Diplom xəstəliyimiz – Şəmil Sadiq

283 Baxış

37911440_1693741340673983_3449630123404296192_n

Bu yaxınlarda müəllimin şagirdi ilə bağlı yerli-yersiz şikayətləri valideynə etməsinin düzgün olmadığını ifadə edən bir yazı yazmışdım. Əslində, yazının içində bu mövzuda valideynlərin də yanaşmalarında ciddi problemlərin olduğunu qeyd edib, yaxın günlərdə buna toxunacağımı vurğulasam da, müəllim yoldaşlarımın bir çoxu ordakı fikirlərimlə razılaşmayıb xeyli qəzəbləndilər də. Qəzəblərinin əsas səbəbi isə yenə mənim fikirlərimin haqlı olduğunu sübut edirdi. Əksər müəllim sosial şəbəkələrdə gedən müzakirələrdə qeyd etmişdi ki, müəllim nə maaş alır ki, sizin dediklərinizi də eləməyə özündə güc tapsın, min dərdimiz var, gündə ora-bura o qədər qaçırıq ki, hələ bir elin uşağının tərbiyəsi ilə də biz məşğul olmalıyıq? Gördüyünüz kimi? fikri bəyəndiklərini, həyata keçirilməsi üçün normal şəraitin yaradılmasını istəyir dəyərli müəllimlər. Bunun hamısı da maaşa bağlanır. Onlar mənimlə razılaşdıqları kimi, mən də həmkarlarımla razılaşaraq deməliyəm ki, əgər müəllim günün 6-7 saatını məktəbdə keçirmirsə, sadəcə “marşrut” avtobusları kimi məntəqəyə dəyib gedirsə, heç bir halda biz məktəbimizdə ciddi uğur əldə edə bilməyəcəyik. Hər bir insan maddi cəhətdən düzgün təmin edildikdə, başqa qayğısı olmadıqda, işinə daha vicdanla yanaşa bilir, əgər hər şeyin yaxşı olduğu halda da vicdanla yanaşa bilmirsə, bu, artıq vicdan yox, vicdansızlıq məsələsidir.

Gələk mətləbə, əziz valideynlər! Bir daha vurğulayım ki, keçən yazımın mətləbi müəllimlərin valideyni məktəbdən küsdürməsi idi. Bir neçə arqumentlə daha geniş izah etmişdim. (Bu linkdən http://shamilsadig.com/mu%c9%99llim-sikay%c9%99ti-s%c9%99mil-sadiq-yazir/ köhnə yazını oxuya bilərsiniz.) Deyirdim ki, müəllim şagirdin tərbiyəsi ilə bağlı şikayətləri hər dəfə valideynin üzünə vurmamalı, uşağın problemlərini həll edib, onu ədəbli və mərifətli olmağa dəvət etməli və bunu hökmən bacarmalıdır. Məktəb elm ocağı deyil,  həm də təlim-tərbiyə ocağıdır. Bu, ən qədimdən bu cür olub və olacaq da.

İndisə istəyirəm, Azərbaycan məktəblisinin valideyninin problmələrini diqqətinizə çatdırım. Ustad-şagird dövründə bir ata uşağını ustanın yanına qoyub, “əti sənin, sümüyü mənim” deyib gedirdi. Və hər zaman Ustad haqlı idi. Şagird heç vaxt özündə ixtiyar tapmazdı ki, gəlib ustadından atasına şikayət etsin, etsəydi belə, bu dəfə atasından cəza alardı. Bunları yaxşı bilirsiniz əksəriyyətiniz. Son dövrlərə qədər də məktəblərimizdə durum bu cür idi, hətta bu gün bəzi kəndlərimizdə də bu hala şahid olmaq asandır. Amma bu gün belə deyil. Valideynlər var ki, uşağını küncə qoyan müəllimi, elə küncdəcə biabır edib, o quru küncü ona haram edir. Uşağa cəza verərlər və ya verməzlər mövzusuna, bəlkə də, daha sonra geniş şəkildə toxundum. Bu yazımda “Valideynin məktəbdə rolu nədir, məktəblə necə kontakda olmalıdır, uşağına məktəblə bağlı nələri aşılamalıdır?” kimi suallara cavab axtarmağı qarşıma məqsəd qoymuşam. Əgər bacarsam…

Bu gün valideynlərimizin məktəbə qarşı çox ciddi kompleksi var. Sanki məktəblərin hamısı bərbaddır, sanki dərsliklərin hamısı zaydır, sanki bütün müəllimlər rüşvət alır, sanki bütün müəllimlər uşaqları yanında hazırlaşdırmaq üçün yollar arayır.

