Drayzerin sevgisinə xəyanəti – Azər Qismət

14 Baxış

author_43

Dünyanın nəhəng yazıçılarından sayılan Teodor Drayzerin həyatı yazdığı qalın kitablarla müqayisədə çox böyük olmaqla yanaşı, həm də illərlə araşdırma mövzusu kimi tədqiqatçıların diqqət mərkəzində qalacaq. Müasirləri onu anlamayıblar. Ancaq Drayzer ünsiyyət qurmağa çalışır, təmas qurmağa ehtiyac duyurdu. Belə günlərin birində bir qadın onu anladı, dərdlərinə şərik çıxdı. Onu anlamaq üçün, sadəcə, azacıq təmas bəs edərdi. Drayzer standartlara bağlı şəxsiyyət deyildi. O, XIX əsrin sonu XX əsrin əvvəllərində mövcud çərçivələrə qarşı çıxırdı. Söhbət təkcə çərçivədən getmir. Drayzer hər işdə bir sərhədsizlik axtarırdı. Hər şey bayağı görünər, hər danışığı, hər gülüşü süni sayar, təbiilik axtararmış. Belə təbii qəbul etdiyi insanlardan biri Sara Osborn Uayt oldu.

Onun atası, alman mühaciri İohann Paul bir kişi kimi Sara Mariya Şenyobun sevgisini qazanmışdı. Teodorun anası ilə atası toxuculuq kombinatı yaratmışdılar. Ailə həmin kombinatdan yaxşı qazanc əldə etsə də, bu xoşbəxtlik uzun sürməyib. Kombinat yanaraq külə dönüb. Əlavə maliyyə vəsaiti olmadığından ailənin vəziyyəti dözülməz hal alıb. Teodorun atası tikintidə işə düzəlib. Ailə üzvlərinin işıqlı həyata ümidləri artıb. Lakin heyhat, bütün bunlar elə ümid olaraq qalacaqmış. İohann Paul tikintidə aldığı ciddi xəsarətlə dünyasını dəyişir. Ailənin bütün qayğıları ananın çiyinlərinə düşür. Teodor Drayzer xatirələrində yazırdı ki, anasının necə əzab çəkdiyini sözlə ifadə etməyə çətinlik çəkir. Hər işdən yapışır, verilən qəpik-quruşlardan nimdaş paltarını dəyişmək barədə düşünməzdi, təki uşaqları ac qalmasın. Ana həm də uşaqlarının gələcəyinin işıqlı olmasını da arzulayardı. İstəmirdi ki, sonsuz kasıblıqla böyüyən uşaqları gecədən sübhə qədər küçələrdə avara həyat tərzi keçirənlərə bənzəsin. Onun uşaqları təhsil alsalar, gələcəkdə işıqlı adamların sırasına düşərdilər. Günlərin birində ana övladlarını başına toplayıb ciddi söhbət etdi. Söylədi ki, həyat amansız və qəddardır. Bir tikə çörəkdən ötəri işləmək lazım gələcək. Bəlkə də uşaqlarının əzaba qatlaşıb işləməsini istəməzdi, əgər günü-gündən xəstələnməsəydi, fiziki gücü azalmasaydı. Uşaqlar analarını anladılar. Deməli, ona kömək lazımdır, atasızlıq bu ailədə hiss edilməməlidir. Onlar sağlığında atalarını sevərdilər. Lakin neyləyəsən ki, bu dünyadan vaxtsız köçdü. Ana həm də uşaqlara tapşırmışdı ki, oğurluq və soyğunçuluqdan uzaq dursunlar. Qadın hər vəchlə çalışırdı ki, övladları küçə uşaqlarının dairəsinə düşüb çirkin işlərə bulaşmasınlar. Ona görə də adamların bostanını suvarır, qonşu evləri təmizləyirdilər. Əlbəttə, belə işlər təhlükəsiz idi. Qazancları qəpik-quruş olsa da, qadın hər axşam onları həvəsləndirərdi ki, kim çoxlu işləsə və çoxlu pul toplasa, o da təhsil alacaq. Uşaqlar buna sevindilər. Çünki məktəb evlərinin yaxınlığında yerləşdiyindən hər gün şagirdlərin çanta götürmələrini çox görmüş, köks dolusu nəfəs almışdılar. Bu nəfəs oxumaq arzusuna söykənirdi.

