müsəlman dünya nemətlərindən yararlanarkən kor-koranə istehlakçı anlayışı ilə hərəkət etməməlidir. Əksinə o, hər addımını İslam mühasibatı çərçivəsində tarazlamalıdır.

“Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edərlər, bu ikisinin arasında orta yolu tutarlar” (Furqan surəsi/67) ayəsi təbii ehtiyatların məhdud olduğunun hər keçən gün daha yaxşı başa düşüldüyü, təmiz inkişaf iqtisadi modellərin müzakirə edildiyi bir şəraitdə iqtisadçılara çox zərif bir ismarıcdır.

Müasir dövrümüzün qlobal problemlərindən hesab olunan ekoloji tarazlığın pozulması və ətraf mühitin sənaye tullantıları ilə çirklənməsi Rum surəsinin 41-ci ayəsində öz əksini belə tapır: ”İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”. Doğrudan da bəşəriyyət yaxın keçmişdəki kor-koranə fəaliyyətinin fəsadları ilə üz-üzə, iç-içədir və bunun da tək səbəbkarı məhz insanın özüdür.

İslam anlayışına görə insan ona xidmət edən yolların, parkların, meşələrin, çayların, göllərin, dənizlərin, qısaca ətraf mühitin təmizliyi və qorunması ilə maraqlanmalıdır. Çünki, insan olmadan ətraf mühit və digər canlılar öz həyatlarını davam etdirə bilərlər. Lakin mühit olmadan insan həyatının davamlılığı mümkün deyildir. İslam dini yaşıllıqların qorunmasına və inkişafına hər zaman xüsusi diqqət yetirmişdir və cənnətlə bağlı ayətlərin hamısında yaşıllıqlardan xüsusi bəhs etməklə onların özəlliyinə toxunmuşdur. Ağaclar haqqında türk dünyasındakı “Qapımıza eşik (eyvan), süfrəmizə qaşıq, körpəmizə beşik” əzizləməsi bunu bir daha isbat etməkdədir.

Qurani Kərimdə cənnəti təsvir edən ağacın fayda və gözəlliklərini bildirən ayətlərlə yanaşı Məhəmməd Peyğəmbərin hicrətdən sonra Mədinə və onun ətrafında yaşıllaşdırma fəaliyyətini də qeyd etmək yerinə düşərdi. Adıçəkilən ərazi haram bölgəsi elan olunmuşdur və oradakı icazəsiz hər bir insan fəaliyyəti müəyyən olunmuş sədəqə miqdarı ilə cəzalandırılmışdır. Həmin ərazi bu gün də qorunmaqdadır. Məhəmməd Peyğəmbərin bu fəaliyyətini həmçinin tarixdə ilk Milli Park anlayışı kimi də qəbul etmək olardı.

Məhəmməd Peyğəmbər Mədinə yaxınlığında yerləşən əl-Qabə deyilən yerdə olarkən “Kim buradan bir ağac kəsərsə onun əvəzinə başqasını əksin” göstərişini vermişdir. Başqa bir hədisində “Qiyamət qopduğu an birinin əlində bir ağac olarsa, qiyamət qopmadan onu əkməyə gücü yetərsə, mütləq əksin”, yaxud “Bir müsəlman bir ağac əkərsə, onun meyvəsindən insanlar və heyvanlar yeyərsə, bu onun üçün bir sədəqə olar” hədisləri ilə də möminləri təbiəti qorumaqla vəzifələndirmişdir.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qlobal sosial problemlərin həllində dinlərin adı yerli və beynəlxalq təşkilatlarla bir sırada çəkilməlidir. Həqiqətən də, ətraf mühiti təmiz saxlamaq yalnız o sahə ilə məşğul olan təşkilatların işi deyil, eyni zamanda hər bir vətəndaşın insanlıq borcudur. Bu borc hər bir fərdin ailə, bağça, məktəb, universitet və iş istiqamətində həyatının ayrılmazı olmalıdır.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf və qlobal aləmə inteqrasiya etdiyi bir dövrdə ətraf mühitin mühafizəsi məsələsi hər zaman ön planda durmaqdadır. Bu gün torpaqlarımızın 20%-i erməni işğalı altındadır ki, bu da o qədər ərazidə olan təbii komponentlərin ekoloji terrorizmə məruz qalması deməkdir. Təkcə bunu demək kifayətdir ki, 246,7 min hektar meşə sahəsi amansızca məhv edilməkdədir. Gələcəkdə işğaldan azad edildikdən sonra bu ərazilərin ekoloji tarazlığının yaxşılaşdırılması üçün külli miqdarda maddi vəsait və uzun illər lazım olacaqdır.

“Ustad” jurnalının 4-cü sayından

Bölmə : Ceyhun Əsgərov