Məktəb və təhsil mövzusunda hamımızın nələrdənsə narahat olduğunu, narazı olduğunu bilirik. Amma unutmayın ki, təhsilin, məktəbin düzəlməsi üçün ilk addımı valideynlərin atması vacibdir. Ya da hamımız oturub gözləmələyik, məktəblər elə vətəndaş yetişdirsin ki, onlar valideyn olanda problemlərimiz həll edilsin. Yaxşı bilirsiniz, bu da mümkün deyil. “Biz sabah düzələrik” ümidilə yaşamaq yanlışdır, biz düzəlməliyik, elə məhz indi, məhz bu saat, bu an. Onun üçün də məktəblərdən, müəllimlərdən öncə biz valideynlər başlamalıyıq. Övladlarımıza qiymət, diplom arzulamaq, onun üçün çalışmaq, vuruşmaq məqsədyönlü yox, nəticəyönümlü  (nəyinsə nətisəcini əldə etmək olar, amma məqsədə xidmət etməyən nəticə, əlbəttə ki, faydasızdır) təhsilin arzusudur. Universitetlərə qəbul imtahanları ərəfəsindəyik. Əslində buna qədər görüləcək işlərdən birincisi, onların hansısa bir peşəyə yönləndirməyimiz olmalı idi. Bilirsinizmi, PİSA adlı beynəlxalq qiymətləndirmədə iştirak edən Azərbaycan son sıralarda olub. Ordakı suallardan xəbəriniz olsa, heç biriniz nə məktəbi, nə də təhsili təndiq edərdiniz. 80-90 faiz sual bir insanın həyatda necə yaşamalı, nəyi bacarmalı olduğunu soruşur. Nə tarixi faktlar, nə elmi məsələ və misallar var, nə də hansısa düsturları əzbər bilmək. Yeganə məqsəd gündəlik həyatımızda qarşımıza çıxan problemlərə yanaşmamız, necə anlamağımızdır. Məsələn, şagirdin qarşısına bir metro sxemi qoyub, ondan necə istifadə etməli olduğu, hardan hara necə getməli olduğu və ya bir telefon dəftəri verib, Orxandan Londondan Azərbaycanın Şəki şəhərinə necə zəng edə biləcəyi ölçülür. Bir düşünün xaricə, tanımadığımız bir yerə gedəndə heç vaxt xəritədən istifadə etmirik, qabağımıza çıxandan filan yerə necə getməli olduğumuzu soruşuruq, amma başımızın üstündəki tabloya baxmırıq, əlimizdə internet ola-ola kimdənsə filan sözün yazılışı necədir, tərcüməsi necədir deyə soruşduğumuz kimi. Müasir təhsil insana hansısa tarixi, elmi məlumatı necə bilməyi yox, onu necə əldə etməyi öyrədir. Yəni bacarıq, bacarıq, bacarıq!

Amma biz zənn edirik ki, övladımız yüksək bal toplayaraq universitetə qəbul olsa, hər şey bitmişdir. Amma düşünmürük ki, o, evlənəndə ailəsini necə idarə edəcək, əlindən ev işləri ilə bağlı nələr gələcək. Lütfən məktəbi ensklopediya kimi görməyin, məktəbin işi vətəndaş, insan yetişdirməkdir. İnsan isə sadəcə elmi ilə deyil, əsasən mərifət, qanacağı, bacarığı ilə fəqlənir. Gəlin övladlarımızı bilik yarışına sürükləyib psixologiyalarını indidən məhv etməyək.

Biz hamımız eyni cəmiyyətin üzvləriyik. Əgər məktəb haqqında məhz dediyim formada düşünürsünüzsə, əmin olun ki, siz özünüz də ondan geri qalmırsınız. Axı, bu gün hər hansı bir qohumu məktəbdə işləməyən neçə ailə ola bilərik?

