Dörd döyüşçünün 44 günlük döyüş yolu

0 Baxış

hg

 

Dörd döyüşçünün 44 günlük döyüş yolundan bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filminin süjet xəttini sevgi və qürur, sevinc və kədər, həyəcan və iftixar təşkil edir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a bildirilib ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi filmdə dörd döyüşçünün – komandirin, ideoloji iş üzrə rəhbərin, tankçı və hərbi tibb xidməti həkiminin timsalında müzəffər Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, Vətən müharibəsində yaşananlardan, müqavimət, döyüş və qələbədən bəhs olunur. Ölüm-dirim savaşına qalxan belə igid oğullarımızın adi insani hissləri filmi izləyən tamaşaçıda ermənilərə qarşı nifrət hissi oyadır.

“Candan, qandan üstün olan bir şey varsa, o da Vətəndir!” – deyən qəhrəman oğullarımız “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi müzəffər Ordumuzun şanlı Qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan dövlətinin 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək, düşməni torpaqlarımızdan qovdu, böyük Zəfərə imza atdı.

“Zəfərin sıra nəfərləri” sənədli filmində bir vaxtlar isti beşiklərindən qovulan körpə uşaqların, tank belində geri dönərək öz ata-baba torpaqlarını düşməndən necə azad etməsi ön plana çəkilib.

Filmdə real obrazlardan əlavə Müdafiə Nazirliyinin efirə getməyən döyüş kadrlarından da istifadə olunub. Bakıda – “Qənimətlər Parkı”nda lentə alınan filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatoru Adil Abbasov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

Filmi bu gün saat 22:30-da Azərbaycan Televiziyasında izləyə bilərsiniz.

Bölmə : Sənət xəbər