Ancaq ananın arzularında Teodor ayrıca yer tutardı. Əgər digər övladlarını alim, ya hansısa peşə sahibi kimi təsəvvür edirdisə, ailənin 12-ci övladı ilə bağlı arzusu başqa idi. Qadın düşünürdü ki, bu uşaq din xadimi olmalıdır. Bunun bir sıra səbəbləri vardı. Birincisi, Teodor sakit və səbirli idi. Məhz din xadimləri də belə xüsusiyyətləri ilə fərqlənirlər. İkinci səbəb belə idi ki, Teodurun doğuluşundan sonra ailədə vaxtsız uşaq ölümləri dayandı. Görünür, həm də onun ayağı yüngüldür. Anası Sara dərin təhlil aparmağı bacaran qadın idi. Görünür, məhz bu xüsusiyyət Teodora anasından keçmişdi. Beləliklə, uşaq katolik məktəbində təhsil almağa başlayır. Yeri gəlmişkən, ailənin yaxşı həyat arzusu ilə tez-tez müxtəlif şəhərlərə köçmələri ümumilikdə xoşbəxt həyatı yaxınlaşdırmaz, əksinə kasıblığı artırardı. Amma Teodorun Varşavaya, ordan da İndiana ştatındakı şəhərə köçməsi həyatında işıq yandırdı. O, burada adi məktəbə daxil oldu. Özündə təhlil apardı ki, dini təhsil ona başqa sahələri mənimsəməyə imkan verməyib. Orta məktəbdə oxuyarkən uşağın təhtəlşüuru zənginləşdi. Bir kitabı oxuyub qurtarmamış digərinə keçirdi. Artıq məktəbin kitabxanasındakı pişik də onu görəndə daha qorxub kənara çəkilməzdi. Məktəb dərsliklərindən əlavə bədii əsərlər oxuması ona həyat barədəki düşüncələrinə yeni çalarlar qatdı.

Məktəbi bitirəndən sonra Teodor tanınmaq üçün Çikaqoya getdi. O illərdə Çikaqo nasirlərin ocağı sayılırdı. Üstəlik, nəşriyyatların çoxluğu da gələcəyin yazıçısını cəlb edirdi. Ancaq əvvəlcə yaşamaq uğrunda mübarizə aparmaq lazım gələcəkdi. Ona görə də ən kiçik və çirkli işlərin qulpundan yapışırdı ki, ac qalmasın, həm də ilk bədii əsərlər yazmasına təkan olsun. Uğur onun üzünə vaxtilə müəlliməsi olmuş qadının timsalında güldü. Müəlliməsi ona 300 dollar verdi ki, İndiana Universitetindəki birinci kursun xərcini ödəsin. Birinci kursu müvəffəqiyyətlə başa vurmasına baxmayaraq, Teodorun digər kursların xərcini ödəməyə imkanı olmadı. Ancaq məşhur universitetdə bir kurs təhsil almaq da, həyatında inanılmaz iz qoydu.

Drayzer nəinki ədəbiyyat, həmçinin, tarix və fəlsəfə ilə də maraqlanırdı. O, anlayırdı ki, qəzet üçün yaxşı reportyor ola bilər. Həm də yazıçılığa da lazım olan qabiliyyəti var. Bu məqsədlə qəzet və jurnal redaksiyalarında iş axtarmağa başladı. Ancaq alınmırdı. Çünki təcrübəsizləri məşhur dərgilərdə işə götürmürdülər. Yazıçı xatirələrində qeyd edərdi ki, bəzən gün ərzində qəzet redaksiyalarına 10-dan çox məqalə verərmiş. Onun məqalələri yalnız “Çikaqo Qlob” qəzetinin rəhbərliyinin marağını cəlb etdi. İlk vaxtlarda çalışdığı həmin qəzetdə özünün xüsusi köşəsi olmadı. Həmişə qəzetləri oxuyarkən xüsusi köşəsi olan müxbirlərə həsəd apararmış. Ancaq ilk vaxtlar arzusu gerçəkləşməsə də, ona hörmətlə yanaşır, “yazı makinası” – deyə çağırardılar. Getdikcə bu peşəyə inamı azalırdı. Drayzer görürdü ki, həmkarları sifarişli məqalələr yazır. Həmin məqalələrdə dırnaq ucu boyda həqiqətin olmaması oxucuların jurnalistlərə hörmətini azaldırdı. Teodor qərara aldı ki, heç bir sifarişli yazı yazmayacaq. Bu prinsiplə fəaliyyət göstərib tezliklə oxucuların rəğbətini qazandı. Təsadüfi deyil ki, redaksiyaya şikayətə gələnlər məhz onu görməyə çalışardılar, çünki Drayzer həmişə düz yazardı. “Çikaqo Qlob” qəzetinin rəhbərliyi ona məsləhət gördü ki, kiçik hekayələr yaza bilər. Bu, onun xoşuna gəldi və nəticədə bədii yaradıcılığın əsası qoyuldu.