Valideynlə məktəbin işini düzgün qurmaları üçün bir neçə təklifim var:

1. Hər ilin əvvəlində hər bir məktəb valideynlər üçün təlimlər keçməli, yeni dərs ilində yeniliklərin mahiyyətini izah etməlidir, valideyn də zəhmət çəkib, lap belə əziyyət çəkib o təlimlərdə iştirak etməli, il ərzində onu nələr gözlədiyindən məlumatlı olmalı, yeri gələrsə, müzakirəyə qoşulub iradını bildirməlidir.

Hər bir təkliflə bağlı yaşadığım bir hadisəni danışsam, məncə, düşündüklərimi daha yaxşı izah edə bilərəm. Dərsliklər yeniləndiyi vaxtda valideyn kimi sinif iclasında iştirak edirdim. İclası aparan müəllim yeni dərsliyi əlinə alıb sətiraltı şəkildə dərsliyi pisləyir, əvvəlkilərdən geri qaldığını, sonra da gündəliklərin nazirlik tərəfindən yığışdırıldığını deyərək iclası bitirir. Orda oturan valideynlərin də hamısı yeni kurikuluma, dərsliyə önyarğılı şəkildə nifrət edir, nə proqrama, nə dərsliklərə az da olsa simpatiya duyur. Halbuki, valideynlər işin mahiyyətini bilmir, balaca uşaq kimi müəllimin dediklərinə inanır, beləcə dövlətin milyonlarla qoyduğu sərmayə işini bilməyən müəllimin, maarifsiz valideynin gözündə bir köpüklük olur. Halbuki, müəllim dərsliyi və proqramı düzgün mənimsəsə idi, valideynlərə də mənim kimi ağız dolusu danışsaydı, çox şeyi əvvəlcədən həll etmiş olardı. Nəinki il boyu valideynin “bu nə dərslikdir, əvvəllər daha yaxşı idi, bizim vaxtımızda belə şeylər yox idi filan…” fikirləri qarşısında aciz qalmazdı. Valideynlərimizin yanlışı əsasən ondadır ki, özü maariflənmir, bütün günahı qarşı tərəfdə görüb hücuma keçir.

2. Hər ilin başlanğıcında məktəb psixoloqu şagirdlərin yaş qrupuna görə valideynlərə ciddi şəkildə seminar verməli, uşaqla evdə necə davranmalı olduğunu izah etməlidir.

Valideyn var ki, qəfil şəkildə sinfə girir və övladının dərs danışmasını istəyir müəllimdən, məlum olur ki, uşaq bu gün dərs oxumayıb, həmin valideyn elə sinifdəcə uşağını təhqir edir, cəzalandırır, hələ üstəlik müəllimdən də xahiş edir ki, nə cəza istəyirsən, ver. Həmin sinifdə başqa bir valideyn yenə dərsdə oturur, müəllimin onun uşağına az diqqət yetirdiyi, qərəzli suallar verdiyi üçün elə yerindəcə müəllimi uşaqların yanında biabır edib, özü demişkən, dişinin dibindən çıxanı deyib, gedir. Elə həmin sinifdə oxuyan şagirdlərdən birinin valideyni sinfə gəlir, müəllimin stolunun üstünə və ya cibinə bəxşiş qoyub, hədiyyəmizi qəbul edin deyib, gedir, bir başqa valideyn də dərsdə oturur, öz uşağının qiyməti ilə başqa bir uşağın qiymətini müzakirə edib müəllimi günahlandırıb gedir. Və indi siz müəllimin halını düşünün. Bu, mənim saydığım 5-6 valideyndir. Qalanlarını siz təsəvvür edin. Yeniyetmə uşaqların yanında yaşanan bu cür hallar onların cəmiyyətə münasibətlərinə necə təsir edəcəyini isə psixoloqlar daha yaxşı izah edər.

3. Hər bir məktəb rəhbərliyi uşaqların xarakterini valideyndən öyrənib hər hansı problemini müşahidə etdikdə öncədən müəllimləri məlumatlandırmalıdır. Bu, ən vacib amildir. Bir dəfə bir uşaqdan papağını çıxarmasını istədim. 10-cu sinifdə oxuyurdu. “Yox” – dedi. Bir də dedim, olmadı. Sonda klassik müəllimlər kimi papağı onun başından özüm çıxarmağa cəhd etdim və uşaq əlimdən tutub, “Olmaz” – dedi və sinfi tərk etdi. Uşaqlardan eşitdim ki, onun başında qırmızı bir xal var və həmişə papaq qoyur. Bir dəfə də dərsinə hazır olmayan bir uşaqdan atasının nömrəsini istədim və yerində şikayət edəcəyimi dedim. Uşaq vermədi. Mən istədikcə o, lal kimi üzümə baxırdı. Sonda isə dözmədi və ağladı… “Atam ölüb” – dedi….