1893-cü ildə redaksiyadan Drayzerə tapşırıq verildi. O, “Sent-Luis Repablik” qəzetinin elan etdiyi müsabiqədə qalib gələn müəllimləri Çikaqoda müşayiət etməli idi. Həmin şəhərdəki Ümumdünya sərgisi Kolumbun Amerikanı kəşfinin 400 illiyi münasibətilə təşkil edilmişdi. Drayzer gənc müəllimələrin xoşuna gələrdi. Çünki Teodor özünə əminliyi, ucaboyluğu və sakit baxışları ilə qızların ürəyini fəth edirdi. Ancaq onu daha çox qapalı təsir bağışlayan bəstəboy qız cəlb etmişdi. Maraqlıdır ki, qızın adı anasının adı ilə eyni idi: Sara Osborn Uayt. Drayzer müəllimələri müşayiət etsə də, Sara ilə ünsiyyətində utancaqlıq hökm sürürdü. Bir dəfə miss Uaytı öpməyə çalışması da uğursuzluqla nəticələndi. Sara ondan xahiş etdi ki, belə sentimental olmasın. Uğursuz hərəkəti ona əzab verirdi. Hətta sərginin bitməsi və müəllimələrin getməsindən sonra da bəstəboy qız başından çıxmırdı. Sara qadınlarla zəngin təcrübəyə malik Drayzerdən çox fərqlənirdi. O, düşünürdü ki, qadın həyalı olmalı, Drayzer isə fikirləşirdi ki, qadının açıq-saçıqlığı normal haldır. Əsərlərində kişi-qadın münasibətlərini tez-tez qabardan və azad sözlər yazmaqdan çəkinməyən Drayzerin əsərlərini nəşriyyatlar dərc etməkdən çəkinərdilər. Çünki o illərdə açıq-saçıq mətnlərə yer verilməzdi, cəmiyyət də buna qarşı idi. Sara ilə münasibətə gəlincə, Teodor anladı ki, onunla əylənə bilməyəcək. İki aydan sonra nikah bağladılar. Amma bu nikah yalnız 5 ildən sonra rəsmiləşdirildi. Teodor Drayzer bunu maliyyə vəziyyətinin heç də yaxşı olmaması ilə əsaslandırsa da, tədqiqatçılar tamam başqa fikirdədir.  Yazılana görə Drayzer evlilik həyatı məsuliyyətinin altına girməyə tələsmirmiş.

Nəhayət o, anladı ki, Sara Uayt onun həyatına nahaqdan daxil olmayıb və bu təsadüfi sayılmamalıdır. Sara və Teodorun dostu Artur Henri olmasaydı, onun ilk romanı “Kerri bacı” dərc edilməzdi. Sara romanı redaktə edər, qaralamadan ağlamaya köçürərdi. Roman nəşriyyata veriləndə dərcinə icazə verilmədi: “Roman mənəvi dəyərlərə cavab vermir”. Drayzer qəmlənsə də, Sara romandakı açıq-saçıq səhnələri yumşaltdı, bəzi hissələrdə dəyişikliyə yol verdi. O, nəinki ev təsərrüfatını idarə edən, həm də yazıçını depressiyadan çıxaran psixoloq idi. Belə xeyirxahlığı Teodor unutmaz, həyat yoldaşının obrazını müxtəlif qəhrəmanların timsalında verməyə çalışardı. Məsələn, “Dahi” əsərində Anjelanın prototipi elə Sara Uaytdır.

Lakin həyatda burulğanlar yarandı. Tale Saranın üzünə gülmürdü. Tez-tez xəstələnməsi ilk vaxtlar Teodoru da üzürdü. Yalnız ilk vaxtlar. Ömrünün hər zaman vaxtsız bitəcəyindən qorxan qadın ana olmağı arzulayırdı. Ancaq Drayzer onun arzusunu ürəyində qoyur, ata olmaq məsuliyyətinin altına girməkdən çəkinirdi. Drayzerin qadınlarla çoxsaylı görüşlərinə göz yuman Sara içindən ağlayırdı. Xəstəxanaya müalicəyə gedəndə isə yazıçı yeni xəyanətə yol verdi. Telma Kudlipp adlı qızla məhəbbət macərası yaşamağa başladı. Telmanın anası əmin idi ki, Teodor Sara ilə ayrılıb onun qızı ilə evlənəcək. Bu məqsədlə Saragilin evinə gedərək öyrənmək istədi ki, əgər boşansalar, əmlakı necə böləcəklər. Sara daha ərinin növbəti xəyanətinə dözə bilmədi, artıq gücü də tükənmişdi. Göz yaşları içində Drayzerin evindən çıxdı. Yazıçı vaxtilə onu yaradıcılığa həvəsləndirən və əsərlərinin dərcinə nail olan qadının evdən getməsinə biganə yanaşdı, yeni qadınlarla sevgi yaşadı.

Sara isə 1942-ci ildə dünyasını dəyişdi. Drayzer isə Elen Riçardsonla evləndi. Ömrünün qalan 25 ilini həmin qadınla keçirdi. Bəstəboy, sarısaçlı qadını isə unutdu. O qadını ki, ərinin hər uğuruna uşaq kimi sevinərdi.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10