Təklifləri genişləndirmək olar. Ən əsası odur ki, valideyn məktəbə inanmalıdır. Yaşı da qurunun oduna yandırmamalıdır.

Əksər valideynimiz qiymət davası edir – savadlısı da, savadsızı da. Uşağını 1-ci sinfə yazdıran valideyn az qala məktəb rəhbərliyindən universitetə qəbul olub-olmayacağı ilə bağlı zəmanət istəyir. Hamımız uşağımızın necə oxuduğunu öyrənmək üçün ona faktoloji suallar veririk. Bilməyəndə “məktəbdə öyrədilmir” deyirik. Halbuki, çağdaş təhsil oyunla qurulur, bizsə bu dərslərə “indi müəllimlər dərs keçir ki, uşağı yığıb başına, səs-küydən ağız deyəni qulaq eşitmir” – deyib müəllimin əməyini yerər vururuq. Hərçənd, bu cür dərslərə görə rəhbərlik müəllimlərə təşəkkür edir. Məktəbəqədər hazırlaqda müəllimlərə demişdim ki, uşaqlara hərf və hesab öyrətməkdənsə onlara mühakimə qabiliyyəti aşılayın, texnoloji biliklər verin, əl matorikasını gücləndirin, “yaradıcılıq bumu” yaradın, tənqidi təfəkkür formalaşdırın. Amma valideynlər şikayət etdi, bizim uşaq 6 yaşındadır, hərf tanımır, hesab bilmir. Mən onları inandıra bilmədim ki, Əlifba dərsi 1-ci sinifdə olur. Burda bəzi məktəblərin 1-ci sinifdə şagirdləri müsabiqə ilə qəbul etməsi və hərf filan soruşması da işi çətinləşdirir. Amma bu cür halda valideynimiz imkan vermir ki, övladını bir vətəndaş kimi doğru-düzgün yetişdirəsən. Hər gün bir ulduz yaz, vurma cədvəlini bilsin, tarixi xronologiyanı əzbərləsin, yaxşı şeir desin, o zaman olacaqsan valideynin gözünün işığı müəllim. Bunu görən müəllim də bezir və yorulur, “Mənə qalıb millətin dərdi” – deyib ideallarından vaz keçir.

Əziz valideynlərimiz, hətta müəllimləri rüşvət almağa belə məcbur edir. Xanımların valideyn votsap qruplarını izləsəniz, hər şeyi özünüz görərsiniz. Bir imkanlı valideyn qrupda filan müəllimə müəllimlər günündə “Neçədən yığaq?” – deyə sual verir, bir imkanlısı da “50 manat” deyir. Hələ başqa biri də “siz nə danışırsınız, məncə, 50 azdır, 100 edək” – deyib məclisi qızışdırır. Bir ziyalı və imkanlısı isə “məncə, bu şəkildə müəllimlərə təşəkkür etmək düzgün deyil, kim istəyir özü ayrıca təbrik etsin, istəməyən də etməsin” – deyirsə, həmin dəqiqə qınaq obyektinə çevrilir. Xəsis və simic damğası vurulur, bundan narahat olan həmin valideyn də kütləyə qoşulub öz imicini qorumağa məcbur olur. Özümüz hər şeyi bərbad edib, sonra da dövlətin üzərinə atmaqda mahir insanlarıq.

Onun üçün də düşünürəm ki, valideynlərə yönəlik xüsusi təlim proqramları, treyninqlər keçirilməli, yeni təhsil sistemi ilə, təhsilin son tələbləri ilə tanış edilməlidir. Hətta bu sahə o qədər acınacaqlıdır ki, məncə, xüsusi təhsil proqramına belə ciddi ehtiyac var. Bir sistem pozuqluğu var. Valideyn məktəbə inanmır, məktəb də valideynə…

P.S. Bütün bunların əsas səbəbi məktəbi bitirən şagird üçün keçirilən qəbul imtahanlarıdır. Sadəcə bilik üzərində, yaddaş üzərində aparılan qəbul proqramı olduqca biz ömrümüzü tərif əzbərlərməklə idarə edəcəyik.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10